Firudin Meherremov - Wikipedia
Firudin Məhərrəmov (tam adı: Məhərrəmov Firudin Əliməmməd oğlu; 10 may 1959, Lerik rayonu) — teatr rejissoru,[1] ssenarist, Azərbaycanın xalq artisti (2018).
Firudin Məhərrəmov | |
---|---|
Məhərrəmov Firudin Əlməmməd oğlu | |
Doğum tarixi | 10 may 1959 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Əliməmməd |
Fəaliyyəti | ssenarist, rejissor |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəFirudin Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1966-cı ildə Sumqayıt 8 illik məktəbdə təhsil almağa başlayəb. 1970-ci ildə Sumqayıt şəhərində xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Macarıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra iki il kimya şirkətində çalışmışdır.
1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakültəsinə qəbul olunmuş eyni zamanda professor Xalq artisti Azərpaşa Neymətdən dərs almışdır. 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarixçəsi" (Rey Bredberi), "Kamança"(Cəlil Məmmədquluzadə), "Şirə bənzər"(R. İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş verən F. Məhərəmovun rejissor traktovkaları sənətşünaslar tərəfindən layiqincə qiymətləndirilmişdir. 1986-cı ildə tələbə kimi quruluş verdiyi M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" tamaşası Azərbaycan televiziyasında lentə alınaraq nümayiş olunmuşdur. Elə həmin il də institut bu tamaşanı Gürcüstana qastrol səfərinə göndərmiş, tamaşa xeyriyyə məqsədilə oynanmışdır. Məşhur gürcü rejissorlarından R. Strua və T. Çxeidze tamaşa haqda müsbət fikirlər söyləmişlər. 1987-ci ildə V. Şukşinin "Diribaş adamlar"əsərinə verdiyi quruluşla o, Sumqayıt teatrına quruluşçu rejissor vəzifəsinə qəbul olunub. 1989-cu ildə R. Kiplinqin "Öz xoşuna gəzən pişik" əsərinə verdiyi quruluş, onu kiçik yaşlı tamaşaçıların sevimlisinə çevirib. Bu tamaşa da lentə alınaraq dəfələrlə Respublika televiziyası ilə nümayiş olunub. Məktəbyaşlı uşaqların mənəvi tərbiyəsində ciddi rol oynayan bu tamaşa Respublika televiziyasının Qızıl fondunda saxlanılır. Həmin fondda F. Məhərrəmovun quruluş verdiyi daha bir tamaşanın Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyasının lenti də saxlanılır. Sumqayıt teatrında bir-birinin ardınca müxtəlif xatakterli tamaşalar F. Məhərrəmovun istedadlı rejissor olduğunu bir daha sübuta yetirdi. Onun quruluş verdiyi "Təxribatçılar" (S. Mrojek), "Subaylarınızdan görəsiniz" (İ. Məlikzadə və S. Ələsgərov), "Yaralar" və "Kim nə deyər bizdə olan qeyrətə" (A. Babayev), "Qarışqa yuvası" (Ə. Qiyas) və s. tamaşalar F. Məhərrəmovun yaradıcılıq potensialını üzə çıxartmışdır. F. Məhərrəmov 4 pyesin tərcüməçisi, 5 pyesin isə müəllifidir. O, Azərbaycan Respublikasında mütəmadi keçirilən mono-tamaşalar festivallarının diplomçusu və laureatı adına layiq görülüb. Ailəlidir, 1 övladı var.
Yaradıcılığı
redaktəFirudin Məhərromov Respublikada mütəmadi keçirilən mono-tamaşalar festivallarının diplomçusu və laureatı adına layiq görülmüşdür.
