Hemdulla Efendi Efendizade - Wikipedia
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri.
Həmdulla əfəndi Əfəndizadə | |
---|---|
15 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1929 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllələnmə |
Partiya |
|
Təhsili |
Həmdulla əfəndi alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur.
Həyatı
redaktə1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir.
Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri[2] olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı[3]
Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı. Ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Həmdulla əfəndinin silahlı dəstələri qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edirdilər. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli əfəndinin və Cağarlı Hətəm ağanın başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevik-erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi.[3]
Azərbaycanda Sovet hakimiyyəti qurulandan dərhal sonra Həmdulla əfəndini həbs etmək cəhdi 1920–1921-ci illərdə qəzada sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş, üsyanın yatırılması "yüzlərlə qızıl əsgərin həyatı hesabına" başa gəlmişdi. Bu hadisələrdən bir müddət sonra dağlarda gizlənən Həmdulla əfəndi hakimiyyət qarşısında "bəraət qazana bilmiş" və azad dinc yaşamaq üçün hökumətdən "mandat" almışdı. 1920–1926-cı illərdə respublika DİXK DSİ tərəfindən dəfələrlə Həmdulla əfəndini "aradan götürmək" üçün müxtəlif tədbirlər görmüş, lakin bütün bu cəhdlər əhalinin ayıqlığı və "onun bacarıqlı siyasəti" nəticəsində boşa çıxmışdı. DSİ-nin bütün məxfi yazışmalarda Həmdulla əfəndi Sovet hakimiyyəti üçün "təhlükəli element" sayılırdı: "Bığıcı, Zığlı, Gəndob, Ügah, Leyti, Ləcəd və digər kəndlərin Əfəndiyevin təsiri altında olan kəndlilərindən heç biri hakimiyyətin gördüyü işlərdə fəal iştirak etmir, bütün seçkilər Əfəndiyevlərin göstərişi və qərarları ilə keçirilir, hətta bu kəndlərin heç birində partiyaçıya və ya komsomola rast gəlmək mümkün deyildir, çünki Əfəndiyev buna icazə vermir …".[3]
1927-ci ildə, bütün ölkədə "əksinqilabi elementlərin ləğv edilməsi" üzrə fəal kampaniya aparılarkən və SSRİ DİXK tərəfindən böyük siyahılar tərtib edilərkən, Həmdulla əfəndinin adı Az. SSR Dəvəçi rayonu üzrə belə bir siyahıya başçılıq edirdi. O, 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az. DSİ tərəfindən Az. SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilir. Lakin belə bir gərgin və son dərəcə mürəkkəb siyasi şəraitdə qohumları və dindaşları ilə bərabər Quba qəzasının hətta erməni kəndi Kilvarın əhalisi də Həmdulla əfəndinin müdafiəsinə qalxır. Həmdulla əfəndinin istintaq işində bu kəndin 90 nəfər erməni kəndlisi tərəfindən imzalanmış bir sənəd var. Bu sənəddə deyilir:
Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı həmişə xeyirxah olmuşdur, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir, ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər, yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq"[4]
Bu məktub, təbii ki, həbsdə olan Həmdulla əfəndinin taleyinə təsir göstərmir. 4 mart 1928-ci il tarixində o, "Sovet quruluşu idarəçiliyinə qarşı cinayətlərdə və quldurluqda iştirakda" ittiham edilir, 17 iyul 1928-ci ildə isə Az. DSİ Kollegiyası tərəfindən "sosial müdafiənin yüksək cəzasına – güllələnməyə" məhkum edilir. (333) Hökm Oktyabr İnqilabının 10 illiyi münasibətilə elan olunmuş amnistiyanın Həmdulla əfəndi Əfəndizadəyə şamil edilməməsi haqqında Az. SSR təhlükəsizlik orqanlarının vəsatəti təsdiq edildikdən dərhal sonra – 1929-cu il avqustun 3-də yerinə yetirilir.[4]
Fəaliyyəti
redaktəSiyasi fəaliyyəti
redaktəƏfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, İttihad Partiyasının fəal üzvlərindən olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, İttihad fraksiyası üzvü olmuşdur. Həmdulla əfəndi eyni zamanda Bakı qubernatorunun iki köməkçisindən biri idi (digəri Əli bəy Zizikski).
Xeyriyyəçilik fəaliyyəti
redaktəXeyriyyəçi olan Həmdulla əfəndi mahaldakı yetimləri himayə etmiş, kasıb və imkansız ailələrə mütəmadi yardımlar göstərmiştir. O, 1916-cı ildə baş verən quraqlıq zamanı da öz taxıl ehtiyatını əhaliyə paylamışdır. Təhsilə və elmə böyük önəm verən Həmdulla əfəndi müsəlman uşaqların təhsil alması üçün Qələgahdakı evini məktəbə çevirmişdir.
