Epik Nov - Wikipedia
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur.
Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.[1]
Epik əsərlər şəkli yazılışlarına görə üç formada - nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər. Məsələn, M.S.Ordubadinin romanları nəsrlə, Nizaminin poemaları nəzmlə, Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi[2] həm nəsr, həm də nəzmlə yazılmışdır.
Epik növün janrları
redaktəEpik növün şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda isə aşağıdakı janrlar vardır:
Təmsil
redaktəŞeir və ya nəsr ilə yazılmış satirik xarakterli tərbiyəvi ədəbi əsər. Təmsil qısa tərbiyəvi sonluqla bitir. Təmsildə insanlardakı nöqsanlar düşündürücü və güldürücü şəkildə çatdırılır. Təmsildə insanların xüsusiyyətləri heyvanların dilindən oxuculara çatdırılır.
Hekayə
redaktəHekayə kiçik həcmli süjetli əsərin bir növüdür. Hekayənin əsas xüsusiyyəti insan həyatının konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvir olunmasıdır. Hekayə daha çox nəsrlə olur. Nəzmlə yazılmış hekayələr də vardır. Bu cür hekayə mənzum hekayə adlanır.
Novella
redaktəHekayə janrının gözlənilməz sonluq ilə bitən növüdür. Novella həm də gülməli, yumorlu məzmun daşıyır.
Oçerk
redaktəKiçik həcmli, sujetli əsərlərin bir növü də oçerkdir. Oçerkdə həyatda olmuş konkret hadisə haqqında yığcam şəkildə danışılır. Oçerk daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur və əsasən nəsrlə yazılır.
Povest
redaktəHəcmcə hekayədən böyük olan nəsr əsəridir. Povestdə hekayədən fərqli olaraq obrazların sayı çox, hadisələrin təsviri geniş olur. Povestdə hadisələr bir neçə xətlə inkişaf edir. Ədəbiyyatımızda povestin ilk nümunəsi M.F.Axundzadənin "Aldanmış kəvakib" əsəridir.
Roman
redaktəEpik növün həcmcə ən böyük janrlarından biri romandır. Bu janrın əsas xüsusiyyəti təsvir olunan hadisələrin genişliyi və əhatəli olmasıdır. Romanda hadisələr çoxşaxəli olur və bir neçə xətlə inkişaf edir. Hadisələrin geniş təsviri ilə bağlı romanda surətlərin sayı da çox olur. Roman əsasən nəsrlə yazılsa da, nəzmlə də olur. Nəzmlə yazılan romana mənzum roman deyilir.
Poema
redaktəİri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir. Lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş.İ.Xətainin "Dəhnamə", M.Fizulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M.F.Axundzadənin "A.S.Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S.Vurğunun "Bəsti", H.Arifin "Yolda", "Dilqəm", H.Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Xatirə
redaktəMüəllifin şəxsən şahidi olduğu hadisələri əks etdirən əsərə deyilir. Ədəbiyyatşünaslıqda xatirə ədəbiyyatına memuar da deyilir. Bu janrın əsasında yazıçının gündəlik qeydləri və ya xatırladığı hadisələr dayanır. Xatirədə çox vaxt vahid sujetxətti olmur.
İstinadlar
redaktə- ↑ Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958. s.137
- ↑ Nəhmətova K. A. Abbasqulu Ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi Arxiv surəti 14 sentyabr 2024 tarixindən Wayback Machine saytında. Bakı: "Elm və təhsil" NPM, 2013, 116 s.