Baki Zooloji Parki - Wikipedia
Bakı Zooloji Parkı[a] və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır.[6] Qızılqaz zooparkın simvolik canlısıdır.[3]
Açılma tarixi | 14 dekabr 1928 (zoobağ kimi) 2 yanvar 1942[1] (zoopark kimi) 1945 (rəsmi açılış) |
---|---|
Yer | Bakı şəhəri , N.Nərimanov rayonu , A.Bakıxanov 39 |
Sahəsi | 4,25 ha[2] |
Növlərin sayı | 125[2] |
Direktor | Azər Hüseynov (1995-ci ildən)[3][4] |
Sayt | bakuzoo.az |
Tarixi
redaktəXX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib.[7] 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib.[5] 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb.[5][7] Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir.[7] Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də,[1] rəsmi açılışı 1945-ci ildə baş tutub.[8]
Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.[2] 1970-ci illərin ortalarında ərazidə baş vermiş torpaq sürüşməsi bir şirin və bir ayının həyatına son qoyub.[8] 1982-ci ildə yerləşdiyi ərazidə torpağın sürüşmə təhlükəsinə görə hazırkı məkanına köçürülüb və sahəsi bir hektardan çox artırılıb.[5][7] Növbəti illər ərzində balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.[7]
2019-cu ilin fevralında[4] Leyla Əliyevanın təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və park yenilənib.[2] Yenilənmiş parkın açılışı 7 oktyabr 2021-ci ildə baş tutub və açılışda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.[2] Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb.[4]
Heyvanlar
redaktə1995-ci ilə qədər parkda 60 növ və 200 baş heyvan nümayiş olunurdu.[7] Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, Qırmızı kitaba düşən növlərin sayı isə 22-dir.[2] Parkın akvaterrariumunda 62 növ heyvan saxlanılır.[9] Zooparkda üç şöbə var: terialogiya (məməlilər-yırtıcılar, gəmiricilər, dırnaqlılar); ornitologiya (quşlar); akvarium və terrarium (balıq və sürünənlər).[3] Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılmasını təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.[7]
Hazırda zooparkda saxlanılan məməlilərə bəbir, mançur xallı maralı, dəniz donuzcuğu, adi çaqqal, sarı-boz kenquru, dağıstan turu, Amur pələngi, makaka rezus, Qafqaz qonur ayısı, Qafqaz canavarı, Zaqafqaziya çöl tülküsü, yaquar, qunduz, Avropa zubru, koati, Pataqoniya marası, aquti, qamışlıq pişiyi, çay samuru, Amerika yenotu, Hindistan tirəndazı, porsuq, Qrant zebrası, pavian hamadril, surikat, zolaqlı manqust, çöl tülküsü, lan, lama, alpaka, Qafqaz maralı, Afrika şiri, xarza, ceyran, ikihürgüclü dəvə, yallı qoyun, Çin muntjakı, uzunquyruq meymun, Şetland ponisi, Qarabağ qoyunu, dovşan, cırtdan keçi, serval, Asiya muflonu; quşlara adi emu, adi qızılqaz, qutan, ağ leylək, mandarin ördəyi, yapon durnası, qu, qaz, vəhşi qaz, ördək, qara kərkəs, ağbaş kərkəs, saqqallı quzugötürən, qara qu, Nil qazı, gümüşü qırqovul, leşcil ağqartal, berkut qartalı, məzar qartalı, adi tovuz quşu, Şərq taclı durnası, bozqır qartalı, ağquyruq sahil qartalı, adi yapalaq, quzğun, sultan toyuğu, ara tutuquşusu, ağ kakadu, Çin ipək toyuğu, boz tutuquşu, Avstraliya kral tutuquşusu; balıqlara paku, Sixla Monokulus, yastıbaş naqqa, zürafə naqqası, xallı çay skatı, Maskaheros regani, Kür nərəsi, rus nərəsi, qaya balığı, uzunburun, psevdotrofeus zebra, neon, arapayma, arovana, adi piranya, aksolotl daxildir.
