Ii Aleksandrin Islahatlari - Wikipedia
"Böyük islahatlar" — o vaxta qədər Rusiya tarixində analoqu olmayan 1860 və 1870-ci illərdə imperator II Aleksandrın dövründə Rusiya imperiyasında həyata keçirilmiş islahatlar:
- Təhkimçilik hüququnun ləğvi (1861)
- Maliyyə islahatı (1863)
- Ali məktəb islahatı (1863)
- Zemstvo islahatı (1864)
- Məhkəmə islahatı (1864)
- Senzura islahatı (1865)
- Şəhər özünüidarəçiliyi islahatı (1870)
- Orta məktəb təhsili islahatı (1871)
- Hərbi islahat (1874)
II Aleksandrın islahatları | |
---|---|
Hüquqi sahə | İslahat |
Növ | Dövlət sənədi |
Ölkə | Rusiya İmperiyası |
Qüvvəyə minib | 1861-1874-cü illər |
Qüvvədən düşüb | Müddətsiz |
Bu yeni tədbirlər uzun müddət davam edən bir sıra sosial-iqtisadi problemləri həll etdi, Rusiyada kapitalizmin inkişafı yolunu təmizlədi, vətəndaş cəmiyyətinin və qanunun aliliyinin sərhədlərini genişləndirdi. Lakin bu yeniliklər sona qədər aparılmadı.
II Aleksandrın hakimiyyətinin sonunda mühafizəkarların təsiri altında bəzi islahatlar (məhkəmə, zemstvo) məhdud həyata keçirildi.[1] Xələfi III Aleksandrın başlatdığı əks-islahatlar kəndli islahatlarının və şəhər özünüidarəetmə islahatlarının müddəalarına da təsir etdi.[2]
Maariflənmiş bürokratlar
redaktəİslahatların hazırlanmasında və həyata keçirilməsində əsas fəal qüvvə 1830-1840-cı illərdə formalaşmağa başlayan yüksək vəzifəli məmurların kiçik bir zümrəsi idi. Qərb tarixşünaslığında bu zümrə "maariflənmiş bürokratlar" adlanır. 1960-cı illərdən sonra isə rus tarixşünaslığında "liberal bürokratlar" termini geniş istifadə olunur. Müasirləri onları "qırmızılar", "mütərəqqilər", "demokratik məmurlar" adlandırırdılar və "reaksionerlər" və "təhkimçilər"ə qarşı qoyurdular. "Liberal bürokratlar"ı təhkimçiliyin ləğv edilməsi, məhkəmənin, yerli idarəetmənin və həyatın digər sahələrinin yenilənməsinin zəruriliyi birləşdirirdi. “Liberal bürokratlar” yenilənmənin əsas aparıcı qüvvəsi kimi imperatorun qeyri-məhdud hakimiyyətini görürdülər.
"Liberal bürokratların" 1840-1850-ci illərdə qruplaşdığı əsas mərkəzlər böyük kniyaqinya Elena Pavlovnanın salonu və Dəniz Nazirliyi idi. Onlar hər ikisi böyük knyaz Konstantin Nikolaeviçin rəhbərlik etdiyi Rus Coğrafiya Cəmiyyəti ilə sıx əlaqələrə malik idilər.[3] I Nikolay dövründə vəzifəyə yüksəlmiş bəzi görkəmli şəxsiyyətlər (P.D.Kiselyov, L.A.Perovski, S.S.Lanskoy), "maariflənmiş gəncliyi" dəstəkləyir və onları xidmətə cəlb edirdilər. II Aleksandrın taxta çıxması ilə "liberal bürokratlar" zəruri dəyişikliklərin açıq müzakirəsinə başlamağı bacardılar. Sonradan isə yüksək vəzifələr tutaraq onları həyata keçirməyə başladılar. Hökumət və aristokratik müxalifət arasındakı gərginliyi aradan qaldırmaq üçün, islahatlar başa çatdıqdan sonra II Aleksandr "liberal bürokratları" nüfuzlu vəzifələrdən dəfələrlə çıxardı, lakin zərurət yarandığı hallarda yenidən onların xidmətlərinə müraciət etdi.[4]
İslahatı zəruri edən səbəblər
