Barit Qullesi - Wikipedia
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır.
Barıt qülləsi | |
---|---|
Prašná brána | |
50°05′14″ şm. e. 14°25′40″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Memar | Matey Raysek |
Sifarişçi | Vladislav Yagellon |
Tikilmə tarixi | 1475-???? |
Üslubu | qotika |
Rəsmi sayt | muzeumprahy.cz/199-prasn… |
İstinad nöm. | 1-13 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəNove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex. Odrana brána) adı vermişdirlər[1][2] . Yeri gəlmişkən bu cür ad hətta o zamanın sənədlərində belə saxlanılmışdır. Şəhər Şurası düşünərək qərara qəlir ki, bu cür baxımsız və yararsız tikilinin kral iqamətgahın yaxınlığında yerləşməsi həm kral yolunu, həm də şəhərin ümumi mənzərəsini bərbad hala salır. Onlar köhnə darvazalı qüllənin sökülməsi və onun yerində şəhəri bəzəyəcək yeni qüllənin inşası barədə qətnamə çıxarırlar.
Yeni barıt qülləsinin inşası 1475-ci ilə aid edilir. Tikilinin layihəsi istedadlı memar Matey Raysek tərəfindən hazırlanmışdır. Lakin Çexiyada baş vermiş qeyri-stabil siyasi vəziyyət nəticəsində kral Vladislav Yagellon Praqa qəsrinə köçür və təbii ki, yeni iqamətgahın yaxınlıqda olmaması səbəbindən vəziyyət o qədər gərginləşmişdir ki, hətta qüllənin tamam sökülməsinin qorxusu yaranmışdır. Lakin sonda Şəhər Şurası bu fikirdən daşınaraq tikinti işlərinin sadəcə olaraq müvəqqəti dayandırılması barədə qərar verir.
XVIII əsrin əvvəllərində qüllə müvəqqəti damla örtülmüşdür və bina barıt saxlanması üçün anbara çevrilmişdir. Məhz burada yaradılmış barıt anbarına görə, qüllə daha sonralar bu adla tanınmağa başlayır. Mövcud olduğu müddət ərzində Barıt qülləsi dəfələrlə yenidənqurma işlərinə məruz qalmışdır.
Belə ki, 1757-ci ildə Prusiya qoşunlarının Praqanı mühasirəyə alması və artilleriya atəşinə tutması nəticəsində qüllə zədələnmişdir. Qüllənin divarlarından asılmış bəzək elementləri şəhər sakinlərinin həyatına təhlükə yaradırdı və buna görə də şəhər bələdiyyəsinin əmri ilə onlar binanın fasadından çıxarılmışdır. 1823-cü ildə qüllənin yuxarısına kurantlar quraşdırılmışdır. 1878-ci ildə şəhər bələdiyyəsi qüllənin yenidən qurulması məqsədilə memar Yozef Moker (Josef Mocker) ilə müqavilə imzalamışdır. Barıt qülləsinin yenidənqurmadan öncəki fotolarına baxdıqda onun daha sonra nə qədər dəyişdiyini anlamaq olar. Bunun əsas səbəbi onda idi ki, Moker purizm memarlıq ənənələrinin daşıyıcılarından biri idi. Puristlər orta əsr köhnə binaların saflığı uğrunda mübarizə aparırdılar və qotik dövrdən sonra əlavə olunmuş bir çox dekorları da bina fasadından məhrum edirdilər. Yenidənqurma işləri nəticəsində qüllənin kurantları və bir çox digər elementlər çıxarılmışdır. Barıt qülləsi psevdoqotik üslubda bərpa edilmişdir[3][4]. Qüllənin divarları zadəgan nəsillərin, milli müqəddəslərin, kilsə mövzusuna aid fərqli süjetlərin, eləcə də inşa zamanı binanı mühafizə edən insanların heykəlləri ilə bəzədilmişdir. Həmçinin burada memarlar Raysek və Mokerin də heykəlləri var.
Xüsusiyyətlər
redaktəHazırda Barıt qülləsinin üst mərtəbələrində müşahidə meydançaları düzəldilib. Həmçinin qüllədə tez-tez fotosərgilər təşkil olunur. Qüllənin ən hündür nöqtəsindən Praqanın ümumi mənzərəsini seyr etmək üçün, onun içərisindəki spiralvari pilləkənin 186 pilləsini qət etmək lazımdır. Hal-hazırda qüllənin ümumi hündürlüyü 65 metr təşkil edir.
Barıt gülləsi həqiqətən Çex memarlığının ən gözəl nümunələrindən biri sayılır.
İstinadlar
redaktə- ↑ "Pražské věže: Prašná brána". 2012-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
- ↑ "Pražský chytrák: …se na Prašné bráně dějí nemravnosti?". 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
- ↑ Thomas Rygl, Prag, ISBN 80-86893-51-0
- ↑ Strojny A., Przewodnik Praga - Złoty hrad nad Wełtawą, Bezdroża, Kraków, 2007 Seiten 102-103, ISBN 978-83-60506-57-8