Bri Kilsesi - Wikipedia
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Bri kilsəsi | |
---|---|
39°51′04″ şm. e. 46°58′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Çörəkli kəndi |
Aidiyyatı | Qafqaz Albaniyası |
Tikilmə tarixi | V-XVIII əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
Vəziyyəti | qəzalı vəziyyətdə |
İstinad nöm. | 243 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir.
Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir.
Tarixi
redaktəDövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir.[2] Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir.[3][4]
Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir.[3][4] Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.”[4]
Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır. Kalankatlı yazır:
Albaniyada Cəsur Vaçaqandan Mömin Vaçaqana kimi yuxarıda adlarını sadaladığımız on çar olmuşdur. Onlardan yalnız Mömin Vaçaqan şərq ölkəsində ilin günlərinin sayı qədər kilsələr inşa etdirmişdir.[5] |
Kompleksin erkən orta əsrlər dövründə inşa edilmiş ən birinci kilsəsitəpənin üstündə, şimal-şərq istiqamətində, narteksin yanında yerləşir. 100m2 sahəyə malik olan bu tikili üçnefli bazilika formalı kilsə olmaqla, daha qədim bütpərəst məbədinin yerində inşa edilmişdir.[4] Ərazidən aşkarlanmış qədim memarlıq elementləri arasında dövrümüzə çatmamış stellanın postamenti, iki kapitel, Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan həndəsi və nəbati naxışlarla, həmçinin bəranərtərəfli xaçlarla bəzədilmiş üç sütun altlığı xüsusi diqqət cəlb edir.[3][4]
Memarlıq xüsusiyyətləri
redaktəQədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir.[2] Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir.[4]
Birinci kilsə
redaktəTəpənin cənub-şərq tərəfində yerləşən birinci kilsə kiçik ölüçlərə malikdir; onun tərəfləri 5,85x3,6 metrə bərabərdir. Qərb fasadı istisna olmaqla, kilsənin bütün divarları yonulmamış kobud daşlardan hörülmüşdür. Bu birnefli zal kilsəsinin yeganə girişi onun qərb divarında yerləşir. Tikili demək olar ki, ilkin görünüşünü tamamilə saxlamaqla dövrümüzə çatmışdır.[4]
Dekorativ baxımdan yalnız kilsənin qərb fasadı diqqət çəkir. Bu fasadda yerləşən qapı çərçivəsi eksteryerdən bir-birinə keçən kvadratlar və xaçlar ilə bəzədilmişdir. Timpanın bəzədilməsində yonma şahmat naxışından istifadə olunmuşdur.[4]
İkinci kilsə
redaktəİkinci kilsə şərq tərəfdən birinci kilsəyə bitişik inşa edilmişdir. Kiçik ölçülərə malik olan bu binanın inşasında, dövrümüzə küləyin təsiri ilə erroziyaya uğramış şəkildə çatan təbəqəli ağ daşlardan istifadə olunmuşdur. Birinci kilsə kimi, ikinci kilsə də planda düzbucaqlı formaya malik birnefli bazilikadır; bazilikanın tərəfləri 3x5 metr ölçüyə malikdir.[4]
Divarların suvaqğı demək olar ki, tamamilə tökülmüşdür və buna görə də oxvari tağların horizontal düzgün sıraları aydın görünməkdədir. Yeganə şərq apsidasının döşəməsi kilsənin ümumi döşəməsi ilə eyni hündürlüyə malikdir. Altarın yanlarında köməkçi otaqlar yoxdur, onların əvəzinə dərin nişlər inşa edilmişdir. Giriş qapısı üzərində olan pəncərə yeri sonradan narteksin inşası zamanı əlavə edilmiş arkbutanın altında qalmışdır.[4]
Üçüncü kilsə
redaktəÜçüncü kilsə təpənin ən yüksək hissəsində, narteksdən 4 metr qərbdə yerləşir. Bu birnefli bazilika oxvari tağtavana, şərq tərəfində apsida-bem və apsidanın hər iki tərəfində nişlərə malikdir. 2.6x4.8 metr ölçülərə malik zalın döşəməsi tamamilə məzar daşları ilə örtülmüşdür.[6]
Dekorativ anlamda yalnız zəngin bəzədilmiş qərb fasadı seçilir. Parad portalının çərçivələri zəngin bəzədilmişdir. Yarımdairəvi timpan xaç və romblardan ibarət kompozisiya ilə bəzədilmişdir. Portalın yuxarı künclərində iki quş təsviri vardır. Bu kompozisiya Gəncəsər monastırındakı Müqəddəs İohann kilsəsinin giriş portalı və Mingəçevir kilsə kompleksindən tapılmış altar daşı üzərindəki dekorativ kompozisiyanı xatırladır. Divarın səthi oyma xaç təsvirləri ilə bəzədilmişdir. Quş təsvirlərinin yanında yerləşdirilmiş kitabədə deyilir: “Məsihə olan dualarınızda bu müqəddəs kilsənin memarı olan Xaçineki də yad edin.”[7] İbadət zalında olan ikinci kitabədə isə yazılıb: “1270-ci ilin yayı...ter Stepannosun dövründə, ter Nersesin yepiskopluğu dövründə mən Mxitar, X....oğlu bu xaçı ucaltdım.”[7]