redaktəÇar Rusiyasının ağır məğlubiyyəti ilə qurtaran Krım müharibəsi ölkədə ictimai-iqtisadi böhranın inkişafını sürətləndirdi. Bu müharibə təhkimçilik Rusiyasının çürüklüyünü və gücsüzlüyünü göstərdi. Kapitalist dövlətləri ilə toqquşmada Rusiyanın hərbi və iqtisadi cəhətdən geriliyi açıq surətdə özünü göstərdi. Müharibə və onun iqtisadi təsiri nəticəsində kəndlilərin vəziyyətinin pisləşməsi onların zadəgan-mülkədarlara qarşı mübarizəsini gücləndirdi. Kəndlilər təhkimçilik zülmünə qarşı daha fəal çıxış etməyə başladılar. Beləliklə islahatın əsas səbəbləri təhkimçilik sisteminin böhranı, kəndli iğtişaşları idi. Bunlar xüsusilə Krım müharibəsi zamanı daha da qabarıq şəkildə özünü büruzə verdi. Müharibə zamanı çar hakimiyyətinin kömək istədiyi kəndlilər könüllü olaraq hərbi xidmətə yollandılar. Onlar hökumətə yardım etməklə əvəzində azadlıq alacaqlarına ümid edirdilər. Lakin kəndlilərin ümidi özünü doğrultmadı. Kəndli qiyamlarının sayı getdikcə artırdı. Əgər 1856-cı ildə 66 üsyan olmuşdusa, 1859-cu ildə - artıq kəndlim çıxışlarının sayı 797-yə çatmışdı.[5]
Mülkədarlara qarşı kəndli çıxışlarının sayı ilbəil artırdı. Rusiya imperiyasının ucqarlarında kəndli hərəkatı ilə birlikdə milli zülmə qarşı xalqların mübarizəsi də davam edirdi. Kəndlilər yalnız mülkədar hakimiyyətindən şəxsən azad olmaq uğrunda deyil, eyni zamanda torpaq uğrunda da mübarizə aparırdılar. Xalqın etirazı özünü ən müxtəlif formalarda göstərirdi. Kəndlilər töycü verməkdən və biyara getməkdən imtina edir, mülkədarları və onların təsərrüfatlarını idarə edənləri öldürür, sahibkarların yanından qaçırdılar. Kəndlilərin kütləvi qaçma halları artırdı ki, bu da sinfi mübarizənin yayılmış formalarından biri idi. Təhkimçiliyin ləğvində əxlaqi cəhət və dövlət nüfuzu məsələsi də mühüm rol oynadı.
1859-cu ilin birinci yarısında şərab iltizamı sisteminə qarşı yönəlmiş hərəkat özünün vüsətinə və kütləviliyinə görə daha qorxulu idi. Bu hərəkat Rusiyanın mərkəzi rayonları ilə yanaşı Volqaboyu, Krım və Uralboyunu da əhatə etmişdi. Şərab iltizamı sisteminə qarşı çevrilmiş hərəkat hökm sürməkdə olan təhkimçilik zülmünün bütün sisteminə qarşı yığılıb toplanmış nifrətin kütləvi ifadəsi idi. Baş vermiş hərəkat kəndli kütlələrinin böyük potensial qüvvəyə malik olduğunu sübut edir, inqilabi şəraitin yarandığını göstərirdi. Volqaboyunda kənd təsərrüfatı böhran keçirirdi. Kəndlilərin ictimai təbəqələşmə prosesinin güclənməsinə baxmayaraq, feodal-təhkimçilik qaydaları əvvəlki kimi davam edirdi. Mülkədar və kəndli torpaqlarında kənd təsərrüfatı işləri köhnə qayda ilə aparılırdı.
Mülkədarlar kəndlilərin istismarını gücləndirirdilər və təhkimli kəndlilərin əksəriyyətini biyar təsərrüfatına keçirirdilər. XIX əsrin ikinci yarısında yeni dəmir yollarının tikintisində əsasən mülkədar kəndliləri içərisindən çıxmış çoxlu fəhlə cəmləşmişdi. Onlar amansız istismar edilir, qeyri-insani şəraitdə işləyirdilər. Volqa-Don dəmir yolunun tikintisində bir il ərzində 2000 fəhlədən 500-ü ölmüşdü.[6] Kəndlilər bu zülmə kütləvi halda qaçmaqla, işdən imtina etməklə və sahibkarlara qarşı çıxışlarla cavab verirdilər. Kəndlilərin mübarizəsi ilə fabriklərdəki fəhlələrin mübarizəsi qovuşurdu. Aşağı əmək haqqı, ağır rejim, sahibkar və zavod müdiriyyəti tərəfindən edilən zorakılıq və özbaşınalıq fəhlələri mülkədar kəndlilərinin vəziyyətindən heç də yaxşı olmayan bir vəziyyətə salırdı. Fəhlələr özlərinin iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq uğrunda mübarizə apararaq əslində təhkimçiliyə qarşı da çıxırdılar, çünki onlardan çoxu hələlik mülkədarlardan asılı idi.
