Hindistanda Ali Tehsil - Wikipedia
Hindistanda ali təhsil — Hindistan Federativ Respublikasının ali təhsil sistemi
Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən qədim ali təhsil müəssisələri 1857-ci ildə yaradılmış Mədrəs, Kəlkətə və Mumbay universitetləridir.
Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir.
Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir.
Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə bu şuralar fəaliyyət göstərir:
- Ümumhindistan Texniki Təhsil Şurası;
- Tibb Şurası;
- Peşə Şurası;
- Kənd Təsərrüfatı Tədqiqatı Şurası;
- Müəllimlərin Təhsili üzrə Milli Şura;
- Stomatologiya Şurası;
- Əczaçılıq Şurası;
- Uşaqlara Qayğı Şurası;
- Vəkillər Şurası;
- Homeopatiya üzrə Mərkəzi Şura;
- Hind Müalicəsi üzrə Mərkəzi Şura;
- Memarlıq Şurası;
- Distant Təhsil Şurası;
- Reabilitasiya Şurası;
- Ali Təhsil üzrə Dövlət Şurası.
İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir. İndira Qandi Milli Açıq Universiteti isə birbaşa İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən maliyyələşdirilir.
İnsan Resurslarının İnkişafı Nazirliyinin nəzdindəki Mərkəzi universitetlərdən başqa Kənd Təsərrüfatı Nazirliyinin, Dəniz Nəqliyyatı Nazirliyinin, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi universitetlər də mövcuddur.
Ştat universitetləri yerli qanunvericiliyə əsasən təsis olunur. Hindistanda 220-yə yaxın ştat universiteti fəaliyyət göstərir. Universitet Qrant Komissiyası bu universitetlərin yalnız bir hissəsinə planlaşdırılmış büdcə vəsaitləri ayırır. Digər ştat universitetləri, o cümlədən mühəndislik və texnologiya şöbələri olan kənd təsərrüfatı universitetləri üçün xüsusi qrantlar verilir.
Universitet statusu olmayan, lakin spesifik sahə üzrə yüksək standartlara uyğun təhsil verən ali təhsil müəssisələri Universitet Qrant Komissiyasının tövsiyəsinə əsasən mərkəzi hökumət tərəfindən "Universitet hesab edilənlər" qrupuna daxil olunur. "Universitet hesab edilənlər" qrupuna daxil olan ali təhsil müəssisələri akademik statusa malikdir və onlara universitetlərə məxsus imtiyazlar verilir. Universitet hesab edilən ali təhsil müəssisələrində tibb, fizika, balıqçılıq, dil, ictimai elmlər, demoqrafiya, statistika, yeyinti sənayesi, meşə sənayesi, silah texnologiyası, dənizçilik, idman, musiqi, informasiya texnologiyaları üzrə təhsil və tədqiqat imkanları yaradılır. İnsan Resurslarının İnkişafı Nazirliyinin Ali təhsil şöbəsi universitet hesab edilən müəssisələr üçün qrantların verilməsi prosesində şəffaflığın təmin olunmasına nəzarət edir.
Universitet Qrant Komissiyası, həmçinin müstəqil universitetlərarası mərkəzlər təsis edir. Belə ilk tədqiqat mərkəzi 1994-cü ildə təsis olunmuş Nüvə Elmi Mərkəzidir. Hazırda universitetlərdə 6 müstəqil universitetlərarası mərkəz fəaliyyət göstərir.
1994-cü ildə Universitet Qrant Komissiyası tərəfindən təsis olunmuş Milli Qiymətləndirmə və Akkreditasiya Şurası müstəqil qurumdur. Şuranın əsas məqsədi ali təhsil müəssisələrinin, universitet və kolleclərin, onların şöbələrinin, fakültələrinin, tədris proqramlarının qiymətləndirilməsini və akkreditasiyasını həyata keçirməkdir.
Ali texniki peşə təhsili müəssisələrində hazırlanan yüksək ixtisaslı mütəxəssislər sənaye məhsuldarlığının artırılmasına layiqli töhfələr verirlər. Bu təhsil müəssisələri ölkənin insan resurslarının inkişafında mühüm rol oynayır.
Ali texniki təhsil mühəndislik, texnologiya, idarəetmə, memarlıq, şəhərsalma, əczaçılıq, tətbiqi sənət, otelçilik, ictimai iaşə sahələrini əhatə edir. Bu müəssisələr 3 qrupa bölünür:
- mərkəzi hökumətdən maliyyələşən universitetlər;
- ştatdan maliyyələşən universitetlər;
- özünü maliyyələşdirən universitetlər.
Texniki təhsil müəssisələrinin fəaliyyəti, yeni kursların açılmasına 1945-ci ildə təsis olunmuş Ümumhindistan Texniki Təhsil Şurası icazə verir. Şura müvafiq müəssisələrin və proqramların akkreditasiyası vasitəsilə texniki təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edir. Şuranın baş iqamətgahı Dehlidə yerləşir və 7 regional idarəsi fəaliyyət göstərir.
Ümumhindistan Texniki Təhsil Şurası mühəndislik təhsili və biznes məktəblərinin monitorinq və akkreditasiyasını həyata keçirir. Hindistan Tibb Şurası isə tibb təhsili müəssisələrinin monitorinq və akkreditasiyasını aparır. Kənd Təsərrüfatı Tədqiqatı Şurası, Müəllimlərin Təhsili üzrə Milli Şura isə ölkədəki bütün müvafiq təhsil müəssisələrinin monitorinqini həyata keçirir.
Ölkədə bir sıra mühəndislik, idarəetmə və tibb təhsili müəssisələri İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən idarə olunur. Hindistanda əksər təhsil müəssisələri əcnəbi tələbələr üçün çox az yer ayırır.
1972-ci ildə Hindistan Parlamenti tərəfindən təsis edilmiş Memarlıq Şurasında ölkədəki bütün memarların qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarlıq Şurası memarların qeydiyyatını aparmaqla yanaşı, ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrində müvafiq standartlara riayət olunmasına da nəzarət edir.
İstedadlı tələbələrin stimullaşdırılmasına xidmət edən bir sıra təqaüdlər xüsusilə innovativ metodların istifadə olunduğu ali təhsil müəssisələrinə və gənclərin xarici ölkələrdə təhsil almasına yönəldilir. Mədəni Mübadilə Proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyən hindistanlı tələbələr üçün müəyyən olunmuş xarici təqaüdlərə İnsan Resurslarının İnkişafı Nazirliyi nəzarət edir. Tələbələr bu təqaüd vasitəsilə prioritet hesab edilən ixtisaslar üzrə xaricdə təhsil ala bilərlər. Təqaüdə layiq görülən tələbələr müvafiq fənn ekspertlərindən ibarət Seçim Komitəsi tərəfindən müəyyənləşdirilir. Təqaüdlərin əksər hissəsi təhsilin doktorantura pilləsi üçün nəzərdə tutulur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Hindistan Federativ Respublikasının təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Hindistan Federativ Respublikası İnsan Resurslarının İnkişafı Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)