Holokost Ve Soyqirim Haqqinda Beynelxalq Konfrans - Wikipedia
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir.
Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir.
Hazırlanması
redaktə1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. İnstitut 1982-ci ilin iyun ayına planlaşdırılan, soyqırım tədqiqatları sahəsində ilk böyük konfransı təşkil etmişdir.[1][2][3]
Keçirilməsi planlaşdırılan, sayca yüzdən çox olan[a] mühazirədən altısı erməni soyqırımı mövzusuna həsr olunmuşdur.[2][4][5] Əksər Qərb akademiklərinə görə, Birinci Dünya müharibəsi illərində bir milyona yaxın Osmanlı ermənisi sistemli şəkildə məhv edilmişdir.[6] Türkiyə Respublikası yaranandan bəri bütün Türkiyə hökumətləri ermənilərə qarşı hər hansı cinayətin törədildiyini təkzib etmiş,[6][7] 1920-ci illərdən bəri digər ölkələri də bu təkzibə cəlb etməyə çalışmışdır.[8][9] Sosioloq Levon Çorbacıyan yazmışdır ki, "Türkiyədəki modus operandi hər şeydə ardıcıl olaraq qalır və maksimalist mövqelərə can atır, hərdən buna eyham vursa da, kompromis təklif etmir, erməni soyqırımı ilə bağlı hər hansı bir qeydin qarşısını almaq üçün təhdid və hədələrdən istifadə edir".[10] 1982-ci ildə Türkiyə İsrailin diplomatik əlaqələr saxladığı azsaylı müsəlman ölkələrindən biri idi.[11] İsrail Türkiyə ilə münasibətlərinə xələl dəyməsindən narahat olduğu üçün erməni soyqırımını heç vaxt tanımamışdır.[12] Konfrans İsrailin ictimai arenasında erməni soyqırımının ilk dəfə olaraqmüzakirə edilməsinə səbəb olmuşdur.[5][13]
Konfrans İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem tərəfindən maliyyələşdirilmişdi və Yad Vaşemdə məşəl alovlandırması mərasimi ilə birlikdə başlaması, Vizelin çıxış edərək konfransın əsas nitqini söyləməsi planlaşdırılırdı. Digər çıxışçılar arasında Yad Vaşemin direktoru İtshak Arad və Adolf Eyxmanın məhkəməsinin prokuroru Gideon Hauzner olacaqdı.[2][4][5] Dəvət olunan tədqiqatçıların yarısı İsraildən, qalanları isə başqa ölkələrdən gəlirdi.[14] Konfransın açılışına bir neçə həftə qalmış İsrail Livana hücum etmiş, konfransın təşkilatçıları müharibə əleyhinə bəyanat yaymışdır.[15] Konfrans "Hilton Tel Aviv" otelində keçirilmişdir.[16][17]
Tarixçi Entoni Dirk Mozes konfransı "öz biznes modeli naminə meydana gələn sahənin əhəmiyyəti ilə bağlı şişirdilmiş iddialar tələb edən təhlükəli bir şey" kimi səciyyələndirmişdir. O, əlavə etmişdir ki, konfrans "ümumən bəşəriyyət üçün və xüsusilə artıq soyqırım cəhdindən əziyyət çəkənlər üçün zəruridir". Təşkilatçılar konfransı maliyyə cəhətdən səmərəli etmək məqsədilə kifayət qədər ödənişli qeydiyyatı cəlb etmək üçün tanınmış alimlər İrvinq Lyuis Horovits və Robert Cey Liftonun iştirakını təmin etməyə çalışmışdır, lakin sonda hər ikisi bundan imtina etmişdir, çünki Çarni onların səyahət və qalacaq yer ödənişlərinə zəmanət verə bilməmişdir.[18]
Ləğvinə cəhd
