Ferec Bey Agayev - Wikipedia
Fərəc bəy Ağayev (rus. Николай Николаевич Агаев; 4 dekabr 1814, Şuşa – 26 noyabr 1891, Tiflis) — çar ordusunun general-leytenantı. Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı. Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən Zərdabinin Tiflisdə təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olmuşdur.[1]
Fərəc bəy Ağayev | |
---|---|
rus. Николай Николаевич Агаев | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1814 |
Doğum yeri | |
Vəfat tarixi | 26 noyabr 1891 (76 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəGeneral-leytenant Fərəc bəy Ağayev Qarabağın Şuşa şəhərində 1811-ci ildə adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb[2].
Fəaliyyəti
redaktəXidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy Ağayev xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F. Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağ azərbaycanlılarından ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına daxil edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan F. Ağayev hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə "Cəsurluğa görə" yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli "Müqəddəs Anna" ordeni və ikinci dəfə birinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.
1853–1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor rütbəsinə layiq görülür. Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev 1891-ci ildə 26 noyabrda 80 yaşında Tiflisdə vəfat etmişdir[2]..
Mənbə
redaktə- Şəmistan Nəzərli, "Azərbaycan generalları".
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2009-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-02.
- ↑ 1 2 Nəzirli Ş. Ə. Azərbaycan generalları. B.; Gənclik, 1991, 208 səh.