Azad Zabitler Herekati Misir - Wikipedia
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu.[1]
Azad zabitlər hərəkatı | |
---|---|
ərəb. الضباط الأحرار | |
| |
Növü | Hərbi |
Yaranma tarixi | 1948 |
Yarandığı yer | Misir |
Qurucusu | Camal Əbdül Nasir |
Sədr | Məhəmməd Naqib |
Üzvləri | Misir ordusunun kiçik rütbəli zabitləri |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu.
Tarixi
redaktəBirinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi. Nəticədə Böyük Britaniya 1922-ci il 28 fevralda ölkədə öz qoşunlarını və komissarını saxlamaq şərtilə Misirin istiqlaliyyətini tanımağa məcbur oldu. 1923-cü ildə Misir başda kral Fuad olmaqla konstitusiyalı monarxiya elan edildi.[2]
1924-cü ildə Sudan kondomimu üstündə İngiltərə ilə Misir arasında münaqişə baş verdi. 1929-1933-cü illərin dünya iqtisadi böhranı Misir iqtisadiyyatına, ilk növbədə pambıqçılığa böyük zərbə vurdu. Aqrar böhranın sənayeyə keçməsi nəticəsində bir çox xırda və orta müəssisələr işi dayandırdılar. İşsizlik geniş miqyas aldı, fəhlələrin real əməkhaqqı kəskin şəkildə aşağı düşdü. Misirdə istismarın güclənməsi və həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar azadlıq mübarizəsinin yeni dalğası başlandı. Azadlıq mübarizəsinin zirvəsini 1930-cu ilin iyul hadisələri təşkil etmişdi. Mənsur, Qahirə, İsgəndəriyyə və Port-Səid şəhərlərində inadlı döyüşlər başlandı. Süveyş şəhəri isə üsyançılar tərəfindən tutuldu. Müstəmləkəçilər və daxili irtica silahlı mübarizəni yatırmağa nail oldular. Lakin şəhərlərdə tətillər və kəndlilərin kortəbii çıxışları bütün 30-cu illər boyu davam etmişdi. Nəticədə Böyük Britaniya 1936-cı ilin avqustunda Misirlə yeni müqavilə imzalamağa məcbur oldu.[3]
Bu müqaviləyə əsasən İngiltərə ali komissarı səfirlə əvəz olundu və formal olaraq ingilis işğalına son qoyuldu. Bu güzəştlər zahiri səciyyə daşıyırdı. Əslində bu müqaviləyə görə Süveyş kanalı zonası, Qahirə və İsgəndəriyyə şəhərləri İngiltərə qoşunlarının yerləşdiyi ərazi kimi təsdiq olunur, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Misirin təyyarə limanlarından istifadə etməsi və onun ərazisi üzərindən uçmaq hüququ saxlanılır və və Misir ordusu üzərində ingilis hərbi nümayəndələrinin nəzarəti qoyulurdu. Müharibə baş verərdisə, yaxud müharibə təhlükəsi yaranardısa, ingilislər Misirdən bir döyüş meydanı kimi istifadə edə bilərdilər. Beləliklə, 1936-cı il müqaviləsi dəyişilmiş şəkildə olsa da, İngiltərənin Misir üzərində ağalığını möhkəmləndirirdi. Bu da öz növbəsində mütərəqqi qüvvələr arasında narazılıq yaratmışdı.[4]
Qurulması
redaktəSiyasətçilər və hökumət orqanları ölkə daxilində islahatlar keçirməyi və dəyişikliklər istəyən müxtəlif qrupların tələblərinə cavab vermək məcburiyyətində qaldılar. Bu qrupların bəzilərinin tərkibinə hərbi zabitlər də daxil idi. Bölgədə ilk hərbi çevrilişlər 1940-cı illərin sonlarında Suriyada başlasa da, Misirdəki Azad Zabitlər çevrilişi və ya 1952-ci il inqilabı region ölkələrinə böyük təsir göstərmiş və sonrakı siyasi hadisələri təşviq etmişdir.[4] Təşkilatın üzvləri varlı və elit təbəqə nümayəndələri deyil, daha çox orta sinif, gənc işçilər, dövlət məmurları və kiçik zabitlərdən təşkil olunmuşdu. 1940-cı illər ərzində başlayan və genişlənən hərəkət Camal Əbdül Nasirin rəhbərliyə keçməsi ilə nəticələndi. Digər üzvlərin etibarını və rəğbətini qazanan Nasir koordinasiya komitəsi qurdu (1949), rəhbər kimi böyük etimad qazandı (1950). Hərəkat orta sinifin maraqlarını müdafiə edir, onlar arasında geniş yayılırdı. Azad Zabitlərin tərkibi şəhər sakinləri və aşağı və orta sinifin nümayəndələri olan təhsilli hərbçilərdən ibarət idi. Nasir hərbi xidmətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn bir döyüş qəhrəmanı idi. Bir çox başqa zabitlər kimi, vaxtını və enerjisini demokratik təsisatların bərpa edilməsinə və 1948-ci il Fələstin müharibəsi boyunca hökumətin yaratdığı korrupsiyanı aradan qaldırmağa həsr etdi. O, imperializmdə daxili passiv reaksiya problemini, imperializmin özü qədər bir problem kimi görürdü.[4] Azad zabitlər əsas dəyişiklikləri "yeni" orta təbəqəni gücləndirməkdə görürdülər. Dəyişiklik üçün bu fədakarlığa görə, Azad zabitlər qruplarını və bütövlükdə onları sadəcə "bir hərəkət" olaraq adlandırdılar. Lakin sonradan bu hərəkat sadəcə dəyişiklik yox, inqilab edəcəkdi.