redaktəİsrail tarixçisi Yair Orona görə, Türkiyə hökuməti böyük ehtimalla konfrans haqqında "The Jerusalem Post" qəzetində 20 aprel 1982-ci il tarixli məqalədən məlumat almışdır.[1] Bir qrup Türkiyə yəhudisi İsrailə səfər etmiş, konfransın baş tutacağı təqdirdə Türkiyədəki yəhudilərin həyatının təhlükə altına düşəcəyini demişdir.[19] Türkiyə Xarici İşlər Nazirliyi[20] konfransın ləğv edilməsi üçün Türkiyə Yəhudi İcması Şurasının sədri Yak Veyssidi İsrailə göndərmişdir. İzrail Çarni sonrakı illərdə qeyd etmişdir ki, Təl-Əviv şəhərində Veyssidin ona yaxınlaşaraq konfrans baş tutacağı təqdirdə Türkiyənin öz sərhədini Suriya və İranda təqiblərə məruz qalan yəhudilərə bağlayacağını bildirmişdir.[21][22]
Türkiyənin təzyiqlərinə qəbul edən İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv edilməsinə nail olmağa çalışmışdır.[1] Nazirlik rəsmiləri bunu sonradan etiraf etmişdir və bunun "yəhudilərin mənafeyinə görə" etdiklərini bildirmişlər.[19][23] Çarninin sözlərinə görə, konfransa bir neçə ay qalmış o və digər təşkilatçılar İsrail Xarici İşlər Nazirliyindən konfransın ləğvi ilə bağlı müraciətlər almağa başlamışdır.[5] Konfransın təşkilatçıları erməni soyqırımı ilə bağlı hesabatların rəsmi proqramdan çıxarılmasını, lakin konfransın özündə saxlanmasını təklif etsələr də, bu kompromis İsrail rəsmiləri tərəfindən rədd edilmişdir. Vizel və Çarni erməni dilində danışan iştirakçıların dəvətnamələrinin ləğv edilməsinə qarşı idilər.[24][25][26] İsrail rəsmiləri konfransın Holokostla bağlı olmayan bütün hissələrini ləğv etməyi təklif etmiş, lakin təşkilatçılar da bu təklifi rədd etmişdir.[27]
İsrailin İstanbul şəhərindəki konsulu Avner Arazi öz memuarında yazmışdır ki, "İsrail hökumətinin konfransı ləğv etmək cəhdlərinin əsas səbəbi İran və Suriyadan olan yəhudi qaçqınların Türkiyəyə keçməsi ilə bağlı aldığı xəbərlərdir. Veyssid başa düşürdü ki, onun konfransa qarşı hazırladığı bütün arqumentlər qaçqınlar məsələsi ilə müqayisədə heç bir şey deyil". Arazi əlavə etmişdir ki, "o vaxtlar hərbi diktaturanın nəzarəti altında olan Türkiyə hökuməti liberal demokratiya olan İsrailin söz azadlığına hörmət etdiyini və hökumətin bəyənmədiyi hər hansı bir konfransı sadəcə olaraq ləğv edə bilməyəcəyini başa düşmürdü".[28] Türkiyə hökuməti həmçinin, erməni mənşəli iştirakçıların Holokostun unikallığına xələl gətirəcəyini iddia edirdi,[29][30] lakin bu aspekt İsrail Xarici İşlər Nazirliyinin əsas prioriteti – yəhudilərin həyatı məsələsi qədər əhəmiyyətli olmadığı ortaya çıxmışdır.[31] Arazi sərhədlərin bağlanmasının əsassız olacağını desə də, beynəlxalq münasibətlər üzrə alim Eldad Ben Aaron belə qənaətə gəlmişdir ki, İran və Suriya yəhudilərinin həyatları sözsüz ki, təhlükə altında idi. və Türkiyə Xarici İşlər Nazirliyi bu həssas vəziyyətdən İsrailə təzyiq etmək üçün istifadə etməkdən çəkinməmişdi.[32]
İmtinalar
redaktə3 iyunda Yad Vaşem və Təl-Əviv Universiteti konfransdan çəkildiklərini açıqlamışdır. Vizel "The New York Times" qəzetinə demişdir ki, o, İsrail Xarici İşlər Nazirliyindən Türkiyənin yəhudi icmasının təhlükə altında olması ilə bağlı bir neçə teleqram və təfərrüatlarını açıqlamayacağı ciddi bir təhdid almışdır. O, konfransı ermənilərin iştirakı olmadan keçirməkdən qəti şəkildə imtina etmiş, əvəzində onun təxirə salınmasını təklif etmişdir. Çarni konfransı təxirə salmaq təklifini rədd etmiş, ona görə də Vizel konfransda iştirak etməkdən imtina etmək məcburiyyətində qalmışdır. O, buna səbəb olaraq demişdir ki, "bir həyat həyat haqqında deyə biləcəyimiz hər şeydən daha vacibdir".[26][33][34] Vizelin getməsinə baxmayaraq, Çarni konfransın "zərbi-məsəl olaraq yalnız on nəfər iştirak etsə belə baş tutacağı"na qərar vermişdir.[35][36] O, İsrail hökumətinin bu mövqeyini "əbədi xəcalət" səbəbi kimi görmüşdür.[25]
