Hayari Miyake - Wikipedia
Hayari Miyake (三宅 速, Miyake Hayari?, 16 mart 1866, Anabuki[d], Tokuqava şoqunluğu – 29 iyun 1945, Okayama, Yaponiya imperiyası) – Yaponiya cərrahı. Yaponiyada cərrahiyyənin qabaqcıllarından biridir. Almaniya cərrahları Yulius Skribanın köməkçisi və İohann Mikuliç-Radetskinin tələbəsi olmuşdur. O, mədə cərrahiyyəsi üzrə ixtisaslaşmış, neyrocərrahiyyə sahəsində töhfələr vermişdir. Yaponiya Cərrahiyyə Cəmiyyətinin prezidenti olmuş, fizikaçı Albert Eynşteyn ilə dostluq etmişdir. Onun oğlu Hiroşi Miyake də cərrah olmuşdur.
Hayari Miyake | |
---|---|
yap. 三宅 速 | |
Doğum tarixi | 16 mart 1866 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 iyun 1945 (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi |
Uşağı |
|
Təhsili | |
Fəaliyyəti | cərrah |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri və təhsili
redaktəHayari Miyake 16 mart 1866-cı ildə Yaponiyanın Tokuşima prefekturasının Anabuki qəsəbəsində doğulmuşdur.[1] 1879-cu ildə Tokioya getmiş və 1881-ci ildə Tokioda yerləşən Alman Dili Məktəbinə daxil olmuşdur. 1887-ci ildə Tokio İmperiya Universitetində tibb təhsili almağa başlamışdır. 1891-ci ildə universitetdən məzun olduqdan sonra universitetin cərrahiyyə professoru Yulius Skribanın köməkçisi olmuşdur. 1893-cü ildə Skriba tərəfindən yetirilmiş əzilmiş kəllə sınığı əməliyyatı haqqında hesabat yazmışdır. Bu, Yaponiyada uğurla baş tutmuş kraniotomiya haqqında ilk belə hesabat olmuşdur.[2]
1889-cu ildə cərrariyyə təhsili almaq məqsədilə Almaniyanın Breslau şəhərinə getmişdir. Onun Breslau Universitetindəki müəllimi İohann Mikuliç-Radetski olmuşdur. Miyake 1898–1900-cü illərdə, eləcə də, 1903-cü ildə bir il 8 aylığına Breslauda yaşamışdır. O, Breslauda yaşadığı dövrdə cərrahiyyəni, xüsusilə də, professor Ferdinand Zauerbruxun rəhbərliyi altında mədə cərrahiyyəsini öyrənmişdir. O, burada neyrocərrahiyyə haqqında biliklər də əldə etmişdir.[2] Mikuliç Miyakeni çox sevmiş, ona burada qalmağı təklif etmişdir. Lakin Miyakenin atası onun Yaponiyaya qayıtmasını istədiyi üçün Miyake bu təklifi qəbul etməmişdir.[3] Miyake Yaponiyaya qayıdanda Mikuliç onun Breslaudakı fəaliyyətini əks etdirən sertifikat təqdim etmiş, onu Yaponiya cərrahiyyəsinin gələcək lideri kimi tövsiyə etmişdir.[2] Mikuliç 1905-ci ildə öləndə həyat yoldaşı Mikuliçin ölüm maskalarından birini Miyakeyə göndərmişdir: "Mikuliçin oğlu kimi sevdiyi əziz tələbəyə".[3]
Yaponiyaya qayıdışı
redaktəMiyake 1904-cü ildə Kioto İmperiya Universitetinin Fukuoka Tibb Məktəbi Cərrahiyyəsinin sədri seçilmiş,[2] indiki Kyuşu Universitetinin professoru olmuşdur.[4] 1905-ci ildə 27 yaşlı pasiyentin beyininin motor korteksindən meninqiomanı uğurla götürmüşdür. Bu, Yaponiyadakı ilk uğurlu intrakranial şişgötürmə əməliyyatı olmuşdur. 1907-ci ildə serebral qumma götürmə, 1911-ci ildə Yaponiyada ilk dəfə C5–6-da onurğa neyrinoması götürmə əməliyyatı həyata keçirmişdir.[2]
Miyake 1913 və 1925-ci illərdə Yaponiya Cərrahiyyə Cəmiyyətinin prezidenti seçilmişdir.[3] 1926-cı ildə Romada baş tutan VII Beynəlxalq Cərrahiyyə Konqresinə qatılaraq Yaponiya Cərrahiyyə Cəmiyyətini təmsil etmişdir. Bu, Yaponiya Cərrahiyyə Cəmiyyətinin Beynəlxalq Cərrahiyyə Assosiasiyasındakı ilk iştirakı idi. 1927-ci ildə Kyuşu Universitetinin Cərrahiyyəsi sədrliyindən ayrılmışdır.[2] 1936-cı ildə Almaniya Cərrahiyyə Cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir.[1] Miyake təqaüdə çıxandan sonra arvadı ilə Okayama şəhərində yaşamağa başlamışdır.[2] ABŞ cərrahı Vilyam Ceyms Mayo ilə dostluq etmişdir.[5] 1943-cü ildə Yaponiya Cərrahiyyə Cəmiyyətinin fəxri prezidenti adına layiq görülmüşdür.[1] 27 iyun 1945-ci ildə ABŞ Hava Qüvvələrinin atdığı bomba Miyake və arvadı Mihonun ölümünə səbəb olmuşdur.[2]