Azad zabitlər təşkilatı 1952-ci il 23 iyul çevrilişinin müvəffəqiyyətli hazırlıq məqsədi ilə general Məhəmməd Naqibi ictimai xadim kimi sıralarına cəlb etdi. Özlərini Azad zabitlər hərəkatı komitəsi olaraq quran və 1952-ci il inqilabına rəhbərlik edən şəxslər polkovnik-leytenant Camal Əbdül Nasir (1917-1970), mayor Əbdül Hakim Amer (1919-1967), polkovnik-leytenant Ənvər Sadat (1918–1981), mayor Salah Salem (1920-1962), mayor Kamal Əl-Din Hüseyn (1921–1999), artilleriya bölümü komandiri Camal Salem (1918-2001), Həsən İbrahim[5] (1917-1990), mayor Xalid Mohəddin (1922–2018) və aviasiya bölümü komandiri Əbdül Lətif Bağdadi (1917–1999) idilər. Mayor Hüseyin əl-Şafei (1918–2005) və polkovnik-leytenant Zəkəriyə Moheddin (1918–2012) sonradan komitəyə qoşuldular.
Misir İkinci dünya müharibəsindən sonrakı illərdə də rəsmən müstəqil dövlət hesab olunsa da, faktiki olaraq Böyük Britaniyadan asılı vəziyyətdə qalmaqda idi. O, Britaniyanın toxuculuq sənayesi üçün "pambıq plantasiyası" rolunu oynayırdı. Həm də Britaniya Süveyş kanalından və onun zonasında yerləşdirilmiş hərbi bazalardan Misir və digər ərəb ölkələri üzərində ağalıq üçün istifadə edirdi. Misir xalqı ingilis müstəmləkə əsasrəti ilə barışmaq istəmir, ingilis qoşunlarının Süveyş kanalı zonasından çıxarılması və ölkənin həqiqi müstəqilliyinin bərpa edilməsi uğrunda qətiyyətli mübarizə aparırdı. Buna görə də ölkədə bir beçə dəfə üsynlar da baş qaldırmışdı. 1950-1952-ci illərdə Süveyş kanalı işçilərinin tətilləri zamanı onların üzərinə ingilis tankları göndərilmişdi. Qahirə hökuməti öz növbəsində millətçilərə ölkədə imperializmlə əlaqəli ictimai və iqtisadi sahələrə müdaxilə etməmələri barədə xəbərdar etmişdi. Bunun əksinə olaraq isə ingilislərə və onlarla işləyən Misir elitalarına qarşı hücumlar təşkil edildi. Lakin bu vəziyyətdə Misir millətçi qrupları arasında fikir ayrılığı yarandı və onlar təşkilatlana bilmədi. Bu səbəbdən ölkə daxilndə hərbiçilər yeganə mütəşəkkil şəkildə qruplaşan sahə idi. 1952-ci il inqilabını edəcək tək bir qüvvə də onlar sayılırdı.
1952-ci il iyulun 22-dən 23-nə keçən gecə Qahirə qarnizonu hissələrinin üsyanları başlandı. Üsyana Camal Əbdül Nasirin liderlik etdiyi Azad zabitlər təşkilatı rəhbərlik edirdi. İyul inqilabı nəticəsində kral Faruq hakimiyyətdən əl çəkməyə və ölkəni tərk etməyə məcbur oldu.[4] İnqilab Misir və Sudanın 1882-ci ildən davam edən ingilis işğalının sona çatmasına gətirib çıxardı.
Mirası
redaktəBənzər hərakatlar Azad zabitlərin hakimiyyətə gəlməsini təqlid etmək istəyən digər kiçik zabit qrupları tərəfindən də təşkil edildi. İraqda özlərini "Azad Zabitlər" olaraq adlandıran Ərəb və İraq millətçi zabitlərinin bir hissəsi 1958-ci ildə İngiltərə tərəfdarı olan Nuri Səid və II Feysəlin təmsil etdiyi Haşimi hökumətini devirdi. O dövrdə Nasirin regional rəqibləri olan Səid və Faysəl çevriliş zamanı öldürülmüşdü. 1963-cü ildə bu zabitlərdən bəziləri Bəəs partiyası ilə birləşdi və çevrilişin təşkilatçıları tərəfindən öldürülən Əbdülkərim Qasım hökumətini devirdi.
