Basqal - Wikipedia
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır.[1]
Basqal | |
---|---|
40°45′20″ şm. e. 48°23′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.081 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 200 nəfər |
Tarixi
redaktəTarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. "Basqal" toponimi təmiz türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.[2] Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub.
2018-ci ilin 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır.[3]
Coğrafiyası və iqlimi
redaktəBasqal ölkənin mərkəzində və Bakıdan 150 km aralı, dəniz səviyyəsindən 1,081 metr yüksəklikdə yerləşir. Basqalın yaxınlığı əsasən təpəlik olsa da onun şimal-şərqi dağ və cənubu çökəkliklər ilə örtülmüşdür. Yaxın əraziləri əsasən əkənəklərdən ibarətdir. Demək olar Basqalın havası il boyu rütubətli və mülayim keçərək, ortalama illik yağıntı miqdarı isə burada 614 mm dir.[4]
Əhalisi
redaktə28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Basqal kəndində hər iki cinsdən toplam 2.017 nəfər əhali yaşayırdı.[5]
13 – 22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Basqal qəsəbəsində 200 nəfər (95 nəfəri kişilər, 105 nəfəri qadınlar) əhali yaşayır.[6] AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 200 nəfər əhali yaşayır.[7]
Tanınmış adamları
redaktə- Maqsud Əlisimran oğlu Cavadov (1902–1972) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövrünün ən yüksək mükafatı olan "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri və digər fəxri fərmanlarla təltif olunmuş, şəxsiyyət, ictimai-siyasi xadim, dövrünün canlı ensiklopediyası, 21 elmi əsərin və 10 tədris vəsaiti olan kitabların müəllifi, dəyərli ziyalımız Azərbaycanın elm tarixində yaddaşlarda qalan bir şəxsiyyət olmuşdur.
- Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə (1904–1986) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Böyük Vətən müharibəsi iştirakçısı, döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı ordeni" (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir.
- Kazım Mirheydər oğlu İsmayılov (1905–1981) — Böyük Vətən müharibəsi iştirakçısı, siyasi xadim, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Ağdaş və Salyan rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan KP-nin inzibati orqanlar şöbəsinin müdiri olmuşdur. O, dəfələrlə Azərbaycan Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmişdir. K. İsmayılov "Lenin" ordeni, "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" ordenləri və bir çox başqa medallarla təltif olunmuşdur. O, Azərbaycan Respublikasının 1-ci Dövlət katibi olmuş Tofiq İsmayılovun atasıdır.
- Məmməd Səməd oğlu Bağırov (Partizan Mamed) (1922–1997) — İtaliyanın Milli Qəhrəmanı, "Qızıl Harribaldi Ulduzunun" kavaleri, İtaliya dövlətinin ali fəxri mükafatına layiq görülmüş yeganə azərbaycanlı müharibə veteranıdır. M. Bağırov İtaliya şəhərlərinin azad olunmasına həsr edilmiş "Şöhrət" ordeni (İtaliya),14 yubiley medalı, 2 fəxri diplom, II dərəcəli Vətən müharibəsi ordeni (SSRİ) ilə təltif edilmişdir.[8]
- Hüseynov Ağaxəlil Əlihüseyn oğlu (1925–1970) — Böyük vətən müharibəsinin iştirakçısı, müharibə veteranı, xalq hakimi, "Azərkitab" Baş kitab ticarəti idarəsi rəisinin müavini, "Azərnəşr" nəşriyyatının direktor müavini, Azərbaycan KP MK-nin "Kommunist" birləşdirilmiş nəşriyyatının direktor müavini olmuşdur.