Kitabədə adı xatırlanan memar Xaçinek həmin təpənin cənub ətəyində yerləşən və xaçdaşları saxlayan böyük nişin də müəllifidir. Stellanın fronton hissəsi dağılmışdır. Bu kompleksi tədqiq etmiş S. Barxudaryanın məlumatına görə aşağı hissədə bir sırada düzülmüş səkkiz daş üzərində altı uzun sətirdən ibarət kitabə olmuşdur.[8]
Dörd tərəfdən də yaxşı yonulmuş daşlarla üzlənmiş monumental niş, dövrümüzə dağınıq vəziyyətdə çatmış postament üzərində ucaldılmışdır. Yaxşı qalmış üzləmə daşları rombvari həndəsi naxışlarla bəzədilmişdir. Nişin içində dörd xaçdaş yerləşdirilmişdir.[6]
Dördüncü kilsə
redaktəKompleksin ən cənub tərəfində, kəndə yaxın hissədə, təpənin ətəyində dördüncü kilsə yerləşir. Ölçü baxımından digər üç kilsədən daha kiçik olan dördüncü kilsənin inşasında kobud yonulmuş daşlardan istifadə olunmuşdur.[9] Kilsənin dam örtüyü dağılmışdır. Qərb fasadının hörgüsündə müxtəlif ölçü və formalara malik onlarla xaçdaş istifadə edilmişdir. Həmin divarda yerləşən yeganə qapı yeri naxışlı çərçivəyə malikdir. Yarımdairəvi timpanın bəzədilməsinə şahmat təsviri üzərində yerləşdirilmiş xaç naxışından istifadə olunmuş, hər tərəfində isə bir tovuzquşu fiquru yerləşdirilmişdir.[9]
Divarın yuxarı qərb küncündə beş sətirlik inşaat kitabəsi vardır. Cümlələrin ilk sözlərinin baş hərfi yazılan daş plitə itirilmişdir. Lakin, ümumilikdə kitabədən bəlli olur ki, kilsə Aluank katolikosu Hovannes və onun kiçik qardaşı Nersesin hakimiyyəti dövründə, yəni 1235-ci ildən əvvəl inşa edilmişdir.[7]
Bu kitabənin yanında memarın xatirə kitabəsi yer alır: “Tanrıya olan dualarınızda bu kilsənin memarı olan Şaqeni də yad edin”.[7]
Narteks
redaktəBirinci və ikinci kilsələrin qərb fasadına birləşən narteks, hər iki kilsə üçün ümumi xarakter daşıyır. Narteksin memarlığında qarşılıqlı şəkildə kəsişən dörd tağ, memarlıq formalarının lakonik və aydınlığı diqqəti cəlb edir. Hər iki kilsənin qərb fasadını bağlayan bu narteks onların zəngin fasad dekorları ilə kontrast təşkil etməklə, həm də kilsə portallarının parad xüsusiyyətləri və ifadəliliyini vurğulayır.[4]
Planda kvadrat formasına malik olan narteksin tərəfləri 7,5x7,8 metr ölüçlərə malikdir. Əksər monastır nartekslər kimi, bu narteks də, həm türbə, həm də dini və siyasi yığıncaqlar məkanı kimi istifadə edilmişdir. Bu cür funksional xüsusiyyət, tikilinin memarlığına da təsir edərək daxili forma və dizaynın sadəliyini əsaslandırmışdır.[4]
Daha geniş daxili həcmin yaradılması üçün memar yüksək tağları uzadaraq yan divarların divarqabağı pilonlarına kimi çatdırmışdır. Xaçdaşlar, məzar daşları, naxışlı stellalar və sair xırda memarlıq elementləri yalnız narteksin şərq hissəsində, tağla əhatələnmiş böyük nişlərdə toplanmışdır.[4]
Narteksin divar səthləri pilyastr və tağlar vasitəsi ilə üç böyük tağlı nişə bölünmüşdür ki, onlardan da ortada olanı daha böyük ölçüyə malikdir. Narteksin qərb divarında divarqabağı pilonlar yoxdur və burada tağlar birbaşa divara söykənir.[4]
Divarqabağı pilyastrlar üzərində dayanan tağlar vasitəsiylə narteks tağtavanla örtülmüş səkkiz hissəyə bölünür. Tağtavanın mərkəzi hissəsində yerləşdirilmiş səkkizguşəli işıq dəliyi üzərində vaxtilə zəng qülləsi kimi istifadə olunmuş rotonda olmuşdur. Rotondadan dövrümüzə sütunlar və sütun altlıqları çatmışdır.[4] Narteksin dörd tərəfli damı kilsələrin iki tərəfli damları üzərində yüksələrək monumental görünüş yaradır.[6]
Narteksin interyerində şərq divarındakı nişlərdə altı xaçdaş yerləşdirilmiş, həmçinin xaçdaşların ətrafında nəbati naxışlar və məişət səhnələri olan plitələr düzülmüşdür. Cənub kilsəsinin qapısı ağzındakı məzar daşı üzərində yazılmışdır: “Karapetin oğlu cənab Hovannesin məzarı. 1798-ci ilin yayı”. [4] İki xaçdaş üzərində isə milli geyimli insan fiqurları təsvir edilmişdir.[4]
İstinadlar
redaktə- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- ↑ 1 2 Mkrtçyan, 1989. səh. 132
- ↑ 1 2 3 Бархударян, 1982. səh. 153
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Mkrtçyan, 1989. səh. 133
- ↑ Kalankatlı, Moisey. [frametext32.htm Alban ölkəsinin tarixi, III kitab, XXIII fəsil] (#bad_url) (пер. Ш. В. Смбатяна). Матенадаран. 1984. 265.
- ↑ 1 2 3 Mkrtçyan, 1989. səh. 134
- ↑ 1 2 3 4 Bərxudaryan, 1895. səh. 126
- ↑ Бархударян, С. Средневековые армянские зодчие и мастера по камню. Ереван. 1963. 98.
- ↑ 1 2 Mkrtçyan, 1989. səh. 135
Ədəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895