Rusiyanın mərkəzi rayonlarında olduğu kimi Krımın kənd təsərrüfatında da kapitalist münasibətləri inkişaf edirdi. Krım müharibəsi regionun təsərrüfat həyatına böyük zərbə vurmuşdu. Krımda sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. Müharibə ilə bağlı əhalinin müəyyən hissəsi yaşayış yerlərini tərk etmişdi ki, bu da əkin sahələrinin becərilməməsinə səbəb olurdu. Eyni zamanda təkimçilik istehsal münasibətləri də məsuldar qüvvələrin inkişafına mane olurdu. Krımda kapitalizmin təşəkkülü prosesində sənaye aparıcı rol oynayırdı. Krımda sənayenin inkişafı sahəsində inkişaf var idi. Sənaye məhsullarının həcmi ildənilə artırdı, həm də artım sürəti mexanikləşdirilmiş istehsal sahələrində daha çox idi. Bütün Rusiyada əsasən natural təsərrüfat və feodal-patriarxal münasibətlər qalmaqda idi. Kəndlilərin çoxu aztorpaqlı idi. Bəzi bölgələrdə əkinçilik mədəniyyətinin aşağı olması, texnikanın geriliyi üstünlük təşkil edirdi. Ölkənin ucqarları çar Rusiyasının geniş müstəmləkə istismarı obyekti idi. Çarizm ucqarların iqtisadi inkişafını məhdudlaşdıraraq, bu yerlərdən sənaye mallarının satış bazarı və xammal mənbəyi kimi istifadə etmək siyasəti yeridirdi. Feodalizm xüsusiyyətlərini xeyli dərəcədə qoruyub saxlamış bu rayonların iqtisadiyyatının çox geridə qalması özünü göstərirdi.
Kəndli islahatı
redaktə1857-ci il noyabrın 3-də 11 nəfər üzvdən (keçmiş jandarma rəhbəri A.F.Orlov, M.N.Muravyov, P.P.Qaqarin və s.) ibarət Kəndli Məsələsi üzrə Gizli Komitə yaradıldı.[7][8][9][10] İyulun 26-da Daxili İşlər Naziri S.S.Lanski rəsmi islahat layihəsini təqdim etdi. Hər vilayətdə layihəyə dəyişikliklər etmək hüququ olan zadəgan komitələrinin yaradılması təklif edildi. Bu proqram 20 Noyabr 1857-ci il noyabrın 20-də Vilen general-qubernatoru V.İ.Nazimova ünvanlanmış yazıda qanuniləşdirildi.[11] Proqram kəndlilərin şəxsi asılılığının ləğv edilməsini, torpaqların hamısının mülkiyyətçilərin mülkiyyətində qalmasını təmin edirdi (kəndlilər üzərində ağalıq səlahiyyəti də sənədə görə, torpaq sahiblərinin üzərində qalırdı). Həmçinin kəndlilər torpaq əldə etmək üçün onun haqqını ödəməli və ya xidmət göstərməli idilər. Zaman keçdikcə kəndli torpaq sahələrinin (yaşayış binası və təsərrüfat binaları daxil) geri almaq hüquqları saxlanılırdı. Hüquqi asılılıq dərhal yox, ancaq müəyyən keçid dövründən sonra (12 il)ləğv edilirdi. Reskript dərc edilərək ölkənin bütün qubernatorlarına göndərildi.
1858-ci ildə kəndli islahatları hazırlamaq üçün əyalət komitələri yaradıldı. Komitələrdə liberallar və mürtəce torpaq sahibləri arasında tədbirlər, güzəşt formaları uğrunda mübarizə başladı. Komitələr Kəndli Məsələləri Baş Komitəsinə tabe idi (Gizli Komitənin əsasında yaradılmışdı). Ümumrusiya kəndli qiyamının qorxusu hökuməti kəndli hərəkatının yüksəlməsi və ya azalması ilə əlaqədar dəfələrlə dəyişdirilən kəndli islahatlarının hökumət proqramını dəyişdirməyə məcbur etdi.
Kəndli Məsələləri üzrə Baş Komitənin yeni proqramı 21 aprel 1858-ci il tarixində çar tərəfindən təsdiq edildi. Proqram Nazimov reskriptinin prinsiplərinə əsaslanırdı. Proqram təhkimçiliyin ləğvini yox, onun şərtlərinin yumuşaldılmasını nəzərdə tuturdu. Eyni zamanda kəndli iğtişaşlarının sayı daha da artırdı. Kəndlilər torpaqsız azad edilməkdən qorxurdular. Onlar belə hesab edirdilər ki, "azadlığa qovuşmaq hələ çörək əldə etmək deyil".[12]
1858-ci il dekabrın 4-də yeni kəndli islahatı proqramı qəbul edildi. Burada kəndlilərə torpaq payının pulla alınması və onlara ictimai idarəetmə orqanlarının yaradılması imkanları verilirdi. Əvvəlki proqramlardan fərqli olaraq bu islahat daha radikal idi və çoxsaylı kəndli iğtişaşlarının (müxalifətin təzyiqi ilə birlikdə) baş verməsi hökumət tərəfindən onun qəbul edilməsini məcbur edirdi. Bu proqram Y.İ.Rostovtsev tərəfindən hazırlanmışdır. Yeni proqramın əsas müddəaları bunlar idi:
- kəndlilərin şəxsi azadlıq alması
- kəndliləri torpaq almaq (daimi istifadə üçün) hüququ ilə təmin etmək (xüsusən hökumət bu məqsədlə kəndlilərə xüsusi kreditlər verir)
- bir keçid (təcili) vaxtının təsdiqlənməsi
Vilayət komitələrinin layihələrini nəzərdən keçirmək və kəndli islahatlarını icra etmək üçün 1859-cu ilin mart ayında Y.İ.Rostovtsevin başçılığı ilə Baş Komitə yanında (əslində yalnız bir komissiya yaradıldı) Reaksiya Komissiyaları yaradıldı. Əslində Reaksiya Komissiyalarının işinə N.A.Milyutin rəhbərlik edirdi. Redaksiya Komissiyaları tərəfindən 1859-cu ilin avqust ayına qədər hazırlanan layihə, quberniya komitələri tərəfindən təklif olunanlardan torpaq bölgüsünün artırılması və mükələfiyyətlərin azaldılması ilə fərqlənirdi.
