Dovlet Sosial Mudafie Fondu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
Dövlət Sosial Müdafiə Fondu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1992-ci il |
Tabelik | Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (2016-cı ildən) |
Ünvan | Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 80 |
Rəhbərlik | |
İdarə Heyətinin sədri | Himalay Məmişov |
Müavin |
Mətin Əsgər Səfər Mehdiyev Zəka Mirzəyev |
|
|
Rəsmi saytı | dsmf.gov.az |
Tarixi
redaktəAzərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının təşkilinə başlandı.
Sığorta üzvlük haqlarının vaxtında yığılması, pensiya və müavinətlərin ödənilməsinin maliyyələşdirilməsi sistemini təkmilləşdirmək və bu vəsaitin düzgün xərclənməsi üzərində təsirli nəzarəti həyata keçirmək məqsədilə “Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 16 dekabr tarixli 503 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 436 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Pensiya Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. 1992-ci il 16 oktyabr tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Pensiya Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya təminatı xərclərini maliyyələşdirirdi və kommersiya fəaliyyətindən əldə etdiyi mənfəət üzrə vergidən, habelə bütün növ rüsum, gömrük və digər tədiyələri ödəməkdən azad idi.
"Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 1 iyun 1992-ci il tarixindən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin respublika Pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu.
2004-cü il 1 iyun tarixinədək qüvvədə olmuş “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, 1992-ci ildə pensiya fonduna vətəndaşların məcburi haqlarının əmək haqqının 1%-ni təşkil etdiyi müəyyən edilmişdi.
Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, eləcə də əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 sentyabr tarixli 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdı.
Həmin Fərmanla müəyyən edilmişdir ki, respublikanın müəssisə və təşkilatlarından sosial sığortaya ayırmalar tam həcmdə Dövlət Sosial Müdafiə Fonduna daxil olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 553 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya, müavinət və ödənişlərinə çəkilən xərcləri maliyyələşdirirdi və Fondun sərəncamında olan pul vəsaitləri dövlət büdcəsinin tərkibinə daxil edilmirdi. 1997-ci ildə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilmişdi. 2016-cı il 24 iyun tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı idi. Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malik olan hüquqi şəxslər idi. Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən və vəzifədən azad edilən, Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edirdi.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” adlandırıldı.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirildi. Eyni zamanda, həmin Fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əsasnaməsi təsdiq edildi. 2020-ci il 30 iyun tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanı idi. Fonda rəhbərlik Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor tərəfindən həyata keçirilirdi.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) yaradılmasını nəzərdə tutan “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı qəbul edildi. Həmin Fərmanla Fondun yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla regional əsaslarla qurulması müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edildi. Həmin Fərmanla Fondun tabeliyindəki sosial xidmət müəssisələri Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi. Nizamnamə ilə müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fondun fəaliyyətinə ümumi rəhbərlik və nəzarət İdarə Heyətinə verilmişdir.
Fondun yenidən təşkili ilə əlaqədar Fondun İdarə Heyətinin 2020-ci il 23 iyul tarixli qərarına uyğun olaraq, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı yaradıldı.
Bundan əlavə, Fondun İdarə Heyətinin 2020-ci il 25 sentyabr tarixli qərarına uyğun olaraq, Fondun Bakı şəhəri üzrə Suraxanı rayon xidmət nümayəndəliyinin əsasında Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı, Fondun Bakı şəhəri üzrə Sabunçu və Nizami rayon xidmət nümayəndəliklərinin əsasında Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı yaradıldı.
Fondun İdarə Heyətinin 2020-ci il 23 iyul tarixli qərarına əsasən, Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonları üzrə Fondun 1 saylı Regional Ərazi Filialı, Quba, Qusar və Xaçmaz rayonları üzrə Fondun 2 saylı Regional Ərazi Filialı, Siyəzən, Xızı və Şabran rayonları üzrə Fondun 3 saylı Regional Ərazi Filialı yaradıldı və Fondun Qubadlı rayon şöbəsi 1 saylı Regional Ərazi Filialına, Xızı rayon şöbəsi 3 saylı Regional Ərazi Filialına birləşdirildi.
