Aza Rehmanova - Wikipedia
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli[1] sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001),[2][3] Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək),[4][5] tibb elmləri doktoru, professor,[4] akademik,[6] Rusiya Federasiyasının əməkdar elm xadimi (1998).[7]
Aza Rəhmanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat səbəbi | insult |
Dəfn yeri | Bolşeoxtinsk qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | azərbaycanlı[1] |
Həyat yoldaşları |
Nikolay Vinoqradov Yevgeni Borisov |
Uşağı | qızı: Yelena Vinoqradova |
Atası | Həsən Rəhmanov |
Anası | Həvva Rəhmanova |
Elm sahələri | yoluxucu xəstəliklər, HİV-infeksiya |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | PSPbDTU • SPbDHTİ • BKYX • QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzi |
Alma-mater | PSPbDTU |
Təhsili | PSPbDTU |
Elmi rəhbəri | Yevgeniya Şuvalova |
Tanınmış yetirmələri | Y. Voronin, N. Mirişli, S. Slepsova |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi.[8][9]
"QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru,[10] "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub.[11]
11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.[7][12]
Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub.[13] Onun tələbələri dünyanın müxtəlif ölkələrində çalışırlar.[4][14][15]
Həyatı
redaktəErkən illəri
redaktəAza Rəhmanova 17 sentyabr 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Həsən Paşa oğlu Rəhmanov Azərbaycan atıcı diviziyasının komissarı, sonralar Xəzər gəmiçiliyinin siyasi şöbəsinin rəisi, Azərbaycan SSR-nin mədəniyyət üzrə xalq komissarı, Azərbaycan Kommunist Partiyasının Naxçıvan vilayət komitəsinin birinci katibi kimi vəzifələrdə çalışmışdır.[16][17][18] O, 1937-ci ildə həbs olunaraq repressiya olunmuş və 3 il sonra həbsxanada vəfat etmişdir.[19][20] Aza Rəhmanovanın əmiləri — Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Hüseyn Rəhmanov[21][22] və Lətif Rəhmanov da repressiyaya məruz qalıblar.[23] Anası Həvva Rəhmanova (Hüseynbəyova)[24] ixtisasca həkim olub.[24] O, Qazaxıstan SSR-nin Semipalatinsk vilayətində baş terapevt, sonralar isə ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında dosent vəzifəsində çalışmışdır.[25]
Aza Rəhmanova həyatının ilk illərini Bakı qalasında keçirib.[26] Bir müddət sonra o, ailəsi ilə birlikdə Zevin küçəsində (indiki Əziz Əliyev küçəsi) yerləşən binaya köçüb[22] və 1941-ci ilin oktyabrınadək burada yaşayıb.[27] 1941-ci ildə anası və bacısı ilə birlikdə Altay diyarındakı Sintaş mədəninə, oradan isə Qazaxıstana sürgün olunub.[12][28] Orta məktəbi Qazaxıstanda — Semipalatinsk şəhərində bitirib.[12] Məktəbdə oxuyarkən Veniamin Kaverinin "Açıq kitab" və "Həkim Vlasenkova" kitablarından təsirlənərək həkim-mikrobioloq-infeksionist olmağı arzulayıb.[28]
Təhsili və işi
redaktəAza Rəhmanova 1949-cu ildə[29] Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetininin müalicə fakültəsinə[4] daxil olmuş, 1955-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir.[28][30] Tələbə olarkən yoluxucu xəstəliklər kafedrasının tələbə elmi cəmiyyətinin rəhbəri olmuş, 1952-ci ildən isə S. P. Botkin adına kliniki infeksion xəstəxanada tədqiqatlar aparmışdır.[4][28] 1955–1957-ci illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının kliniki ordinatoru olub, eyni vaxtda N. F. Filatov adına uşaq xəstəxanasının və S. P. Botkin adına kliniki infeksion xəstəxananın bazalarında işləyib.[28] Kliniki ordinaturadan sonra Semipalatinsk vilayətinə qayıdıb və xəstəxanalarda və poliklinikada infeksionist işləyib.[28]
1959-cu ildə uzunmüddətli sürgündən sonra Bakıya qayıdır. 1959–1961-ci illərdə Prokofi Caparidze adına 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasında və 11 saylı şəhər poliklinikasında həkim-infeksionist vəzifəsində çalışmışdır.[31] 1961–1964-cü illərdə direktoru Əziz Əliyev olan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir.[29]
1964-cü ildə[29] Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Botkin xəstəliyinin sarılıqsız və silinmiş formaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.[28]
Bakıda namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra 1965-ci ildə Leninqrada — Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinə qayıdaraq əmək fəaliyyətinə başlayıb.[32] O, yoluxucu xəstəliklər kafedrasında ardıcıl olaraq baş laborant, assistent və dosent kimi çalışıb.[29]
1972-ci ildə[29] "Virus hepatiti zamanı qaraciyər koması" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.[33] Bundan sonra yoluxucu xəstəliklər kafedrasının professoru vəzifəsinə seçilir. Çox keçmədən isə ona professor elmi adı verilir.[29][4]
1984-cü ildə Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti vəzifəsinə təyin olunub.[4][5] Aza Rəhmanova yeni elmi istiqamətə — daha çox yayılmış ləng infeksiyaların və ciddi epidemioloji xəstəliklərin inkişaf amillərinin öyrənilməsi, həmçinin onun tərəfindən yaradılmış yeni təşkilati strukturlar — çoxprofilli infeksion stasionarlar (cərrahiyyə və doğum şöbələri ilə), reanimasiyalar və poliklinikaların infeksion-parazit xəstəliklər və immunoprofilaktika şöbələri şəraitində onların müalicə üsullarının təkmilləşdirilməsi işlərinə rəhbərlik edirdi.
