Baki Kommunasi - Wikipedia
Bakı kommunası — 25 aprel 1918–31 iyul 1918 tarixləri arası Bakıda mövcud olmuş bolşevik dövlət qurumu.
Tarixi dövlət | |||
Bakı Kommunası | |||
---|---|---|---|
Бакинская коммуна | |||
|
|||
İnternasional | |||
|
|||
Paytaxt | Bakı | ||
Rəsmi dilləri | Rus dili | ||
İdarəetmə forması | Kommuna | ||
Fövqəladə komissar | |||
• 25 aprel 1918 - 31 iyul 1918 | Stepan Şaumyan |
Quruluşu
redaktəTərkibində bolşeviklər və solçular olan "Xalq Komissarları Soveti (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi.
Sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan bu kommunada bolşeviklər azlıq təşkil edirdi. Kommunada azərbaycanlıların təmsil olunmaması tarixçi Yakov Ratqazauerin fikrincə bolşeviklərin onlara "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" kimi baxmaqları idi.[1] Bunda həmçinin daşnakların çoxluğa sahib olması, hərbi qüvvələrin 70%-inin erməni zabit Z. Avetisyanın əmrində olması idi. Bakı kommunası ordusunun Gəncəyə hücumu zamanı erməni əsgərlər yerli xalqa çoxlu ziyan vermişdilər.[2] Bakı kommunasının ilk işi bankları və digər özəl mülkləri milliləşdirmək olmuşdu. Lakin Şaumyanın işləri gecikdirməsi ucbatından neft sənayəsi hələ də milyonerlərin əlində idi. 18 iyun 1918-ci ildə Leninin bu barədə tapşırığından sonra, 20 iyun 1918-ci ildə Bakı soveti neftin milliləşdirilməsi haqqında qanun qəbul etdi.[3]
Göyçay yaxınlığında Bakı ordusunun məğlubiyyəti şəhərdə krizis yaratdı,24 may 1918-ci ildə Lenin Şaumyana mümkünsə Noy Jordaniya ilə ittifaqa girməsini və bu da alınmasa diplomatiyaya əl atmağı tapşırmışdı.[4] Daha sonra 3 iyul 1918-ci ildə Stalinə Şaumyanla əlaqəyə girməsini, ona almanların türklərə qarşı vuruşmaq təklifini çatdırmasını tapşırmışdı.[5] Bakıda isə əhval ayrı cür idi. Menşeviklər, eserlər və daşnaklar ingilis ordusunun köməyinə arxalanmaq qərarına gəldilər. Bu qərar 20 iyul 1918-ci ildə Stalin, ondan iki gün sonra isə Lenin etiraz etmişdi:
Mən Stalinin Bakı sovetinin narodnik fraksiyasına (qeyri-bolşevik solçular) qarşı yazdığı teleqramı sadəcə dəstəkləyə bilərəm.[6]
Hərbi qüvvəsi
redaktəBakı Sovet və Sentrokaspi Diktaturası qoşunlarının əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ müharibə getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu.
1917-ci ilin sonlarında Qafqazda cəmləşdirilən bu hissələrin zabit və əsgərlərinə müraciətlərində "Daşnaksutyun" partiyası və Erməni Milli Şurası silahları təhvil verməməyi tələb edirdi. Nəticədə istər bolşevik hərbi hissələri, istərsə də onlarla əlbir olan erməni-daşnak bölmələri kifayət qədər müasir silah və sursatla təmin edilmişdi. Misal üçün, cəbhədən tərxis olunan hissələrdən bir zirehli qatar, xeyli zirehli avtomobil ya top götürülmüşdü. Üstəlik, Rusiyadan əhəmiyyətli kömək gəlirdi. RSFSR XKS Bakı Soveti ordusunun yaradılması üçün 30 milyon 800 min rubl pul və hərbi təlimatçılar göndərmişdi, şərait imkan verən kimi isə ağır silahlar, ilk növbədə zirehli texnika və top da yollayırdı.
