Cavad Recebov - Wikipedia
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. (dekabr 2022) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cavad Hənifə oğlu Rəcəbov (20 dekabr 1954, Sütəmurdov, Lənkəran rayonu) — Azərbaycan müğənnisi.
Cavad Rəcəbov | |
---|---|
Cavad Hənifə oğlu Rəcəbov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1954 (69 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1968-ci ildən |
Janr | Şərq |
Həyatı
redaktəCavad Rəcəbov 1954-cü il, dekabrın 20-də Lənkəranın Sütəmurdov kəndində anadan olmuşdur. 4 yaşında olarkən atası Hənifə kişini itirmişdir. Anasının himayəsində böyümüşdür. Cavad ifaçılıq məharətini hələ 5-ci sinifdə oxuyarkən göstərdi. Stolun tinini, stulları döyəcləyərək ritmlər çalırdı. İlk dəfə "Yenilməz batalyon" filmindəki məşhur mahnını gözəl ifa etməsi ilə diqqəti cəlb etdi. Hələ 11 yaşda ikən onu öz dövrünün məşhur sənətçisi Sona xanım ilk dəfə toy məclisində onunla birgə çalmağa dəvət elədi. Cavadın özünəməxsus tərzdə və şux ritmlərlə çaldığı nağara Sona xanımın çox xoşuna gəlmişdi. Bir müddət sonra isə Cavad məşhur müğənni Teymur Mustafayevlə tanış oldu və onunla birlikdə beş il el şənliklərində, konsertlərdə çıxış elədi. Hər toyda, konsertdə onun da bir neçə mahnı oxuması vardı. T. Mustafayev Bakı şəhərində qərar tutduqdan sonra Cavad qarmonçalan Ağadadaş Abdullayev və məşhur klarnet ustası Yüzbaşı Rzayevin kollektivindən dəvət aldı. Bu böyük sənətkarlardan o çox şey öyrəndi.
1981-ci ildə Cavad Nuranə xanımla ailə qurmuşdu. Həyat yoldaşı pediatr — uşaq həkimi idi. Onların İlahə və Cavid adlı iki uşağı dünyaya gəldi. Cavid indi artıq Azərbaycanda məşhur oranjemançı, bəstəkar, səs rejissoru və müğənni kimi tanınır.
Televiziya verilişlərinin birində çıxışı zamanı avtomobilinə qumbara ilə hücum olunduğunu bildirib.[1]
Karyerası
redaktəO eyni zamanda şəhər Pionerlər evində də fəal çıxışlar edirdi. 1968-ci ildə pionerlərin Respublika musiqi müsabiqəsində iştirak etdi və müsabiqənin qalibi seçildi. Mükafat olaraq onu ümumdünya "Artek" pioner düşərgəsinə göndərdilər. 1970-ci ildə Lənkəran şəhərindəki 1 saylı orta məktəbi başa vurduqdan bir çox illər sonra Cavad Krupskaya adına Mədəni-maarif texnikumuna daxil oldu və 1982-ci ildə oranı uğurla bitirdi. Tədricən o toylara təkcə nağaraçalan kimi deyil, həm də müğənni kimi dəvət olunmağa başladı. Bir halda ki, toy ərzində daha çox o oxuyur və hamı onun oxumasını xahiş edirdi, belə olduğu üçün toyun bütün yükünü çəkmək ağır olmayacaqdı. Texnikum təhsilindən sonra Cavadı şəhər "Dostluq" parkının bədii rəhbər vəzifəsinə təyin etdilər. O bu vəzifədə düz 14 il çalışdı və burada "Dostluq" instrumental ansamblını yaratdı. Çox keçmədi ki, Cavad el şənliklərində, konsertlərdə özünün qeyri-adi digər istedadı ilə də tanınmağa başladı. Beləki, o vaxta kimi heç bir müğənni ifa edilmiş hansısa məşhur hind və ya fars mahnısından müğənninin səsini çıxardıb, təkcə ansamblın ifasını saxlaya, yerinə öz səsini yaza bilmirdi. Ancaq Cavad bunları 30 il əvvəl və lentli maqnitafonlar vasitəsilə edirdi. Az qala iynə ilə yer qazmağa bənzəyirdi. Amma bu yolla o İran müğənnisi Ququşun ("Ayrılıq"), hind müğənnisi Mukeşin ("Avara" filmindən) və Misir müğənnisi Ummukülsümün səsini silib onların orkeçtrində, onların mahnılarını oxuya bilirdi.
