Derek Uolkott - Wikipedia
Derek Elton Uolkott (ing. Derek Alton Walcott; 23 yanvar 1930[1][2][…], Kastris – 17 mart 2017[3][2][…]) — Sent-Lüsiya şairi və dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992).
Derek Uolkott | |
---|---|
ing. Derek Alton Walcott | |
Doğum tarixi | 23 yanvar 1930[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 2017[3][2][…] (87 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | şair, dramaturq, yazıçı, nasir |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏdəbiyyat sahəsində Nobel mükafatı alan ikinci qara dərili şair və dramaturq Derek Alton Uolkott Qərbi Hindistanın Sent-Lusi adasında, müəllim ailəsində doğulmuşdur. İosif Brodski Uolkottun doğulduğu və əsərlərində məhəbbətlə söz açdığı kiçik ada haqqında demişdi: "Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdilər, Uolkott isə ona ölməzlik qazandırdı".
1953-cü ildə ailə Trinidad və Tobaqoya köçmüşdü. Derek Uolkott burada yerli Santa Mariya kollecində, sonra isə Kinqstondakı Vest İndia universitetində təhsil almışdı. Rokfeller fondunun təqaüdü hesabına Londonda təcrübə keçmiş və bir müddət Nyu-Yorkda işləmişdir. Hazırda Boston universitetinin professorudur.
Derek Uolkott öz yaradıcılığında Karib dənizi hövzəsi və Afrika ədəbiyyatının ənənələrini bacarıqla sintez edə bilmişdir. O, eyni zamanda Cənubi Amerika ədəbiyyatı üçün səciyyəvi olan "sehrli realizmə" və klassik Avropa ədəbi təcrübəsinə də yad deyildir. Yaradıcılığının əsas dili ingilis dilidir, lakin daha doğma saydığı kreol dialektində qələmə alınmış şerləri də mövcuddur.
İlk şeirlərini 18 yaşında ikən yazmışdı. Makinada surəti çoxaldılan bu şeirlərin satışı ilə yaşadığı Kastri şəhərinin küçələrində şair özü məşğul olurdu. Təxminən 15 illik yaradıcılıq nümunələrinin yer aldığı "Yaşıl gecə"ni isə müəllif yalnız 1962-ci ildə çap etdirə bilmişdi. Diqqəti çəkən cəhət odur ki, bu kitabdakı poetik nümunələr Sakit okeanın ucsuz-bucaqsız suları içərisində itib-batan balaca bir ada sakininin öz orijinal istedadı sayəsində Britaniya imperiyasının ünlü sənətkarları ilə bir sırada dayandığını göstərə bilmişdi.
1959-cu ildə Derek Uolkottun təşəbbüsü ilə Trinidad Teatr Emalatxanasının əsası qoyulmuşdu. O, təkcə teatr duyumu olan istedadlı gəncləri heyətə cəlb etməklə kifayətlənməmişdi. Həm də repertuarı — iyirmidən çox pyesi özü yazmışdı. Müəllifin uğurlu səhnə əsərlərindən olan "Meymun dağında arzular" (1967) pyesi uzun müddət Trinidad teatrının səhnəsində oynanmışdı. Uolkottun "Yas günü" (1970) adlı başqa bir səhnə əsəri də həm Trinidadda, həm də Amerika teatrlarında maraqla qarşılanmışdır. Onun pyesləri forma baxımından müxtəlifdir. Burada nağıl və mifdən, rəqs və pantomimalardan bacarıqla istifadə edilir.
Əlli illik yaradıcılığı dövründə Derek Uolkottun 40-dan çox kitabı çap olunmuşdur. Bu kitablarda şeirlər və dram əsərləri toplanmışdır. Şairin "Səfil" (1965), "Ulduzlu-almalı səma" (1979), "Uğurlu yolçu" (1981), "Yayın ortasında" (1984), "Arkanzas vəsiyyətnaməsi" (1986) məcmuələrində forma və məzmun baxımından biri-birindən fərqli şeirləri özünə yer almışdır. Dostluq əlaqələri saxladığı İosif Brodski Uolkottun poeziyasını obrazlı şəkildə okeanla sözün xəlitəsinə bənzədirdi.
Balaca Sent-Lusi adasının adını dünya miqyasında şöhrətləndirmək istəyən Uolkott Britaniya vətəndaşlığından imtina etmiş və cəmisi 25 min nəfər əhalisi olan bu adanın vətəndaşı olmuşdur. Şair "Başqa həyat" (1973) poemasında ömür yolunu və kiçik vətəni haqqında düşüncələrini əks etdirməyə çalışmışdı. Dünya miqyasında tanındığı üçün ingilis dilinə minnətdar olsa da, Derek Uolkott bir çox əsərlərində müstəmləkəçilik məsələsinə toxunur, britaniyalıların yürütdüyü siyasət nəticəsində Karib dənizi hövzəsindəki xalqların milli köklərindən qoparıldıqlarını, "dillərinin bir cür, hərəkətlərinin başqa cür" olduğunu tənqid edirdi.
