Eldeniz Hesenov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Eldəniz Əli oğlu Həsənov (1 aprel 1958, Dəli Quşçu, Zərdab rayonu) — Professor, aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ali Media Mükafatının laureatı, Qızıl qələm mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2018-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1].
Eldəniz Həsənov | |
---|---|
Doğum tarixi | 1 aprel 1958 (66 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEldəniz Həsənov 1 aprel 1958-ci il tarixdə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1976-cı ildə M. Müşfiq adına Dəli Quşçu kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
Təhsili
redaktə1976–1981-ci illərdə S. Ağamalıoğlu adına "Şərəf Nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda "yerquruluşu ixtisası" üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə oxuduğu illərdə tədris-təcrübə praktikalarını Gürcüstan Respublikasının Yerquruluşu ekspedisiyalarında, Gəncə Torpaq Ekspedisiyasında keçirmişdir. Dərs əlaçısı, ictimaiyyətçi tələbə olduğuna görə, Voronej şəhərindəki Mərkəzi Qaratorpaq Dövlət Yerquruluşu Layihə İnstitutuna 4 aylıq diplom praktikasına göndərilmiş və həmin müddətdə Voronej vilayəti Romanski rayonunun Lebyaje kəndində, təsərrüfatda yerquruluşu texniki kimi fəaliyyət göstərmiş, naturada müvafiq yerquruluşu işlərinin icrası ilə məşğul olmuş və "Təsərrüfatdaxili yerquruluşu layihəsi" mövzusunda (rus dilində) diplom işi yazmışdır. Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun tanınmış alimi, Dövlət İmtahan Komissiyasının sədri, professor A. V. Kojevnikov diplom müdafiəsi zamanı onun diplom işinə əla qiymət vermişdir. İnstitutun Aqronomluq fakültəsinin 24 iyun 1981-ci il tarixli, 06 saylı iclas protokoluna və Dövlət İmtahan Komissiyasının rəyinə əsasən institutda müəllim saxlanılması və məqsədli aspiranturaya qəbul olunması qərara alınmışdır. İnstitutu bitirdikdən sonra, 1981-ci ilin iyul ayından oktyabr ayına kimi hərbi xidmətdə və akademik məzuniyyətdə olmuşdur. 1981-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin müvafiq bölgü təyinatı ilə (83 №-li vəsiqə) gənc mütəxəssis kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otlaqlar idarəsinə göndərilmiş və Nazirliyin əmri ilə həmin idarənin böyük yerquruluşu mühəndisi vəzifəsinə təyin olunmuşdur. 1983-cü ildə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun yüksək ixtisaslı rəhbər kadrlar hazırlayan fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun dissertantı olmuş, 21.08.2001-ci ildə "Böyük Qafqazın cənub yamacı şəraitində dağ yay otlaqları torpaqlarının yararlığı və yaxşılaşdırılması yolları" mövzusunda dissertasiya müdafiə etmiş, 17.10.2002-ci ildə (Protokol № 04) Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildən (09.04.2008-ci il tarixli № 073 protokol) Beynəlxalq Ekoenergetika Akademiyasının qərarı ilə Akademiyanın ekologiya üzrə professorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun böyük elmi işçisi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantıdır.
Fəaliyyəti
redaktəEldəniz Həsənov mətbuat orqanları tərəfindən ayrı-ayrı illərdə "Muğan" Media mükafatı laureatı diplomu, "İlin ən yaxşı tədqiqatçı alimi" medalı və diplomu, "İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi" adına layiq görülmüşdür[1].
Eldəniz Həsənov 2011-ci ildə "Qızıl Qələm" mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə görə və onun 170 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurası tərəfindən "Həsən bəy Zərdabi diplomu" ilə təltif olunmuşdur[1].
2014-cü ildə Ali Media Mükafatının 3-cü dərəcəsi ilə təltif edilmişdir[2].
Yaradıcılığı
redaktə9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 160-dan çox elmi, publisistik məqalənin müəllifidir[1]. 6 iyun 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvlüdür[1].
Alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinə rəy bildirmiş, dissertasiya işlərinə rəsmi opponent təyin olunmuşdur. Bir sıra müəlliflər tərəfindən yazılan kitabların, elmi əsərlərin texniki redaktoru, redaktoru, elmi redaktoru, rəyçisi və məsləhətçisi olmuşdur. DT və XK sistemində, yerquruluşu xidməti sahəsində fasiləsiz olaraq fəaliyyət göstərdiyi 30 ilə yaxın bir müddət ərzində istehsalatın ağırlığı üzərində cəmləşən sahənin, şöbə və idarənin rəhbəri olaraq, icraçı struktur olan "Azdövyerqurlayihə" İnstitutunun Rayonlararası Yerquruluşu İdarələri və eləcə də müqavilə əsasında digər müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikası ərazisində aparılan minlərlə müxtəlif növ yerquruluşu, çöl layihə-tədqiqatı, təsərrüfatdaxili, təsərrüfatlararası yerquruluşu işləri, torpaq islahatı ilə əlaqədar icra olunan kompleks yerquruluşu (baş sxem) layihələri üzərində müəllif nəzarəti funksiyasını yerinə yetirmiş, onların ekspertizasını aparmış, təsdiq edərək qəbul etmiş və həyata keçirilməsinə nail olmuşdur.
Böyük Qafqazın cənub hissəsində, tədqiqat obyektinin yay otlağı sahələrində ilk dəfə olaraq E. Həsənov tərəfindən kompleks şəkildə elmi-tədqiqat işləri aparılmış və həmin çoxillik tədqiqatların nəticələrinə əsasən müəllif Şəki rayonu ərazisində yay otlağı sahələrinin bitki örtüyünün xəritəsini; Şəki rayonu ərazisində yay otlaqlarının yaxşılaşdırılması və səmərəli istifadə olunması tədbirləri xəritəsini; Şəki rayonunun yay otlaqları torpaqlarının bonitet kartoqramı xəritəsini; Zaqatala rayonunun yay otlaqlarının bonitet kartoqramı xəritəsini tərtib etmişdir. H. B. Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarı tikintisini və xeyriyyəçilik fəaliyyətini əks etdirən (Azərbaycan, XIX əsrin sonu) xəritənin müəllifidir. H. B. Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən xəritənin müəllifidir.
Tədqiqat sahəsi
redaktə- Böyük Qafqazın cənub hissəsində torpaqların ekoloji, genetik xüsusiyyətləri, antropogen gərginlik nəticəsində münbitlik parametrlərinin dəyişməsi və eroziyaya qarşı mübarizə tədbirləri sisteminin işlənib hazırlanması.
- Böyük Qafqazın cənub hissəsinin yay və qış otlaqlarının müasir vəziyyəti, ərazidə yayılan əsas bitkilərin geobotaniki səciyyəsi, yemlilik xüsusiyyətlərinin təyin olunması, yaxşılaşdırılması və səmərəli istifadə yollarının müəyyənləşdirilməsi, torpaqların keyfiyyətcə, iqtisadi və ekoloji cəhətdən qiymətləndirilməsi.
- Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsinin və nəsil şəcərəsinin tədqiqi.
- Azərbaycan daxilində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazilər daxilində fəaliyyət göstərmiş yer-yurd, yaşayış məntəqələrinin (xüsusilə indiki Zərdab rayonunun ərazisində) adlarının dəqiqləşdirilməsi, onların tarixi, coğrafiyası, etnoqrafiyası, arxeologiyası, təbiət abidələri, təsərrüfat fəaliyyəti, tarixi şəxsiyyətləri haqqında araşdırmalar aparmaq, bilgilər əldə etmək.
Fəaliyyəti və mükafatları
redaktə- Azərbaycan Respublikasında kompleks yerquruluşu tədbirləri sisteminin işlənib hazırlanmasında və həyata keçirilməsində, torpaq sahələrindən səmərəli istifadə olunması, korlanmış torpaqların ekoloji qiymətləndirilməsi və rekultivasiyası işlərinin təşkili və həyata keçirilməsində elmi-praktik və hüquqi sənədlər əsasında yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi işinə böyük əməli köməklik göstərmiş, bir yerquruluşu mütəxəssisi, torpaq işçisi olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, torpaq qanunvericiliyindən irəli gələn bir sıra hüquqi-normativ aktların, əsasnamələrin işlənib hazırlanmasında, Azərbaycanda torpaqların idarə olunması, istifadə və mühafizəsi sahəsində, torpaq kadastrı işlərinin təşkili və elmi əsaslarla həyata keçirilməsində böyük əməyi, xidmətləri olmuşdur.