Suriyada nasiristlər, bəəsçilər və müstəqillər də daxil olmaqla, Ərəb milliyətçiliyi zabitlərinin koalisiyası 1963-cü ildə Nazim əl-Qudsinin separatçı hökumətini devirdi və Birləşmiş Ərəb Respublikası adı ilə Misirlə ittifaqı bərpa edəcəyinə söz verdilər (1958-1961). Səudiyyə Ərəbistanında 1960-cı illərdə Şahzadə Talal, ölkəsinin mühafizəkar monarxiyasını devirmək üçün azad zabitlər təşkilatından ruhlanaraq ona bənzər liberal görüşlü "Azad Şahzadələr Hərəkatı"nı yaratdı. Lakin onun bu cəhdi uğursuzluqla nəticələndi. Nəticədə Misirə sürgün edildi və Nasir ona siyasi sığınacaq verdi.
Sonralar Liviya lideri Muəmmər əl-Qəddafi 1969-cu ildə Liviya Kralı I İdrisi devirmək üçün oxşar bir qrupdan istifadə etdi.
Azad Zabitlərin rəhbərlik etdiyi 1952-ci il Misir inqilabının ildönümü, 23 İyulda Misirdə hər il bayram edilən İnqilab Günü kimi qeyd olunur.[6]
1996-cı ildə Səddam Hüseynə qarşı çıxan briqada generalı Nəcib əs-Salihinin[7] rəhbərlik etdiyi Azad Zabitlər və Mülki vətəndaşlar Hərəkatı yaradılmışdır.[8]
Üzvlər
redaktəHərəkatın bəzi əsas zabitlərinin siyahısı:
- General-mayor Məhəmməd Naqib
- Briqada generalı Yusuf Sedek (piyada qoşunu)
- Polkovnik-leytenant Camal Əbdül Nasir (piyada qoşunu)
- Polkovnik-leytenant Ənvər Sadat (piyada qoşunu)
- Polkovnik-leytenant Zəkəriyə Moheddin (piyada qoşunu)
- Mayor Əbdül Hakim Amer (piyada qoşunu)
- Mayor Camal Salem (artilleriya)
- Mayor Kamal Əl-Din Hüseyn (artilleriya)
- Mayor Xalid Mohəddin (zirehli qüvvələr)
- Mayor Hüseyin əl-Şafei (zirehli qüvvələr)
- General Əli Elbana
- Mayor Hamdi Ebeid
- Kapitan Abdel Moneim Abdel Raouf (hava qüvvələri)
- Camal Salem (hava qüvvələri)
- Əbdül Lətif Bağdadi (hava qüvvələri)
- Həsən İbrahim (hava qüvvələri)
- Amin Şakir (hərbi rabitə)
- Məşhur Əhməd Məşhur
- Əli Mənsur (hava qüvvələri)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Свободные офицеры, 2010
- ↑ Jankowski, James. Egypt, A Short History. səh. 112.
- ↑ Collins, Robert O.; Collins, Professor of History Robert O. A History of Modern Sudan (ingilis). Cambridge University Press. 2008-05-29. ISBN 978-0-521-85820-5. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
- ↑ 1 2 3 4 Gelvin, James L. The Modern Middle East: A History. New York: Oxford University Press, 2008.
- ↑ All the revolution's men. Al-Ahram Weekly. Issue No. 595, 18–24 July 2002. Accessed 20 August 2012.
- ↑ Хамруш А. Революция 23 июля 1952 года в Египте / М. 1984 — С.257.
- ↑ Free Officers and Civilians Movement Arxivləşdirilib 2018-08-25 at the Wayback Machine, GlobalSecurity, 2005-06-22
- ↑ Iraqi opposition to Saddam Hussein Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine, al-Bab
Ədəbiyyat
redaktə- Инус А.А. Свободные офицеры // Африка. Энциклопедия . 2. Гл.ред. А.М.Васильев. М.: Российская Академия наук. Институт Африки. Издательство "Энциклопедия". Издательский дом ИНФРА-М. 2010. 627.
- Луцкий Б. В. Июльская революция 1952 г. в Египте / Советское востоковедение — 1957 — № 2
- Хамруш А. Революция 23 июля 1952 года в Египте. — М. 1984
- Ковтунович О. В. Революция свободных офицеров в Египте/М.1984
- Gordon, Joel. Nasser’s Blessed Movement: Egypt’s Free Officers and the July revolution, 1992, Oxford University Press US, ISBN 0195069358
- Gelvin, James L. The Modern Middle East: A History. New York: Oxford University Press, 2008.
Xarici keçidlər
redaktə- Armed Conflicts events Data: Egypt Coup 1952 Arxivləşdirilib 2012-05-15 at the Wayback Machine (ing.)