Azad Berlin Universiteti - Wikipedia
Azad Berlin Universiteti (alm. Freie Universität Berlin) — Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin və Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir.
Azad Berlin Universiteti FUB | |
---|---|
Freie Universität Berlin | |
52°27′11″ şm. e. 13°17′26″ ş. u.HGYO | |
Şüar | Həqiqət, ədalət və azadlıq! |
Əsası qoyulub | 4 dekabr 1948 |
Tip | Dövlət |
Tələbə sayı | 35000 |
Şəhər | Berlin şəhəri |
Ölkə | |
Sayt | fu-berlin.de |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAzad Berlin Universiteti 4 dekabr 1948-ci ildə ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılmışdır. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıqǃ"dır.
1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.
2007-ci ildə Azad Berlin Universiteti yüksək sahibkarlıq prinsiplərinə görə mükafata layiq görülür və bu, universitetin tarixində əhəmiyyətli hadisə kimi yadda qalır. Həmin ildə Azad Berlin Universitetində sovet xüsusi xidmət orqanları tərəfindən öldürülən tələbələrin şərəfinə abidə ucaldılır. Eyni zamanda bu ali məktəbin inkişafında və azadlığı uğrunda mübarizədə xidmətləri olan şəxslərə universitet rəhbərliyi tərəfindən mükafatlar verilir.
Müasir vəziyyəti
redaktəAlmaniya təhsil sistemi hər zaman dünyəviliyi ilə digər ölkələr üçün nümunə olub. Bu ənənələri özündə əks etdirən Azad Berlin Universiteti Berlin şəhərinin cənub-qərbində Dalem yaşayış rayonunda Steqlitz-Zehlendorf ərazisində yerləşir.
Azad Berlin Universiteti 4 kampusdan ibarətdir:
- Dalem kampusu;
- Lankuitz kampusu;
- Düppel kampusu;
- Bencamin Franklin kampusu.
XX əsrin əvvəllərindən başlayaraq Dalem rayonu ölkənin yüksək səviyyəli təhsil mərkəzi kimi tanınır. Kampusun memarları Dalemi müharibədən sonrakı Almaniyada yeni olan ABŞ kampuslarına oxşar inşa ediblər. Bu kampusda Hüquq, Biologiya, kimya və əczaçılıq, Riyaziyyat və kompüter elmləri, Fizika fakültələri, Biznes və İqtisadiyyat Məktəbi, Otto Zur Siyasi Elmlər, Con Kennedi Şimali Amerika Tədqiqatları institutları, Universitet kitabxanası, Henri Ford binaları yerləşir. Dalem kampusunun ərazisində 20000-dən çox yabanı bitki yetişdirilən 106 akr əraziyə malik Botanika bağı mövcuddur. Kampusdakı ilk binalar "Ford Fondu"nun maliyyə dəstəyi nəticəsində tikilib.
Universitetin ən böyük binası Rost-und Silberlaube Dalem kampusunda yerləşir. Bu kompleks bir sıra əlaqəli strukturdan ibarətdir. Britaniyalı memar lord Norman Foster tərəfindən bu binaya Filologiya kitabxanasının binası əlavə olunub.
Lankuitz kampusunda Geologiya, Coğrafiya elmləri institutları, Yer elmləri departamentinin binası yerləşir. Universitet arxivinin bir hissəsi də Lankuitz şəhərciyində saxlanılır.
Düppel kampusunda əsasən Baytarlıq fakültəsinin binaları cəmlənib. Burada Kiçik Heyvanların Sağlamlığı, Atların Kliniki Cərrahiyyəsi və Radiologiya, Reproduksiya Baytarlıq, İribuynuzlular Baytarlıq, Quş Xəstəlikləri xəstəxanaları mövcuddur.
Bencamin Franklin kampusunda Şarite Tibb Mərkəzinin binaları və xəstəxanaları yerləşir. Bu kampus Berlin şəhərinin cənubunda Steqlitz rayonundadır.
Azad Berlin Universitetində 160 təhsil proqramı təklif edən 10 fakültə, 2 məktəb və 3 mərkəzləşmiş institut (Con Kennedi, Latın Amerikası Tədqiqatları, Şərqi Avropa Tədqiqatları institutları) fəaliyyət göstərir.