Səhnələşdirərək quruluş verdiyi "Hamlet" (V. Şekspir) "Aydın" (C. Cabbarlı) və O. Fikrətoğlunun "Qapı" mono-tamaşaları sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Xüsusilə "Hamlet" mono-tamaşasına görə "Rejissurada cəsarətli addım prizi"nə və pul mükafatına layiq görülmüşdür. 1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş, Beynəlxalq "Qızıl maska" festivalında F. Məhərrəmov quruluş verdiyi "Müsyo Jordan və Dərviş Məstəli şah" (M. F. Axundov) tamaşasına görə "Klassik əsər üzərində uğurlu eksperiment" prizi ilə təltif olunmuşdur. 2000-ci ildə Respublikada keçirilən "Klassik tamaşalar festivalı" nda C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" tamaşası teatr tənqidçiləri tərəfindən festivalın ən samballı klassik tamaşası kimi qiymətləndirilmişdir. "Festivallar festivalı"nda isə F. Məhərromovun quruluş verdiyi Ə. Qiyasın "Qarışqa yuvası" tamaşası mükafata layiq görülməklə yanaşı festival repertuarını bəzəyən tamaşalar sırasında özünəməxsus yer tutmuşdur. Eyni zamanda bu tamaşa türkiyənin Ərzurum şəhərində keçirilən Beynəlxalq Teatr festivalında diploma layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasında keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında F. Məhərrəmov Ç. Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş" povestinin motivləri əsasında səhnələşdirdiyi "Ümid sahili" tamaşasına görə "Uğurlu aktyor ansamblı"- rejissor prizinə layiq görülmüşdür. Elə həmin ildə Aqşin Babayevin "Xilaskar" əsərinə quruluş verməklə ildə Azərbaycan teatr tarixindı ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin bədii obrazını dolğunu ilə səhnəyə gətirmişdir. Tamaşa teatr ictimaiyyətinin və geniş tamaşaçı auiditoriyasının rəğbətini qazanmış, dəfələrlə respublika televiziyasında nümayiş olunmuşdur. F. Məhərrəmov qərb yazarlarının əsərlərini də böyük uğurla tamaşaya qoymaqda davam edir. İngilis yazıçısı Con Qolsuorsinin eyni adlı povesti əsasında səhnələşdirdiyi "Birincilər və sonuncular" tamaşası Türkiyənin Ankara şəhərində keçirilən "Uluslararası teatr festivalı"na dəvət almış, festivalda uğurlu çıxışı ilə türk tamaşaçılarının və münsiflər heyətinin rəğbətini qazanaraq diplom və hədiyyələrə layiq görülmüşdür.
F. Məhərrəmovun quruluş verdiyi daha bir tamaşa Yucin O`Nilin "Qarağaclar altında məhəbbət" tamaşası 2008-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
F. Məhərrəmov Sumqayıt teatrında işləməklə yanaşı Azərbaycan Respublikasında bir çox teatrları ilə də yaradıcılıq əlaqələri saxlamış və ayrı-ayrı vaxtlarda Ş. Qurbanov adına Musiqili Komediya teatrında" "Hicran", Füzuli Dövlət Dram teatrında "Danabaş kəndinin əhvalatları" , İrəvan teatrında E. Əfəndiyevin "Poçt şöbəsində xəyal", Anarın "Telefon gecələri", Lənkəran Dövlət Dram Teatrında Çingiz Aytmatovun "Gün var əsrə bərabər" povesti əsasında "Manqurt", Qazax Dövlət Dram Teatrında M. F Axundzadənin "Xırs quldurbasan", Şuşa Dövlət Dram Teatrında "Əli Əmirlinin "Varlı Qadın" tamaşalarına quruluş vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C. Məmmədquluzadənin "Anamın kitabı", H. Mirələmovun "Vəsiyyət" tamaşaları uzun müddət teatrın repertuarında qalmaqdadır. Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin "Ana" tamaşası isə F. Məhərrəmova 2-ci dəfə "Qızıl Dərviş" mükafatını qazandırmışdır. 