- Azərbaycan Respublikasında torpaq islahatının həyata keçirilməsində, torpaqların özəlləşdirilməsi sahəsində, müxtəlif məqsədlər üçün torpaqayırma sənədlərinin tərtibatı, ekspertizası, yerquruluşu layihələrinin hazırlanması, torpaq və geobotaniki tədqiqatların aparılmasında və eləcə də digər müvafiq yerquruluşu işlərinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərinin təşkili və həyata keçirilməsində təcrübəli yerquruluşu mütəxəssisi-alim kimi fəal iştirak etmişdir.
- Torpaq islahatı ilə bağlı yerlərdə icra olunan işlərin uğurlu nəticələrinə, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişində təcrübəli yerquruluşu mütəxəssisi, torpaqşünas, eroziyaşünas, ekoloq alim kimi əməyi rayon aqrar islahat komissiyalarının sədrləri, rayon icra hakimiyyəti başçıları, Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi, Böyük Britaniyanın "BP" Şirkəti tərəfindən dəfələrlə təşəkkürlər, pul mükafatları və qiymətli hədiyyələrlə dəyərləndirilmişdir.
- Əsl Azərbaycan ziyalısı, alimi olaraq dövlətin sosial inkişafında, ictimai, iqtisadi həyatında səmərəli fəaliyyət göstərmiş və hazırda da bu sahədə fəaliyyətini davam etdirir. Paytaxt Bakı şəhərində, eləcə də respublikanın müxtəlif regionlarında keçirilən elmi, mədəni, ideoloji tədbirlərdə, hərbi-vətənpərvərlik bayramlarında, görkəmli şəxsiyyətlərin yubiley, ildönümü, abidə-büst açılışı mərasimlərində fəal iştirak edir.
- 2001-ci ildə, "BP" Şirkəti tərəfindən aldığı təhsil və eyni zamanda elmi, praktiki təcrübəyə malik mütəxəssislik səriştəsi nəzərə alınaraq ona "BP" Şirkəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Neft Şirkəti rəhbərliyinin birgə təsdiq etdiyi "Beynəlxalq dərəcəli sertifikat" verilmişdir.
- 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.
- Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin qurultaylarında (o, cümlədən sonuncu dəfə 15 – 17 dekabr 2011-ci il tarixində keçirilən III qurultayında) nümayəndə kimi iştirak etmişdir.
- "Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi" İctimai Birliyin üzvüdür.
- 2002-ci ildən SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Dokuçayev adına Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.
- Azərbaycan Respublikasında torpaq islahatının həyata keçirilməsində, elm- istehsalat sahəsində səmərəli fəaliyyəti dəfələrlə mətbuat səhifələrində, kitablarda, radio-televiziya verilişlərində işıqlandırılmış, əməyinə yüksək qiymət verilmişdir.
- Azərbaycan Respublikasında eroziya elminin yaranmasında xidmətləri olan eroziyaşünas alimlərə həsr olunmuş "Azərbaycanın eroziyaşünas alimləri" adlı xatirə kitabında (B. Əliyev, B. Şəkuri və başqaları, 2001) E. Həsənov haqqında söhbət açılmış, onun bu sahədə bir alim kimi elmi fəaliyyəti dəyərləndirilmiş, həyat və yaradıcılığı işıqlandırılmışdır.
- "Azərbaycanda heyvandarlığın inkişafı barədə" yazılan xatirə kitabında (M. A. Zeynalov, 2003), keçən əsrin 20–30–40-cı illərindən başlayaraq Azərbaycan Respublikasında heyvandarlığın elmi, təcrübi əsaslarla inkişaf mədəniyyətinin bünövrəsini qoyan və bu sahədə yorulmaq bilməyən, gərgin əmək sərf edən dövlət rəhbərləri, tanınmış alimlər, mütəxəssislər sırasında gənc alim kimi, E. Həsənovun heyvandarlığın inkişaf etdirilməsində təbii yem sahələrinin yaxşılaşdırılması ilə əlaqədar elmi axtarışları çox təqdirəlayiq hal olaraq qiymətləndirilmişdir.