1986-cı ildə müsabiqə yolu ilə seçilərək, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri vəzifəsinə təyin olunub.[2][3] Kafedra onun rəhbərliyi altında HİV infeksiyası və virus hepatitləri üzrə ölkənin aparıcı kafedrası olmuşdur.[34] Rəhmanova 2001-ci ilə qədər[3] — 15 il müddətində bu kafedranın müdiri olmuşdur.
Aza Rəhmanova sonralar Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti vəzifəsi ilə paralel olaraq, həm də, Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin sosial əhəmiyyətli infeksiyalar kafedrasında professor, hamilə qadınlarda və uşaqlarda HİV-infeksiyanın profilaktikası və müailicəsi üzrə Federal Elmi-Metodik Mərkəzdə elmi rəhbər və QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə mərkəzin baş həkiminin müalicə, elmi işlər və keyfiyyətə nəzarət üzrə müavini vəzifəsində çalışmışdır.[4][35]
Təşkilatçı fəaliyyəti
redaktə1973-cü ildə Rəhmanovanın təşəbbüsü ilə SSRİ-də ilk dəfə[8] olaraq S. P. Botkin adına kliniki infeksion xəstəxanada intensiv terapiya palataları təşkil olunmuşdur.[34][36]
1976-cı ildə Rəhmanovanın təşəbbüsü ilə xroniki hepatit xəstələrinin mərhələli müalicəsi sistemi yaradılıb.[36]
Rəhmanovanın təşəbbüsü ilə S. P. Botkin adına kliniki infeksion xəstəxanada 1987-ci ildə QİÇS kliniki mərkəzi, 1988-ci ildə infeksion-cərrahiyyə bölməsi, 1998-ci ildə isə tibbi-sosial xidmət təşkil olunmuşdur.[8][36]
1988-ci ildə Rəhmanovanın təşəbbüsü ilə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının nəzdində QİÇS-in laboratoriya diaqnostikası kursu açılıb.[36]
1991-ci ildə Rusiyanın Ust-İjora qəsəbəsində HİV-infeksiya və QİÇS üzrə Rusiya kliniki mərkəzinin yaradılmasında iştirak etmişdir.[36]
1999-cu ildə HİV-infeksiyasından əziyyət çəkən hamilə qadınlar və uşaqlar üçün Elmi-Praktik Mərkəzin açılmasında iştirak etmişdir.[36]
1999–2000-ci illərdə QİÇS üzrə Kanada-Rusiya layihəsində supervayzerlik etmişdir.[36]
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı zamanı nümayəndə qismində iştirak etmişdir.[37]
Rəhmanova "QİÇS, Statistika, Sağlamlıq" Regional İctimai Təşkilatının direktoru qismində HİV/QİÇS və digər aktual infeksiyaların profilaktikası üzrə 20-dən çox beynəlxalq layihənin rəhbəri və iştirakçısı olmuşdur.[36]
Elmi fəaliyyəti
redaktəAza Rəhmanova Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, Beynəlxalq İnsan Haqları Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi.[8][9]
O, 1991-ci ildən nəşr olunmağa başlayan "QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) elmi-populyar jurnalının təsisçisi və baş redaktoru,[10] "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub.[11]
Professor Aza Rəhmanova — 11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqalələrinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.[7][12]
Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub.[13] Onun tələbələri dünyanın müxtəlif ölkələrində — Rusiya, ABŞ, Kanada, Almaniya, Norveç, Finlandiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Yəməndə çalışırlar.[4][14][15] Onlara misal olaraq — professor, Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının rektoru (1998–2008) Yevgeni Voronini,[13] professor, "Azərbaycan Respublikasının əməkdar həkimi" Nisəxanım Mirişlini,[38] Saxa Respublikasının baş infeksionisti Snejana Slepsovanı[39] və başqalarını qeyd etmək olar.[14][15]
Şəxsi həyatı
redaktəBirinci həyat yoldaşı Nikolay Vinoqradov olub.[40] Bu nikahdan qızı — tibbi elmlərin doktoru, professor, QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzinin yaradıcısı və rəhbəri Yelena (1955–2007) dünyaya gəlib.[41] Aza Rəhmanova ailə qurduqdan sonra həyat yoldaşının soyadını qəbul etsə də, boşandıqdan sonra yenidən qızlıq soyadına qayıdıb.[40]
İkinci həyat yoldaşı — əslən bakılı, SSRİ Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasında xidmət etmiş, birinci dərəcəli kapitan Yevgeni Borisov olub.[42]
