Elmi Tedqiqat Neqliyyat Ve Aviakosmik Problemleri Institutu - Wikipedia
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) —
Haqqında
redaktə1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur.
Rəhbərləri
redaktəİnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir.
2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev rəhbərlik edir.
İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:[1].
- Aviasiya Elektronikası Şöbəsi
- Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi
- Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi
- Аviasiya Mikroelektron Vericiləri Şöbəsi
- Texnoloji Şöbə
- Aerokosmik İnformatika Şöbəsi
Aviasiya Elektronikası Şöbəsi
redaktəAviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir. Şöbənin elmi fəaliyyət istiqamətləri:
- aviasiya elektron avadanlıqlarının işlənməsi və istehsalı;
- avtomatlaşdırılmış sistemlərin işlənməsi və istehsalı;
- avtomatlaşdırılmış sistemlər üçün proqram təminatının yaradılması və tətbiqi;
- aviasiya təhlükəsizliyi sistemlərinin tədqiqi, işlənməsi və istehsalı.
Yarandığı vaxtdan şöbədə mülki aviasiyada tətbiq olunan 10-a qədər aviasiya sistemləri və cihazları işlənib hazırlanmışdır.
Şöbədə 10 elmi əməkdaş çalışır. İşlərinin nəticəsi olaraq şöbənin əməkdaşları tərəfindən 200-ə yaxın elmi məqalə, məruzə, dərslik, monoqrafiya və normativ sənədlər işlənib nəşr olunmuşdur.
Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi
redaktəYeni texnika və texnologiyanın işlənməsi (YTTİ) şöbəsi 1997-ci ildə yaradılmışdır. Yarandığı vaxtdan şöbəyə f.-r.e.n. Aydın Ərəstun oğlu Musayev rəhbərlik edir. Yeni texnika və texnologiyanın işlənməsi şöbəsində aşağıdakı istiqamətlərdə elmi işlər aparılır:
- aviasiya və digər növ nəqliyyat üçün elektron və texniki vasitələrin işlənməsi və tətbiqi;
- avtomatlaşdırılmış mikroprosessor vasitələrinin işlənməsi və tətbiqi;
- pilotsuz uçan aparatların işlənməsi.
Bütün işlənmiş qurğu və cihazlara Respublika Standartlaşdırma Komitəsinin keyfiyyət sertifikatı alınmışdır. İşlərin nəticəsi olaraq əməkdaşlar tərəfindən 50-yə yaxın elmi məqalə, 4 metodik vəsait nəşr etdirilmişdir. Şöbə aviasiya, elektronika və informatika sahəsində müxtəlif növ təcrübi konstruktor işləmələri ilə məşğul olur.
Şöbədə icra olunan mövzular
redaktə“Revers” mövzusu üzrə “Pilotsuz uçuş aparatı” layihələndirilərək hazırlanmış və ilkin sınaqlar keçirilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsinin sifarişi ilə proqramlaşdırıla bilən mikroprosessor əsasında qurulmuş, geniş imkanlara malik “İFK-16 tipli Svetoforun idarəetmə qurğusu” layihələndirilmişdir. Hal-hazırada 200 ədəd İFK -16 tipli Svetoforun idarəetmə qurğusu MAA-da istehsal olunaraq Bakı şəhərininn əksər yol qovşaqlarında quraşdırılmışdır
“İqlim” Bakı Aviasiya İstehsalat Birliyinin sifarişi ilə “Elektromontaj hörüklərin avtomatik kompleks yoxlama qurğusu” layihələndirilərək hazırlanmışdır. Bu qurğu xüsusi hazırlanmış proqram və kompüter vasitəsi ilə 1024-ə qədər çıxışı olan elektrik hörüklərin montajının elektrik sxeminə uyğunluğunu və bir-biri ilə elektrik əlaqəsi olmayan ayrılmış dövrlərin izolyasiya müqavimətini yoxlamaq üçün nəzərdə tutulmuşdur.
“Radoquraşdırma” Elmi-İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən “Svetoforun vaxtının əkssayma qurğusu” layihələndirilərək 3 ədəd sınaq nümunəsi hazırlanmış və Bakı şəhərinin Ü.Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişdiyi yol qovşağında quraşdırılmışdır
“Şəhər nəqliyyatında dayanacaqları avtomatik elan edən informator“ layihələndirilərək sınaq nümunəsi hazırlanmışdır. Bu qurğu şəhər nəqliyyatında peyk naviqasiya sistemi peyklərindən gələn siqnalların köməyi ilə fasiləsiz olaraq, öz koordinatlarını təyin edir və tərtib olunmuş proqrama uyğun olaraq nəqliyyat hər bir dayanacağa yaxınlaşanda onun adını elan edir.