Biologiya, kimya və əczaçılıq fakültəsi Kimya və Biokimya, Biologiya, Əczaçılıq institutlarından ibarətdir. Kimya və Biokimya İnstitutunda stereoselektiv və makromolektural sintez, molekulyar və tibbi biokimya, struktur biokimya üzrə tədqiqatlar həyata keçirilir. Biologiya İnstitutu molekulyar botanika, mikrobiologiya, neyrobiologiya, ekoloji proseslər, heyvan və bitkilər, təkamül və biomüxtəliflik və s. sahələr üzrə ixtisaslaşıb. Məktəb Botanika bağı və Botanika muzeyi ilə əməkdaşlıq edir. Əczaçılıq İnstitutu dərman preparatlarının işlənməsi və sınaqdan keçirilməsi, təbii cismlərin analizi, dərmanların çatdırılmasının innovativ sistemləri, yoxlamanın alternativ metodu istiqamətləri üzrə ixtisaslaşıb. İnstitutlar ingilis və alman dillərində bakalavr və magistr proqramları təklif edir.
Pedaqogika və psixologiya fakültəsi Psixologiya, Pedaqogika və ibtidai təhsil departamentlərindən ibarətdir. Pedaqogika və ibtidai təhsil departamenti təhsilin antropologiyası, təhsil futurologiyası, empirik tədqiqatlar, fənlərarası təhsil elmləri və s. üzrə tədqiqatlar aparır. Psixologiya departamentində Biopsixologiya, Kliniki psixologiya və psixoterapiya, Dəqiq və tətbiqi elmlərin inkişafı, Diferensial və şəxsiyyət psixologiyası, psixoloji qiymətləndirmə, Emosiya psixologiyası və affektiv psixofiziologiya, Təkamül psixologiyası, Eksperimental və neyrokoqnitiv psixologiya, Sağlamlıq psixologiyası, Peşə və təşkilati əmək, Sosial və iqtisadi psixologiya, Metodlar və qiymətləndirmə, Psixologiya, Səhiyyə proqramları təklif olunur.
Yer elmləri fakültəsinə Geologiya, Coğrafiya, Meteorologiya və Yer elmləri institutları daxildir. Geologiya Elmləri İnstitutu Tektonik və çöküntü geologiyası, Paleontologiya, Mineralogiya, Hidrogeologiya, Geokimya, Geofizika, Planetar elmlər; Coğrafiya Elmləri İnstitutu İnsan coğrafiyası, Fiziki, Tətbiqi coğrafiya, Distansion duyma və geoinformatika; Meteorologiya və Yer Elmləri İnstitutu isə Ümumi meteorologiya, Orta atmosfer fizikası, Nəzəri Meteorologiya, Yer iqlim sistemlərinin əlaqəsi, Yer və kainat elmləri departamentlərindən ibarətdir.
Tarix və kulturologiya fakültəsində Fridrix Meinik Tarix, İncəsənətin Tarixi (İncəsənətin tarixi, Afrika incəsənəti tarixi, Şərqi Asiya, Cənubi Asiya incəsənəti tarixi departamentləri daxildir), Qədim Tədqiqatlar (Qədim Yaxın Şərq arxeologiyası, Klassik arxeologiya, Misirşünaslıq, Cənubi Asiya dilləri və mədəniyyətləri departamentləri mövcuddur), Şərqi Asiya və Yaxın Şərq (Çin, Yaponiya, Koreya, İran, Semit və ərəb tədqiqatları, Türkologiya, İslam tədqiqatları departamentləri daxildir), Yəhudi Tədqiqatları, Katolik İlahiyyat, Müqayisəli Etika, Dinşünaslıq institutları fəaliyyət göstərir. Bu institutlarla yanaşı fakültədə 20-yə yaxın fənlərarası mərkəz mövcuddur.
Riyaziyyat və kompüter elmləri fakültəsi dəqiq elmlər, texnika, sənaye və cəmiyyət sahələrində mürəkkəb real həyat problemlərinin həlli sahəsində riyaziyyat və kompüter elmləri üzrə ixtisaslaşıb. Fakültə riyaziyyat, kompüter elmləri və bioinformatika sahələri üzrə müxtəlif beynəlxalq dərəcələr təklif edir.
Fəlsəfə və humanitar elmlər fakültəsinə Fəlsəfə, Yunan, Latın Dilləri və Ədəbiyyatları, Müqayisəli ədəbiyyatşünaslıq, Alman, holland dilləri və ədəbiyyatı, Roman dilləri və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı, Teatr tədqiqatları, Mədəniyyət və media-idarəetmə institutları daxildir.