Vəfatı və xatirəsi
redaktəAğır insultla xəstəxanaya yerləşdirilmiş[43] Rəhmanova, 18 noyabr 2015-ci ildə dünyasını dəyişib.[44] Onunla vida mərasimi S. P. Botkin adına kliniki infeksion xəstəxananın patoloji anatomiya şöbəsində keçirilib.[44] Aza Rəhmanova Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda yerləşən Bolşeoxtinsk qəbiristanlığıda dəfn olunub.[45]
20 noyabr 2015-ci ildə, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay, nazirlik adından QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzinə Aza Rəhmanovanın vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli həmkarlar! İcazə verin, görkəmli alim, istedadlı pedaqoq və gözəl insan — Aza Həsənovna Rəhmanovanın həyatdan getməsi ilə əlaqədar Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verim. Aza Həsənovna bizim ölkəmizdə HİV-lə mübarizənin təməlində dayananlardan olub. Onun HİV-ə yoluxmuş insanlara tibbi yardımının möhkəm bünövrəvi keyfiyyəti və əlçatanlılığı baxımından töhfəsi tərifə layiqdir. Aza Həsənovnanın rəhbərliyi altında HİV-infeksiya üzrə güclü mütəxəssislər məktəbi formalaşıb və bu gün biz inamla deyə bilərik ki, Aza Həsənovna tərəfindən başladılmış iş, onun şagirdləri tərəfindən müvəffəqiyyətlə davam etdiriləcək. Acınızı paylaşırıq və xahiş edirik bizim başsağlığımızı Aza Həsənovanın doğmalarına və yaxınlarına çatdırasınız."[46]
20 noyabr 2015-ci ildə ABŞ-nin Rusiyadakı səfiri Con Tefft, Amerika Birləşmiş Ştatlarının Rusiyadakı səfirliyi adından Sankt-Peterburq QİÇS mərkəzinin direktoru vəzifəsini icra edən Vadim Rassoxinə Aza Rəhmanovanın vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti və Sankt-Peterburq QİÇS mərkəzinin direktor müavini Aza Həsənovna Rəhmanovanın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bu çətin zamanda sizə, onun ailəsinə və həmkarlarına dərin hüznlə başsağlığı vermək istərdim. Həkim Rəhmanova Rusiyada HİV epidemiyasıyla mübarizədə pioner idi və yorulmadan HİV-infeksiyanın profilaktikası və müalicəsi üsullarının təkmilləşdirilməsi uğrunda mübarizə aparırdı. Onun HİV sahəsində Amerika-Rusiya birgə işinə verdiyi böyük töhfə, onun elmi-tədqiqat fəaliyyəti və peşəkarlığı Birləşmiş Ştatlardakı həmkarları da daxil olmaqla, bütün həmkarları tərəfindən daim yüksək qiymətləndirilib. Onu tanıyanlar və onunla işləmək şərəfinə nail olanlar onun üçün çox darıxacaqlar."[47]
19 noyabr 2016-cı ildə Sankt-Peterburq QİÇS mərkəzində Aza Rəhmanovaya həsr olunmuş xatirə lövhəsinin açılışı olub.[48]
5 oktyabr 2017-ci ildə Aza Rəhmanovun 85 illik yubileyi ilə əlaqədər Sankt-Peterburq QİÇS mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə çəkilmiş "Aza Həsənovnanın xatirəsinə…" (rus. Памяти Азы Гасановны…) adlı videofilmin premyerası baş tutub. Filmdə Rusiyanın tanınmış elm xadimləri Aza Rəhmanova haqqında xatirələrini bölüşürlər.[49]
Mükafatları və fəxri adları
redaktə- 1986 — SSRİ səhiyyə əlaçısı[7]
- ???? — "Əmək veteranı" medalı [4]
- 1992 — Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Təşəkkürnaməsi[7]
- 1998 — Rusiya Federasiyasının əməkdar elm xadimi[7]
- 2002 — Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının fəxri doktoru[7]
- 2005 — II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni[7]
- 2008 — BMT Uşaq Fondunun xüsusi diplomu — Hamilə qadınlarda və uşaqlarda HİV-infeksiyanın profilaktikası və müalicəsi işinə verdiyi əhəmiyyətli töhfələrə görə[7]
- 2010 — Sankt-Peterburq Qubernatorunun Təşəkkürnaməsi[7]
- 2013 — "Sankt-Peterburq qarşısında xidmətlərə görə" fərqlənmə nişanı[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Выступление главного санитарного врача Санкт-Петербурга, советника губернатора города Азы Рахмановой". Azertag.az. 2020-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-10.