Albert Eynşteynlə dostluğu
redaktə1922-ci ilin payızında Miyake gəmi ilə Avropadan Yaponiyaya qayıdırdı. Bu, Yaponiya hökumətinin göstərişi ilə Avropa ölkələrini müşahidə etmək üçün üçüncü səyahətindən qayıdışı idi. Eyni gəmidə Albert Eynşteyn də səyahət edirdi. Gəmi Hind okeanından keçəndə Eynşteyndə qızdırma başlamışdır. Simptomlar davam etdiyi üçün Eynşteyn bağırsaq xərçəngi olduğunu düşünmüş və depresiyaya düşmüşdür. Eynşteynin həyat yoldaşı Elza Miyakeni ziyarət etmiş və ondan Eynşteynə baxmasını xahiş etmişdir. Miyake Eynşteyni müayinə etmiş və xərçəng olmadığını, bunun sadəcə tropik qızdırma olduğunu bildirmişdir. O, Eynşteynə xəstəlikdən sağalmaq üçün müalicə vermiş və Eynşteyn tezliklə sağalmışdır. Bu hadisədən sonra Eynşteyn və Miyake dostlaşmışdırlar. Yaponiyaya çatdıqdan sonra Eynşteyn və arvadı Miyakenin Fukuoka şəhərində yerləşən evini ziyarət etmişdirlər.[2] Eynşteyn Miyakenin Vyanadan gətizdirdiyi pianoda ifa etmişdir.[4]
Miyake 1926-cı ildə Beynəlxalq Cərrahiyyə Görüşündə iştirak etdikdən sonra Eynşteynin Berlindəki evinə qonaq getmiş, Eynşteyn və arvadı ilə görüşmüşdür. Eynşteyn 1929-cu ildə ABŞ-yə köçdüyü üçün bu, onların son görüşü olmuşdur. Eynşteyn Miyakenin 1945-ci ildəki ölümünü öyrəndikdən sonra ABŞ-dən Yaponiyaya başsağlığı məktubu göndərmişdir. Eynşteynin epitafı Hayariyə həsr olunmuş memorialda – Eynşteyn Dostluq Abidəsinin üzərisində həkk olunmuşdur.[1][2]
Elmi töhfələri
redaktəMiyake mədə cərrahiyyəsi üzrə ixtisaslaşmış və bu mövzuda çoxlu məqalələr yazmışdır. O, Yaponiyada beyin cərrahiyyəsi və mədə xərçənginin cərrahi müalicəsi sahələrinin qabaqcılı olmuşdur.[5] Miyakenin tələbəsi olmuş Hakaru Haşimoto 1912-ci ildə Haşimoto xəstəliyini kəşf etmişdir.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "世界的外科医・三宅速 - 【美馬市】観光サイト". www.city.mima.lg.jp (yaponca). 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2024.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Fukui, Masashi. "Hayari Miyake - A surgeon who built the bridge between Japan and Germany". Zentralblatt für Neurochirurgie. 62 (1). 31 dekabr 2001: 19–23. doi:10.1055/s-2001-16335. ISSN 0044-4251. PMID 11496343.
- ↑ 1 2 3 Hiki, Sumiko; Hiki, Yoshiki. "Professor von Mikulicz-Radecki, Breslau: 100 years since his death". Langenbeck's Archives of Surgery. 390 (2). 2005: 182–185. doi:10.1007/s00423-005-0550-y. ISSN 1435-2443. PMID 15744491.
- ↑ 1 2 Sano, Keiji. "Development of Japanese neurosurgery: from the Edo era to 1973". Neurosurgery. 51 (4). 2002: 861–863. doi:10.1097/00006123-200210000-00002. ISSN 0148-396X. PMID 12234391.
- ↑ 1 2 Hiki, Sumiko. "Surgeons Who Contributed to the Enlightenment of Japanese Medicine". World Journal of Surgery. 25 (11). 2001: 1383–1387. doi:10.1007/s00268-001-0145-x. ISSN 0364-2313. PMID 11760738. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.
- ↑ Amino, Nobuyuki; Tada, Hisato; Hidaka, Yoh; Hashimoto, Kazuo. "Hashimoto's disease and Dr. Hakaru Hashimoto". Endocrine Journal. 49 (4). 2002: 393–397. doi:10.1507/endocrj.49.393. ISSN 0918-8959. PMID 12402969. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.