Fondun struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fondun İdarə Heyətinin 2020-ci 23 noyabr tarixli qərarına uyğun olaraq, Şirvan şəhəri, Sabirabad və Hacıqabul rayonları üzrə Fondun 4 saylı Regional Ərazi Filialı, Ağcabədi, Tərtər, Bərdə, Laçın və Ağdam rayonları üzrə Fondun 5 saylı Regional Ərazi Filialı, Neftçala və Salyan rayonları üzrə Fondun 6 saylı Regional Ərazi Filialı, Lənkəran şəhəri, Lerik və Astara rayonları üzrə Fondun 7 saylı Regional Ərazi Filialı, Yardımlı və Masallı rayonları üzrə Fondun 8 saylı Regional Ərazi Filialı, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları üzrə Fondun 9 saylı Regional Ərazi Filialı, Saatlı, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonları üzrə Fondun 10 saylı Regional Ərazi Filialı, Ağsu, Qobustan və Şamaxı rayonları üzrə Fondun 11 saylı Regional Ərazi Filialı, Zərdab, Kürdəmir, Ucar rayonları üzrə Fondun 12 saylı Regional Ərazi Filialı, Göyçay və Ağdaş rayonları üzrə Fondun 13 saylı Regional Ərazi Filialı, İsmayıllı və Qəbələ rayonları üzrə Fondun 14 saylı Regional Ərazi Filialı, Şəki şəhəri və Oğuz rayonu üzrə Fondun 15 saylı Regional Ərazi Filialı, Qax, Zaqatala və Balakən rayonları üzrə Fondun 16 saylı Regional Ərazi Filialı, Mingəçevir, Naftalan, Xocalı və Yevlax şəhərləri, Goranboy rayonu üzrə Fondun 17 saylı Regional Ərazi Filialı, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər, Daşkəsən rayonları üzrə Fondun 18 saylı Regional Ərazi Filialı, Gədəbəy və Şəmkir rayonları üzrə Fondun 19 saylı Regional Ərazi Filialı, Qazax, Tovuz və Ağstafa rayonları üzrə Fondun 20 saylı Regional Ərazi Filialı yaradıldı.
Fəaliyyət istiqamətləri
redaktəFond öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsi üzrə həyata keçirir. Nizamnaməsinə uyğun olaraq, Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsinin (bundan sonra – müvafiq sahə) inkişafını təmin etmək;
- Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
- Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək;
- Məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək;
- Əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
- Öz Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Fondun təşkilati strukturu
redaktə- Fondun Aparatı
- Fondun Mərkəzi Filialları
- Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial
- Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial
- Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial
- Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial
- Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial
- Maddi Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filial
- Arxiv və Sosial Ödəniş işlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filial
- Fondun Regional Ərazi Filialları
- Fondun Xidmət Nümayəndəlikləri
Fondun İdarə Heyəti
redaktəFond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Fondun idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir. Fondun Idarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişovdur.
Sosial sığorta
redaktəSosial sığorta – “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu[1] ilə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.
Qanunun 6-cı maddəsinə əsasən, hal-hazırda sosial sığorta ödəmələrinin 8 növü vardır.
Nazirlik tərəfindən yaradılmış “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN-i ilə əlaqələndirilmişdir. Məhz bunun nəticəsidir ki, sığortaolunanlar www.e-gov.az və www.e-sosial.az internet portallarında öz gəlirlərinə nisbətdə faizlə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları əldə edə bilirlər.
1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur.[2]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında razılaşmaya əsasən, sığortaedənlər tərəfindən təqdim edilmiş məcburi dövlət sığortası və işsizlikdən sığorta üzrə hesabatlara aid məlumatların Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə ötürülməsi təmin olunur.
Sosial sığortadan DSMF-nin büdcəsinə daxil olan gəlirlərin həcmi 2018-ci ildə 2,33 milyon, 2019-cu ildə 2,92 milyon, 2020-ci ildə isə 3,55 milyon manat təşkil etmişdir ki, bu da müvafiq olaraq DSMF-nin ümumi gəlirlərinin 2018-ci il üzrə 62%-ni, 2019-cu il üzrə 70%-ni, 2020-ci il üzrə isə 75%-ni təşkil etmişdir.