Zəiflərin hamisi
redaktəHaqqı nahaqqın ayağına verməyən Həmdulla əfəndi kimliyindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq həmişə zəifləri və məzlumları müdafiə etmişdir. Quba hadisələri vaxtı zərər çəkmiş müsəlman əhalini erməni terrorçulardan müdafiə etdiyi kimi, müsəlmanlara qarşı terror və qətl aktlarında iştirak etməyən Kilvar ermənilərini də müdafiə etməsi buna bariz misaldır. Kilvardakı məzlum erməniləri himayə etdiyindən ermənilərin Bakıdakı yepiskopu Baqrat Həmdulla əfəndiyə təşəkkür məktubu ünvanlamışdır: Azərbaycan Məclisi-Məbusan üzvü möhtərəm Həmdulla əfəndi Əfəndiyev cənablarına Bakı erməni yeparxialni naçalniki [yeparxiya idarəsi sədri] yepiskop Baqrat tərəfindən göndərilən təşəkkürnamənin eyni:
"Möhtərəm Həmdulla əfəndi!
Quba mahalında vaqe Gilvar adlı erməni kəndinin əhalisi və o kəndin keşişi mənə məktubən bəyan edirlər ki, siz öz bəradəriniz [qardaşınız] və əqvamınız [qohumlarınız] ilə Gilvar ermənilərini hər dürlü təsadüfi balalardan xilas edib, daima onlara xeyirxah olmusunuz. Neçə gün bundan əvvəl həmən erməni kəndi Gilvardan mənim yanıma bir heyət gəlib, bizzat [şəxsən] sizin insaniyyətpərvər xidamatınızı [xidmətlərinizi təsdiq etdilər. Binaileyh [ona görə], Bakı erməni yeparxiya naçalniki olmaq hasabi [səbəbi] ila özümə mənəvi vəzifə bilirəm, möhta ram Hamdulla afandi, sizin Gilvar əhalisinə olan böylə rəftarınıza qarşı səmimi təşəkkürümü izhar edim. Cənabi-Haqq sizə və sizin ailənizə müin [kömək] olsun.
Kamali-ehtiram ilə Bakı erməni yeparxiyalni naçalniki Baqrat"[5]
Hərbi fəaliyyəti
redaktəHəmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il "Qanlı Dərə" döyüşündə Həmdulla əfəndinin hərbi məharəti və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir.
Sarvan döyüşü
1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Həmdulla əfəndi Əfəndizadə öz tərəfdarları ilə birlikdə Şabran rayonu Sarvan stansiyasinda zirehli qatarın qarşısını kəsmiş, relslərin sökülməsi, barikadalarin qurulmasının tapşırıqlarını vermisdir. Lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür.
Quba üsyanında iştirakı
redaktəAvqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyana qalxır. Onlar kənddə iki nəfər milisi öldürüb və yeni hakimiyyətə itaətsizliklərini bəyan edirlər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərir. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas ola bilir. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərir. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş baş verir. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərir. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum edirlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarılır. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi.[6]
Aprel işğalından sonra Quba qəzasını bürüyən çıxışlar yerli hökumətin mərkəzə göndərdiyi məlumatlarda əks olunmuşdur. Belə ki 15 avqust, 15 sentyabr 1920-ci il tarixdə Quba inqilab komitəsi tərəfindən mərkəzə göndərilmiş hesabatlarda göstərilirdi ki, qəzanın ayrı-ayrı ərazilərində üsyanlar baş verir və həmin üsyanlar inqilabi komitə tərəfindən yatırılır. Bu üsyanların başlanmasının qığılcım rolunu Kuzun hadisələrinin oynadığı xüsusi qeyd olunurdu. Kuzun kəndində bəylərlə bolşeviklər arasında baş vermiş toqquşmalardan sonra Dəvəçi və Rustovda da canlanmanın baş verdiyi, bu toqquşmaların səbəbinin isə Qonaqkənd siyasi bürosunun üzvlərinin xalq arasında nüfuzu olan, AXC dövründə bölgədən millət vəkili olmuş Həmdulla