Fizika fakültəsində əsasən bərk cismli və klaster fizikası, biofizika, nəzəri fizika sahələri üzrə tədqiqatlar həyata keçirilir, kimyəvi reaksiyaların izlənilməsində ultraqısa işıq impulslarından istifadə olunur. Burada 3 tədqiqat mərkəzi və tədqiqat qrupları fəaliyyət göstərir.
Siyasi və sosial elmlər fakültəsinin nəzdində Otto Suhr Siyasi Elmlər, Sosiologiya, Media və Kommunikasiya Elmləri, Sosial və Mədəni Antropologiya institutları mövcuddur.
Hüquq fakültəsi Vətəndaş Hüququ, Cinayət Hüququ, İctimai Hüquq institutlarından ibarətdir.
Baytarlıq fakültəsi Almaniyadakı bu sahəni əhatə edən 5 müəssisədən biridir. Fakültəyə 5 baytarlıq xəstəxanası (Quş Xəstəlikləri, Atların Kliniki Cərrahiyyəsi və Radiologiya, Qoşadırnaqlı Heyvanlar, Baytarlıq Kliniki Reproduksiyası, Kiçik Heyvanların Sağlamlığı), 15 institut (Baytarlıq Anatomiyası, Baytarlıq Fiziologiyası, Baytarlıq Biokimyası, Heyvanların Qidalanması, Virusologiya, İmmunologiya və Molekulyar Biologiya, Mikrobiologiya və İnfeksion Xəstəliklər, Qidalanma Gigiyenası, Ət Gigiyenası, Heyvandarlıq və Ətraf Mühitin Gigiyenası, Heyvanların Mühafizəsi, Heyvanların Patologiyası, Parazitologiya və Heyvanların Patologiyası, Farmakologiya və Toksikologiya, Biometriya və İnformasiyanın Biometrik İşlənməsi) daxildir.
Tibb Məktəbi (Berlin Tibb Universiteti) Almaniyada bu sahəni əhatə edən ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. 2003-cü il 1 iyun tarixində Berlin şəhəri Nümayəndələr Palatası Berlin Tibb Universitetinin restrukturizasiyası haqqında qanun qəbul edir. Azad Berlin Universitetinin və Humbolt Universitetinin Tibb fakültələri Şarite adlı korporasiya altında birləşdirilir. Həmin təşkilatda tibbin bütün sahələri, eləcə də stomatologiya sahəsi üzrə tədris və tədqiqat aparılır. Təşkilata ümumilikdə 107 xəstəxana və institutdan ibarət olan 17 Şarite-Mərkəz daxildir. Bunlar Səhiyyə və Sosial Elmlər; Fundamental Elmlər; Stomatologiya, Çənə-ağız tibbi; Terapiya və Tədqiqatlar; Diaqnostik Laboratoriya və Profilaktik Tibb, Diaqnostik və Müdaxilə Radiologiyası, Nüvə Tibbi; Anesteziologiya və İntensiv Terapiya; Cərrahiyyə; Travmotologiya və Rekonstruktiv Cərrahiyyə; Şarite Onkoloji; Ürək-damar Xəstəlikləri; Daxili Xəstəliklər və Dermatologiya; Kardiologiya, Qastroenterologiya və Nefrologiya; Onkoloji xəstəliklər; Nevrologiya, neyrocərrahiyyə və psixiatriya; Audiologiya, Foniatriya, Oftalmologiya, Otolarinqologiya; Ginekologiya, Perinatal, Uşaq Tibbi və İnsan Genetikası; Eksperimental və Kliniki Tədqiqat mərkəzləridir. Şarite Mərkəzində Tibb bacısı və Xəstələrə Qulluq xidməti də fəaliyyət göstərir.
Biznes və İqtisadiyyat Məktəbi universitetin ən böyük məktəblərindən, ölkənin isə iqtisadiyyat üzrə tədqiqat mərkəzlərindən biridir. Məktəbin Biznes Administrasiyası bölməsinə Maliyyə, mühasibatlıq və vergi, Menecment, Marketinq, İnformasiya sistemləri departamentləri; İqtisadiyyat bölməsinə İqtisadi nəzəriyyə, İctimai iqtisadiyyat, İqtisadi siyasət, Statistika və ekonometrika departamentləri daxildir. Məktəb universitetin Uilli Şarnou Turizm, Con Kennedi, Latın Amerikası Tədqiqatları, Şərqi Avropa Tədqiqatları institutları ilə əməkdaşlıq edir.
