Bextsiz Cavan Pyes - Wikipedia
Bəxtsiz cavan — Ə. Haqverdiyev "Bəxtsiz cavan" pyesini 1900-cü ildə Şuşada yazmışdır. Pyes elə həmin ildə tamaşaya qoyulmuşdur.
Bəxtsiz cavan | |
---|---|
Müəllif | Əbdürrəhim bəy Haqverdiyev |
Əsərin mövzusu
redaktəXIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri "Dağılan tifaq" və "Bəxtsiz cavan" birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür.
"Dağılan tifaq"da təsvir olunan həyat həqiqətləri ilə "Bəxtsiz cavan"dakı hadisələr arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai münasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi təbəddülat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə. Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. "Dağılan tifaq"la müqayisədə "Bəxtsiz cavan"da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. "Dağılan tifaq"da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, "Bəxtsiz cavan"da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır[1].
Ədib qismən öz həyatının təsvir etdiyi "Bəxtsiz cavan" pyesində gənc Fərhadı özünə oxşatmağa çalışmışdır. Bu, təbii bir haldır. Yazıçının öz təcrübəsi о zaman demokratik ruhlu Fərhad kimi cavanlar üçün tipik hal idi. Faciədəki gənc maarifçi Fərhad surətilə əlaqədar olan və həll edilən məsələlər öz dövrü üçün səciyyəvidir. Burada mübarizə "atalar" və "oğullar" arasında gedir. "Atalar" – Hacı Səməd ağalar köhnə mülkədar həyatının, dar dünyagörüşün, kütləşmiş şüur və hissin müdafiəçiləridirlərsə, "oğullar" – Fərhadlar orta əsr ənənələrinə dözə bilməyən, mürtəce və mühafizəkar "atalara" qarşı mütərəqqi fikirlər irəli sürən, elm və maarifi təbliğ edən, xalq kütlələrinə yaxınlaşan və onların dərdinə şərik olan gözüaçıq gənclərdir. Hacı Səməd ağa tək Fərhadın odlu sözlərindən qorxmur, о yeni zamanda rəiyyətin onunla üz-üzə gələcəyindən və beləliklə də bütün varyoxunun məhv olacağından qorxur. О, ac bir qurd kimi əməkçi kəndliləri parçalamağa hazırdır. Fərhad isə böyük qəlbə malik bir insanpərvər kimi əməkçi kəndliləri "əsil insan" sayır. İnsan gənc Fərhad üçün hər şeydən qiymətlidir. О deyir: "Bir dananın burnu ağrıyanda böyürdən neçə həkim çıxır, ancaq insana qulaq asan yoxdur". Bu sözlər istismarçı cəmiyyətin hakim təbəqələrini damğalayan çox qüvvətli həqiqətdir. Fərhad bir maarifçi kimi "torpaq kəndlinin olmalıdır!" məsələsini qaldırır. О, istəyir ki, qansoran mülkədarların ağalığına son qoyulsun və öz alnının təri ilə çörək qazananların hüquqları özlərinə qaytarılsın Fərhadın yeganə idealı xalqa – "qara camaata" xidmət etmək və insan hüququnun tapdalanmasına yol verməməkdir. Fərhad mülkədarları da kəndlilər kimi zəhmət çəkməyə çağırır. Ədibin özü də gənc qəhrəmanı Fərhad kimi kəndlilərin hüquqsuzluğuna acıyır, qurtuluş yolu tapmağa çalışırdı. Ə. Haqverdiyev bir demokrat yazıçı kimi artıq Azərbaycan kəndli sinfinə, bu ictimai qüvvəyə istinad edirdi.
Dövrün əsas ictimai ziddiyyəti, konflikti "Bəxtsiz cavan" da ilk dəfə olaraq açıq şəkildə qoyulurdu. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaranan bədii əsərlərimizdə müsbət qəhrəmana xüsusi fikir verilir.
Ümumiyyətlə, köhnə zehniyyətlə, istismar və ictimai ədalətsizliklə mübarizə, köhnə ilə yeninin, "ata" ilə "oğul"un çarpışması, Rusiyadakı və Azərbaycanın özündəki qabaqcıl, demokratik fikirlərin təbliği, intibahla əmələ gələn təzə fikirlərin intişarı Ə. Haqverdiyevin bu dövrdəki yaradıcılığında mühüm yer tutur. Ədəbiyyat tariximizi demokratik ideyalarla zənginləşdirən, yüksək zövqlə qələmə alınan "Bəxtsiz cavan" həmişə cavandır. О, Azərbaycanda, Qafqazda, Volqaboyunda, Orta Asiyada olduğu kimi, İranda da böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur[2].