İsrail Xarici İşlər Nazirliyi Vizelin bəyanatını iştirakçılara göndərərək onları konfransda iştirak etməkdən imtina etməyə çağırmışdır.[33] Yad Vaşemdən İtshak Arad və Gideon Hauzner, o cümlədən Təl-Əviv Universitetinin rektoru Yoram Dinşteyn, filosof Emil Fakkenhaym, tarixçi Yehuda Bauer və hüquqşünas Alan Derşovitz də daxil olmaqla bir neçə tanınmış fiqur konfransdan çəkilmişdir. Amerika Yəhudi Komitəsi (AYK) tərəfindən göndərilən ravvin Mark Tanenbaum Təl-Əvivə gəlsə də, AYK-nın onun iştirakına qadağa qoymasının ardınca son anda oranı tərk etmişdir. Vizel konfransdan çəkildikdən sonra əsas nitq ilə çıxış etməyə könüllü olan AYK-nın keçmiş prezidenti Artur Hertsberq də son anda geri çəkilmiş və sonradan bunun indiyə qədər verdiyi ən çətin qərarlardan biri olduğunu söyləmişdir.[37] Əvəzində, əsas nitqi Knesset deputatı, "Qruplaşma" partiyasının üzvü Ora Namir demişdir.[38] Yair Oronun sözlərinə görə, daha sonra iştirakdan imtina etməsinə görə peşman olduğunu bildirən yeganə israilli iştirakçı Bauer olmuşdur.[39]
Konfransda "Holokost zamanı yəhudilərin həyatını xilas edən qeyri-yəhudilərin psixoloji tədqiqatı" adlı məruzə ilə çıxış edən psixoloq Frensis Gezer Qrossman[40] İsrail konsulluğu rəsmilərinin onu iştirak etməməyə çağırmaq cəhdlərini rədd etmişdir. O, bildirmişdir ki, "Holokostdan və İsrail Dövləti qurulduqdan sonra kiminsə bir yəhudiyə elmi konfransa gedə bilməyəcəyini, əks təqdirdə bir poqromun baş tutacağı"nı söyləməsi "onun bir insan və bir yəhudi kimi ləyaqətinə təhqirdir".[41][42][43]
İsrail Xarici İşlər Nazirliyi konfrans iştirakçılarına zəng edərək onları oraya gəlməməyə çağırmışdır.[5][34][44] Nazirlik konfransın Holokostun unikallığına xələl gətirəcəyi barədə iştirakçılara məlumat vermiş,[44] konfransın ləğv olunduğunu bildirmiş, qəzetlərdə konfransın ləğv edilmədiyini yazan hansısa bir mətnin dərc olunmasına icazə verməmişdir.[27] Çarninin sözlərinə görə, bir neçə ABŞ yəhudi təşkilatının konfransı dəstəkləmək üçün edilən çekləri ləğv etmişdir.[5] Konfrans erməni icmasının töhfəsinə baxmayaraq, kəsirlə başa çatmışdır.[45] Türkiyənin ABŞ-dakı səfiri Şükrü Ələkdağ "The New York Times" qəzetinə yazdığı məktubda Türkiyə yəhudilərinin hər hansı şəkildə təhdid altında olması haqqında yayılan məlumatları təkzib etmişdir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü "The New York Times" qəzetinə bildirmişdir ki, Türkiyə "Təl-Əviv konfransının keçirilməsinə qarşı deyil, lakin Holokost və erməni iddiaları arasında hər hansı əlaqənin qurulmasına qarşıdır".[23]
Konfrans
redaktəİzrail Çarni konfrans proqramında yazmışdır:
Konfransın məqsədi soyqırımı bütün xalqların tarixində və gələcəyində universal problem kimi təqdim etmək, kütləvi qırğın faciəsinə məruz qalmış hər bir xalqın milli və tarixi maraqlarına hörmət etmək və eyni zamanda, bu narahatlıqları bir-biri ilə əlaqələndirməkdir ki, hər bir soyqırım hadisəsi həm də bütün xalqların məhv olması ilə bağlı narahatlığı əks etdirsin və ifadə etsin.[46] |
Konfransda açıq şəkildə bildirilmişdir ki, elmin obyektiv və dəyərsiz olması fikrinin əksinə olaraq, konfrans soyqırım mövzusunda neytral dəyərə malik olmayacaq,və əksinə, konfrans soyqırıma qarşı mübarizəyə və onun qurbanlarına lazımi hörmətlə davranmağa həsr olunmuşdur.[47] Konfrans soyqırımın irrasional bir fenomen kimi qiymətləndirilməsindən öyrənilə və başa düşülə bilən bir şeyə keçid kimi qeyd olunmuşdur.[48]
Konfrans planlaşdırıldığı kimi iyunun 20-dən 24-dək Təl-Əviv şəhərində keçirilmiş, burada iştirak etməsi planlaşdırılan, bir neçə fənn üzrə çalışan 600 tədqiqatçıdan təxminən 250 və ya 300-ü iştirak etmişdir.[2][17][24][49] Konfransın proqramına soyqırım tədqiqatçıları Helen Feyn, Leo Kuper və Ceyms Meys, dilçi Yaroslav Rudnitski, ədəbiyyat professoru Con Felstiner, ilahiyyatçılar Artur Roy Ekkardt və Franklin Littell, filosoflar Ronald E. Santoni və Ronald Aronson, yəhudişünas Alan L. Berger, beynəlxalq hüquq üzrə mütəxəssis Lui Rene Beres və hüquq müdafiəçisi Lui Kutnerinki də daxil olmaqla[40] 104 prezentasiya daxil idi.[45] Tibet siyasətçisi Puntsoq Vanqyal və erməni həvari arxiyepiskopu Şahe Əcəmyan burada çıxış etmişlər. Təqdimatlar "Keçmiş və gələcək soyqırım ssenariləri", "Keys araşdırmaları" (Qolodomor, Çin tərəfindən ihlaq sonra Tibetdəki vəziyyət, SSRİ-nin QULAQ əmək düşərgələri sistemi, qaraçı soyqırımı və Kamboca soyqırımı), "Soyqırımın dinamikası", "İncəsənət, din və təhsil" və "Müdaxilə və qarşısının alınmasına doğru" mövzularına bölünmüşdür.[40] Bir sıra prezentasiyalarda soyqırım baş verməzdən əvvəl risk faktorlarını müəyyən etmək üçün erkən xəbərdarlıq sistemlərini təklif edilmişdir.[50] Konfransın materiallarında soyqırımın öyrənilməsi və qarşısının alınması sahəsində görülən işlərin reprezentativ nümunəsi öz əksini tapmış və bu sahənin gələcək inkişafına təsir göstərmişdir.[51]
Şahe Əcəmyan "King David" mehmanxanasında erməni qonaqlar üçün şam yeməyi vermiş, orada Yerusəlim şəhərinin meri Teddi Kollek və digər israilli siyasətçilər iştirak etmişdir. Yerusəlimin Erməni Patriarxı Yegişe Dərdəryan Yerusəlim Erməni Patriarxlığında 100 nəfərlik ziyafət vermişdir.[17][38] İsraildə Auşvitz və Ölüm Düşərgələrindən Sağ Qalan Digər Şəxslər İctimai Komitəsinin baş katibi Lilli Kopeki "təşkilatçıların bütün çətinliklərə baxmayaraq, konfransın uğurla keçməsini təmin etmək üçün fantastik iş gördüklərini" söyləmişdir.[52] Erməni əsilli ABŞ tarixçisi Riçard Hovanisyanın fikrinə görə, konfrans "şikəst" olsa da, "yeni məqsədlə" keçirilmişdir.[3] İzrail Çarni bunu "intellektual və mənəvi baxımdan əlamətdar konfrans" hesab etmişdir.[53] Yair Oron yazmışdır ki, konfrans erməni soyqırımının tanınması və akademik azadlığın mitinq nöqtəsinə çevrilmişdir.[11] Burada Ceykob Maykl Akopyanın erməni soyqırımından bəhs edən filmləri və Riçard Hovhannisyan, Marcori Hauspiyan Dobkin, Vaaqn Dadriyan, Vahe Oşaqan və Ronald Qriqor Süninin akademik araşdırmaları təqdim edilmişdir.[17][35][40] Burada erməni soyqırımının araşdırılmasına edilən töhfələr daha sonra Riçard Hovhannisyanın redaktorluğu yazılmış "The Armenian Genocide in Perspective" (1986) kitabına çevrilmişdir.[3]
