Deli Kur - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir.
Haqqında
redaktəƏsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir.
Qısa məzmunu
redaktəƏsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir. Kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlicə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
İsmayıl Şıxlı Dəli Kür
redaktəOğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsi Cahandar ağanın elmə-təhsilə verdiyi dəyərin göstəricisidir. Kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevski ilə Molla Sadığın arasındakı mübahisə zamanı Cahandar ağanın Çernyayevskiyə dəstək olması da bunu bir daha təsdiq edir. Molla Sadıq demişkən. O, Cahandar ağanın əzəli düşmənlərindədir. Ancaq Çernyayevski ilə mübahisəsində Cahandar ağanın ona qarşı çıxması düşmənçiliyin daha da dərinləşməsinə səbəb olur. Bu hadisədən sonra Molla Sadıq Cahandar ağadan intiqam almaq üçün onun dul bacısı Şahnigarı meyxanaya gətirdir. Bundan xəbər tutan Cahandar ağa bacısını öldürür. Ancaq bu ölüm də Molla Sadığı sakitləşdirmir. O, "düşmənimin düşməni mənim dostumdur" deyərək Allahyarla birləşir. Allahyar Mələyin birinci əridir. Allahyar arvadını Cahandar ağanın qaçırdığını biləndə ondan qisas almaq istəyir. O, Cahandar ağanın ot tayalarını yandırır, atının quyruğunu kəsir, qızı Salatını qaçırır. Bu işdə ona yardımçı olan Həsən ağa Salatının Cahandar ağanın qızı olduğunu biləndə onu evindən qovur, qızı isə ailəsinə qaytarır. Bu düşmənçilik Cahandar ağanın Allahyarı öldürməsi ilə nəticələnir. Əsərin irəliləyən səhifələrində isə Cahandar ağa kazaklara qarşı mübarizə aparmalı olur. Maraqlısı budur ki, kazaklara qarşı mübarizədə Molla Sadıqla eyni cəbhədə qərar tutur. Yazıçı burada mövzunun torpaq, milli mənafe olduğu zaman insanların bir bayraq altında birləşməsini göstərir. Ümumilikdə isə əsərdə adət-ənənə, el qaydalarının təsvirinə geniş yer verilir. Romanın uğur qazanmasının əsas səbəblərindən biri də Cahandar ağanın taleyi fonunda bütöv bir epoxanın təsvir edilməsidir.
Cahandar ağa mühitinin bütün cəhətlərini özündə cəmləşdirən mürəkkəb, ziddiyyətli və güclü bir xarakterdir. Bəlkə də, bu obrazı bizə sevdirən məhz bu ziddiyyətdir. O ziddiyyət ki, biz hələ də Cahandar ağanın müsbət yoxsa mənfi qəhrəman olduğunu müəyyənləşdirə bilmirik. Kiminə görə bu obraz bacısının, atının, Allahyarın qatilidirsə, bir başqasına görə mərd, cəsur, öz ideallarına sadiq qəhrəmandır. İsmayıl Şıxlının da bir yazıçı kimi böyüklüyü bu məqamda özünü göstərir. O, yaratdığı obrazın müsbət yoxsa mənfi qəhrəman kimi dəyərləndirməsini oxucunun ixtiyarına buraxır. Hər oxucu isə bu obrazı öz həqiqəti ilə dəyərləndirir.
Mənbə
redaktə- "Tarix: yaxından və uzaqdan" Yaşar Qarayev. Bakı, Sabah,1996