Obrazlar
redaktə- Hacı Səmədağa – mülkədar
- Çingiz – Hacı Səməd ağanın oğlu
- Fərhad – Hacı Səməd ağanın qardaşı oğlu
- Mehri xanım – Fərhadın anası, Hacı Səmədağanın övrəti
- Musa – Fərhadın məktəb yoldaşı
- Mirzə Qoşunəli – Hacı Səməd ağanın xidmətçisi
- Kərbəlayı Bəndəli . Kəndlilər, Dustaq və başqaları.
Fərhad surəti
redaktəBu dövrdə yazılan dram əsərlərində Fərhad kimi müsbət qəhrəmanlar ayrıca bir nəsil idi. Fərhad kimi liberal ziyalı surətləri Mirzə Fətəli Axundovun pyeslərində də vardır. M. F. Axundovun yaratdığı Şahbaz bəy surəti 1850–60-cı illər Azərbaycan həyatı üçün xarakterikdirsə, Fəxrəddin və Fərhad surətləri 80–90-cı illərin liberal ziyalıları üçün tipikdir. Şahbaz bəyin mübarizəsi nisbətən mülayim xarakter daşıyır. Dövr irəlilədikcə, Şahbaz bəy tipli cavanlar fikircə inkişaf edirlər. Əlbəttə, 90-cı illərdə Fərhadlar çox az idilər, lakin artırdılar. Eyni dövrün ayrı-ayrı nümayəndələri olan Fəxrəddin və Fərhadın özlərinə məxsus xüsusiyyətləri vardır. Fəxrəddin ictimai münasibətlərin dəyişilməsini, yəni kəndlinin mülkədarlardan asılı olmaması məsələsini qaldırır və s. Fərhad tipli cavanlar adətən Avropada, Rusiyada təhsil alıb vətənlərinə dönür, bir hissəsi şəhərlərdə məktəb, xəstəxana açır, digər hissəsi isə kənddə əkini yeni qayda ilə becərmək, baramanı yeni üsulla saxlamaq və sair bu kimi xalqa xeyir verən işlərlə məşğul olurlar. Lakin başladıqları iş yarımçıq qalır. Hakim ictimai quruluşa dərin nifrət hissilə coşan Fərhad da mübarizədə ümidsizliyə qapılır, "pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə!" – deyə Allaha yalvarır. İctimai mübarizədə gənc Fərhad öz mütərəqqi arzularını həyata keçirə bilmir, bir maarifçi kimi cəmiyyətin mübarizəsiz inkişafına inanır. Fərhadın sevdiyi qızdan asanlıqla üz döndərməsi, güclə evləndirilməsinə zəif müqavimət göstərməsi, hirsindən tez-tez ağlaması, qurtuluşu intiharda tapması onun bir xarakter kimi bərkimədiyini göstərir. Onun xarakteri necə də bərkisin ki, cəmi on səkkiz yaşı var və qurtardığı da bircə gimnaziyadır. Coşqun təbiətli bir gənc üçün bunlar təbii haldır.
Hacı Səmədağa surəti
redaktəƏgər müəllif "Dağılan tifaq" faciəsinin qəhrəmanı Nəcəf bəyi dost cəbhəsindən tənqid edirsə, "Bəxtsiz cavan"dakı Hacı Səməd ağanı düşmən cəbhəsindən tənqid edir. Hacı Səməd ağa kimdir? О, XIX əsrin son illəri üçün tipik olan Azərbaycan mülkədarıdır. Yazıçı onun simasında kəndlini insan hesab etməyən, qara fikirlərini, murdar əməllərini hamı üçün qanun bilən mülkədarların ümumiləşmiş surətinin yaratmışdır. Hacı Səməd ağalar Nəcəf bəylərdən fərqlənirlər. Onlar daha eyş-işrətlə keçinməyin mümkün olmadığını görüb, yeni ideyalarla Azərbaycan kəndinə gəlmiş Fərhadlara qarşı mübarizəni gücləndirirlər.
İstinadlar
redaktə- ↑ "ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ƏDƏBİ GÖRÜŞLƏRİ". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- ↑ "ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV. SЕÇİLMİŞ ƏSƏRLƏRİ, İKİ CİLDDƏ I CİLD. "LİDЕR NƏŞRİYYAT" BAKI-2005" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-12.