1859-cu il avqustun sonunda 21 əyalət komitəsindən deputatlar çağrıldı. Növbəti ilin fevral ayında isə çağrılanlar 24 əyalət komitəsindən idi. Rostovtsevin ölümündən sonra Reaksiya Komissiyaları sədrinin yerini mühafizəkar və mülkədar V.N.Panin tutdu. Daha liberal layihə yerli zadəganların narazılığına səbəb oldu və 1860-cı ildə Paninin fəal iştirakı ilə hüquqlar azaldıldı, mükələfiyyətlər artırıldı. Layihənin dəyişdirilməsində bu istiqamət həm 1860-cı ilin oktyabrında Kəndli Məsələləri üzrə Baş Komitədə baxıldıqda, həm də 1861-ci il yanvarın sonundan Dövlət Şurasında müzakirə edildiyi zaman qorunub saxlanıldı.
1861-ci il fevralın 19-da çar II Aleksandr “Təhkimçilik asılılığından çıxmış kəndlilər haqqında Əsasnamə”ni imzaladı.[13] Hökumət islahat vasitəsilə ölkənin iqtisadiyyatını və siyasi quruluşu kapitalizm təməli üzərinə keçirirdi. Kəndlilərin şəxsən azad edilməsi məsələsi, azad edilmiş kəndlilərin pay torpaqları və mükəlləfiyyətləri haqqında məsələ, pay torpaqlarının kəndlilər tərəfindən satın alınması məsələsi və kəndli idarəsi təşkili haqqında məsələ 1861-ci il 19 fevral qanunlarının əsasını təşkil edirdi. Qanun elan edilən gündən təhkimli kəndlilərə şəxsi azadlıq verilirdi. Həmin gündən etibarən mülkədar artıq kəndli üzərində ağalıq edə bilməz və onun şəxsi həyatına müdaxilə edə bilməzdi. Bundan başqa kəndlilər öz xahişlərinə görə ictimai özünüidarə orqanlarında iştirak edə bilər, başqa silklərə keçə bilər, öz yaşayış yerlərindən gedə bilər, məktəblərə və qulluğa daxil ola bilərdilər.
1861-ci il kəndli islahatına görə kəndlilər torpaq alırdılar, lakin onu pulla, məhdudlaşdırılmış həcmdə və xüsusi şərtlərlə mülkədarlardan alırdılar. Mülkədarlar özlərinə məxsus olan bütün torpaq üzərində mülkiyyət hüququnu saxlayırdılar. Mülkədarların kəndlilərlə “könüllü” razılığı əsasında onlara verdiyi pay torpağının ölçüsü qanunla müəyyən edilmiş həcmdən artıq ola bilməzdi, bu həcm imperiyanın müxtəlif yerləri üçün 3 desyatindən 12 desyatinədək nəzərdə tutulurdu. Əgər kəndlinin istifadəsində qanunla müəyyən edilmiş həcmdən artıq torpaq olardısa mülkədarın bu artıq torpağı kəsib götürməyə ixtiyarı var idi. Kəndlinin torpağı müəyyən edilmiş həcmdən az olardısa onlara əlavə torpaq payı verilmirdi. Kəndlinin pay torpağı xalis əkin torpağı deyildi. 1861-ci il islahatına qədər orta kəndli pay torpağı 4,4 desyatinə bərabər idisə, islahatdan sonra azalıb 3,6 desyatinə endi. İslahat elan olunandan sonra ilk 9 il ərzində kəndlinin pay torpağından imtina etmək hüququ yox idi, deməli, kəndli bu müddət içərisində kənd cəmiyyətinin tərkibindən çıxa bilməzdi. Bu müddət qurtardıqdan sonra da kəndlinin cəmiyyətdən çıxması üçün çox məhdudiyyət vardı. Azad edilmiş kəndlinin pul və məhsul mükəlləfiyyətlərini müntəzəm yerinə yetirməsi üzərində ellik zəmanət qoyulmuşdu. Borclu olanlar kənd cəmiyyətinin qərarı ilə əlavə işlərə göndərilə bilərdilər.[14]