Kitabxana sistemi
redaktəAzad Berlin Universitetinin kitabxana sistemi Almaniyanın ən zəngin kitabxanalarından biridir. Ali məktəbdə əsas Universitet, Filologiya və 20-yə yaxın bölmə kitabxanası (Botanika bağı və muzeyi, Qadınların inkişafı və gender tədqiqatları, Kimya, Şarite tibb, Pedaqogika və psixologiya, Tarix və kulturologiya, Yer elmləri, Riyaziyyat və kompüter elmləri, Meteorologiya, Con Kennedi institutları, Əczaçılıq, Fizika, Hüquq, Sosial Elmlər, Baytarlıq, Biznes və İqtisadiyyat) fəaliyyət göstərir. Universitet kitabxanalarının əsas fonduna 8 milyon cild kitab, 38000 elektron jurnal, 400000 elektron kitab, 1300 verilənlər bazası daxildir.
Büdcəsi
redaktəAzad Berlin Universitetinin illik büdcəsi ümumilikdə (Şarite Tibb Məktəbini çıxmaq şərti ilə) 380 milyon avro təşkil edir.
Kontingent
redaktəUniversitetin prezidenti professor Piter Andre-Altdır. Universitetin əməkdaşlarının sayı 4871 nəfərdir. Əməkdaşların 422 nəfəri professor, 1200 nəfəri elmi işçi, qalanları isə inzibati heyətdir. Ali məktəbdə təhsil alan tələbələrin sayı təxminən 35000 nəfərdir.
Xarici əlaqələri
redaktəBu gün Azad Berlin Universiteti dünyanın 339 ali məktəbi ilə əməkdaşlıq edir və Almaniyanın sürətlə inkişaf edən 9 elit universitetlərindən biridir. Hər il 600-dən çox əcnəbi alim universitetdəki tədqiqatlara qatılır. Universitetin inkişafında və rəqabətli elmi-tədqiqatların aparılmasında bu ali məktəbin məzunları böyük rol oynayır. Onların təhsil aldıqları ali məktəbə göstərdikləri yardım nəticəsində universitet bir çox elmi nailiyyətlərə imza atıb.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Azad Berlin Universiteti 100 ən yaxşı ali məktəb arasında 94-cü yerdə dayanmışdır.
"QS World University Rankings"in 2010-2011-ci tədris ili üzrə açıqlamasına görə, Azad Berlin Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 70-ci, 2011-2012-ci tədris ilində isə 66-cı yerdə qərarlaşmışdır.
Məşhur məzunları
redaktəAzad Berlin Universitetinin bir qrup tədqiqatçısının apardığı mükəmməl tədqiqatlar çoxlu sayda Nobel mükafatına layiq görülməklə təhsil müəssisəsinə böyük nüfuz qazandırıb. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Klaus Henş – Avropa Parlamentinin sabiq prezidenti;
- Roman Hersoq – Almaniyanın sabiq prezidenti;
- Ernst Benda – Almaniyanın sabiq daxili işlər naziri;
- Otto Şili – Almaniyanın sabiq daxili işlər naziri;
- Herta Doybler-Qmelin – Almaniyanın sabiq ədliyyə naziri;
- Hans Eyhel – Almaniyanın sabiq maliyyə naziri;
- Andrea Fişer – Almaniyanın sabiq səhiyyə naziri;
- Renata Künast – Almaniyanın sabiq İstehlakçıların Hüquqlarının Müdafiəsi, Qida və Kənd Təsərrüfatı naziri;
- Yutta Limbax – Almaniya Konstitusiya Məhkəməsinin sabiq prezidenti;
- Eberhard Diepgen – Berlin şəhərinin sabiq meri;
- Gerhard Ertl – kimya üzrə Nobel mükafatı laureatı;
- Oe Kendzaburo – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Herta Müller – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Ernst Ruska – fizika üzrə Nobel mükafatı laureatı;
- Reynhard Selten – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- İrmella Hijiya-Kirsçereyt – Leybnits mükafatı laureatı.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Azad Berlin Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 07.10.2011, № 39. (az.)
Xarici keçidlər
redaktə- fu-berlin.de — Rəsmi saytı
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.