Buqisler - Wikipedia
Buqislər, buqilər, buqinezlər (özlərini uqi, to uqi adlandırırlar) — İndoneziyada avstroneziyalı xalq.[1].
Tarixi
redaktəBuqislər, əsasən Sulavesi adasının cənub-qərb dağlıq rayonlarında məskunlaşmışlar. Onlar, həmçinin Kalimantan adasının şərq sahillərində, Flores, Riau, Yeni Qvineya adalarında və Malakka yarımadadsında yaşayırlar[2]. Buqislərın sayı İndoneziyada 7 milyon nəfərdir (2010)[3]. Malayziyada 654 min nəfər, Sinqapurda 1,5 milyon nəfər buqis yaşayır[4]. Sulavesi dillərinin cənub qrupuna daxil olan bugi (basa ugi) dilində danışırlar. Dialektləri bone, luvu, sopennq və s. İndoneziya dili də yayılmışdır. Yazıları (lontara, hurupuksulapak-eppak) hind mənşəli olan hecalı buge-makasar yazı sistemi, XX əsrdən isə latın qrafikalı yazı sistemidir. Dindarların 95 faizi müsəlmanlardır. xristianlar və hinduistlər də var. Ənənəvi inancların qalıqları mövcuddur, şamanları (bissu) da var. Buqislərin "La-qaliqo" mifoloji eposu, əcdadların kultu saxlanılmışdır.
Buqislərin və onlara qohum olan makasarların əcdadları I minillik — II minilliyin əvvəllərinəd Qərbi İndoneziyanın hindu dövlətlərinin mədəni və siyasi təsirinə məruz qalmış, dəniz ticarəti ilə məşğul olmuş, Malayya arxipelaqı adalarında məskunlaşmağa başlamış, Avstraliya sahillərinə qədər üzüb çatmışlar. Onların ənənəvi yazı sistemi və panteonu olmuşdur.
XV–XVI əsrlərdə Buqislərin Bone, Luvu, Soppenq və sair knyazlıqları yaranmışdır. XVII əsrin əvvəllərində qonşu Qoa dövlətinin təsiri ilə islam dinini qəbul etmişlər. Ədəbiyyat, fəlsəfə, tarix elmlərinin inkişafında müəyyən nailiyyətlər əldə edilmişdir. Buqislər XVII–XVIII əsrlərdə Malayya arxipelaqındakı hadisələrdə fəal iştirak etmiş, Niderland müstəmləkəçilərinə və malakka feodallarına qarşı mübarizə aparmışlar.
Əsas məşğuliyyətləri
redaktəƏsas ənənəvi məşğuliyyətləri balıqçılıq, sahilyanı ovalıqlarda suvarma çəltikçiliyi, dağlıq yerlərdə (quru dərələrdə) isə çəltik və qarğıdalı becərilməsidir. Mahir dənizçi və dəniz quldurları kimi də tanınırlar. Ənənvi sənətkarlıq sahələri toxuculuq (o cümlədən ipəkdən), hörmə (o cümlədən səhləb saplaqlarından), dəmirçilik və zərgərlik, kiçik yelkənli gəmilərin inşasıdır.
Etnoqrafik xüsusiyyətləri
redaktəŞəhər (Ucunqpandanq, Parepare) əhalisinin sayı artmışdır. Ənənəvi sosial təşkilatlanma makasarlardakına yaxındır. Silki-kasta bölgüsü qorunub saxlanılır, hiperqamiya və və müvəqqəti uksorilokallıq mövcuddur. Ali silklərə mənsub kişilər saçlarının uzun, aşağı silklərə mənsub kişilər isə saçlarının qısa olması ilə fərqlənirlər. Pərakəndə planlı ənənəvi məkkənləri 40-a qədər yortacəsaslı çoxailəli evlərdən ibarətdir. Narkotik maddələrdən istifadə Buqislər arasında amok psixi xəstəliyinin yayılmasına səbəb olmuşdur. Xoruz döyüşdürülməsi geniş yayılmışdır. Pantun yarışmaları səciyyəvidir, kölgə teatrı geniş yayılmışdır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 40–41. ISBN 978-9952-441-10-9.
- ↑ Michael G. Peletz, Gender pluralism: southeast Asia since early modern times. Routledge, 2009. ISBN 0-415-93161-4
- ↑ Akhsan Na'im, Hendry Syaputra. Kewarganegaraan, Suku Bangsa, Agama dan Bahasa Sehari-hari Penduduk Indonesia Hasil Sensus Penduduk 2010. Badan Pusat Statistik. 2011. ISBN 9789790644175.
- ↑ Susan G. Keates, Juliette M. Pasveer, Quaternary Research in Indonesia. Taylor & Francis, 2004. ISBN 90-5809-674-2