Mülkədar və kəndlinin “könüllü” razılığı əsasında kəndlinin pay torpağını alması üçün hökumət “ödənc əməliyyatı” təşkil etdi. Ödənc əməliyyatı kəndliləri aldatmaq, onları mülkədarın xeyrinə soymaq idi. Torpaq üçün bazar qiyməti deyil, kəndlinin mülkədara verdiyi töycünün miqdarına görə hesablanan bir məbləğ vermək lazım gəlirdi. Bu məbləğ torpağın həqiqi dəyərindən xeyli artıq idi və kəndli onu verməklə yalnız torpağı deyil, özünün şəxsi azadlığını da almış olurdu. Kəndli əvvəlcədən mülkədara pay torpağının dəyərinin 20-25 faizini nağd pulla verməli idi. Hökumət mülkədara ödənc pulunu birdəfəlik əldə etmək imkanı yaratmaq üçün qalan 75-80 faizi kəndlinin əvəzinə ona verirdi, kəndli isə həmin borcu 49 il müddətində ildə 6 faiz üstünə gəlmək şərti ilə dövlətə ödəməli idi.[15] Ödəncə keçilməsi müvəqqəti mükəlləfiyyət münasibətlərini aradan qaldırır, beləliklə də feodal asılılığı sistemini ləğv edirdi. Lakin imperiyanın ucqarlarında kəndliyə borc pul verilməmişdi, onun torpağı satın almağı məcburi deyildi və bunun üçün müəyyən vaxt qoyulmamışdı. Bu, çarizmin milli-müstəmləkə siyasətinin təzahürü idi.
Rusiyanın ucqar vilayətləri üçün islahat daha gec və xüsusi “Əsasnamə”lər üzrə keçirildi. Türk xalqları yaşayan bölgələrdə həyata keçirilmiş torpaq islahatı sahibkar kəndlilərin böyük hissəsinin torpaqsızlaşması ilə nəticələnmişdi. Çünki kəndlilər vergi və digər borcları ödəyə bilmədiklərinə görə mülkədarlar kəndlilərin pay torpaqlarını icarəyə götürür, bu torpaqlarda həmin kəndlilərin özlərini işlədirdilər. İcarə müddəti qurtardıqdan sonra isə mülkədarlar bu torpaqları geri qaytarmırdılar. Türk xalqları yaşayan ərazilərdə torpağı satın almaq üçün elə ağır şərtlər qoyulmuşdu ki, bu bölgələrdə feodal münasibətlərinin ləğv edilməsi 1913-cü ilədək uzandı. Kəndli islahatı Sibir kəndlilərinin əsas hissəsini əhatə etməmişdi. Lakin təhkimçiliyin ləğvi Sibirə köçürülənlərin artmasına və kapitalizmin inkişafına təsir etmişdi.
Bu dövrdə Mərkəzi Asiyada Rusiya işğalları davam etdiyindən kəndli islahatının həyata keçirilməsi bura şamil edilməmişdi. Kəndlilər verilmiş qanunlarda bu cür azadlıq gözləmirdilər. Hər yerdə kəndlərdə gizli həyəcanlar müşahidə olunurdu. Bu gizli həyəcanlar bu və ya başqa yerlərdə biyara çıxmaqdan imtina etmək, sahibkarların sərəncamlarına tabe olmamaqda özünü göstərirdi. Ən böyük hadisələr Penza, Tambov və Kazan quberniyalarında baş verdi. Kazan quberniyasının Bezdna kəndində Anton Petrov “ Əsasnamə”ləri oxuyarkən onları kəndlilərin mənafeyinə uyğun izah edirdi. Burada da kəndlilər manifestin məzmununa inanmayıb, mülkədar və məmurlar tərəfindən gizlədilən əsil azadlığı axtarmağa başladılar. Kəndlilər mülkədarlar üçün işləməkdən imtina etməyə başladılar. Həqiqi azadlıq haqqında məlumat almaq üçün hər tərəfdən kəndlilər Bezdnaya axışıb gəlirdilər. Hərbi dəstələrlə buraya gəlmiş general Apraksin, Anton Petrovun təslim verilməsini tələb etdi. Lakin kəndlilər generalın əmrini yerinə yetirməkdən boyun qaçırdılar. Əsgərlər atəş açdılar, çoxlu ölən və yaralanan oldu. Anton Petrov tutuldu və səhra məhkəməsinin hökmü ilə camaat qarşısında güllələndi. Bezdna kəndindəki hadisələrin xəbəri geniş yayıldı, demokratik ziyalılar içərisində hiddət və nifrətə səbəb oldu.
