Firuze Kerimova - Wikipedia
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop
Firuzə Kərimova | |
---|---|
Firuzə Qədəşi qızı Kərimova | |
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Ağaxan Kərimov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | neftçi, filantrop |
Mükafatları |
Həyatı və təhsili
redaktəFiruzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır.
Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi.
Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır. Bu klubun azərbaycanlı qadınların azadlığa çıxmasında böyük rolu olmuşdur.
1920-ci ildə Balaxanıda da "Türk qadınlar klubu" təşkil olunur. Klubun nəzdində uşaq bağçası, dram dərnəyi, kitabxana, əl işləri dəməyi və s. fəaliyyət göstərirdi. Firuzə xanım yeni açılmış qadın klubunun kitabxanasında və uşaq bağçasında işləyirdi.
Balaxanıda fəaliyyət göstərən "Turk qadınlar klubunda" Nəriman Nərimanov, Səmədağa Ağamalıoğlu, Mirbəşir Qasımov, Həbib Cəbiyev kimi mübarizlər çıxış etmişlər.
Firuzə xanım müəllim olmaq istəyirdi. O, xalq təhsili İnstitutuna daxil olub biliyini artırmaqla bərabər, məktəbdə uşaqların təhsilinədə nəzarət edirdi.
Çadralarını tullamış azərbaycanlı qadınlara mövhumatçı din xadimləri hər vəchlə divan tuturdular. Belə bir şəraitdə "Türk qadın klubunun" fəallarından biri Səriyyə Xəlilova idman paltarı geyindiyinə görə qardaşı və atası tərəfindən vəhşicəsinə öldürülmüşdür. Onun dəfni çoxminli insan izdihamına çevrilmişdi. S.Xəlilovanın dəfnində iştirak edən qadın klubunun üzvlərinin əksəriyyəti çadralarını atmışdı. F.Kənmova 1924-cü ilin yanvar ayında partiya sıralarına daxil olur, elə oradaca çadrasını başından açıb yerə tullayır. Azərbaycanda qadın hərəkatının təşkllatçılarından olan Ayna Sultanova Firuzə xanımın qəşəng simasını görüb deyir:
-Belə üzü çadra altında gizlətmək olar?!
Ölkə sənayesi inişaf etdikcə yüksək ixtisaslı mühəndis və texniklərə də ehtiyac artırdı. Bacarıqlı, işgüzar, gələcəkdə sənayenin sükanını əlində saxlaya biləcək işçilər sənaye institutuna, digər təhsil müssisələrinə göndərilirdi. Onların arasında Firuzə xanım da var idi.
Firuzə xanım Kərimova birinci azərbaycanlı qadın idi ki, 1932-ci ildə Zaqafqaziya Sənaye Akademiyasını bitirib mühəndis diplomu almışdı.
1932-ci il dekabrın 23-də Stalin rayonunun mədəniyyət sarayında akademiyanı bitirənlərə diplom təqdimatı ilə bağlı təntənəli mərasimin rəyasət Heyətində Ak(b)P MK və Bakı Komitəsinin katibləri, Azərneftin rəisi və Akademiyanın rektoru ilə bir sırada Firuzə xanım Kərimova da var idi.
Mühəndis diplomunu alarkən Firuzə xanım demişdi:
Elə günlər var ki, onu yaddan çıxartmaq olmaz, onlardan biri qara çadranı atan gün idi, digəri neft komandiri, təşkilatçı mühəndis diplomu alan gün! |
İş fəaliyyəti
redaktəMühəndis vəzifəsində işlədiyi ilk vaxtlar onun üçün ağır idi. Tabeçiliyində işləyən kişi neftçilər, fəhlələr qadının bu ağır işin öhdəsindən gələcəyinə inanmırdılar. Belə deyənlər var idi: "Neft qadın işi deyil. Qadınsız neft çıxarılıb, yenə də çıxarılacaqdır. Qadın gedib bozbaşını bişirsin". İradəsi möhkəm olan Firuzə xanım kişilərin bu təntənəsini dəf edir və işi ilə, bacarığı ilə qadının ağır kişi işində işləyə bilməsini, böyük kollektivə rəhbərlik etmək bacarığını sübut edirdi. "Balaxanıneft" Neft Qazma İdarəsinə rəhbərlik edəndən bir qədər sonra burada qadınları sayı 77 nəfərə çatırdı ki, onlardan 7 nəfəri mühəndis, 15 nəfəri texnik idi.
Sonrakı illərdə Firuzə xanım "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir.
Firuzə xanım Kərimovanın nəvəsi, onun adını daşıyan Firuzə Sultanzadə vaxtilə nənəsinin neft çıxarılması üçün qazıdığı buruq yerlərində bu gün ekologiyanın təmiz saxlanılmasına nəzarət edir. O, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra Milli Akademiyanın aspiranturasında oxumuş. 1997-ci ildə "Abşeron yarımadasında torpaq örtüyünün ekoloji vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Mükafatları
redaktəFiruzə Kərimova qazandığı əmək nailiyyətlərinə görə ölkənin ən yüksək mükafatı – Lenin ordeni ilə təltif olunmuşdu.
Xatirələri
redaktəPensiyaya çıxdıqdan sonra Firuzə xanım Bakıxanov qəsəbəsində yaşamasına baxmayaraq, tez-tez Balaxanı kəndinə, 204 saylı məktəbə gəlir, bir vaxtlar onunla oxumuş məktəb direktoru Əfidə xanım Babayeva, Azərbaycanın əməkdar müəllimi Nuriyə Əliyeva ilə, şagirdləri ilə görüşürdü.
Maraqları
redaktəSon illər Firuzə xanım və onun həyat yoldaşı Ağaxan Kərimovun bir əyləncələri də var idi: qızılgül becərmək. Onların yaşadığı evin yaxınlığından keçəndə qızılgüllərin qoxusu adamları ətrə qərq edirdi. Qara rəngli, məxmər qızıl gül Kərimovlar həyətində becərmişdilər.[1]
Vəfatı
redaktəFiruzə xanım Kərimova 1965-ci ildə vəfat etmişdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Bizim və Sizin Balaxanı,səhifə 54–56, 300 nəşr.