Finlandiya Emekcilerinin Konfederasiyasi - Wikipedia
Finlandiya Əməkçilərinin Konfederasiyası (fin Toimihenkilökeskusjärjestö, isv. Tjänstemannacentralorganisationen) — Finlandiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri.[1] Baş qərargahı Helsinki şəhərində yerləşir.[1]
Finlandiya Əməkçilərinin Konfederasiyası | |
---|---|
fin Toimihenkilökeskusjärjestö isv. Tjänstemannacentralorganisationen | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi |
1946 1993 |
Mərkəzi | Helsinki |
Sədr | Antti Palola |
sttk.fi |
Tarixi
redaktəKonfederasiyanın iki yaranma tarixi var:[1]
Birinci dəfə 1946-cı ildə yaranıb. Təşkilat uzun illər fəaliyyət göstərsə də, bir o qədər də nüfuza sahib ola bilməyib və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyəti həm də İkinci dünya müharibəsindən sonra ölkədə iqtisadi, siyasi və sosial sahələrdə yaşanan çətinliklərlə əlaqələndirirdilər.[1]
İkinci dəfə isə 1993-cü ildə bir qrup Finlandiya əməkçisi bir araya gələrək təşkilatı yenidən yaradıblar.[1]
Tərkibi
redaktəİlk dövrdə Konfederasiyaya yalnız qeyri-formal iqtisadiyyatda çalışanlar və muzdlu işçilər üzv idi. Zaman keçdikcə bir-birinin ardınca digər sektorlarda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları da konfederasiyanın tabeçiliyinə keçirlər. Hazırda 650 min üzvü olan və 18 təşkilatı özündə cəmləşdirən təşkilat ölkədə fəaliyyət göstərən üç ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatından biridir.
Konfederasiyanın sıralarında qadınlar çoxluq təşkil edir. Belə ki, üzvlərinin 70 faizi qadın, 30 faizi isə kişilərdir.
Fəaliyyəti
redaktəTəşkilat hər zaman çalışır ki, ölkənin iqtisadi inkişafı balanslaşdırlmış formada aparılsın. Konfederasiya bu işdə aparıcı rol oynayır. Bununla yanaşı, konfederasiya hər bir işçiyə bərabər hüquq verilməsi və münasibətin olması siyasətini irəli sürür. Maaşların bölünməsində kişi və qadınlar arasında ayrı-seçkiliyə yol verməmək, işçilərlə bağlı qərar qəbul edilərkən onların münasibətini öyrənmək kimi məsələlər təşkilatın tələblərindəndir. Qurum əməkçilərin peşəkarlığının inkişafını təmin etmək üçün sahibkarlarla birlikdə müxtəlif proqram və layihələr hazırlayır.[1]
Çərçivə müqaviləsi
redaktəKonfederasiya ölkənin digər həmkarlar ittifaqları mərkəzlərindən fərqləndirən cəhətlərdən biri onun çərçivə müqavilələrinin bağlanmasına böyük önəm verməsidir. Çərçivə müqaviləsi işçilərin iqtisadi təhlükəsizliyinə əmək məhsuldarluğunun artırılması yolu ilə nail olmaq məqsədi daşıyır. Bu sənəddə həm əməkhaqqının, həm də muzdlu işçilərin alıcılıq qabiliyyətinin artırılması da öz əksini tapıb. Hər bir həmkarlar ittifaqı təşkilatı kimi FƏK də üçtərəfli əməkdaşlığa böyük yer verir. Hətta qurumun belə bir şüarı da var ki,
"Üçtərəfli əməkdaşlıq Finlandiya əmək bazarının əsas açarıdır".[1]
Ümumiyyətlə ölkənin əmək bazarı sistemi işçi və sahibkar münasibətlərinin, eləcə də hər üç tərəfin əməkdaşlığının güclü kökə söykənməsi üzərində qurulub.[1]
Beynəlxalq əlaqələri
redaktəKonfederasiya beynəlxalq münasibətlərə çox böyük yer verir. Beynəlxalq Həmkarlar İttifaqları, Avropa Həmkarlar İttifaqları konfederasiyaları və Həmkarlar İttifaqlarının Məsləhət Komitəsinin üzvüdür. Bununla yanaşı, Pan-Avropa Regional və Şimal Həmkarlar İttifaqları şuralarının, Baltikyanı ölkələrin Bastun Şəbəkəsi Həmkarlar İttifaqları ilə sıx əməkdaşlıq edir. Bu isə Finlandiya əməkçilərinin, onların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına şərait yaradır və həmkarlar ittifaqı hərəkatının, bütün Finlandiyanın həm Avropaya, həm də dünyaya inteqrasiyasını gücləndirir.[1]
Rəhbəri
redaktəTəşkilata 2013-cü ildən Antti Palola rəhbərlik edir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 AFAQ. Finlandiya Əməkçilərinin Konfederasiyası (FƏK) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 18.05.2013. (az.)
- ↑ Merikapteeni Antti Palola valittiin STTK:n puheenjohtajaksi. Arxivləşdirilib 2014-02-05 at the Wayback Machine Luukka, Teemu, HS.fi (fin.)
Xarici keçidlər
redaktə- sttk.fi — Rəsmi saytı