1861-ci il islahatından sonra fəhlə çıxışları da genişlənməyə başladı. Fəhlələrin kapitalistlərin istismarına məruz qaldığı Uralda fəhlələr pay torpaqlarından da istifadə etdiklərindən onların tələblərində kəndlilərin mənafeyi də əks olunmuşdu. Nizamnamə fərmanlarının tətbiq edilməsi Demidovların zavodunda fəhlələrin həyəcanına səbəb oldu. 1863-cü ilin yanvarında fəhlələr nizamnamə fərmanları üzrə müəyyən edilən pay torpağından imtina etmək, becərdikləri torpağın onların öz əllərində qalmasını istədilər. Nizamnamə fərmanlarının tətbiqi fəhlələrin vəziyyətini əlavə mükəlləfiyyətlərlə ağırlaşdırırdı. Bu bir çox zavodlarda həyacanların baş verməsinə səbəb olmuşdu.[16] Fəhlə və kəndlilərin çıxışları inqilabi-demokratik hərəkatın inkişafı üçün əlverişli zəmin oldu.
Kəndli dərhal torpaq mülkiyyətçisinə torpaq üçün məbləğin 20%-ni, qalan 80%-i isə dövlət tərəfindən ödənməli idi. Kəndlilər hər il 49 il müddətinə bu ödəmələri həyata keçirməli idilər. Torpaq alma ödənişi ümumi məbləğin 6%-ni təşkil edirdi. Beləliklə, kəndlilər torpaq üçün məbləğə kredit kimi 294% ödəyirdilər.[17] Torpaq ödənişləri 1906-cı ildə Birinci Rus İnqilabı dövründə dayandırıldı. 1906-cı ilə qədər kəndlilər 544 milyon rubla başa gələn torpaq alışı üçün 1 milyard 570 milyon rubl ödəmişdilər.[18] Beləliklə, kəndlilər torpaq üçün əslində üç qat pul ödəmişdilər.
Özünüidarəetmə islahatı
redaktəTəhkimçilik hüququnun ləğv edilməsi məhkəmə, şəhər, hərbi və maarif sahəsində burjua islahatlarının keçirilməsi məsələsini qarşıya qoydu. Bu islahatların həyata keçirilməsi ölkənin iqtisadi inkişafının bütün gedişindən irəli gəlirdi. Bu islahatlar bütün Rusiyada baş verən sosial-iqtisadi dəyişikliklərlə, feodal münasibətlərinin kapitalist istehsal münasibətləri ilə əvəz olunmağa başlaması ilə bilavasitə bağlı idi. Adlarını qeyd etdiyimiz islahatlar əvvəlcə Rusiyanın daxili quberniyalarında keçirilmiş, sonra isə imperiyanın ucqarlarına şamil edilmişdi.
Zemstvo islahatı
redaktəXIX əsrin 60-cı illərindəki ən iri islahatlardan biri zemstvo idarələri yaradılmasından ibarət idi. 1864-cü il yanvarın 1- də “Quberniya və qəza zemstvo idarələri haqqında” qanun verilmişdi. ”Əsasnamə”yə görə zemstvo idarələri bütün silklərin nümayəndələrindən ibarət olmalı idi ki, bu da formal olaraq burjua nümayəndəliyi prinsipinə uyğun gəlirdi. Yerli işlərin idarə olunması zemstvo idarələrinin ixtiyarına verilmişdi. Zemstvo idarəsinə əvvəllər yalnız imtiyazlı silkə aid olanların seçki hüququ var idisə, yeni qanuna görə hamı, yəni vergi verən əhali seçkilərdə iştirak edə bilərdi. Zemstvo idarələrində rus zadəganlarına rəhbər rol verilmişdi. Beləliklə 1865-1867-ci illərdə zemstvo mahal idarələrində olanlardan kəndlilər 38%, zadəganlar 42%, ruhanilər və tacirlər ilə birlikdə 59% iştirak etməli idi. Quberniya idarələrində olanlardan kəndlilər 11%, zadəganlar və məmurların 74%, din xadimləri və tacirlərlə birgə bəzən 89% təçkil edirdilər. Təxminən eyni tərkib növbəti 25 ildə də saxlanıldı. Lakin bəzi hallarda kəndlilərin içindən çıxan tacir və "qolçomaqların" hesabına uyezdlərdəki zemstvoda onların rolunun bir qədər artması ilə nəticələndi.[19] Onlar 4 il müddətinə seçilirdi.
Zemstvolar hər yerdə tətbiq edilmədi. Zadəgan mülkədar torpaq sahibliyi olmayan, yaxud zəif olan bir sıra quberniyalar zemstvo idarələrindən məhrum edimişdi. Həştərxan, Sibir, Qafqaz və Orta Asiyada belə idarələr yaradılmadı.
