Babek Goyus - Wikipedia
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013)
Babək Göyüş | |
---|---|
Babək Məhərrəm oğlu Göyüşlü | |
| |
Doğum adı | Babək Göyüşlü |
Təxəllüsü | Babək Göyüş |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Ermənistan SSR, Çəmbərək rayonu, Əmirxeyir |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 qızı var |
Atası | Məhərrəm |
Anası | Zeynəb |
Təhsili | Ali |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | Mistika, realizm |
Janr | Nəsr |
İlk əsəri | "Ağ geyimli qadın" hekayələr kitabı |
qaraqoyunlu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBabək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub.
Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb.
1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib. Türkçülük və Türk dünyası ilə bağlı hazırladığı bir çox reportajlar istər Bakıda, istərsə də NTV-nin İstanbul ofisində yayımlanıb. Sonra iki il İnteraz televiziyasında "Xəbərlər" departamentində redaktor kimi çalışıb, gündəlik reportajlar hazırlayıb, səhər proqramının ssenarisini yazıb və həmçinin Rusiya və Qazaxıstanda yaşayan soydaşlarımızın həyatından, Azərbaycana bağlılıqlarından verilişlər ərsəyə gətirib.
Babək Göyüş 2013-cü il noyabr ayının 25-dən 2014-cü il sentyabrın 7-dək ANS Televiziyasının saytında, sonra isə iki il Aznews.az xəbər portalında redaktor, şef redaktor vəzifələrində işləyib.
Hazırda Bizim. Media saytında redaktor vəzifəsində çalışır, Qaraqoyunlu.com xəbər portalının baş redaktorudur.
Ehtiyatda olan kapitandır.
Yaradıcılığı
redaktəİlk hekayəsi 1988-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Daha sonra onun hekayələri "Azərbaycan", "Ulduz" və "Azərbaycan təbiəti" jurnallarında, "Yol" qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb.
Yazıçının "Ağ geyimli qadın" hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı 11 hekayə toplanıb.[1]
Babək Göyüşün publisistik yazılarından ibarət "Ədəbiyyat cəbhəsində sakitlikdir" adlı ikinci kitabı 2015-ci ildə "Ol" nəşrləri evində dərc olunub.
204 səhifəlik "Yarımçıq ömür" (həyat hekayəti) kitabı Bakıda 2021-ci ildə "Pergament" nəşriyyatında çapdan çıxıb.
2004-cü ildən 2013-cü ilədək Azərbaycan Yazıçılar Birliyinin üzvü[2] olub.
2022-ci ilin sentyabr ayında "Yaşıl qurbağanın çəhrayı daşı" (180 səh.) hekayələr kitabı dərc olunub.
Mükafatları
redaktə- Babək Göyüş Birinci Qarabağ savaşında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində hərbi müxbir vəzifəsində çalışdığına görə "Müharibə veteranı" adına layiq görülüb.
- AzTV-də hazırladığı diaspor verilişlərinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "Diaspor" jurnalının "Qobustan" Beynəlxalq mükafatına layiq görülüb.
- Yazdığı "Yaşıl qurbağanın çəhrayı daşı" hekayəsi "Azadlıq Radiosu"nun "Oxu zalı"nda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilən "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsində 3-cü yerə layiq görülüb.[3][4]
Əsərləri
redaktə- "Ağ geyimli qadın" (hekayələr). Bakı, "Qanun" nəşriyyatı, 2008, 116 səh.[5] (az.)
- "Ədəbiyyat cəbhəsində sakitlikdir" (publisistika). Bakı, 2015, "Ol" nəşrləri evi.[4] (az.)
- "Yarımçıq ömür" (həyat hekayəti). Bakı, 2021, 204 səh. "Pergament" nəşriyyatı
- "Yaşıl qurbağanın çəhrayı daşı" (hekayələr). Bakı, 2022, 180 səh. "İMZA" nəşrlər evi
İstinadlar
redaktə- ↑ Yazıçı Babək Göyüşün 11 hekayəlik kitabı — "Ağ geyimli qadın" [ölü keçid]. mediaforum.az, 05.12.2008 (az.)
- ↑ Babək Göyüş də AYB-ni tərk etdi [ölü keçid]. kulis.az, 05.06.2013 (az.)
- ↑ "Ədəbi Azadlıq", 15 iyun 2011, Bakı Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine. mediaforum.az, 16.06.2011. (az.)
- ↑ 1 2 ""Ol" nəşrləri evi yazıçı Babək Göyüşün yeni kitabını nəşr edib". 2015-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-08.
- ↑ 2008-ci ildə nəşr olunan kitabların siyahısı. Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine anl.az (az.)
Xarici keçidlər
redaktə- Babək Göyüşün Facebook profili
- "MAQADAN" (Yol qeydləri) "mediaforum.az"da: 1-ci hissə [ölü keçid], 20.08.2010; 2-ci hissə [ölü keçid], 23.08.2010; 3-cü hissə [ölü keçid], 24.08.2010 (az.)
- Babək Göyüşün "Yaşıl qurbağanın çəhrayı daşı" Hekayəsi. azadliq.org, 30.04.2011 (az.)
- Babək Göyüşün hekayələri. azadliq.org (az.)
- Babək Göyüşün müsahibəsi. bizim.media (az.)
- Babək Göyüş "Vaqifin tüstüsü və ortasından qırılan siqareti…". bizim.media (az.)