Sosial sığortaya aid qanunvericilikdə edilmiş dəyişikliklər (2018-ci ildən etibarən)
- Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 1 yanvar 2019-cu il tarixindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.[3]
- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının optimallaşdırılması həyata keçirilmişdir.[4]
- Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində regionlar üzrə faiz dərəcələri tətbiq edilmişdir[5].
- Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının faiz dərəcələrində bir sıra dəyişikliklər edilmişdir.
- Dövlət sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsi ləğv olunmuşdur[6].
Sosial sığorta və fərdi uçot sistemində proaktiv xidmətlər
● Sığortaolunanın ölümünə dair məlumatların onlayn qəbulu;
● Uşağın anadan olmasına görə birdəfəlik təyinat;
● Sığortaolunanın onlayn uçota alınması haqqında məlumat;
● Sığortaedənlərin və sığortaolunanların uçotun mərkəzləşdirilməsi.
Azərbaycanda pensiya sistemi
redaktə“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu[7] əmək pensiyalarının üç növünü müəyyən edir:
1) yaşa görə;
2) əlilliyə görə;
3) ailə başçısını itirdiyinə görə.
“Əmək pensiyaları haqqında” Qanunun[7] 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Qanunvericiliyə görə müxtəlif növ pensiya almaq hüququ olan şəxslərə onların seçiminə görə yalnız bir pensiya növü təyin edilir. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır.
Azərbaycanda pensiya kapitalı sığorta və yığım hissələrindən ibarətdir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdən ibarətdir. Əmək pensiyasının yığım hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Yaşa görə və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir. Onlardan fərqli olaraq, ailə başçısını itirməyə görəəmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir.
1991-ci ilə qədər Azərbaycanda sovet pensiya təminatı sistemi fəaliyyət göstərdiyindən və yeni pensiya reformaları müəyyən vaxt tələb etdiyindən, Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.
Azərbaycanda əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu il tarixindən 200 manat təşkil edir. Əgər təyin edilmiş pensiyanın məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa, o, həmin məbləğə çatdırılmaqla ödənilir.
Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Yaşa görə əmək pensiyası
redaktə63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların sözügedən şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görəəmək pensiyası hüququ vardır.
Güzəştli şərtlərlə əmək pensiyası
Sonuncu iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün yaş və sığorta stajı meyarları fərqlidir: belə ki, güzəştli şərtlərlə pensiya təminatı hüququn yaranması üçün qadınlar 55 yaşına çatmalı və azı 20 il sığorta stajına malik olmalıdırlar.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboyluların: kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.
Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
Bununla yanaşı, ədliyyə orqanlarında, prokurorluq orqanlarında, fövqəladə hallar orqanlarında, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən xüsusi rütbəli şəxslərinin (xüsusi rütbələrdən məhrum edilmiş işçilər istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır.
Əlilliyə görə əmək pensiyası
redaktəƏlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Vətəndaşın əlil kimi tanınması və əlillik dərəcəsinin müəyyən edilməsi dövlət tibbi-sosial ekspertiza müəssisələri tərəfindən həyata keçirilir. Əlilliyə görə əmək pensiyası I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olub əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər.
Birinci dərəcə əlillik müddətsiz müəyyən edilir. Bəzi hallarda əlilliyin ikinci və üçüncü dərəcəliri də müddətsiz ola bilər, lakin, adətən, onlar 5 il üçün müəyyən edilir. Əgər şəxsin ikinci dərəcə əlilliyi 10 il ərzində fasiləsiz, üçüncü dərəcə əlilliyi isə 15 il ərzində fasiləsiz olaraq təyin olunmuşdursa, o, müddətsiz olaraq əlil statusu almaq imkanına malikdir.
Əlilliyə görə əmək pensiyası I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası
redaktəAilə başçısını itirməyə görə əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ailə başçısının ölümü ilə əlaqədar məhrum şəxsin əmək qabiliyyəti olmayan ailə üzvlərinə ödənilən aylıq pul ödənişidir. Bu növ əmək pensiyası ailə başçısının əmək xəsarəti, peşə və ya ümumi xəstəlik, bədbəxt hadisə səbəbi, yaxud ailə başcısının itkin düşməsi nəticəsində təyin edilir. Aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
1. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
- 18 yaşına çatmamış;
- 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;
- təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
2. Ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud I və ya II dərəcə əlilliyi olan şəxsdirsə;
3. Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.
Ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızmı azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır.
Sosial müavinətlər
redaktəSosial müavinət – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu[8] ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Başqa sözlə, qeyd edilən Qanuna əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
Hazırda vətəndaşlara aylıq, birdəfəlik müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və Kompensasiyalar şəklində vəsait formaları təqdim edilməkdədir. Müavinətlərin məbləğləri qanunvericiliklə müəyyən edilir.
Aylıq müavinətlər
redaktəAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlara aşağıdakı müavinətlər təyin edilir:
Dövlət qulluqçularına ömürlük müavinət – "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.
Yaşa görə müavinət – əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.
Əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət – «ümumi xəstəlik», «hərbi xidmət dövründə xəstələnmə», «əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar», «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» və «1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar», «Çernobıl AES-də hərbi xidmətlə əlaqədar» və ya «hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar» əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
Ailə başçısını itirməyə görə müavinət: 1) vəfat etmiş şəxsin 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarına; 2) vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına (əlillik müddətinə); 3) vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından vəəmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə təyin edilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin: şəhidlərin, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olanların 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət təyin edilir.
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət təyin edilir.
Üç yaşınadək uşağa qulluğa görə müavinət – uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Beşdən çox uşağı olan qadınlara müavinət – beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir.
Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən müavinət təyin edilir.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət təyin edilir.
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə müavinət təyin edilir.
Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin edilir.
Birdəfəlik müavinətlər
redaktəRadiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət təyin edilir.
Uşağın anadan olmasına görə müavinət – uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur və uşağın anadan olmasına görə təyin edilən müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
Dəfn üçün müavinət – ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün təyin edilən müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.
Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət təyin edilir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
redaktəAzərbaycan Respublikası Prezidentinin aşağıdakı siyahıda təqdim edilən təqaüdləri müəyyən edilmişdir:
"Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə;
"Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verilmiş şəxslərə;
Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü;
Şəhid ailəsinin üzvlərinə;
20 Yanvar şəhidlərinin ailə üzvlərinə;
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçularının ailələri üçün;
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə;
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə;
Ümumi səbəblərdən birinci dərəcə gözdən əlilliyi olan şəxslərə;
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərlə;
Fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü.
Kompensasiyalar
redaktəErmənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödəniş almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə zərərə görə ödənişin əvəzinə aylıq kompensasiyanın təyin edilməsi.
Ünvanlı dövlət sosial yardımı
- Ünvanlı dövlət sosial yardımı[9] aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
- Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə aşağıdakılar daxildir:
ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı [10]dedikdə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təşkil edir.
Nümunə: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat müəyyən edildiyindən həmin ailənin ehtiyac meyarının məcmusu 170 * 4 = 680 manat təşkil edir. Bu halda ailəyə 680 – 400 = 280 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.
Ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər nəzərdə tutulur.
Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
- cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
- axtarışda olan şəxslər;
- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
- əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
- Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
- Az təminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
2020-ci ildə 77269 ailəyə, 2021-ci ilin 01 yanvar – 01 iyul tarixlərində isə 62013 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
İşsizlik müavinətləri
İşsizlik müavinəti[11] işsiz hesab edilən vətəndaşlara ödənilir. Əgər şəxsin işi yoxdursa, iş axtarırsa və işə başlamağa hazırdırsa, o, işsiz hesab edilir. İşsizlik müavinətini almaq üçün uyğun işin axtarılması üçün məşğulluq xidmətində qeydiyyatdan keçmək lazımdır. İşsizlik tarixinədək 12 ay ərzində ən azı 26 həftə müddətində işləyən şəxslər işsizlik müavinətini almaq hüququnu əldə edirlər.
- Məşğulluğu olan şəxslər aşağıdakılardır:
- əmək və ya mülki-hüquqi müqavilə əsasında işləyənlər;
- sahibkarlar (o cümlədən fermerlər);
- ödənişli vəzifəyə seçilənlər;
- əsgərlikdə qulluq edənlər;
- əmək qabiliyyətini müvəqqəti itirilməsinə, məzuniyyətə, ixtisasartırmaya, tətilə, istehsalatın dayandırılmasına və ya digər səbəblərə görə iş yerində müvəqqəti olmayanlar;
- Azərbaycanda işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- xaricdə işləyən Azərbaycan vətəndaşları;
- 15 yaşınadək olan uşaqlar;
- yaşa görə pensiya alanlar;
- qeydiyyat tarixindən 10 gün ərzində üzrlü səbəblər olmadan uyğun işin axtarılması məqsədilə məşğulluq orqanına gəlməyənlər;
- ilk dəfə iş axtaranlar;
- azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər.