Aviasiya Elektronikası şöbəsi ilə birlikdə Təhlükəsizlik İdarəsinin sifarişi əsasında “Radioaktivliyə nəzarət qurğusu” layihələndirilərək hazırlanmış və H.Əliyev Beynəlxalq aeroportunun yük terminalında quraşdırılmışdır.
Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi
redaktəElmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsi (ETİ və YTT) 1996-cı ildə yaradılmışdır. Şöbənin rəisi f.r.e.n., dosent Arif Ramazanzadədir.
ETİ və YTT şöbəsi Akademiyanın fəaliyyət profilinə uyğun olaraq elmi-tədqiqat işlərinin tematikası üzrə informasiya materiallarının sistematik axtarışının aparılmasının təşkili və təmini, onların analizini və mübadiləsini, elmi-texniki informasiyanın MAA-nın bütün strukturlarına paylanmasını həyata keçirir. Elmi-texniki informasiyanın operativ surətdə çap olunmasını, elmi-tədqiqat işinin tematikası üzrə jurnalların (respublika və xarici) təqdimini, seçilmiş elmi məqalələrin qəbulunu həyata keçirir.
MAA-da aparılan elmi-tədqiqat işlərinin AMEA-nın İnnovasiya Mərkəzində dövlət qeydiyyatını və başa çatmış işlərin hesabatlarını Mərkəzə təqdim edir, MAA-nın elmi bölmələri əməkdaşlarının ixtiralarına patentlərin alınması üçün sənədləri hazırlayır və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent İşləri üzrə Dövlət Komitəsinə təqdim edir. Respublika və beynəlxalq konfransların hazırlanmasında iştirak edir, MAA-nın əməkdaşlarını tədbirlər (seminarlar, konfranslar, sərgilər) haqqında məlumatlandırır, AMEA və “AZAL” QSC-nin struktur bölmələri ilə texniki informasiya mübadiləsini, “Elmi Məcmuələr” jurnalının, dərslik, proqram, metodik və dərs vəsaitlərinin və digər çap məhsullarının formalaşdırılması, korreksiyası, tərcümə və son tamamlama işlərini yerinə yetirir və MAA-nın Poliqrafiya mərkəzində çap etdirərək bütün materialları MAA və “AZAL” QSC-nin müvafiq struktur bölmələrinə paylanmasını həyata keçirir.
Şöbədə “AZAL” QSC-nin müxtəlif strukturları üçün 10-a yaxın hüquqi-normativ sənəd, “Aviasiya terminlərinin qısa izahlı lüğəti”, azərbaycan, rus və ingilis dillərində “Aviasiya terminlərinin texniki lüğəti”, azərbaycan, rus və ingilis dillərində “Aeronaviqasiya terminləri lüğəti” və “Aviasiya Ensiklopediyası” kitabının elektron variantı işlənib hazırlanmışdır. Şöbə əməkdaşlarının 50-dən çox elmi məqaləsi çap olunmuşdur.
Аviasiya Mikroelektron Vericiləri Şöbəsi
redaktəAviasiya mikroelektron vericiləri şöbəsi 2005-ci ildə yaradılıb. Şöbənin rəisi t.e.n. Rəfail Əliqulu oğlu İbrahimovdur.
Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır
redaktə- aviasiya və yerüstü qurğuların işlənməsi – mikroelektron vericilər və mikroelektronikanın nailiyyətləri əsasında sxemlər;
- bərk cisimli və hibrid-təbəqə texnologiyası əsasında radiotexniki İYD qurğusu elementlərinin işlənməsi;
- p-n keçiricilər və yarımkristallik silisium əsasında günəş elementlərinin işlənməsi;
- ETNAPİ-nin və digər şöbələrin apardığı texnoloji planlarına uyğun olaraq işlənmiş mikrominüatür qurğular üzrə konstruktiv-texnoloji variantların işlənməsi.
Şöbənin əməkdaşlarının 30-a yaxın elmi məqalələri Elmi mətbuatda çap olunmuşdur.
Aerokosmik informatika şöbəsi
redaktəŞöbə 2008-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Şöbə rəisi vəzifəsini f.-r.e.n. Xosiyat Rəcəbovna İsmatova icra edir.
Şöbənin əməkdaşları tərəfindən 70-ə yaxın elmi məqalə çap edilmişdir. Şöbədə təsvirlərin emalı proqram təminatı və GİS-texnologiyalar əsasında aşağıdakı elmi istiqamətlər üzrə işlər yerinə yetirilir:
- kosmosdan Yer kürəsinin məsafədən zondlanmasının fiziki əsasları;
- avia və kosmik informasiyanın emalı və saxlanması;
Şöbənin işçiləri kosmik texnologiyalar, peyk naviqasiyası üzrə beynəlxalq konfranslarda mütəmadi iştirak edirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-26.