əfəndini həbs etməyə cəhd göstərmələri olduğu bildirilmiş və yerli qüvvələr tərəfindən Həmdulla əfəndinin gizlədildiyi qeyd edilmişdi [4, v. 44-46]. Hesabatda qeyd olunmuşdu ki, kəndlilər Həmdulla əfəndinin əl yuduğu suyu belə şəfalı bilirlər və kəndlilər arasında onun hörməti çoxdur. Quba qəzasında özünə məxsus savadı, xeyirxahlığı, cəsurluğu ilə seçilən Həmdulla əfəndi nəslin dayağı sayılırdı. O nəinki Qələgahda, həmçinin qonşu kəndlərdə və nahiyələrdə, bütün Quba qəzasında ad çıxarmışdı. Sabitqədəm, prinsipial və ədalətli olduğuna görə o, yerli əhali arasında çox böyük nüfuza malik idi. Məlum məsələlərdən sonra 1928-ci ilin oktyabrın 25-də Quba Qəza İcraiyyə Komitəsini sədri Hüsü Hacıyev tərəfindən həbs edilərək Fövqəladə Komissarlığın sərəncamına göndərilsə də, Həmdulla əfəndinin həbs edilməsi üçün Azərbaycan SSR Baş Siyasi İdarəsinin Kollegiyası 1928-ci ilin iyulun 17-də qərar çıxarmışdı. Arxiv materiallarından məlum olur ki, Həmdulla əfəndi 1929-cu ildə SSRİ MİK-nin Rəyasət Heyətinin 3 iyul 1929-cu il tarixli qərarından sonra güllələnmiş, ailəsi, qohum-qardaşları isə 1930-cu ildə Naxçıvana sürgün edilmişdir [7, s. 285]. Mənbələrdə Dəvəçi nahiyəsində Həmdulla əfəndi qırmızılarla döyüşmək üçün 2 min nəfərlik dəstəyə malik olduğu qeyd edilmişdir. 1920-ci il sentyabrın 4-də Buduq kəndi ətrafında bolşeviklərin 420 nəfərlik hərbi dəstəsi ilə döyüşlərdə Həmdulla əfəndinin qırmızılara ciddi zərbə endirməsi barədə bəzi məlumatlar olsa da, bu döyüş barədə ətraflı məlumat əldə etmək mümkün olmamışdır [7, s. 276]. Yalnız bir sənəddə Buduqda çıxışın baş verdiyi və həmin hadisələr zamanı Mayıl, Həmdulla əfəndi, eləcə də onların yardımçısı, buduqlu Hacıbəyin iştirak etdiyi və hadisələrdən sonra inqilabi tribunal tərəfindən onlardan on nəfərinin güllələndiyi barədə qeydlər vardır [4, v. 91-93]. Məlumatlara görə Həmdulla əfəndiyə apardığı mübarizədə qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, həmçinin keçmiş müsavat zabitlərindən Şükür bəy İsmayılbəyov və Arif əfəndi Şıxzadədə köməklik etmişdilər. Hakimiyyət qəzadakı çıxışları yatırmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Görülən tədbirlərdən biri də Quba inqilab komitəsi üzvləri tərəfindən 1920-ci il 5 sentyabrda Dəvəçidə ictimaiyyətin iştirakı ilə iclas keçirilməsi olmuşdur. Orada mübarizəyə qalxmış sakinlərə tabe olmaqları tövsiyə olunmuş, həmçinin inqilab komitəsinin sədri Q. İsmayılov Nəriman Nərimanovun nümayəndəsi kimi Həmdulla əfəndi ilə danışıqlara hazır olduğunu bildirən bəyanat da yaymışdır [4, v. 70-71]. Doğurdan da Həmdulla əfəndi ilə İsmayılov arasında qan tökülməsinin qarşısının alınması ilə bağlı danışıqlar başlanmış, lakin istənilən nəticə əldə olunmamışdı. Bunu əsas götürərək hökumət tərəfindən qəzaya əlavə qüvvə göndərilmişdi [1, v. 59-60; 4, v. 44-46]. Danışıqlardan bir gün əvvəl, sentyabrın 4-də dördüncü süvari polkunun bir hissəsi kəşfiyyat məqsədilə Dəvəçi nahiyəsinə göndərilmiş, bir gün sonra qərargah rəisi Simirnov başda olmaqla bir hərbi dəstə Dəvəçiyə gəlmişdi. Ertəsi gün Dəvəçi stansiyasında toplaşmaq əmrini alan 32-ci diviziyanın 245-ci atıcı polku və 82-ci briqada qəzaya gəldi. Bu qədər böyük hərbi qüvvənin cəmləşməsinə baxmayaraq, Həmdulla əfəndidən ehtiyat edən bolşeviklər Xaçmazdakı 246-cı polku da səfərbər etmişdilər. Bəzi əsərlərdə həmin günlərdə AK(b)P MK-nın plenumunda Quba qəzasında antisovet hərəkatın ləğv edilməsi məqsədilə qərar qəbul edildiyi, Xalq Hərbi Dəniz Komissarı Ə.H.Qarayev, Azərbaycan İnqilab Komitəsinin müvəkkilləri L. D. Qoqoberidze, H. Ə. Həmidov, H. Ağaverdiyevin Qubaya gəldiyi, onlara Qızıl Ordu hissələrinə rəhbərlik və qəzaya kifayət qədər hərbi qüvvələr səfərbər etmək tapşırıldığı və Qubaya əlavə olaraq təpədən dırnağadək silahlanmış 5 mindən çox əsgər gətirildiyi, ümumiyyətlə isə qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olunduğu göstərilmişdir [7, s. 143]. Bölgəyə gələn qırmızı əsgərlər sentyabrın 6-da Həmdulla əfəndinin və onun dəstəsinin olduğu güman edilən bir neçə kəndi, o cümlədən Gəndob, Ləcət, Leyti, Zeyvə və Çiçi kəndlərini tutur və yandırırlar. Bolşeviklər qeydlərində kəndlərin od tutub yandığını, lakin oradan bir dənə də olsun quldurun tutulmadığı barədə yazılı arxiv məlumatları mövcuddur [4, v. 43]. Həmdulla əfəndi özü isə bu vaxt nahiyənin Qazağlı və Qələgah kəndləri ətrafında mövqe tutur. Güclü müdafiə xətti yaratmış Həmdulla əfəndi həmişəki kimi yenə də üstünlüyü hücuma verir. Sentyabrın 7-nə keçən gecə saat 2-də Həmdulla əfəndi bolşeviklərin avanqardı olan Şalomovun hərbi hissəsinə hücum edir və bolşeviklər hər tərəfdən mühasirəyə alındıqlarını görərək təslim olurlar. Tərki silah olunmuş dəstənin bütün silahları, o cümlədən pulemyotları Qələgah ətrafındakı mövqeyə gətirilir. Sentyabrın 7-də 245-ci atıcı polkuna Həmdulla əfəndini tərki-silah etmək və onun əsas mövqeləri olan Qələgah, Ləcədi, Sincanboyad, Qazağlı kəndlərini ələ keçirmək əmri verilir. Hakimiyyət bir neçə gün davam edən bu döyüşlərə nə qədər çox hərbi qüvvə sərf etsə də ona Həmdulla əfəndinin tərki-silah etmək nəsib olmur [165, v. 291]. Sentyabrın 7-də Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirir, 7 komandir və 60 əsgər isə ağır yaralanır [5, v.19-20; 7, s. 144]. İnqilab komitəsinə aid sənəddə Bakıdan əlavə qüvvə gəldikdən sonra üsyanların yatırıldığı, 500 nəfər kəndlinin öldürüldüyü, Əfəndinin isə yaralanaraq Mayıl ilə birlikdə dağlarda gizləndiyi qeyd olunmuşdu [1, v. 59-60; 4, v. 44-46].[7]
Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi.
Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.[8]
Azərbaycanda Sovet hökuməti qurultuqdan sonra (Mircəfər Bağırov Respublikada olmadığı vaxtda) Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 3 iyul 1929-cu il tarixində Nargin adasında güllələnmişdir. Bəzi qaynaqlar isə ayağına daş bağlanaraq Nargin adasından dənizə atıldığını söyləmişlərdir.
İstinadlar
redaktə- ↑ Dünyamalı, Kərim. "Bir soyun taleyi" (az.). Bakı: "Mütərcim". 2003. səhifə 181.
- ↑ Şahin Fazil. Quba tarixi. (Redaktorlar: Akademik Yaqub Mahmudov; tarix üzrə elmlər doktoru, prof. Tofiq Mustafazadə) II nəşr. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 700 s. səh 415.
- ↑ 1 2 3 Rüstəmova-Tohidi, 2013. səh. 107
- ↑ 1 2 Rüstəmova-Tohidi, 2013. səh. 108
- ↑ "Azərbaycan" qəzeti (1918-1920-ci illər). IV cild, səhidə: 273-274.
- ↑ "BOLŞEVİKLƏRİ LƏRZƏYƏ SALAN ÜSYAN". 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI, Tarix İnstitutu. "Elmi Əsərlər", cild 34-35 (az.). 2010. səhifə: 67-69. ISBN 35-978-9952-8212-0-8.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 352. ISBN 9952-417-14-2.
Ədəbiyyat
redaktə- Rüstəmova-Tohidi, Solmaz. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (PDF). Heydər Əliyev fondu. 2013.
- Qaffarov T., Azərbaycan tarixi (1920–1991), B., 1999;
- Rəhmanlı N., Çıraqqala yurdunun övladları, B., 2002.
- Şahin Fazil. Quba tarixi. II nəşr. B., 2016.
- Kərim Dünyamalı, Bir Soyun Taleyi, Bakı, 2003.