Zemstvo idarələrinin vəzifələri “hər bir quberniya və qəzanın yerli təsərrüfatının mənfəət və ehtiyaclarına aid işlərlə”, yəni yerli təsərrüfat işləri ilə müəyyən edilirdi. Bu vəzifələr başlıca olaraq yerli nəqliyyat yollarını qaydada saxlamaq, əhaliyə tibbi yardım təşkil etmək,məktəblər tikdirmək və digər kiçik təsərrüfat işlərindən ibarət idi. Zemstvo idarələri qubernatorun şəxsində hökumət oqanlarının nəzarətinə tabe edilmişdi. Zemstvoların hər hansı bir qərarı mövcud qanunlara və ya “ümumi dövlət mənafeyinə” zidd olduqda, qubernatorun bu qərarları dayandırmaq hüququ var idi. Zemstvolara inzibati səlahiyyət verilməmişdi, onlar öz qərarlarını zemstvolara tabe olmayan yerli qəza və quberniya idarələri vasitəsilə həyata keçirməli idilər. Zemstvoların hüquqlarını məhdudlaşdırmağa çalışaraq hökumət 1866-cı ildən etibarən onlara qarşı hücuma keçməyə başalyır. 1866-cı il noyabrın 21-də verilən qanun, zemstvo idarələrinin maliyyə vəsaitini xeyli məhdudlaşdırırdı. 1867-ci il iyunun 13-də verilən qanun zemstvo idarələrinə qubernatorlardan icazəsiz öz qərar və hesabatlarını nəşr etdirməyi qadağan edirdi. Bütün bunlar hökumətin zemstvo idarələrinin hüquqlarını məhdudlaşdırmaq istəyindən irəli gəlirdi.
Şəhər islahatı
redaktə1870-ci il 16 iyun "Şəhər əsasnamə"si üzrə silksiz şəhər idarəsi orqanları yaradılırdı. Bu orqanlar əmlak senzi əsasında 4 ildə bir dəfə seçilirdi. Əgər əvvəllər şəhər dumalarına seçkilərdə yalnız imtiyazlı silkə mənsub şəxslərin iştirak etmək hüququ var idisə, yeni "Əsasnamə"yə görə hamı, yəni şəhərdə yaşayıb vergi verən əhali seçkidə iştirak edə bilərdi.
Şəhər özünüidarəsinin səlahiyyətlərinə şəhərin abadlığı, yanğından mühafizə tədbirləri, ticarət və sənaye işlərinə himayədarlıq etmək, habelə səhiyyə və maarifin ehtiyacları qayğısına qalmaq daxil idi. Çar hökuməti çalışırdı ki,şəhər özünüidarə orqanlarında tatar, başqırd, çuvaş və başqa rus olmayan xalqların nümayəndələri az təmsil olunsunlar. Ümumiyyətlə, "Şəhər əsasnamə"si Volqaboyu, Sibir və Krımın şəhərlərində daha məhdud şəkildə tətbiq edilmişdi. Şəhər islahatının bütünlüklə yarımçıq və məhud keçirilməsinə baxmayaraq, bu islahatın həyata keçirilməsi, islahatdan əvvəlki dövrdə şəhərlərin idarə olunmasına nisbətən irəliyə dogru bir addım idi. Bu islahat şəhər təsərrüfatının inkişafı üçün hər halda əlverişli şərait yaradırdı.
Lakin bu islahatın nəticələrdən biri də yerli özünüidarəetmə islahatı başa çatdıqdan sonra ayrı-seçkilik yaradan yerli vergitutmaya edilən dəyişikliklər oldu.[20] Belə ki, əgər 1868-ci ildə kəndli və mülkədarlar təxminən eyni miqdarda torpaq vergisi verirdilərsə, artıq 1870-ci illərdə kəndli torpaqlarının onda bir hissəsindən tutulan yerli vergilər mülkədarların torpaqlarının onda bir hissəsindən tutulan vergilərdən iki-dörd dəfə yüksək idi.[21][22] Sonralar zemstvo kəndliləri müxtəlif qanun pozuntularına görə qamçılamaq təcrübəsinindən geniş istifadə etməyə başladı (əvvəllər belə cəzalandırma əsasən mülkədarların səlahiyyətləri daxilində idi).[23][24] Yerli hökumətlərin kəndlilərə qarşı özbaşınalığının çoxsaylı nümunələri məlumdur.[25] Beləliklə, özünüidarəetmə şəraitində siniflər arası siyasi hüquq bərabərliyi olmadıqda, ölkə əhalisinin aşağı təbəqə ilə yuxarə təbəqə arasında ayrıseçkiliyin artmasına səbəb oldu.