İşsizlik müavinəti son iş yerində son 12 ay ərzində hesablanmış orta əmək haqqının 70% miqdarında hesablanır. Digər hallarda, ümumi qaydaya görə, hökumət tərəfindən müəyyən edilən minimum məbləğdə ödənilir. 2016-cı ildən etibarən minimum məbləğ 75 manat təşkil edir. Müavinət işsiz kimi qeydiyyatdan keçmə tarixindən etibarən hesablanır. Müavinətin ödənilmə müddəti 12 aylıq müddət ərzində 26 təqvim günündən çox olmamalıdır. Əgər işsiz statusunun müəyyən edilməsindən etibarən 12 ay keçdikdən sonra vətəndaş müvafiq işlə təmin edilməzsə, o, təkrar olaraq minimum məbləğdə müavinət almaq hüququnu əldə edir. İki uyğun iş təklifi gəldikdə və ya iki uyğun iş təklifindən sonra vətəndaş üzrlü səbəblər olmadan hər ay məşğulluq xidmətində qeydiyyatdan keçə bilmədikdə, yaxud üzrlü səbəb olmadan məşğulluq xidmətinə gəlmədikdə işsizlik müavinətinin ödənilməsi üç ay müddətinə dayandırılır.
Proaktiv təyinat
redaktəProaktiv qaydada təyinatlara 2019-cu ilin oktyabr ayından etibarən başlanılmışdır. 2021-ci ilin sentyabr ayına nəzərən 16 növ müavinət, 15 növ təqaüd üzrə təyinat proaktiv qaydada həyata keçirilir. Elektron müavinət təyinatı 01.07.2021-ci il tarixinə – 143.318 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə elektron təyinat 01.07.2021-ci il tarixinə – 15.926 nəfər, ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailə sayı 61.592, 262.328 nəfər ailə üzvü: 2018-ci il üzrə təyinat sayı – 33.177 ailə, 136.465 ailə üzvü. Bir ailəyə düşən orta aylıq yardım məbləği – 183,35 manat. 2018-ci ilin ilk 6 ayı üzrə aylıq orta göstəricilər: 2018-ci il üzrə ailənin bir nəfər üzvünə düşən yardımın həcmi – 44,66 manat (bir ailəyə düşən orta aylıq yardım məbləği – 182,72 manat). 2018-ci il üzrə ÜDSY-nin maliyyələşdirilməsi xərci – 108,58 mln manat (illik) 53,61 mln manat (6 aylıq). 2021-ci il üzrə təyinat sayı – 13.874 ailə, 59.662 ailə üzvü; bir ailəyə düşən orta aylıq yardım məbləği – 287,75 manat; 2021-ci ilin ilk 6 ayı üzrə aylıq orta göstəricilər: 2021-ci il üzrə ailənin bir nəfər üzvünə düşən yardımın həcmi – 65,47 manat; 2021-ci il üzrə ÜDSY-nin maliyyələşdirilməsi xərci – 102,79 mln manat (ilk 6 aylıq).
