Cezari - Wikipedia
Əl-Cəzari (1136[1][2], Cəzirə – 1206[1][2], Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman[3][4] astronom, ixtiraçı və mühəndisdir.
Cəzari | |
---|---|
Doğum tarixi | 1136[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1206[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | riyaziyyatçı, ixtiraçı, yazıçı, mühəndis, astronom, üləma |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTexnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir.
Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir. Onun kitabı müsəlman maşınqayırması üçün əvəzolunmaz bir xəzinə idi. Aşağıda Əl Cəzarinin kitabından bir neçə maraqlı qurğunun işləmə prinsipi izah edilir.
Sol tərəfdəki şəkildə Əl Cəzarinin su nasosu verilmişdir. Bu nasos axar suyun enerjisindən istifadə edərək suyun yuxarıya qaldırılması üçün istifadə edilir. Şəkildən göründüyü kimi nasos iki hissədən ibarətdir: aşağı və yuxarı hissələr. Aşağı hissədə (otaqda) üzərində pərlər bərkidilmiş bir val yerləşdirilir. Pərlərin üzərində, iki mərtəbəni bir-birindən ayıran tavanda bir deşik nəzərdə tutulur. Yuxarı mərtəbəyə axan su bu deşikdən axaraq pərlərin üzərinə tökülür və onları fırladır. Fırlanma hərəkəti bu pərlər bərkidilmiş valdan düz bucaq altında dişli çarxlarla birləşdirilmiş şaquli vala verilir. Beləliklə, hərəkət aşağı mərtəbədən yuxarı mərtəbəyə ötürülür. Şaquli valın yuxarı mərtəbədə yerləşən hissəsində bir dişli çarx bərkidilir. Yuxarı mərtəbədə bundan əlavə, suyun qaldırılacağı hündürlükdən asılı olaraq bir maili val da yerləşdirilir və dişli çarxla, şaquli valla əlaqələndirilir. Sonra bu maili valdan suyu qaldırmaq üçün üzərində mis qablar bərkidilmiş bir zəncir asılır. Val fırlandıqda bu zəncirin üzərində olan qablar ardıcıl olaraq suya bataraq dolur və suyu yuxarıya ötürürlər. Qablar yuxarı nöqtəyə çatdıqda dönərək suyu oradakı su kanalına tökürlər və su lazım olan yerə ötürülür. Onu da qeyd etmək lazımdır ki, Əl Cəzari nasosda istifadə olunan valları misdən hazırlamışdır.
Əl-Cəzarinin düzəltdiyi konstruksiyalardan biri də "Fil saatı" adlanan saat konstruksiyasıdır. Fil saatı müsəlman texniki elminin gözəl nümunələrindən biridir. Bu saata da mütəxəssislər tərəfindən astronomiyada istifadə edilən qurğular kimi yüksək qiymət verilmişdir. Onun uzunluğu 1,4 – 2 m arasında qiymətləndirilir. Bu cizgidə həm də saatın işləmə prinsipi və konstruksiyası təsvir olunmuşdur. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər 1 saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir. Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində dəqiq kalibrlənmiş bir deşik olan içi boş qabdan ibarətdir. Qabın üst tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzim olunur ki, süzgəcin suda tam batması bir saatı əhatə edir. Qaba dolan su onu tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir. Bunun nəticəsində, mexanizm dönərək onun altında yerləşmiş ilanın ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilimiş başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş vazaya düşür və əks əlaqə mexanizmini işə salır. İlanın başı əvvəlki vəziyyətə qayıtdıqda o, özü ilə süzgəclə əlaqədə olan zənciri dartır. Süzgəc yuxarı qaldırılır və eyni zamanda döndərilir və beləliklə onun içərisində olan su boşaldılır. Boş qab yenidən suyun üstündə sərbəst buraxılır və onun altındakı deşikdən daxilinə yenə də su dolmağa başlayır. Beləliklə tsikl kürələrin sayından asılı olaraq təkrar olunur. Əgər ilanın ağzından xaric olunan kürə vazaya düşməzsə, yəni proses qırılarsa, onda ilanın başı əvvəlki vəziyyətə qayıdaraq növbəti kürəni götürür.
Mənbə
redaktə- Al-Jazarí, The Book of Knowledge of Ingenious Mechanical Devices: Kitáb fí ma'rifat al-hiyal al-handasiyya, Springer, 1973 edition.
- Donald R. Hill, The Book of Knowledge of Ingenious Mechanical Devices by Ibn al-Razzaz al-Jazari, 1974 (engl.)
- Cezerî, İsmâil b. Rezzâz (yazar Sadettin Ökten), sayfa 505–506. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt VII. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1993, 557 sayfa.
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ismail al-Jazari // Artsy. 2009.
- ↑ 1 2 3 4 Badi Al-Dżazari // MAK (pol.).
- ↑ 12th International Society for Music Information Retrieval Conference (ISMIR 2011) Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine An early example of an automated, programmable musical instrument ensemble was described by al-Jazari (11361206) a Kurdish scholar, inventor, artist, mathematician that lived during the Islamic Golden Age
- ↑ http://www.imamfaisal.com/scholars/imaam-ibn-al-jazari/ Arxivləşdirilib 2012-06-20 at the Wayback Machine The Imaam describes himself in his famous nadhm (poem) in ‘Ilm at-Tajweed (Science of Tajweed), al-Muqaddimah al-Jazariyyah (al-Muqaddimah feemaa yajibu ‘alaa qaari’ al-Qur’aan an-ya’lamah) as ‘Imaam al-Jazari’. ‘Jazari’ is a location in the Kurdistan/Turkmenistan/Iraq region. He belongs to a place called Ibn -‘Umar and the ‘ulamaa say that he has Kurdiy asl (Kurdish origins).