- "Zərdab və zərdablılar" adlı kitabda "İrsən torpağa bağlı alim" başlıqlı yazıda (Z. Cavadov, 2005) E. Həsənovun rəhbər işçi, respublikada sayılıb-seçilən torpaqşünas, eroziyaşünas alim, yerquruluşu mütəxəssisi, neçə-neçə elmi əsərlərin müəllifi olmaqla yanaşı, Azərbaycan torpaqlarını duyan, sevən, onun sirlərini bilən, ağrısına, acısına bələd olan, sinəsində Vətənə məhəbbət, torpağa sevgi dolu narahat bir ürək döyünən əsl vətəndaş olmasından söhbət açılmışdır.
- "Millət və Dövlət" jurnalında (Geologiya-mineralogiya elmləri doktoru, professor H. Mahmudov, iyun-2011), "Alim ömrü ucalığın zirvəsində" başlıqlı yazıda E. Həsənovun həyatı və yaradıcılığı geniş şəkildə işıqlandırılmışdır. Zərdabişünas bir alim olaraq, onun dahi Həsən bəy Zərdabinin izi ilə getməyi özünə yol seçməsindən, çətin olsa da, bu yolda addımlaya-addımlaya istəyinə nail olması faktlarından bəhs olunur. Professor H. Mahmudov qələmə aldığı bu yazısında E. Həsənovun əsl Azərbaycan ziyalısı, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmasını qeyd edərək, son illərdə onun yazmış olduğu kitablarına, elmi əsərlərinə müraciət etmiş, əldə etmiş olduğu nailiyyətləri dəyərləndirərək, ömrünü-gününü, elmini doğma torpağımıza həsr etmiş, elmi kəşfləri ilə torpağımıza şöhrət gətirmiş bu dəyərli alimin xeyirxah əməl sahibi olmasından söhbət açmış, Vətəninə, millətinə və dövlətinə əvəzsiz xidmətlərinə görə ona sonsuz nailiyyətlər arzulamış və uğurlar diləmişdir.
- 2002-ci ildə "Muğan" media mükafatı diplomu ilə təltif olunmuşdur.
- 2003-cü ildən Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin üzvüdür.
- 2005-ci ildə respublikada torpaq islahatının həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətin sosial inkişafında səmərəli fəaliyyətinə, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərində təcrübəli yerquruluşu mühəndisi-alim kimi fəal iştirakına, yaradıcı elmi təkliflərinə, H. B. Zərdabi irsinin tədqiqindəki və təbliğindəki əvəzsiz xidmətlərinə, vətəninə, millətinə sonsuz sevgisinə, çoxsaylı elmi-publisistik məqalələrinə, ölkənin dünənini, bu gününü, sabahını əks etdirən dəyərli kitablarına və Azərbaycanın xəritəçəkmə tarixindəki xidmətlərinə görə o, Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi" tərəfindən "İlin ən yaxşı tədqiqatçı alimi" medalı və diplomu ilə təltif olunmuşdur.
- 2005-ci ildə Həsən bəy Zərdabinin tanınmış tədqiqatçısı kimi "Lider" televiziyası tərəfindən "Əkinçi"nin 130 illik yubileyi ilə əlaqədar "Əkinçidən başlanan" adlı tammetrajlı sənədli filmə çəkilmişdir.
- 2006-cı ildə sorğu komissiyasının rəyinə əsasən "Dirçəliş" ictimai-siyasi, sosial-iqtisadi qəzetinin redaksiyası tərəfindən "İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi" adına layiq görülmüşdür.
- 2006-cı ildə AzTV-də Zərdabi yaradıcılığı ilə bağlı filmə çəkilmişdir.
- 2008-ci ildə H. Z. Zərdabi irsinin təbliğindəki əvəzsiz xidmətlərinə, "Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu və torpaq islahatının banisidir" adlı elmi tədqiqat əsərinə görə "Avropa Nəşr Mətbu Evi" tərəfindən "Qızıl Mükafatı" medalı və diplomu ilə təltif olunmuşdur.