1925-ci ildə Basqalda anadan olmuşdur. Atasi – Səfərov Əlihüseyn, anası – Turə xanım. Bacılari: Arifə, Sünbül, Nazilə, Əzizə. Bəy nəslindən olduğuna gürə keşməkeşli repressiya illərində ailəsini qorumaq üçün "Hüseynov" soyadını götürmüşdür. 1941-ci ildə, 16 yaşı olarkan, yaşının az olmasına baxmayaraq, könüllü olaraq müharibəyə ketmiş və uğurlu döyüş yolu keçmişdir. Müharibədə göstərdiyi şücaətə görə "За боевые заслуги" və digər medallarla təltif olunmuşdur. 1942-ci ilin yazında Ukraynadakı kəsgin döyüşlərin birində ağır yaralanaraq Batumi hərbi hospitalına yerləşdirilmişdir. Həmin ilin payızında, ordudan tərxis olunaraq, evinə, Basqala qayıdır. Bir müddət Basqalda kolxozda mühasib işləyir. 1942-ci ildə anası və baciları ilə Bakıya köçür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur və 1953-cü ildə həmin universiseti, əlaçı olaraq, fərqlənmə ilə bitirir.
1954–1957 – Azərbaycan SSR Mədəniyyət nazirliyi "Azərkitab" Baş kitab ticarəti idarəsi rəisinin müavini. Eyni zamanda həmin illər Xalq hakimi seçilir və müvəffəqiyyətlə bu sahədə fəaliyyət göstərir. Onun müəllifliyi ilə Azərbaycanın müxtəlif qəzet və jurnallarında məqalələr dərc olunur, 1956-cı ildə isə "Sovet məhkəməsi" kitabı nəşr olunur. Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Mətbuat Komitəsinin İstehsalat və təchizat idarəsinin rəisi, "Azərnəşr" nəşriyyatının direktor müavini, Azərbaycan KP MK-nin "Kommunist" birləşdirilmiş nəşriyyatının direktor müavini vəzifələrində çalışır.
Böyük Vətən Meharibəsində alınmış ağır yaralar və kürək nayihəsində qalmış qumbara qəlpələri özünü bildirməyə başlayir. 1970 ilin yay aylarinda o ağır xəstələnir və həmin ilin oktyabr ayinda vəfat edir. Onun qısa, keşməkeşli, lakin uğurlu həyatı onu tanıyanların yaddaşlarında daim qalacaqdır.
İqtisadiyyatı
redaktəQəsəbə əhalisi az da olsa sənətkarlıq, ticarət, qismən də heyvandarlıqla məşğul olur.[9] Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri — kəlağayı istehsal olunub. "Kəlağayı" fenomeninin tarixi və mədəni dəyərini təsdiq edən bir fakta nəzər salaq: 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[10]
İnfrastruktur
redaktəXIII–XIV əsrdən qəsəbədə kürəbənd-kanalizasiya sistemi qüsursuz fəaliyyət göstərir. 2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[11] 2015-ci ildə Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir.[12]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 7 noyabr 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmışdır.[13]
Mədəniyyəti
redaktəAzərbaycan milli rəqslərindən biri sayılan Basqalı bu qəsəbəyə aiddir.[14]
Din
redaktəQəsəbədə Basqal qəsəbə məscidi dini icması fəaliyyət göstərir.[15]
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Basqal qəsəbəsi". 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.
- ↑ "İsveçcə Vikipediya". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ Первая всеобщая перепись населения Российской империи 1897 г. Под ред. Н.А.Тройницкого, "Города и поселения в уездах имеющий 2000 и более жителей", С.-Петербург, 1905 г., стр.90
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
- ↑ 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı"
- ↑ "Eloğlumun hünəri". 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
- ↑ "Basqal haqqında məlumat". 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
- ↑ "Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
- ↑ Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir. Arxivləşdirilib 2018-10-27 at the Wayback Machine socar.az, 25.06.2015 (az.)
- ↑ "İsmayıllı rayon icra hakimiyyəti". 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
- ↑ İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine. president.az, 07.11.2018 (az.)
- ↑ "Norveçlilər Azərbaycan milli rəqsini ifa etdilər". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)