Faiq Ceferov Fizioloq - Wikipedia
Faiq İlahi oğlu Cəfərov (20 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001)[1]
Faiq Cəfərov | |
---|---|
Faiq İlahi oğlu Cəfərov | |
Doğum tarixi | 20 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 2008 (68 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Həyatı
redaktəFaiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun Normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.[1][2]
1972-1978-ci illərdə F.Cəfərov Müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür.
1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı, universitetin I müalicə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi.[1]
F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır. O, 1 monoqrafiyanın, 2 dərsliyin, 4 dərs vəsaitinin, 10-dan artıq metodik göstərişin, 4 səmərələşdirici təklifin, həmçinin "İnsan fiziologiyası", "Fizioloji terminlər lüğəti", "Aclıq və susuzluğun mexanizmləri" adlı kitabların müəllifi olmuşdur.[1]
İstedadlı alim 1991-ci ildən AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və Nəzəri Fənlər üzrə Problem Komissiyasının və Metod Birləşməsinin üzvü, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı bölməsi üzrə ekspert şurasının, 2001-ci ildə Beynəlxalq Bioqrafik Assosiasiyasının üzvü, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti, 1999-cu ildə MDB ölkələrinin Fizioloqlar Cəmiyyətinin və 1998-ci ildə isə Avropa Neyrokimya Cəmiyyətinin üzvü olmuşdur.[1]
O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[1]
Vəfatı
redaktəFaiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir.[1]
Mükafatları
redaktəFaiq Cəfərov Respublikanın "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Cəfərov Faiq İlahi oğlu". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ “Azərbaycan tibb elminə ağır itki üz vermişdir”, "Xalq qəzeti", 31 yanvar 2008-ci il.