Lakin ABŞ və Britaniya imperializminə ünvanlanan tənqidlərinə və bu şikayətlərinə baxmayaraq Derek Uolkott 1981-ci ildə Amerikadakı Con D. və Ketrin Makartur Fondunun təsis etdiyi 250 min ABŞ dolları miqdarında "Dahilər üçün" qrantını böyük məmnuniyyətlə almışdı. Digər tərəfdən, onun dünya miqyasına çıxması da məhz ingilis dili sayəsində mümkün olmuşdu.
Şübhəsiz, şairin yaradıcılığında ən mühüm yer tutan əsər üzərində onilliklər boyu işlədiyi "Omeros" (1990) epik poeması olmuşdu. Derek Uolkott bu iri həcmli əsərdə antik yunan və orta əsrlər Avropa müəlliflərinin ənənələrinə əsaslanaraq Karib dənizi hövzəsində yaşayan xalqların həyatının epik panoramını yaratmağa çalışmışdır. Tarixə və zamana səyahət üzərində qurulan poema Qərbi Hindistanın bir neçə əsrlik həyatını və mübarizələrini işıqlandırır.
1992-ci ildə Derek Uolkott "altmış dörd hissədən ibarət Karib eposunun parlaq nümunəsini yaratdığına görə" Nobel mükafatına layiq görülmüşdür. Növbə ilə Nyu-York və Trinidaddakı malikanələrində yaşayan şairin son illərdəki sevimli məşğuliyyəti Karib mədəniyyəti haqqında silsilə mühazirələrlə dünya turuna çıxmaqdan ibarətdir. 2007-ci ildə təxminən 60 illik yaradıcılıq yolunu əhatə edən "Seçilmiş şeirləri" Eduard Baufun tərtib və müqəddəməsi ilə çap olunmuşdur.
Əsərləri
redaktəPoeziyası
redaktə- 1948 25 poema
- 1949 Gənc üçün kitabə: Xll Kantos
- 1951 Poemalar
- 1962 Yaşıl bir gecədə: Poemalar 1948—60
- 1964 Seçilmiş poemalar
- 1965 Qəzazadə və digər poemaları
- 1969 Körfəz və digər poemaları
- 1973 Başqa bir həyat
- 1976 Dəniz üzümləri
- 1979 Ulduz-Alma krallığı
- 1981 Seçilmiş əsərləri
- 1981 Şanslı səyahətçi
- 1983 Derek Uolkottun Karib haqqında poeziyası və Romar Birden incəsənəti
- 1984 Yay ortası
- 1986 Yığılmış poemalar, 1948–1984, "Sevginin ardınca sevgi" poeması ilə birlikdə
- 1987 "Mərkəzi Amerika"
- 1987 Arkanzas əhdi
- 1990 Omeros
- 1997 Səxavətlilik
- 2000 Tripolinin ov iti
- 2004 İsraf
- 2007 Seçilmiş poemaları
- 2010 Ağ sorguçlar
- 2014 Derek Uolkottun 1948–2013- ci illər poeziyası
Pyesləri
redaktə- (1950) Henri Xristofr:7 hissəli salnamə
- (1951) Harri Dernier: Radio istehsalı haqqında pyes
- (1953) Ölkə şərabı
- (1954) Dofində dəniz
- (1957) Ione
- (1958) Barabanlar və rənglər: Epik bir dram
- (1958) Ti-Jean və onun qardaşları
- (1966) Malcochon: və ya yağışda altı
- (1967) Meymun dağında yuxu
- (1970) Gözəl bir qalada
- (1974) Sevillin məzhəkəçisi
- (1974) Şarlatan
- (1976) O Babylon!
- (1977) Xatirə
- (1978) Pantomim
- (1980) Sevillin məzhəkəçisi və O Babylon!: iki pyes
- (1982) Ada səs-küylə doludur
- (1984) "Haitili dünya"
- (1986) 3 pyes Son karnaval, Mal əti, toyuq yox və Mavi Nilin bir şöbəsi)
- (1991) Polad
- (1993) Odissey: Bir səhnə versiyası
- (1997) The Capeman
- (2002) Piyada və ruh rəqsi
- (2011) Ay uşağı
- (2014) Parlaq, parlaq gecə
İstinadlar
redaktə- ↑ 1 2 Derek Alton Walcott // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 3 4 Derek Walcott // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Derek Walcott Has Passed Away at 87.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.