Keçmişdə zooparkda saxlanılmış məməlilər siyahısına zebu, nəcib maral, Dağıstan dağ keçisi, Avstriya keçisi, Kamerun keçisi, safsar; quşlar siyahısına qarasaqqal, şako, rozetta, firəngtoyuğu, toğlugötürən, karalin ördəyi, qırqovul; balıq və sürünənlər siyahısına Nil timsahı, Aralıq dənizi tısbağası, adi iquana, piton, bağa ilanı, imperatif ilanı, anakonda, skalyari, tetradon, quppi daxildir.[1][3][8][10][11]
Zooparkda bir çox heyvanın balaalma əməliyyatı da həyata keçirilir.[1] 2014–2015-ci illərdə zooparkda canavar, alpaka, xallı maral, Qafqaz maralı, Avstriya keçisi, şotland ponisi, Kamerun keçisi, Aralıq dənizi tısbağası kimi növlərdən bala alınmışdır.[1] Bəzi Avropa zooparklarından fərqli olaraq Bakı zooparkında qüsurlu və xəstə heyvanlar iynə ilə öldürülmür, nə qədər ömrü varsa, qulluq edilir.[12] Zooloji parkda heyvanlar daim yemləndiyi üçün qış yuxusuna getmirlər; qışda heyvanlara 20 faiz çox qida verilir.[13]
Zooparkdakı heyvanların yem təchizatı üçün hər il tender elan edilir.[14] Tenderdə qalib gələn şirkət zooparkı ot, buğda, arpa, qarışıq yem, darı və s. yemlərlə təchiz edir.[14] Bundan əlavə, müsadirə olunmuş ətlər zooparka gətirilir.[14] Ağdam Atçılıq Zavodundan ayağı sınıq, qocalmış atlar da zooparka təhvil verilir.[14]
-
Tısbağalar.
-
Afrika şirləri.
-
Zebu.
Üzvlüklər
redaktəBakı Zooloji Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilib.[7] 1995-ci ildən Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və təşkilata daxil olan digər heyvanat parkları zooloji parklar ilə geniş əməkdaşlıq əlaqələri qurulub.[7] Bakı Zooloji Parkı başqa zooparklarla müqavilələr imzalayaraq heyvan mübadilələri də aparır.[3] Bu cür müqavilə imzalanan zooparkların siyahısına Minsk zooparkı, Daşkənd zooparkı, Tallin zooparkı, Moskva zooparkı da daxildir.[3][13]
Xidmət
redaktəZoopark hər gün səhər saat 10:00-dan axşam 17:30-a qədər fəaliyyət göstərir.[9] Biletlərin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün 2 manat təşkil edir.[9] Şəhid ailələrinin üzvləri üçün zooparka giriş pulsuzdur.[9] Veteranlar və onların övladları, Vətən müharibəsi əlilləri, şagird və tələbələr biletləri endirimli qiymətlərlə daxil ola bilirlər.[9] 3 yaşa qədər uşaqlar üçün də giriş pulsuzdur.[9] Zoopark ərazisində qapalı məkanlara, akvaterrariuma və ictimai iaşə obyektlərinə girişə COVİD-19 pasportu əsasında icazə verilir.[9]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Cavadov, Zabit. "Bakı şəhər zooparkında" (PDF). Respublika qəzeti (az.). 2 avqust 2015. 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 4 5 6 "Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB VİDEO". Azərtac (az.). 7 oktyabr 2021. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 4 5 6 Cansail, Yeganə. "Zooparkda bir gün" (az.). 30 iyul 2010. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 "Bakı Zooparkı açılışa hazırlaşır? - Direktordan AÇIQLAMA". Lent.az (az.). 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 4 Cavadov, Zabit. "Bakı Şəhər Heyvanat parkının 90 illik yubileyi" (PDF). 16 dekabr 2018. 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ "Bakı zooparkına yeni heyvanlar gətiriləcək". BBC Azeri (az.). 2 yanvar 2007. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2021.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (az.). 14 dekabr 2018. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 "Bakı zooparkının ulduzları". Region+ (az.). 17 mart 2015. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ 1 2 3 4 5 6 7 "Zoopark yenidənqurmadan sonra qapılarını ziyarətçilərin üzünə açıb". 24 saat (az.). 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ "Bakı Zooparkında yenot, meymun, anakonda ölüb". AzNews (az.). 16 may 2017. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
- ↑ "Bakı zooparkına nadir heyvanlar gətiriləcək". Lent.az (az.). 29 yanvar 2013. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2021.
- ↑ "Bakı Zooloji Parkının direktoru: "Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir" - MÜSAHİBƏ". Report.az (az.). 20 fevral 2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2021.
- ↑ 1 2 "Zooparkın direktoru: "Heyvanlara lazım olan bütün diqqət və qayğı göstərilir"". Yeni Avaz (az.). 30 noyabr 2017. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2021.
- ↑ 1 2 3 4 "Bakıda dişi şiri "gəlin" gətirdilər - FOTOLAR". Qaynarinfo (az.). 2 dekabr 2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2021.