Mərkəzləşmə
redaktəAzərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, DSMF-nin fəaliyyəti publik hüquqi şəxs qismində təşkil edilmiş, Fondun əməkdaşlarının əməkhaqları orta hesabla 133 faiz artırılmış, Fond üzrə ciddi struktur islahatları aparılmış, ölkə üzrə fərdi uçot, mühasibatlıq, məhkəmə mübahisələri ilə iş, sosial ödənişlərin təyinatı, arxiv və inventarlaşdırma, maddi-məişət şəraitinin müayinəsi mərkəzləşdirilmiş, Fondun fəaliyyəti regional əsasda təşkil edilmiş, 65 rayon şöbəsi 20 regional filialda birləşdirilmişdir. Başqa sözlə, Fond inzibati qurum yanaşmasından vətəndaşa xidmət göstərən qurum modelinə keçidi hədəf kimi müəyyən etmişdir. Bu islahatlar öz-özlüyündə həm şəffaflığın, həm də xidmətlərin keyfiyyətinin artırılmasını hədəfləyir. Regional ərazi filiallarının yaradılması bir neçə rayon idarəçiliyinin bir rayon mərkəzindən həyata keçirilməsinə tam şərait yaradır. Həmin regional filial bütün aidiyyəti funksiyaları yerinə yetirir və baş idarə funksiyasını həyata keçirir. Digər rayonlarda olan xidmətlər isə nümayəndəlik statusunda qalaraq regional filiala tabe olurlar, yəni onlar vətəndaşlardan müraciətlərin qəbul edilib baxılması və təyinatların aparılması üçün onları hələlik regional, gələcəkdə isə mərkəzi filiala göndərəcəklər. Məsələn, Quba rayonu üzrə yaradılmış regional filialda Quba şəhəri regional filialın mərkəzi hesab olunur, Qusar və Xaçmazda isə onun xidmət nümayəndəlikləri mövcuddur. Başqa sözlə, Qusar rayonunda vətəndaş Qusar rayon xidmət nümayəndəliyinə sənədlərini təqdim edəcək, həmin şəxsin təyinatı isə Quba rayonunun mərkəzi filialı tərəfindən həyata keçiriləcəkdir.
Beynəlxalq əməkdaşlıq
redaktəDSMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sosial təminat sahəsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq, Fond müxtəlif ölkələrin aidiyyəti qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir. Xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, xarici ölkələrin qabaqcıl təcrübələrinin yerli praktikada tətbiqi və ya nəzərə alınması istiqamətində zəruri tədbirlər görülür. Son dövrlər ərzində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlar Fondun fəaliyyətinə böyük maraq göstərmişlər. Fond tərəfindən dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Bolqarıstan, Latviya, Litva, Gürcüstan, Türkmənistan, Belarus, Özbəkistan, Moldova, Tacikistan, Sinqapur, Almaniya, İsveçrə, Polşa, Avstriya, Avstraliya, Qırğızıstan, Serbiya və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir.
Ölkələrarası ödənişlər
Xarici ölkələrdə yaşayan şəxslərin pensiya, müavinət ödənişləri hökumətlər arasında imzalanmış beynəlxalq sazişlərə əsasən elektron qaydada tərəflərin müvafiq bank hesablarına köçürməklə həyata keçirilir. Bu Sazişlərdən bəziləri üzrə ödəniş qaydaları aşağıdakı kimidir:
Belarus Respublikası ilə Hökumətlərarası Sazişə əsasən, pensiyalar Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində və ya üçüncü bir ölkənin ərazisində, şəxsin seçimi əsasında pensiyanı təyin edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində hüququ olan şəxslərə təqvim ilinin hər rübündə bir dəfə ödənilir. Əmək pensiyası üçün pul vəsaiti əmək pensiyasını təyin etmiş Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən əməliyyatın aparıldığı günə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Belarus Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsi əsasında ABŞ dolları ilə köçürülür. Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən həmin dövlətin ərazisində fəaliyyət göstərən banklardan birində tranzit bank hesabı açılır. Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən əmək pensiyası təyin edilmiş şəxslərin əmək pensiyalarının təqvim ilinin müvafiq rübü üçün nəzərdə tutulmuş ümumi məbləği digər Razılığa gələn Tərəfin dövlətinin tranzit bank hesabına köçürülür. Əmək pensiyası təyin edilmiş şəxs üçüncü ölkənin ərazisində daimi yaşadıqda və ya işlədikdə onun əmək pensiyası şəxsin istəyindən asılı olaraq onun daimi yaşadığı və ya işlədiyi ölkənin ərazisində malik olduğu bank hesabına dollar ilə köçürülür. Əmək pensiyasının ödənişi müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Belarus Respublikasının Milli Bankı tərəfindən əməliyyatın aparıldığı günə rəsmi müəyyən edilmiş qüvvədə olan valyuta məzənnəsi əsasında şəxsin ərazisində yaşadığı Razılığa gələn Tərəfin dövlətinin milli valyutası ilə həyata keçirilir.