Reaksiyalar
redaktəQalmaqal barədə beynəlxalq mətbuatda məlumat yayılmışdır.[2] Livanla müharibənin kölgəsində qalan konfrans İsrail qəzetlərində azca işıqlandırılmışdır[17] və bəzi israilli jurnalistlər öz hökumətlərinin hərəkətlərini tənqid etmişdir. "Davar" qəzətindən Nahum Barneya yazmışdır ki, "biz illərdir dünya xalqlarının məqsədəuyğunluq və ya siyasi istismar səbəbi ilə Holokostla bağlı qoruduğu susqunluq konspirasiyasından danışırıq və indi bunun bizimlə də baş verə biləcəyini bilirik".[44] "Haaretz" qəzetində Amos Elon Yad Vaşemin davranışını və İsrailin erməni soyqırımını tanımaqdan imtina etməsini pisləyərək qeyd etmişdir ki, "əgər İtaliya hökuməti alman iddiaçı kreditorlarının xətrinə dəyməmək üçün Romada soyqırım haqqında keçirilən bir beynəlxalq elmi araşdırmalar konfransında 1940–1945-ci illərdəki yəhudi Holokostundan bəhs etməmək qərarınaa gəlsəydi, Hauzner və Arad nə deyərdi"? Elon yazısının sonunda qeyd etmişdir ki, "iştirakçılar Yad Vaşem, onun mənəvi vəziyyəti, siyasi və intellektual müstəqilliyi haqqında müəyyən təəssüratla öz ölkələrinə qayıtdılar". İtshak Arad buna cavab olaraq demişdir ki, təşkilatçıların Holokostu digər soyqırımlarla, xüsusən də erməni soyqırımı ilə müqayisə etməsi ilə razı deyil.[54]
Yair Oron qeyd etmişdir ki, onu ləğv etmək cəhdləri səbəbindən "konfrans bir sıra mənəvi dilemmaların və əxlaqi seçimlərin oynanılması arenasına çevrilmişdir".[11] Konfransı işıqlandıran Qərbi Almaniya jurnalisti Hayner Lixtenşteyn təşkilatçıların düzgün qərar qəbul etdiyini bildirmiş, İsrailin öz tarixinə görə insan hüquqları vəziyyətinin zəif olduğu ölkələr tərəfindən qorxudulmasına imkan verməməli olduğunu əlavə etmişdir.[55] Tarixçi Donald Blokshem konfransı ləğv etmək cəhdini "Türkiyənin təkzibinin ən bədnam epizodlarından biri" hesab etmişdir və bunun soyqırımla bağlı "ictimai məlumatın artırılmasına təsirli töhfə verdiyini" bildirmişdir.[56] "The Yale Review" jurnalında Terrens De Pres ləğv cəhdini "səlahiyyətin biliyə sifariş verməsi"nin ən dəhşətli nümunələrindən biri adlandırmış, burada "bilik qəhrəmanlarının səlahiyyət əlaltılarına tab gətirdi"yini qeyd etmişdir.[35][57] Soyqırım üzrə alimlər Rocer Smit, Erik Markusen və Robert Cey Lifton konfransı Türkiyənin "yəhudilərin erməni soyqırımı haqqında məlumat əldə etmələrinin qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə, o cümlədən təhdidlər və elmi konfranslara müdaxilə" etməyə hazır olmasının bir hissəsi kimi qeyd etmişlər.[58][59] Riçard Hovanisyan yazmışdır ki, "vicdanı təmiz olan insanlar siyasi mülahizələri mənəvi və ya humanitar motivlərdən üstün tutmaqdan imtina edərək qalib gəliblər".[60] İzrail Çarni qeyd etmişdir ki, dövlət ciddi mənafelər söz mövzusu olduqda akademik azadlığa müəyyən dərəcədə qanuni şəkildə müdaxilə edə bilər, lakin İsrail hökumətinin davranışı "konfrans iştirakçılarına yalan deyəndə, qəzetlərin konfransın ləğv olunmaması barədə xəbərlər yaymasına mane olanda və bunu etmək niyyətində olmamasına baxmayaraq konfransın başqa yerə köçürülməsində maliyyə dəstəyi verəcəyindən eyham vuranda sərhədi keçmişdi".[61] Çarni hesab etmişdir ki, onun konfransı təşkil etməsi Təl-Əviv Universitetində vəzifəsindən məhrum edilməsinə səbəb olmuşdur.[62]
21 iyun ABŞ Holokost Memorial Şurasının hüquq müşaviri Monro Henri Fridman "The New York Times" qəzetinə bildirmişdir ki, Türkiyə diplomatı Mithat Balkan keçən il ona demişdi ki, əgər erməni soyqırımı ABŞ-nin planlaşdırdığı Holokost Memorial Muzeyinə daxil edilərsə, "Türkiyədə yəhudilərin fiziki təhlükəsizliyi təhdid altına düşəcək və Türkiyə NATO-dan çıxa bilər".[19][23][41] Balkan bu cür təhdidlər etdiyini rədd etsə də, Türkiyənin muzeyə müdaxiləsi və yəhudilərə qarşı təhdidlər başqa yerlərdə sənədləşdirilmişdir.[23][63][64]
Türkiyəli diplomat Kamuran Gürün İsrailin İstanbuldakı konsulluğuna bildirmişdir ki, o, İsrail hökumətinin konfransı ləğv etmək cəhdlərinin ilk növbədə yəhudilərin xeyrinə olduğuna inanır, çünki erməni soyqırımı ilə bağlı təqdimatlar Holokostun unikallığına xələl gətirir. Avner Arazi cavabında Gürünə demişdir ki, İsrailin müdaxiləsinə tək səbəb "İsrailin Türkiyə ilə münasibətlərinə sadiqliyi" olmuşdur.[29][30] 1983-cü ildə İsrail Müdafiə Qüvvələrinin rəsmi radio stansiyası olan "Qaley Tzahal" Yehuda Bauerin nasistlərin və gənc türklərin məhvetmə üsullarının oxşarlıqlarını müzakirə etdiyi bir proqram yayımlamışdır. İsrail diplomatı Alon Liel Türkiyənin yayıma görə qəzəbini yatışdırmaq üçün İsrailin konfransa müdaxiləsini əsas gətirmişdir.[65] Sonrakı dövrləri İsrail Türkiyənin erməni soyqırımı ilə bağlı tələblərini də yerinə yetirmişdir.[1] Buna soyqırımın tanınmasının Knessetin gündəliyindən çıxarılması aid edilə bilər.[66]
Qeydlər
redaktə- ↑ "Soyqırım Ensiklopediyası"na görə, burada 300-dən çox mühazirənin keçirilməsi planlaşdırılmış,[2] lakin Yair Oron təşkilatçıların 150 mühazirə keçirməyi nəzərdə tutduğunu qeyd etmişdir.[4]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Auron, 2003. səh. 218
- ↑ 1 2 3 4 5 6 Sherman, 1999. səh. 358
- ↑ 1 2 3 Hovannisian, 2003. səh. 7
- ↑ 1 2 3 Auron, 2003. səh. 217–218
- ↑ 1 2 3 4 5 6 Ben Aharon, 2015. səh. 646
- ↑ 1 2 Chorbajian, 2016. səh. 168
- ↑ Muradyan, 2019
- ↑ Chorbajian, 2016. səh. 174
- ↑ Ben Aharon, 2018. səh. 3
- ↑ Chorbajian, 2016. səh. 178
- ↑ 1 2 3 Auron, 2003. səh. 222
- ↑ Ben Aharon, 2015. səh. 639
- ↑ Ben Aharon, 2018. səh. 16
- ↑ "Genocide Parley With Armenians to Proceed". The New York Times (ingilis). 4 iyun 1982. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
- ↑ Somerville, 1982. səh. 14
- ↑ Conference program Arxivləşdirilib 2021-03-18 at the Wayback Machine p. 14
- ↑ 1 2 3 4 5 Boghosian, Edward K. "Conference in Tel Aviv, Israel, Discusses the Jewish Holocaust and the Arm. Massacres – 250 Participate". Armenian Reporter International (ingilis). XV (37). 1 iyul 1982. ISSN 1074-1453. ProQuest: 371410574.
- ↑ Moses, 2021. səh. 454
- ↑ 1 2 3 Baer, 2020. səh. 126
- ↑ Ben Aharon, 2015. səh. 650
- ↑ Ben Aharon, 2015. səh. 646–647
- ↑ Baer, 2020. səh. 126–127
- ↑ 1 2 3 4 Auron, 2003. səh. 221
- ↑ 1 2 Auron, 2003. səh. 219
- ↑ 1 2 Charny, 1986. səh. 6
- ↑ 1 2 "Israelis Said to Oppose Parley After Threat to Turkish Jews". The New York Times. 3 June 1982. 24 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2020.
- ↑ 1 2 Auron, 2003. səh. 225
- ↑ Ben Aharon, 2015. səh. 647
- ↑ 1 2 Ben Aharon, 2015. səh. 648
- ↑ 1 2 Baer, 2020. səh. 128
- ↑ Ben Aharon, 2015. səh. 648, 652
- ↑ Ben Aharon, 2015. səh. 647–648
- ↑ 1 2 Auron, 2003. səh. 220
- ↑ 1 2 Des Pres, 1986b. səh. 13
- ↑ 1 2 3 Charny, Israel. "The Milestone First International Conference on the Holocaust and Genocide in 1982 Did Take Place Quite Fully and Very Successfully". Holokost və Soyqırım İnstitutu. 5 June 2019. 24 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2020.
- ↑ Charny, 2021. səh. 50
- ↑ Auron, 2003. səh. 219–220
- ↑ 1 2 Charny, 2021. səh. 38
- ↑ Auron, 2003. səh. 225–226
- ↑ 1 2 3 4 Charny, 2020, Table of contents
- ↑ 1 2 "Genocide Seminar, Opposed by Israel, Opens". The New York Times. 22 June 1982. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2020.
- ↑ Auron, 2003. səh. 224
- ↑ Charny, 2021. səh. 44
- ↑ 1 2 3 Auron, 2003. səh. 223
- ↑ 1 2 Pogharlan, Varoui. "Book review". Armenian Reporter International (ingilis). XXI (31). 12 May 1988. ISSN 1074-1453. ProQuest: 371382213.
- ↑ Conference program Arxivləşdirilib 2021-03-18 at the Wayback Machine p. 4
- ↑ Freeman, 1986. səh. 4–5
- ↑ Colwill, 2017. səh. 6
- ↑ Freeman, 1986. səh. 4
- ↑ Nelson, 1989. səh. 284
- ↑ Colwill, 2017. səh. 7
- ↑ Charny, 2021. səh. 42
- ↑ Sanders, 1989. səh. 172
- ↑ Auron, 2003. səh. 223–224
- ↑ Charny, 2021. səh. 45
- ↑ Bloxham, 2005. səh. 219
- ↑ Des Pres, 1986a. səh. 528–529
- ↑ Smith et al., 1995. səh. 6, 11
- ↑ Auron, 2003. səh. 56
- ↑ Hovannisian, 1986. səh. 2
- ↑ Auron, 2003. səh. 224–225
- ↑ Moses, 2021. səh. 453
- ↑ Linenthal, 1995. səh. 229–235
- ↑ Baer, 2020. səh. 124
- ↑ Ben Aharon, 2018. səh. 5–6
- ↑ Ben Aharon, 2018. səh. 7–8
Ədəbiyyat
redaktə- Auron, Yair. The Banality of Denial: Israel and the Armenian Genocide (ingilis). Transaction Publishers. 2003. ISBN 978-0-7658-0834-9.
- Baer, Marc D. Sultanic Saviors and Tolerant Turks: Writing Ottoman Jewish History, Denying the Armenian Genocide (ingilis). Indiana University Press. 2020. ISBN 978-0-253-04542-3.
- Ben Aharon, Eldad. "A Unique Denial: Israel's Foreign Policy and the Armenian Genocide". British Journal of Middle Eastern Studies. 42 (4). 2015: 638–654. doi:10.1080/13530194.2015.1043514.
- Ben Aharon, Eldad. "Between Ankara and Jerusalem: the Armenian Genocide as a Zero-Sum Game in Israel's Foreign Policy (1980's–2010's)". Journal of Balkan and Near Eastern Studies. 20 (5). 2018: 459–476. doi:10.1080/19448953.2018.1385932.
- Bloxham, Donald. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians (ingilis). Oxford University Press. 2005. ISBN 978-0-19-922688-7.
- Charny, Israel W., redaktorToward The Understanding And Prevention Of Genocide: Proceedings Of The International Conference On The Holocaust And Genocide (ingilis). Routledge. 2020 [1984]. ISBN 978-1-000-00326-0.
- Charny, Israel W. Preface // Hovannisian, Richard G. (redaktor). The Armenian Genocide in Perspective. Transaction Publishers. 1986. 5–8. ISBN 978-1-4128-0891-0.
- Chorbajian, Levon. 'They Brought It on Themselves and It Never Happened': Denial to 1939 // The Armenian Genocide Legacy (ingilis). Palgrave Macmillan UK. 2016. 167–182. ISBN 978-1-137-56163-3.
- Colwill, David. 'Genocide' and Rome, 343–146 BCE: state expansion and the social dynamics of annihilation (Tezis) (ingilis). Cardiff University. 2017. OCLC 1064648607. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- Des Pres, Terrence. "On Governing Narratives: The Turkish-Armenian Case". The Yale Review. LXXV (4). 1986a: 517–531. ISSN 0044-0124.
- Des Pres, Terrence. Introduction // Hovannisian, Richard G. (redaktor). The Armenian Genocide in Perspective. Transaction Publishers. 1986b. 9–18. ISBN 978-1-4128-0891-0.
- Freeman, Michael. "Genocide and social science". Patterns of Prejudice. 20 (4). 1986: 3–15. doi:10.1080/0031322X.1986.9969874.
- [[Riçard Hovanisyan|Hovannisian, Richard G.]] Foreword // The Armenian Genocide in Perspective. Transaction Publishers. 1986. 1–4. ISBN 978-1-4128-0891-0. (#bad_paramlink)
- Hovannisian, Richard G. Looking Backward, Moving Forward: Confronting the Armenian Genocide (ingilis). Routledge. 2003. ISBN 978-1-351-50830-8.
- Linenthal, Edward Tabor. Preserving Memory: The Struggle to Create America's Holocaust Museum (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-12407-2.
- Moses, A. Dirk. The Problems of Genocide: Permanent Security and the Language of Transgression (ingilis). Cambridge University Press. 2021. ISBN 978-1-009-02832-5.
- Nelson, F. Burton. "'Christian Confrontations with the Holocaust': 1934: Pivotal Year of the Church Struggle". Holocaust and Genocide Studies. 4 (3). 1989: 283–297. doi:10.1093/hgs/4.3.283.
- Sanders, Catherine. "The Fight That Gives Hope: An Interview with Israel Charny". Australian and New Zealand Journal of Family Therapy. 10 (3). 1989: 169–177. doi:10.1002/j.1467-8438.1989.tb00761.x.
- Sherman, Marc I. Institute on the Holocaust and Genocide, Jerusalem // Charny, Israel W. (redaktor). Encyclopedia of Genocide. ABC-CLIO. 1999. 358–359. ISBN 978-0-87436-928-1.
- Smith, Roger W.; Markusen, Eric; Lifton, Robert Jay. "Professional Ethics and the Denial of Armenian Genocide". Holocaust and Genocide Studies. 9 (1). 1995: 1–22. doi:10.1093/hgs/9.1.1. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- Somerville, John. "International Genocide Conference in Tel Aviv". Fellowship (ingilis). 48 (9). 1982: 13–14. ISSN 0014-9810.
- Mouradian, Khatchig. "Mouradian on Dixon, 'Dark Pasts: Changing the State's Story in Turkey and Japan'". H-Net (ingilis). 2019. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
Əlavə ədəbiyyat
redaktə- Official conference materials
- Charny, Israel W.; Davidson, Shamai, redaktorlar The Book of the International Conference on the Holocaust and Genocide: Tel Aviv, June 20–24, 1982 (ingilis). Institute of the International Conference on the Holocaust and Genocide. 1982. OCLC 234076986.
- Charny, Israel W. Israel's Failed Response to the Armenian Genocide: Denial, State Deception, Truth Versus Politicization of History (ingilis). Academic Studies Press. 2021. ISBN 978-1-64469-523-4.