1917-ci ilin əvvəllərinə bütün hissələr atıcı silahlarla təmin edildi. Toplanan silah ehtiyatları Bakıda erməni və rus əhalini silahlandırmağa imkan verirdi. Dəniz aviasiyası məktəbi və Xəzər dəniz donanmasının dəstəyi, iki zirehli qatarın və bir zirehli avtomobilin olması həlledici üstünlüyü ələ keçirməyə imkan verirdi. Bakıda 1918-ci il martın 30-da türk-müsəlman əhalini qırmağa başlayan bolşevik-erməni hissələri azsaylı silahlı azərbaycanlıların müqaviməti ilə üzləşmişsə də, topların, donanmanın işə salınması və hidrotəyyarələr vasitəsi ilə manevr keçirilməsi sayəsində müqaviməti qıra bilmişdilər. Aprelin əvvəllərində Azərbaycan milli qüvvələrinin Bakı istiqamətində yürüşünün qarşısını almaq üçün aviasiya çatışmırdı, çünki Bakıda mövcud olan hidrotəyyarələr yalnız sahilyanı ərazidən havaya qalxa bilir, onların məhdud fəaliyyət radiusu cəbhə xəttinə çatıb geri qayıtmağa imkan vermirdi. Bu səbəbdən Rusiyaya müraciət edən Bakı Soveti dərhal istədiklərini almışdı: Saritsın şəhərindən göndərilən döyüş aeroplanları döyüşlərdə iştirak edir. Eyni zamanda Həştərxandan Bakıya böyük silah partiyası çatdırılır.[7]
Bakı döyüşü
redaktəXKS 1918-ci ildə şəhərin rus və erməni mənşəli əhalisinin köməyi ilə Qafqaz ordusu yaradaraq Bakı şəhərinin müdafiəsini təşkil etməyə cəhd göstərirlər. O vaxt azərbaycanlılar şəhərdə ən böyük etnik qrup sayılsa da, rus və ermənilər birlikdə sayca onlardan çox idi. XKS-in məqsədi Bakını şəhərə tərəf irəliləyən Azərbaycan və türk ordusundan müdafiə etmək və şəhərdə öz hakimiyyətlərini qorumaq idi. Lakin gözlənilmədən 31 iyul 1918-ci ildə menşevik, eser və daşnak çoxluq bolşevikləri qovaraq Sentrokaspi Diktaturasını elan edirlər. Bundan 3 gün sonra isə Lionel Denstervil və onun başçılıq etdiyi Densterfors Bakıya daxil olur. Bu vaxtlarda isə bolşeviklər toplantılar keçirirdilər. Nəhayət 12 avqustda bolşeviklər Həştərxana keçməyi qərara alırlar. Lakin şəhərdən qaçış uğursuz olur və həbs olundular. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək, hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda kommunist aktivistlər həbsxana girərək komissarları azadlığa buraxmağa nail oldular. Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakını Həştərxan istiqamətində tərk etdilər. Lakin gəminin idarə heyətində olan menşeviklər onları Krosnovodska gətirdi və 19 sentyabr 1918-ci il gecəsi edam olundular. Cəsədləri Bakıya gətirilən komissarlar 1920-ci ildə Bakıda dəfn olunmuşdular. Güllələnənlər arasında komissar olmayanlar da komissar kimi 26-lara daxil edilmişdi.
Bu ərəfədə isə Leninin heç nədən xəbəri yox idi. O, 9 avqust 1918-ci ildə N.A.Anisimova yazırdı:
Bakıdakı vəziyyət mənə aydın deyil. Hakimiyyətdə kimdir? Şaumyan hanı? Stalinin sorğusuna əsasən və hər bir halda sən bilirsən ki, mən Şaumyana tamamilə inanıram. Burdan vəziyyəti anlamaq mümkün deyil, buna görə də təcili yardım göndərmək mümkün olmayacaq.[8]
Ancaq bu komissarlara qarşı hətta keçmiş bolşeviklər arasında da münasibət birmənalı olmamışdır. Şepilovanın xatirələrinə əsasən Stalin komissarların fəaliyyətini belə qiymətləndirmişdir:
"Bakı komissarları heç bir müsbət rəyə layiq deyillər. Onları afişa etmək lazım deyil. Onlar hakimiyyəti atmış, onu düşmənə döyüşmədən təhvil vermişlər. Onlar buxar gəmisinə oturaraq getmişlər. Biz onların xatirələrini yad edirik. Ancaq onlar kəskin tənqidə layiqdirlər. Onlar özlərini pis siyasətçi kimi göstərmişlər. Tarix yazılan zaman isə həqiqəti demək lazımdır. Bir iş onların xatirəsini yad etməkdir. Bunu biz edirik. Digər iş isə bu fakta tarixi qiymət verməkdir"[9].
Yaddaşlarda
redaktə26 Bakı komissarlarının qətlinin 50 illiyi ilə bağlı olaraq Moskvada bir küçəyə ad verilir. Küçənin baş tərəfində komissarların azərbaycanlı heykəltaraş Zeynalovun hazırladığı heykəli qoyulur.
Rus şairi Sergey Yesenin Bakı komissarlarına həsr olunmuş "26-lar haqqında ballada" yazmışdır.
1958-ci ildə Bakıda komissarların dəfn olunduğu yerdə heykəl qoyulur. 1968-ci ildə onların "qəhrəmanlığı"nı o dövrdəki respublika rəhbərliyinin səyi ilə daha da əbədilşdirmək üçün heykəlin ətrafında panteon tikilir.