Məlumat mübadiləsi üçün elektron poçtdan istifadə edilir. Məlumatlar elektron şəkildə şifrlənmiş və elektron imzadan istifadə edilməklə göndərilir. Məlumatların şifrlənməsi və elektron imzanın yaradılması üçün PGP (Pretty Good Privacy) proqramından istifadə edilir. PGP vasitəsilə imzalanmış elektron hesabatlar əl ilə imzalanmış kağız sənədlər kimi eyni hüquqi qüvvəyə malikdir. Elektron sənədi aldıqdan sonra bir Tərəf dərhal digər Tərəfə sənədi aldığı haqqında təsdiq göndərir. Elektron sənədin şifrini açmaq mümkün olmadıqda bu barədə cavabda bildirilir və məlumatlar təkrar olaraq sorğu edilir.
Türkiyə Respublikası ilə Hökumətlərarası Sazişə əsasən, bir Tərəf ölkənin Səlahiyyətli İdarəsi Tərəfindən digər Tərəf ölkəsində və ya üçüncü bir ölkədə yaşayan əlaqədar şəxslərə və ya bu yardıma bilavasitə hüququ olanlara Səlahiyyətli İdarə tərəfindən və bu idarənin tətbiq etdiyi qanunvericilikdə nəzərdə tutulan müddətdə beynəlxalq poçt və ya bank vasitəsilə ödənilir. Yardımlar tətbiq olunan şəxslərə bilavasitə ödənilir. Poçt və bank xərcləri əlaqədar şəxslərin aylıq yardımlarından tutulur.
Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq və təmsilçilik
Fond sosial təminat sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Bunlara Beynəlxalq Sosial Təminat Asossiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Asossiasiyası, Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı və sair beynəlxalq qurumlar daxildir.
Fondun bir əməkdaşı Beynəlxalq Sosial Təminat Assosiasiyasının Təşkilatçılıq, İdarəetmə və İnnovasiyalar Texniki Komitəsinin sədr müavini, digər əməkdaşı Statistik, Aktuar və Maliyyə araşdırmaları üzrə Texniki Komitəsinin üzvüdür.
Bununla yanaşı, Fondun əməkdaşları beynəlxalq təşkilatların konfrans, seminar, vebinar və təlim kurslarında fəal iştirak edir, Avropa Birliyinin TAIEX, Twinnig layihələrindən yararlanır, işçilərin sosial təminat sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məqalələri beynəlxalq qurumların mətbu orqanlarında nəşr edilir. Eyni zamanda, Fondun təşkilatçılığı ilə beynəlxalq təşkilatların müxtəlif tədbirlərinin ölkəmizdə keçirilməsi təmin edilir.
Qeyd edilənlərlə yanaşı, Fond konstruktiv əlaqələrin genişləndirilməsi baxımından Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Alman-Azərbaycan Ticarət Palatası (AHK), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), “Caspian Energy Club” və sair təşkilatlarla faydalı əməkdaşlıq edir.
Əlaqə
redaktə- Ünvanı: Bakı şəhəri, H. Zərdabi prospekti, 80
- Telefon: (+994 12) 434 55 86
- Faks:(+994 12) 434 60 51
- E-mail: [email protected]
İstinadlar
redaktə- ↑ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/3813 Arxivləşdirilib 2022-08-24 at the Wayback Machine
- ↑ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında http://www.e-qanun.az/framework/41097 Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine
- ↑ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://www.e-qanun.az/framework/41097 Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine
- ↑ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/41096 Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine
- ↑ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://www.e-qanun.az/framework/45129 Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine
- ↑ “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu http://e-qanun.az/framework/47646 Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine
- ↑ 1 2 Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/11566 Arxivləşdirilib 2022-02-09 at the Wayback Machine
- ↑ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/11508 Arxivləşdirilib 2022-02-10 at the Wayback Machine
- ↑ Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/10854 Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/46598 Arxivləşdirilib 2022-07-11 at the Wayback Machine
- ↑ “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 02.07.2001 tarixli 170-IIQ nömrəli qanununun 1, 3, 4, 24 və 25 maddələri. http://www.e-qanun.az/framework/39846 Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016 tarixli 31 nömrəli qərarı http://www.e-qanun.az/framework/32085 Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2004 tarixli 86 nömrəli qərarı http://www.e-qanun.az/framework/6239 Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine