Gence Herbi Mektebi - Wikipedia
Gəncə Hərbi məktəbi və ya Gəncə Podpraporşiklər Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli hərbi kadrlar hazırlayan təhsil müəssisəsi.[1]
Fəaliyyəti
redaktə1918-ci ilin iyununda Gəncədə fəaliyyətə başlamışdı. Hələ 1918-ci ilin əvvəllərində Müsəlman korpusunun komandanlığı Bakıda hərbi məktəb açmağı planlaşdırmışdı. Korpusun komandiri general Əliağa Şıxlinski və qərargah rəisi polkovnik Menşukov 1918-ci il fevralm 6-da Qafqaz cəbhəsi qoşunlarının baş komandanına göndərdikləri raportda 1-ci müsəlman diviziyasının nəzdində Bakıda hərbi məktəbin açılmasına razılıq verilməsini xahiş etmişdilər. Məktəbdə, əsasən, 18–25 yaşlı müsəlmanlar, həmçinin Cənubi Qafqazda yaşayan ruslar təhsil ala bilərdilər. Hərbi məktəb 100 nəfər yunker üçün nəzərdə tutulmuşdu. Məktəbin təşkilati işləri Tiflisdə aparıldıqdan sonra Bakıya köçürülməsi qərara alınmışdı. 1918-ci il martın 1-də poruçik Cahangir Zeynaloğlu hərbi məktəbin (rusca arxiv sənədlərində "Musulmanskaya şkola podpraporşikov" adlanır) rəisi təyin edildi. Bakıda azərbaycanlılara qarşı 1918-ci il mart soyqırımlarından sonra hərbi məktəbin Gəncəyə köçürülməsi qərara alındı. 1918-ci il aprelin 2-də əvvəlcə Yelizavetpol dəmir yolu məktəbinin binasında, aprelin 9-da isə sənət məktəbinin binasında yerləşdirildi. Az sonra Gəncə hərbi məktəbi yenidən bağ-landı və onun zabitləri artıq polkovnik Maqalovun dəstəsində olan poruçik Nəsirbəyovun sərəncamına göndərildi.[1]
1918-ci ilin aprelində Zaqafqaziya Komissarlığı daşnak Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin qoşunlarına qarşı polkovnik Maqalovun rəhbərliyi altında Hacıqabula silahlı dəstə göndərmişdi. Dəstəyə Gəncə hərbi məktəbinin zabit heyəti də cəlb edilmişdi. Məktəbin müvəqqəti bağlanması barədə əmrdə bildirilirdi ki, kursantlar könüllülük əsasında sanitar kimi dəstəyə cəlb oluna bilərlər. Azərbaycanın müstəqilliyi elan olunandan sonra məktəbin fəaliyyətinin bərpasına şərait yarandı. 1918-ci il iyunun əvvəlində türk hərbçilərinin yardımı və yaxından iştirakı ilə əsası Müsəlman korpusu tərəfindən qoyulmuş hərbi məktəb Gəncədə fəaliyyətə başladı. Məktəbə qəbul norması 100 nəfər olsa da, orada oxumaq istəyən azərbaycanlıların sayı xeyli çox idi. Təlim prosesinə Gəncədə olan türk hərbi qüvvələrinin zabitləri cəlb edilmişdi. Gəncə hərbi məktəbinə albay (polkovnik) Atif bəy rəhbərlik edirdi. 1918-ci ilin oktyabrında Gəncə hərbi məktəbinin ilk buraxılışı oldu. Bu, Azərbaycan ordusunun milli kadrlarla təmin edilməsində tarixi əhəmiyyətli bir hadisə idi.
Gəncə hərbi məktəbinin buraxılış mərasimində iştirak etmək üçün Nəsib bəy Yusifbəyli, Əliağa Şıxlinski, Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy, Nuru paşanın atası Hacı Əhməd bəy və başqa rəsmi şəxslər Gəncəyə gəlmişdilər. 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin statusu dəyişdirildi və onun bazasında Praporşiklər məktəbi yaradıldı.[1]
Mənbə
redaktə- Süleymanov M., Azərbaycanda ilk milli hərbiyyə məktəbi, B., 2000.
İstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 416. ISBN 9952-417-14-2.