2011-ci ildə Amerikada fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiası Firudin Məhərrəmovu orada Azərbaycan teatrı açması üçün dəvət edir. Teatrın açılışı M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" əsəri ilə olur. Bununla da Amerikada ilk Azərbaycan teatrının əsası qoyulur. Elə həmin il də o Amerikada keçirilən Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş bayram tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. O 2012-ci ildə M. F. Axundzadənin 200 illik yubileyi çərçivəsində həmin əsərə yenidən quruluş verir, tamaşa Hindistanda keçirilən ənənəvi Beynəlxal Teatr Festivalında uğurla çıxış edərək diploma layiq görülüb. 2018-ci ildə Turqut Özakmanın "Ocaq" tamaşası ilə Türkiyənin Mersin şəhərində keçirilən Teatr festivalında çıxış edərək diploma layiq görülmüşdür. F. Məhərrəmov 2005-ci ildə Respublikanın "Əməkdar Artisti" fəxri adına, 2008-ci ildə "Tərəqqi medalı"na, 2018-ci ildən isə "Xalq Artisti" və "Prezident mükafatçısı"dır. 2012-ci ildən "Yeni Azərbaycan Partiyası"nın üzvüdür. F. Məhərrəmov 37 ildir ki Sumqayıt şəhərində keçirilən Dövlət səviyyəli tədbirlərin ssenari müəllifi olmaqla yanaşı, həm də quruluşçu rejissorudur. Onun quruluş verdiyi Heydər Əliyevin anadan olmasının 70, 75 və 80 illik, Zərifə Əliyevanın 90 illik yubiley tədbiri, Əziz Əliyev və Həsən Əliyevin yubileyləri, Mir Cəlal Paşayevə həsr olunmuş "Həmişə yanar ürək" adlı yubiley tamaşası və neçə-neçə Azırbaycan şair və mütəfəkkirlərinin eləcə də bayram və tədbirləri tamaşaçı rəğbəti qazanmışdır. 1987-ci ildən bu günə kimi F. Məhərrəmov Sumqayıt teatrının səhnəsində 30-dan çox əsərə quruluş vermişdir. Son iki ildə Sumqayıtlı tamaşaçılar onun hazırladığı "Bir köpək vardı" (G. Xuqayev), "Dağlarda tufan" (Ə. M. Lələdağ), "Qarağaclar altında məhəbbət" (Y. Onil), "Bayramın birinci günü" (N. Hikmət), "Mənim ağ göyərçinim" (T. Vəliyeva), "Varlı qadın" (Ə. Əmirli), "Qaraca qız"(A. Şaiq) "Birincilər və sonuncular" (C. Qolsuorsi), "Şərəfin sandığı" (M. Atəş) və s.uzun müddətli olmaqla yanaşı, tamaşaçılar tərəfindən sevilərək baxılan tamaşalardandır.
Quruluş verdiyi tamaşalar
redaktəSumqayıt Dövlət Dram teatrı:
- Vasili Şukşin "Diribaş adamlar" – 22.09.1987
- V. Kuzyomkin "Qırmızı çiçək" — 25.12.1988
- Reyqard Kiplinq "Öz xoşuna yaşayan pişik" – 19.03.1989
- Slavomir Mrojek " Təxribatçılar" (Polis) – 27.05.1990
- Şahmar Qəribli "Gəlin açıq danışaq" – 08.10.1990
- Fatma Həsənqızı "Sehirli mahnılar"– 28.12.1990
- Cahangir Məmmədov "Ayıq olun uşaqlar" – 19.03.1991
- Aqşin Babayev "Yaralar" – 05.11.1991
- Lev Ustinov "Cəsur qurbağa balası" – 01.01. 1992
- İsi Məlikzadə, Süleyman Ələsgərov "Subaylarınızdan görəsiniz"-25.11.1992
- Vilyam Şekspir "Hamlet" (mono-tamaşa) – 16.12.1992
- Cəfər Cabbarlı "Aydın" (mono-tamaşa) – 05.02.1994
- Cahangir Məmmədov, Firudin Məhərrəmov"Şərxanın şər oyunu"20.03.1995
- Mirzə Fətəli Axundzadə "Müsyo Jordan və Dərviş Məstəli şah"-20.04.1995
- Firudin Məhərrəmov "Cinbalalar" – 20.03.1996
- Orxan Fikrətoğlu "Qapı" (mono-tamaşa) – 18.12.1996
- İsi Məlikzadə "Subaylar" (2-ci quruluş) – 20.12. 1997
- Əvəz Lələdağ "Batmanla gələn dərd" – 17.04.1998
- Aqşin Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – 25.06.1998
- Əyyub Qiyas "Qarışqa yuvası" – 28.07.1998
- Firudin Məhərrəmov "Oğuzlar" – 08.10.1999
- Cəlil Məmmədquluzadə "Danabaşlılar" – 10.11.1999
- Tamara Vəliyeva "Mənim ağ göyərçinim" – 11. 02. 2000
- Əvəz Mahmud Lələdağ "Dağlarda tufan" – 11.02.2001
- Geori Xuqayev "Bir köpək vardı" – 08.11.2001
- Geori Xuqayev "Ailə" – 14.03.2002
- Diyor Şpiro "Toyuq başı" (mono-tamaşa) – 09.06.2002
- Vaqif Əlixanlı "Başdaşı" (mono-tamaşa) – 09.06.2002
- Çingiz Aytmatov "Ümid sahili" (Dəniz kənarıyla qaçan alabaş" povesti əsasında səhnələşdirən Firudin Məhərrəmov) – 26.12. 2004
- Yucin O’ Nil "Qarağaclar altında məhəbbət" (Qızıl Dərviş mükafatı) – 15.05.2004
- Famil Süleymanov "Qisas" – 2004
- Aqşin Babayev "Xilaskar" – 07.05.2005
- Nazim Hikmət "Bayramın birinci günü" – 18.11.2005
- Əli Əmirli "Varlı qadın"– 25.07. 2006
- Abdulla Şaiq "Qaraca qız " – 03.01.2007
- Mərkəz Qacar "Qabanın səfəri" – 08. 05. 2007
- Con Qolsuorsi "Birincilər və sonuncular" – 22.07. 2007
- Firudin Məhərrəmov "Maskalı düşmən" – 16.03. 2009
- Mirzağa Atəş "Şərəfin sandığı" – 19. 02.2010
- Əli Əmirli "20 ildən sonra" – 22.12.2010
- Elçin "Qatil" – 19.06.2011
- Mirzə Fətəli Axundzadə "Müsyo və Dərviş" (yeni quruluş) – 17.05.2012
- Əziz Nesin "Öldür məni canciyər" – 19. 06. 2014
- Hidayət "Burdan min atlı keçdi" – 29.09.2015
- Mirzə Fətəli Axundzadə "Hacı Qara"– 17.11.2015
- Atol Fuqart "Qan qardaşları" – 2016
- İsi Məlikzadə "Toy olsun" – 03.03. 2017
- Turqut Özakman "Ocaq" – 18.07.2018
- Əfqan "Atilla" – 14.11.2017
- Nizami Muradoğlu "Zülmətdə nur" – 23.02.2018
- Abdulla Şaiq "Tıq-tıq xanım" – 14.03.2019
- Əli Əmirli "Sevgilim Sumqayıt" – iyun 2019
- Ülviyyə Heydərova ‘‘Uşaqlıq’’- mart 2020
- Hafiz Ataxanlı " Xəzinə"
- Hafiz Ataxanlı " Missiya"
Akademik Milli Dram Teatrında
- Cəlil Məmmədquluzadə "Anamın kitabı" – 2012
- Hüseynbala Mirələmov "Vəsiyyət" – 2016
Akademik Musiqili Teatrında
- Sabit Rəhman, Emin Sabitoğlu "Hicran" – 1993
- Pərviz Seyidli "İstintaq" – 2019
İrəvan Dövlət Dram Teatrında
- Anar "Telefon gecələri" – 2002
- İlyas Əfəndiyev "Məhv olmuş gündəliklər" – 2003
- Marat Haqverdiyev "Ağ ölüm" – 2004
- Elçin "Poçt şöbəsində xəyal" – 2005
- İsi Məlikzadə "Subaylarınızdan görəsiniz" – 2006
- Anar "Təhminə və Zaur" – 2007
- Astrid Linqren "Karlson" – 2012
- Hidayət "Burdan min atlı keçdi" — 2014
Fizuli Dövlət Dram Teatrında
- Cəlil Məmmədquluzadə "Danabaşlılar" – 1996
- Cəfər Cabbarlı "Aydın" –1999
- Mərkəz Qacar "Qabanın səfəri" –1998
Mingəçevir Dövlət Dram Teatrında
- Hüseyn Cavid "Ana" – 2003 (Qızıl Dərviş mükafatı)
- İsi Məlikzadə "Subaylar" – 2006
Lənkəran Dövlət Dram Teatrında
- Çingiz Aytmatov "Manqurt" – 2010
- Cəfər Cabbarlı "Vəfalı Səriyyə" – 2019
Qazax Dövlət Dram Teatrında
- Mirzə Fətəli Axundzadə "Xırs quldurbasan" – 2012
Şuşa Dövlət Dram Teatrında
- Əli Əmirli "Varlı qadın" – 2014
Amerika Nyu-York Azərbaycan Teatrında
- Mirzə Fətəli Axundzadə "Müsyo və Dərviş " – 2011
Nəsimi folklor özəl teatrında
- Cahangir Məmmədov "Sevməyə vətən yaxşı" — mart 1990
- Cahangir Məmmədov "Ay qız kimin qızısan" – iyul 1990
Səhnələşdirdiyi əsərlər
redaktə- "Batmanla gələn dərd" – Əvəz Lələdağın şeirləri əsasında
- "Danabaşlılar" – C. Məmmədquluzadənın povesti əsasında
- "Ümid sahili" – Ç. Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" povesti əsasında
- "Manqurt" – Ç. Aytmatovun "Gün var əsrə bərabər povesti əsasında
- "Qapı" – Orxan Fikrətoğlunun hekayəsi əsasında
- "Qisas" – Famil Süleymanovun romanı əsasında
- " Tik-Tik xanım" — Abdulla Şaiqin əsəri əsasında
- "Burdan min atlı keçdi" – Hidayətin əsəri əsasında
Quruluş verdiyi tədbir və yubileylər
redaktəSumqayıt Dövlət Dram teatrı
- "Qızıl toy". Aktyor Məmməd Ələkbərovun 70 illiyi
- Aktyor Valeh Kərimovun 50 və 60 illiyi
- Məhəmməd Fizuli 500 illiyi
- "Bir gün də insan ömrüdür". Dövlət xadimi Əziz Əliyevin 100 illiyi
- Aktyor Məzahir Süleymanovun 55 illiyi
- "Qələbə" – Böyük Vətən müharibəsinin 50 illiyi
- Aktyor Tofiq Bayramovun 50 illiyi
- "Təbiət ozanı" – Həsən Əliyevin 100 illiyi
- "Ulu öndər, dahi rəhbər" – Heydər Əliyevin 75 və 80 illiyi
- "Tariximizdə qızıl nişan" – Naxçıvanın 85 illiyi
- "Bahar oğlu" – Cəfər Cabbarlının 100 illiyi
- "Qisas qiyamətə qalmaz" – Xocalı faciəsi
- "Döyüş alnımıza yazılıb" – 20 yanvar faciəsi
- Səməd Vurğunun 100 illiyi
- Məmməd Arazın 60 illiyi
- Sabit Rəhmanın 90 illiyi
- "Xəzan yarpaqları" – Hüseyn Cavidin 125 illiyi
- Sumqayıt Dövlət Dram Teatrının 25, 40 və 50 illikləri
- "Azərbaycan andım mənim"– 28 may təntənəsi
- "Həmişə yanar ürək"– Mir Cəlal Paşayevin 100 illiyi
- Sumqayıt şəhərinin 50 və 60 illikləri
- Bülbülün 100 illiyi
- Azərbaycan teatrının 138 illiyi
- "Nurlu ömrün akkordları" – Zərifə Əliyevanın 90 illiyi
- Zəlimxan Yaqubun 50 illiyi
Akademik Milli Dram teatrında
- Ağasadıq Gəraybəylinin 120 illiyi
- Mikayıl Mirzənin 90 illiyi
Amerika Nyu-York şəhərində
- Azərbaycan Dövlət Müstəqilliyi bərpasının 20 illiyi
Filmoqrafiya
redaktə- "Yanmış körpülər" – 25 seriya
- İynə-sap" – 4 seriya
- "Şans" – 2 seriya
- "Susmuş vicdan" – 20 seriya (V. Babanlının povesti əsasında)
- "Məhv olmuş gündəliklər" – 2 seriya (İ. Əfəndiyevin pyesi əsasında)
- "Qağayı" — 12 seriya
- "Oyunçu" – 10 seriya
- "Boyunbağı" – 12 seriya
- "Yadlar və doğmalar" – 2 seriya
- "Qorxu" – 2 seriya
- "Ömürlük əzab" – 40 seriya (V. Babanlının romanı əsasında)
- " Beşatılan" – 2 seriya.
Yazdığı pyeslər
redaktə- "Oğuzlar"
- "Maskalı düşmən"
- "Cinbalalar"
- "Məlikməmməd"
Tərcümələri
redaktə- Yuçin O’Nil "Qarağaclar altında məhəbbət (Həmtərcümə)
- Con Qolsuorsi "Birincilər və sonuncular" (həmtərcümə)
- L. Ustinov "Qəhrəman qurbağa balası" (həmtərcümə)
- Rüstəm İbrahimbəyov "Şirə bənzər"
Mükafatları
redaktəF. Məhərrəmov 2005-ci ildə Respublikanın "Əməkdar artisti" Fəxri adına, 25 sentyabr 2008-ci il "Tərəqqi" medalına, 2007-ci ildə, 2008-ci ildə, 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 7 may 2020-ci ildə[4], 7 may 2021-ci ildə[5], 10 may 2022-ci ildə[6], 6 may 2023-cü ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident mükafatına layiq görülmüşdür.
F. Məhərrəmov 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.[9]
10 mart 2024-cü ildə Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif olunub
30 sentyabr 2024-cü ildə Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi “Teatr xadimi” qızıl medalı ilə təltif olunub
İstinadlar
redaktə- ↑ Sumqayıt və Lənkəranda mövsümün son tamaşaları: "Öldür məni, can-ciyər" və "Cəhənnəm sakinləri": [Firudin Məhərrəmov və Gümrah Ömərin quruluşunda] //Mədəniyyət.- 2015.- 22 iyul.- S.5.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
Mənbə
redaktə- Siyavuş Əmirli, "20 ildən sonra…", "Bütöv Azərbaycan", № 34(122), 5–11 oktyabr 2011. səh.6