SSRİ dağıldıqdan, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra "26 Bakı komissarları"nın fəaliyyətinə yenidən qiymət vermək mümkün olur və beləliklə, erməni-rus komissarlarının Azərbaycan tarixindəki rolu aydın olur.
12 yanvar 2009-ci il tarixində uzun müddət baxımsız qalan 26 bakı komissarı heykəli Bakı şəhəri icra hakimiyyətinin qərarı ilə sökülür. Komissarların qalıqlarının başqa yerı köçürülməsi zamanı qəbrdə yalnız 23 nəfərin cəsədinin olması aşkarlanır[10][11]. Ekspertlərin apardıqları araşdırmalar zamanı cəsəd qalıqlarının yaşının 20–50 arasında olması təsdiq olunmuşdur. Onlar 3 qrupa bölünmüşdür. I qrupa aid olanların sayı 11-dir. O qədər də şəxs 30–39 yaş arasında olmuşlar. Cəsəd qalıqlarından yalnız birinin 40–49 yaş arasında olması bəlli olmuşdur. 26 komissar kimi güllələndiyi iddia edilən şəxslər arasında sonuncu qrupa düşənlərin sayı 3 olmalı idi. Bunlar Stepan Şaumyan (40 yaş), Məşədi Əzizbəyov (42 yaş) və Tatevos Amiryan (45 yaş) olmalı idilər. Anatomik tədqiqatlar isə qəbirdən çıxan sümük qalıqarının böyük dəqiqliklə Əzizbəyova aid olmasını sübut etmişdir. Belə ki, cəsədlər arasında Şaumyan və Əmiryanın, həmçinin Avakyanın qalıqları tapılmamışdır. Bu isə həmin şəxslərin qaçması haqqında məlum olan şaiyələrin heç də əsassız olmadığını deməyə imkan verir.
26-lar məzarlığı
redaktə26 yanvar 2009-cu ildə komissarların cəsədlərinin qalıqları müsəlman, xristian və yəhudi dini icmalarının iştirakı ilə Hövsan qəbiristanlığında dəfn edilmişdir[12].
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bu qəbiristanlığın giriş qapısından təxminən 100 metr irəlidə kiçik ölçülü hasarda 23 qəbir var. Qəbirlərin hərəsinin üzərinə başdaşı olaraq yalnız bir tikinti daşı ("kubik") qoyulub. Qəbirlərin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb.
Başqa sahibsiz qəbirlərdə müsəlmanlar başı qibləyə, xristianlar isə əks istiqamətdə basdırılıb. Lakin azərbaycanlı, rus, erməni və s. millətlərdən olan "26-lar"ın hamısı eyni istiqamətdə dəfn edilib. Bu istiqamətin təxminən qiblə tərəf olduğunu müəyyən etmək mümkündür.
Hövsandakı "Şəhər qəbiristanlığı"nın bir tərəfində kimsəsizlərin, bir tərəfində isə sahibi olan şəxslərin meyiti basdırılıb. "26-lar"ın basdırıldığı ərazi daha çox sahibli qəbirlərə yaxın ərazidədir.[13]
İstinadlar
redaktə- ↑ Bakı Kommunası və ictimai təhsil. "BDU yayımları" № 2, Bakı, 1929
- ↑ Tadeuş Svitoxovski, Baku Commune bölməsi // Historical dictionary of Azerbaijan. — USA: Scarecrow Press, 1999. — s. 33–34. — 145 s. — ISBN 0810835509.
- ↑ Lenin Toplu Əsərləri, 44-cü cild, səhifə 107b-108a, 1975, Moskva
- ↑ Lenin Toplu Əsərləri, 44-cü cild, səhifə 93, 1977, Moskva
- ↑ Lenin Toplu Əsərləri, 27-ci cild, səhifə 523, 1972, Moskva
- ↑ Lenin Toplu Əsərləri, 35-ci cild, səhifə 342, 1976, Moskva
- ↑ "MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - II Yazı". 2020-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
- ↑ Lenin Toplu Əsərləri, 35-ci cild, səhifə 348, 1975, Moskva
- ↑ "Д. Т. Шепилов. Непримкнувший. Воспоминания. М., Издательство "Вагриус", 2001". 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-28.
- ↑ "Day.Az — Во время раскопок могилы 26 бакинских комиссаров в Баку не были обнаружены останки трех человек". 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-30.
- ↑ Ъ — Бакинцы недосчитались комиссаров
- ↑ "Новости NEWSru.com: В Азербайджане недосчитались бакинских комиссаров: в их могиле нашли останки только 23-х, а не 26-ти человек". 2013-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-30.
- ↑ "23 cəsədin dəfn olunduğu "26-lar" məzarlığı". 2016-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.