Eldar Dehnevi - Wikipedia
Eldar Dəhnəvi (Dəhnəvi Eldar Musa oğlu; d. 1966. Kiçik Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — Tatarıstan alimi; Kimya elmləri doktoru. Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru. NİOST “Sibur holdinq” ASC‑nin riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.
Eldar Dəhnəvi | |
---|---|
Dəhnəvi Eldar Musa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kiçik Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Həyatı
redaktəDəhnəvi Eldar Musa oğlu 1966-cı il mayın 17-də Azərbaycan Respublikasının Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu “lakların, boyaların, lak və boya materiallarının texnologiyası” ixtisası üzrə əla qiymətlərlə bitirib və həmin institutun aspiranturasına qəbul edilib. Aspirant olarkən ictimai fəaliyyətlə aktiv məşğul olub. E.Dəhnəvi 1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaradıb və ona sədrlik edib. 1993-cü ildə texnika elmləri namizədi elmi dərəcəsini almaq üçün “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyası yazıb. 2008-2010-cu illərdə Tatarıstan Respublikası Hökumətinin qrantı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva) “korporativ menecment” ixtisası üzrə MBA proqramı (Master of Business Administration - Biznes Administrasiyası Magistri) çərçivəsində iqtisadi təhsil alıb. 2011-ci ildə “Fenol və asetonun birgə istehsalının optimallaşdırılması, əlavə məhsulların neft hasilatı reagentində kompleks emalı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[1]
E.Dəhnəvi 2001-ci ildə “EDXİM elmi istehsal mərkəzi” MMC-ni yaradıb, neftkimya sahəsində araşdırma aparan bu müəssisənin rəhbəri olub. Sonra neft quyularının və yeraltı anbarların hidroizolyasiyasında istifadə edilən “Smola PM-14” texnologiyasını hazırlayıb. Bu qatran Tatarıstanın neft və tikinti şirkətlərinin obyektlərində natura sınaqlarından uğurla keçib. 2003-cü ildə E.Dəhnəvi “Speskauçuk” ETİ-nin (Kazan) direktor müavini təyin edilib, institutda tiokol, poliefir və polieuretanların hazırlanmasına rəhbərlik edib, habelə onların əsasında məhsullar istehsal edib. 2005-2011-ci illərdə Kazan Texnologiya Universitetinin ümumi kimya texnologiyası kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Doktorluq dissertasiyasının müdafiəsindən sonra kafedranın professoru seçilib. Universitetin magistr tələbələri üçün xüsusi kursları, o cümlədən “Qeyri-formal kinetika”, “Texnoloji proseslər nəzəriyyəsinin əsasları”, “Elmi tədqiqatlarda və texnoloji proseslərdə kompüter texnikasının tətbiqi”, habelə baza istehsalının tədris kompüter modelinin, bir sıra sənaye proseslərinin elektron trenajorlarını hazırlayıb. E.Dəhnəvinin pedaqoji fəaliyyəti elmi istehsalatla birləşib – Texnologiya Universitetinin “Panximtex” elmi-istehsalat mərkəzində aparıcı elmi işçi işləyərək kafedranın regionun sənaye müəssisələri ilə əlaqəsinə cavabdehlik daşıyıb, fenol və asetonun, propilen oksid və stirolun, baza monomerlərinin istehsalı üzrə müqavilələrin məsul icraçısı olub.
E.Dəhnəvinin işləri Rusiyanın nəhəng şirkətləri “Nijnekamskneftexim” ASC-ni, “Kazanorqsintez” ASC-ni maraqlandırıb. O, regionun müəssisələrinə, o cümlədən aztonnajlı kimya ilə məşğul olan müəssisələrə konsultasiya verib və beləliklə, istehsal sahəsində, xüsusilə neft-kimyada böyük təcrübə toplayıb. 2011-ci ildə nəhəng neft-kimya şirkəti “Sibur holdinq” ASC-yə dəvət alıb. 2012-ci ilin əvvəlindən holdinqin tədqiqat mərkəzində - Rusiyada kimya texnologiyaları üzrə ən böyük elmi mərkəzdə işləyib, holdinqin tematik istiqamətləri üzrə elmi araşdırmalarına rəhbərlik edib.
E.Dəhnəvinin elmi və praktik maraq sahəsi neft-kimyanın mühüm aspektlərini, o cümlədən oksigen tərkibli məhsulların texnologiyasını, neft və qaz emalını, kimyəvi-texnoloji proseslərin riyazi və kompüter modelləşdirilməsini, sənaye istehsalının texniki müayinəsini, tədqiqat mərkəzlərində elmi işlərin təşkilini, elmi araşdırma və texnologiyaların qiymətinin müəyyən edilməsini, tədqiqat mərkəzlərinin böyük bizneslə qarşılıqlı əlaqəsini, yeni sənaye proseslərinin təşkilində risklərin azaldılmasını əhatə edir.
İstinadlar
redaktə- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.