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 124
- ↑ 1 2 3 Rəhmanova, 2016. səh. 125
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Qusev, 2017. səh. 2
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 114
- ↑ Qulamov, 2016. səh. 21
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Rəhmanova, 2016. səh. 332
- ↑ 1 2 3 4 Pçelin, 2008. səh. 23
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 337
- ↑ 1 2 Pçelin, 2008. səh. 30
- ↑ 1 2 ""HİV infeksiya və immunosupressiyalar jurnalı" // QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzinin saytı". 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
- ↑ 1 2 3 4 Pçelin, 2008. səh. 19
- ↑ 1 2 3 Rəhmanova, 2016. səh. 302
- ↑ 1 2 3 Rəhmanova, 2016. səh. 308
- ↑ 1 2 3 Rəhmanova, 2016. səh. 309
- ↑ Rəhmanova, 2016. səh. 22
- ↑ Rəhmanova, 2016. səh. 23
- ↑ "Нахичеванский краевой — областной — республиканский комитет КП(б) — КП Азербайджана, ответственные — 1-е секретари // Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991". 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ Rəhmanova, 2016. səh. 33
- ↑ Rəhmanova, 2016. səh. 36
- ↑ "Рахманов Гусейн Паша оглы // Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991". 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 42
- ↑ Rəhmanova, 2016. səh. 46
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 64
- ↑ Rəhmanova, 2016. səh. 96
- ↑ Rəhmanova, 2016. səh. 16
- ↑ Rəhmanova, 2016. səh. 17
- ↑ 1 2 3 4 5 6 7 Pçelin, 2008. səh. 20
- ↑ 1 2 3 4 5 6 Qulamov, 2016. səh. 20
- ↑ Rəhmanova, 2016. səh. 101
- ↑ "Памяти главного инфекциониста Комитета по здравоохранению Санкт-Петербурга, заслуженного деятеля науки Российской Федерации А. Г. Рахмановой". Rospotrebnadzor.ru. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Rəhmanova, 2016. səh. 110
- ↑ Pçelin, 2008. səh. 21
- ↑ 1 2 "Акимова С. Л. Притяжение талантливой души". spb.ru. 2020-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
- ↑ Pçelin, 2008. səh. 28
- ↑ 1 2 3 4 5 6 7 8 Rəhmanova, 2016. səh. 334
- ↑ Rəhmanova, 2016. səh. 286
- ↑ Rəhmanova, 2016. səh. 304
- ↑ Rəhmanova, 2016. səh. 306
- ↑ 1 2 Rəhmanova, 2016. səh. 104
- ↑ "Всемирный день памяти". Aidsjournal.ru. 10 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
- ↑ "Во имя жизни". A-q.az. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ Saldana, 2016. səh. 16
- ↑ 1 2 "Светлой и доброй памяти Азы Гасановны Рахмановой..." Spid.ru. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
- ↑ "Рахманова Аза Гасановна (83 года)". Pomnim.online. 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
- ↑ Salaqay, 2016. səh. 6
- ↑ Tefft, 2016. səh. 6
- ↑ "В Петербурге открыли мемориал памяти первого эксперта по СПИД в СССР". Spid.center. 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
- ↑ Qusev, 2017. səh. 4
Ədəbiyyat
redaktə- Rəhmanova, Aza. (60х84 1/16) (#format_missing_url). Мемориал: воспоминания, размышления, документальные свидетельства (rus) (500). Sankt-Peterburq: Ostrovityanin. 2016 [2015]. 336. ISBN 978-5-98921-063-3.
- Qusev, Denis. К 85-летию профессора А. Г. Рахмановой (PDF) (rus). "QİÇS. Seks. Sağlamlıq". 2017. 28.
- Pçelin, V. A. А.Г. Рахманова: «Не представляю, как я могу быть за пределами своей работы» (PDF) (rus) (300). "ŞAQİ professional". 2008. 98. Archived from the original on 2015-11-20.
- Qulamov, Elşad; Saldana, Viney Patrik; Salaqay, Oleq; Tefft, Con. СПЕЦВЫПУСК (PDF) (rus). "QİÇS. Seks. Sağlamlıq". 2016. 36.