- 2010-cu ildə sorğu komissiyasının rəyinə əsasən "Parlamentin səsi" ictimai- siyasi, hüquq qəzetinin redaksiyası tərəfindən "İlin vətənpərvər oğlu" diplomu və medalı ilə təltif olunmuşdur.
- 2011-ci ildə "Qızıl Qələm" mükafatı laureatı adına və diplomuna layiq görülmüşdür.
- 2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə və onun 170 illik yubileyinə görə Azərbaycan Mətbuat Şurası tərəfindən "Həsən bəy Zərdabi diplomu" ilə təltif olunmuşdur.
- 2012-ci ildə fəlsəfə elmləri doktoru, professor, zərdabişünas İzzət Rüstəmov "Həsən bəy Zərdabi" kitabına "Ön söz əvəzi" yazısında Zərdabinin elmi irsinin tədqiqində və təbliğində müəyyən xidmətləri olan alimlər, tədqiqatçılar sırasında Eldəniz Həsənovun "Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir" adlı çox sanballı kitabını (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2006, 370 s.) zərdabişünas oxuculara, Zərdabi tədqiqatçılarına ciddi elmi maraq doğuran monoqrafik bir əsər kimi təqdim etmiş, əsərin hiss olunduğu kimi, Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, həmçinin kənd təsərrüfatına aid onun baxışları barədə faktların, xatirələrin, rəsmi arxiv sənədlərinin çox diqqətlə öyrənilməsi əsasında yazıldığını bildirmiş və eyni zamanda əsərdə verilmiş bir sıra fotoşəkillərin, yerquruluşu barədə xəritə surətlərinin oxucuda ciddi maraq doğurduğunu söyləmişdir.
- 2013-cü il 06 iyun tarixindən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- 2013-cü ildə coğrafiya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki Bəhruz Şəkuri "Kaspi" qəzetində dərc etdirdiyi "Çoxsahəli elmi bilik sahibi" adlı məqaləsində Həsən bəy Zərdabinin fundamental tədqiqatçısı Eldəniz Həsənovun elmi fəaliyyətini dəyərləndirərək haqqında geniş söhbət açmışdır.
- 2014-cü ildə AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov "Həsən bəy Zərdabiyə yeni abidə" başlıqlı məqaləsində Həsən bəy Zərdabi irsi və onun elmi yaradıcılığı ilə bağlı Eldəniz Həsənovun dahi mütəfəkkirin fundamental tədqiqatçısı olaraq "Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" əsərini ərsəyə gətirməklə bunun zərdabişünaslığa böyük bir töhfə olduğunu vurğulamış, onun cəfakeş tədqiqatçı və böyük zərdabişünas alim olduğunu qeyd etmişdir.
- 2014-cü ilin 15 iyul tarixində Eldəniz Həsənova "Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edilmişdir.
- 2014-cü ilin 22 iyul tarixində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Altun Saray" istirahət mərkəzində Azərbaycan Milli Mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbirdə Ali Media Mükafatın ın 3-cü dərəcəli diplomu ilə təltif edilmişdir.
- 2016-cı il 02 noyabr tarixindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- 2018-ci ildə YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü seçilmişdir.
- 2018-ci il 14 oktyabr tarixində nəşr olunan "Əkinçi qəzetinin varisi, Kənd Təsərrüfatı Nazirliyinin mətbu orqanı olan "Kənd həyatı" qəzetinin 95 illiyi münasibətilə yazılan "Kənd həyatı qəzetinin tarixi, bu günü…" kitabının redaktoru, eyni zamanda kitabda "Həsən bəy Zərdabi Azərbaycanda aqrar elmlərin banisi, əkinçilik mədəniyyətinin yaradıcısıdır" adlı baş məqalənin müəllifidir.
- 2018-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Beynəlxalq tədbirlərdə iştirak
redaktə- 1982–2009-cu illər ərzində müxtəlif vaxtlarda, mütəmadi olaraq Moskva şəhərində, Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu Mühəndisləri İnstitutunda, Torpaq Ehtiyatları Dövlət İnstitutunda keçirilən beynəlxalq seminar və konfransların iştirakçısı olmuşdur.
- 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının 9-cu konqresində iştirak edərək elmi məruzə ilə çıxış etmişdir.
- 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri olaraq "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi üzrə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyə Respublikasında keçirilən müzakirələrin iştirakçısı olmuşdur.
- 2016-cı ildə BMT-nin Avropa İttifaqı Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının regionu üzrə Daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu mövzusunda keçirilən birgə seminarında iştirak etmişdir və s.
Seçilmiş əsərləri
redaktə- "Böyük Qafqazın cənub hissəsində (Şəki-Zaqatala bölgəsində) torpaq eroziyası və ona qarşı kompleks mübarizə tədbirləri" kitabı. Bakı, "Elm" nəşriyyatı, 2003, 45 s.
- "Böyük Qafqazın cənub hissəsinin yay otlaqlarının geobotaniki səciyyəsi və torpaqların qiymətləndirilməsi" monoqrafiyası. Bakı, "Azərnəşr", 2004, 140 s.
- "Böyük Qafqazın cənub hissəsinin təbii ehtiyatları və onların qorunması" monoqrafiyası. Bakı, "Azərnəşr", 2005, 276 s.
- "Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir" monoqrafiyası. Bakı, "Azərnəşr", 2006, 368 s.
- "Zərdab və zərdablılar" kitabı (həmmüəllif). Bakı, "Şəms" nəşriyyatı, 2006, 388 s.
- "Lələ Əhməd və lələhmədlilər" etnoqrafik elmi-kütləvi əsəri. Bakı, "Azərnəşr", 2008, 400 s.
- "Böyük Qafqazın cənub və cənub-şərq hissəsində (Azərbaycan Respublikası daxilində) ekzogen proseslərin fəlakətli forması olan torpaq eroziyasını özündə əks etdirən foto-albom" kitabı. Bakı, "Azərnəşr", 2009, 112 s.
- "Zərdabın tarixinə bir nəzər" monoqrafiyası. Bakı, "Azərnəşr", 2010, 440 s.
- "Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" monoqrafiyası. Bakı, "Zərdabi LTD" MMC, 2013, 384 s.
Əmək fəaliyyəti
redaktə- 08.10.81–11.06.82 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Baş yemçilik, çəmən və otlaqlar idarəsində yerquruluşu mühəndisi.
- 11.06.82–22.01.86 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Baş yerquruluşu, torpaq istifadəçiliyi, tarlaqoruyucu, meşəsalma idarəsində aparıcı mühəndis.
- 22.01.86 −10.02.89 Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsi, Baş bitkiçilik məhsulları istehsalı və tədarükü idarəsinin Yerquruluşu, torpaq istifadəçiliyi, torpaq kadastrı şöbəsində baş mühəndis.
- 10.02.89–06.12.91 Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsi, Baş bitkiçilik məhsulları idarəsinin Yerquruluşu, torpaq istifadəçiliyi və torpaq kadastrı şöbəsində baş mütəxəssis.
- 06.12.91–16.12.92 Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Baş yerquruluşu və torpaq kadastrı idarəsində baş mütəxəssis.
- 16.12.92–25.06.93 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, Yerquruluşu şöbəsində baş mütəxəssis.
- 25.06.93–14.03.95 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini.
- 14.03.95–01.06.95 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, Yerquruluşu şöbəsinin müdiri.
- 01.06.95–15.09.97 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, Yerquruluşu idarəsinin rəisi.
- 15.09.97–02.08.99 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, "Azdövyerqurlayihə" İnstitutunda layihənin Yerəköçürmə şöbəsinin baş mühəndisi.
- 02.08.99–19.11.01 Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi, "Azdövyerqurlayihə" İnstitutunda baş mühəndisin müavini.
- 19.11.01–10.07.09 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, "Azdövyerqurlayihə" İnstitutunun Yerquruluşu şöbəsinin rəisi.
- 10.07.09–26.07.10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin baş mühəndisi.
- 26.07.10–09.06.14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Dövlət reyestrinin tərtibi və aparılmasının təşkili şöbəsinin baş məsləhətçisi.
- 09.06.14–13.01.15 Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsinin müdir müavini.
- 13.01.15-ci ildən hazıradək Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Ziyalılarımız təbrik edirlər. zerdab.com saytı". 2014-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
- ↑ "Ali Media Mükafatını kimlər aldı?". KASPİ (az.). kaspi.az. 23.07.2014 - 13:28:00. 2015-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.