1979-cu ildə Özbəkistanın xalq artisti Batır Zakirov Azərbaycana qastrol səfərinə gəlmişdi və o bir neçə böyük rayonda konsertlər verdi. Lənkəranda Cavadın gözəl nağara çalmaq və mügənnilik istedadı, xüsusən də fonoqram düzəltmək bacarığı ilə tanışlıqda o böyük sənətkar heyrətə gəlmiş və öz heyranlığını respublika televiziyasına müsahibəsində də ifadə etmişdi. Yalnız başqasının verdiyi yüksək qiymətdən sonra Cavada diqqət yönəldi və onu respublika televiziyasına dəvət etdilər. Cavad ilk dəfə 1979-cu ildə Azərbaycan televiziyasında çıxış etdi. 1980-ci ildə Respublika televiziyasında gənc istedadların iştrakı ilə "Gənclik estradası" proqramı yaradılmışdı. Cavad bu proqrama gəldi, oxudu, qalib oldu. İctimaiyyət hamılıqla onu bu proqramın ən uğurlu tapıntısı hesab edirdi. O illərdə Cavad öz pərəstişkarlarından 60 (!) min məktub almışdı. Bu proqramdakı parlaq ifasına görə Cavad Rəcəbovun şöhrəti daha da artdı və hər yerdə üzünə qapılar açılmağa başladı. Bu qapılardan biri Dövlət Universitetinin Coğrafiya fakültəsinə açılmışdı. Burada Universitetin müəllimi Firudin Hüseynzadənin təşəbbüsü və rəhbərliyi ilə "Nur" instrumental ansamblı yarandı. Cavad bu ansamblla fəaliyyət göstərməyə, tələbələr üçün rəngarəng konsertlər verməyə, universiteti hər yerdə ləyaqətlə təmsil etməyə başladı. Amma Cavad bu fakültədə çox oxuya bilmədi. Çünki bura onun yeri deyildi. Onun əsl yerini pianoçu Gülarə Əliyeva dəqiq müəyyənləşdirdi.
1980. Gülarə Əliyeva ilə açılan qapı
redaktəAzərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi (1977), sənətşünaslıq elmləri namizədi (1966), Gülarə Əziz qızı Əliyeva (7 oktyabr 1933, Bakı — 27 iyul 1991, Bakı) 1984-cü ildə Cavadı Dövlət İncəsənət İnstitutuna gətirdi. Cavad uzun müddət Gülarə xanımın rəhbərlik etdiyi populyar "Dan ulduzu" instrumental ansamblının solisti oldu. Tanınmış bəstəkarlardan Oqtay Kazımov, Emin Sabitoğlu və Faiq Sücəddinov onun üçün bir-birindən gözəl mahnılar yazdılar. Onun ifa etdiyi mahnıları radionun "Qızıl fondu"na daxil edilirdi.
O respublikamızın az qala bütün rayonlarında zəngin konsert proqramı ilə çıxış edir, "Nur" ansamblı ilə el şənliklərinə musiqi bəzəyi vururdu. Hər şey çox yaxşı idi. Lakin birdən amansız ölüm böyük şəxsiyyət, gözəl insan, istedadlı pianoçu, musiqi xadimi Gülarə Əliyevanı haqq dünyasına qovuşdurdu. Cavad bu itkidən elə sarsıldı ki, uzun müddət özünə gələ bilmədi. Az qala sənətdən də ayrılacaqdı. O vaxt o çoxlu toy sifarişlərindən imtina elədi, ürəkdən sevinə, sidqi-ürəklə oxuya və yeni mahnılar üzərində işləyə bilmədi. Yığışıb Lənkərana qayıdan Cavad uzun müddət Bakıya da getmədi. Lənkərana qayıtması bir müddət sonra onu yenidən sənətə qaytardı. Bu doğma şəhərdə onu əhatə edən pərəstişkar rəğbəti heç yerlə müqayisə olunmazdı. Beləcə Cavad yenidən yaradıcılıq eşqi ilə çalışmağa – hind, fars, ərəb, türk, əfqan, Azərbaycan, talış mahnıları hazırlamağa və yenidən hamını heyrətləndirməyə başladı.
Tənqid
redaktə2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Cavad Rəcəbovun "Balaca kişi" mahnısı da yer alıb.[2][3]
İstinadlar
redaktə- ↑ "Azərbaycanlı müğənninin maşınına QUMBARA ATIBLAR - VİDEO". Oxu.Az (az.). 2024-01-13. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
- ↑ ""Sevənə söyüş qoymuşam", "Zor eləmişəm", "Nağaracuğa" – Zərərli mahnıların siyahısı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |