Deryanur Xalcasi - Wikipedia
Dəryanur xalçası[1] — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça.
Xalça | |
Dəryanur xalçası | |
---|---|
Ümumi məlumat
redaktəAzərbaycanın bu xalçaları "Dəryanur xalçası" adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. "Dəryanur" xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır.
Bədii analiz
redaktə"Dəryanur" xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər "Xanlıq xalçası" və "Açma-yumma xalçası" xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir. Göllərin daxili bəzəyini simmetrik olaraq yerləşdirilimiş səkkiz islimi təşkil edir. Şaquli və üfüqi istiqamətdə göllərin dörd tərəfində yerləşdirilən başlıqlar məhz bu xalçaların özünəməxsusuluğudur. Sol və sağ tərəfdən orta sahə tünd – göy rəngli fonu olan böyük meydanla əhatələnmişdir. Bu meydan dişcik formasındadır. Onu bəzəyən naxışlar xalçanın orta sahəsinin göllərini bəzəyən naxışlarla eynidir. Qeyd etmək lazımdır ki, bu xalçanın həm orta sahəsi, həm də haşiyə zolaqları bir zamanlar (təxm. XV – XVI əsrlərdə) əyrixətli bitki ornamentləri ilə bəzədilən xalçalardan iqtibas edilmişdir. Zaman keçdikcə bu əyrixətli ornamentlər qırıqxətli naxışlarla əvəz olundu. Türkiyədə Anatoliyada "Uşak" adı ilə istehsal olunan xalçalar bədii və texnoloji xüsusiyyətlərinə görə, Dəryavarda və Şuşada toxunan "Dəryanur" xalçalarına bənzərlik təşkil edir.
Texniki xüsusiyyətlər
redaktəƏksər hallarda "Dəryanur" xalçaları xalı formasında, yəni 180X280 sm-dən 200X300 sm-dək ölçülərdə olur. Bəzi hallarda uzunsov formada gəbələr – yanlıqlar da istehsal olunur. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35 –dən 42X42-dək düyün yerləşir (hər kvadrat metrdə 16 000-dən 176 000-dək düyün). Xovun uzunluğu 6 – 8 mm-dir.
"Dəryanur xalçaları" Azərbaycan xalçalarının ən yüksək kateqoriyasına aiddir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Zəncan. carpet.intangible.az Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine (az.)