Diraye - Wikipedia
Dirayə — hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyac duyulanlardan bəhs edən elm. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir:
"Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir.
Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir:
Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür.
Yuxarıda deyilənlərə aydınlıq gətirək:
Hədisin təriqinə ariz olan hallara nümunə:
Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir.
Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur.
Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir. Həmçinin dirayə elmində rical elmindən fərqli olaraq hədisin mətnindən də bəhs olunur.
Bu elmdə istifadə olanan bəzi terminlərin mə`nalarını nəzərdən keçirək:
1.Sənəd: Mətnin təriqinə deyilir ki, burada bir-birindən nəql edən bütün kəslər nəzərdə tutulur.
2.Mətn: Hədisin mənasını bərqərar edən sözlərdir. Hansı ki, bu sözlər peyğəmbər və imamların kəlamlarıdır.
3.Sünnət: Mə`sumun sözü, feli və təqriridir.
4.Hədis: Məsumun sözünü, felini və təqririni hekayət edən kəlamdır.
Mütəvatir xəbər üçün müxtəlif tə`riflər söylənilmişdir:
Yalan söyləmək üçün adətən birləşməsi mümkün olmayan insanların söylədiyi xəbər.
Sənədin silsiləsi bütün təbəqələrdə elə bir həddə çatmalıdır ki, insanların yalan üçün birləşmələrindən amanda olsun.
Lakin insanların yalan söyləmək üçün birləşməməsi heç də xəbərin düzgün olmasının dəlili deyildir. Çünki insanlar müxtəlif səbəblərə görə, hətta bə`zən bir-birindən xəbərsiz halda eyni yalanı söyləyə bilərlər.
Daha düzgün tə`rif budur: Sayca çox olan və e`timadlı olduqları üçün qəsdən yalan söyləmək üçün birləşməyən və yaxud söylədikləri xəbərin mövzusu yalan söyləmək üçün vadar edici olmadığı halda insanların söylədikləri xəbər mütəvatir adlanır.
Məşhur nəzərə görə mütəvatir xəbərdən hasil olan elm zəruridir. Çünki:
1. Əgər elm nəzəri olsa gərək 2 müqəddiməyə əsaslansın, hansı ki, məsələ bu cür deyildir. Məsələn biz heç bir müqəddiməyə əsaslanmadan Məkkə şəhərinin mövcud olduğunu qəti şəkildə bilrik.
2. Əgər elm nəzəri olsa avam və uşaqlar kimi fikr və nəzər sahibləri olmayanlar üçün vücuda gəlməz.
3. Əgər nəzəri olsa qəsdən fikir etməyənlər üçün də vücuda gəlməz, hansı ki məsələ bu cür deyildir.
Təvaturdən hasil olan elmin zəruri olduğunu e`tiqad edənlərə qarşı isə deyilir: Əgər zəruri olsa idi onda 2 müqəddiməyə ehtiyac duyulmazdı. Hansı ki, biz görürük ki, bu elm 2 müqəddiməyə əsaslanır:
1. Həmin xəbərlə çatdırılan məsələ məhsusdur
2. Yalan söyləmək üçün birləşməməlidirlər.
Bu ixtilafı aradan götürməyin yolu budur: Əgər zəruri dedikdə nəzərdə tutulan nə icmali nədəki təfsili müqəddiməyə ehtiyaci olmayandırsa, təvaturdən hasil olan zəruri elm bu deyildir, çünki zehndə olan bə`zi icmalı müqəddimələrə ehtiyacı vardır. Əgər bu müqəddimələrə əsaslanan elmə zəruri deyilsə, onda təvaturdən hasil olan elm zəruridir.
Müəllifin (Ayətullah uzma Cə`fər Subhaninin) nəzərinə görə əgər diqqətə, fikrə, nəzərə, istidlala və bürhana ehtiyacı olsa nəzəri, hətta əgər zehndə bə`zi sadə qəziyyələrə əsaslansa belə xəbər verildikdən sonra tez bir zamanda zehndə hasil olsa zəruridir.
Təvatur üçün bə`zi şərtlər söylənilmişdir:
1. Xəbər verənlərin sayı elə bir həddə çatmalıdır ki, adətən yalan üçün birləşmələri mümkün olmasın. Həmçinin yalanı qəsdən söyləməklərindən amanda olmalıdır.
2. Elmləri hissə söykənsin.
3. Əgər xəbər verənlərin təbəqəsi birdən artıq olsa bütün təbəqələrdə say həmin həddə çatmalıdır.
4. Çatdırılan xəbər elmə söykənməlidir, zənnə yox. Əks halda həmin xəbərdən bizə də elm yox zənn hasil olacaq.
5. Eşidən şəxs əvvəlcədən bu xəbəri bilməməlidir.
6. Eşidən şəxsin zehnində şübhə və yaxud xəbərin düzgün olmaması e`tiqadına vadar edən bir şey olmamalıdır.
Müəllifin nəzərinə görə təvaturdə fərdlərin konkret sayı şərt deyildir. Yetər ki, qəsdən yalan danışmalarından və eyni yalanı söyləmək üçün birləşmələrindən sığortalayacaq həddə olsun. Bu isə vəziyyətlərə görə müxtəlif ola bilir.
Müxtəlif ravilərin çatdırdığı xəbərlərin mətni eyni olarsa təvatur “ləfzi təvatur” adlanır. Bu da bə`zən bütöv mətndə, bə`zən isə mətnin bir hissəsində müşahidə olunur.
Bəzən isə mətnlər fərqli olurlar lakin eyni mə`nanı çatdırırlar. Bu zaman təvatur “mə`nəvi təvatur” adlanır.
Xəbər mutəvatir həddinə çatmasa lakin ravilərinin sayı 3 nəfəri keçsə "mustəfiz" adlanır.
Ən azı 2 nəfərin digər 2 nəfərdən rəvayət etdiyi xəbərə “əziz” deyilir.
Bir neçə nəfər birindən və yaxud bir nəfər bir neçəsindən rəvayət etməsinə baxmayaraq bir nəfərin tək olaraq rəvayət etdiyi xəbər “ğərib” adlanır.
Özündə höcciyyət şərtlərini cəm etmiş xəbər “məqbul” adlanır.
Özündə höcciyyət şərtlərini cəm etməmiş xəbər isə “mərdud” adlanır.
Özündə höcciyyət şərtlərini cəm edib etməməsi bilinməyən xəbər “muştəbəh” adlanır.
İstinadlar
redaktəMənbə
redaktə- Ayətullah əl-Uzma Cəfər Subhani, "Usulul-Hədis və Əhkəmihi fi İlmid-Dirayə"
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Dirayə; Hədisləri tanımaq 313news.net (az.)
- Dirayet Tefsiri (türk.)