Məhkəmə islahatı
redaktəMəhkəmə islahatı haqqında "Əsasnamə" 1864-cü il noyabrın 20-də təsdiq edilmişdi. İslahatin məhkəmə quruluşuna və məhkəmə prosesinə gətirdiyi dəyişikliklər, islahatdan əvvəlki məhkəmə ənənələrindən və təcrübəsindən xeyli fərqlənirdi. Yeni məhkəmə qanun qarşısında bütün silklərin formal bərabərliyi məhkəmənin açıqlığı və hakimlərin müstəqilliyi, məhkəmə orqanlarının sadələşdirilməsi prinsipləri əsasinda qurulurdu. Lakin yeni məhkəmənin qeyd edilən burjua xüsusiyyətlərinin elə düzəlişləri var idi ki, bunlar mahiyyətcə burjua prinsiplərinə zidd idi. Hakimlərin "müstəqilliyi" son dərəcə şərti idi.
Lakin çar hökuməti bu dəfə də özünün milli müstəmləkə siyasətinə sadiq qalaraq Rusiyaya nisbətən ucqarlarda məhkəmə islahatinı yarımçıq keçirmişdi. Rusiyada hakimlər seçildiyi halda, ucqarlarda təyin olunur, həm də yalnız ruslardan təyin olunur və işlər rus dilində aparılırdı. Xalqın dili, adət ənənəsi ilə tanış olmayan hakimlərin fəaliyyətində özbaşınalıq hökm sürürdü. Məhkəmə islahatı Orta Asiyada, Sibirdə, Ufa, Orenburq və Həştərxan quberniyalarında tətbiq edilmədi.[26]
1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi. Bu cinayətlərə baxılması silki nümayəndələrin iştirakı ilə ancaq məhkəmə palatalarına etibar edilirdi. Belə ki, mürtəce zadəganların fikrincə, andlılar məhkəməsi çar hökumətini arzuolunmaz hökmlərdən hifz edə bilməzdi. İmtiyazlı silk namüyəndələrini (quberniya zadəganlarının başçısı, yerli məhkəmə dairəsinin yerləşdiyi qəzanın zadəgan başçılarından biri şəhər rəisləri və kətxudaların hərəsindən bir nəfər) iştirak etdikləri məhkəmə, hakim təbəqənin mənafeyini müdafiə edən etibarlı silah olmalı idi.
Burjua məhkəmə quruculuğu və məhkəmə icrasının əsaslarını tətbiq etmiş 1864-cü il məhkəmə islahatı təhkimçilik münasibətlərinin kəndliləri üçün volost məhkəməsi, ruhanilər üçün xüsusi məhkəmə, çar məmurlarının vəzifə cinayətlərinə baxmağın xüsusi qaydası, vəzifəli şəxslərin məhkəməyə verilməsini güzəştli qaydaları və s. qalıqlarını qoruyub saxladı. Məhkəmə islahatının o dövrün burjua islahatlarindan biri olmasına baxmayaraq, bütün başqa islahatlarda oldugu kimi, bu islahatda da feodal- təhkimçilik qalıqları saxlanmışdı.
II Aleksandrın hakimiyyətinin son illərində isə cəmiyyətdə artan etirazlar fonunda 1864-cü il Məhkəmə Nizamnaməsinin və yerli özünüidarəetmə qanunlarının fəaliyyətini ləğv edən misli görünməmiş polis tədbirləri tətbiq edildi.[27] Hakimiyyət və polis hər hansı bir şübhəli şəxsi sürgünə göndərmək, məhkəmə orqanlarının razılığı olmadan axtarış və həbslər etmək, müharibə vaxtı müttəhimlərə təyin edilmiş cəzaları tətbiq etməklə siyasi cinayətləri hərbi məhkəmələrə təqdim etmək hüququ aldı. Əyalətlərə təyin olunmuş müvəqqəti qubernatorlar müstəsna səlahiyyətlərə sahib oldular ki, bu da bir sıra yerlərdə sərt özbaşınalıqlara səbəb oldu. Onların bu hərəkətlərindən inqilabçılar və terrorçulardan daha çox mülki şəxslər əziyyət çəkirdilər.[28] Tarixçi A.A.Kornilov 1909-cu ildə II Aleksandr hökumətinin bu tədbirlərini "ağ terror" kimi xarakterizə etmişdi.[29]
Hərbi islahat
redaktəKrım müharibəsindəki məğlubiyyət silahlı qüvvələrin yenidən təşkilini bir vəzifə olaraq qarşıya qoydu. Sinfi ziddiyyətlərin kəskinləşməsi və inqilabi hərəkatın artması da hökuməti dövlət hakimiyyətinin əsası olan ordunu möhkəmlətmək üçün tədbirlər görməyə vadar etdi.
Dmitri Milyutin hərbi nazir təyin edildikdən sonra 1850-ci illərin sonlarından başlayaraq hərbi dəyişikliklər keçirilməsinə start verildi. 1862-ci ildən hərbi dairələr yaradılmağa başlandı. Daha yüksək ixtisaslı hərbi mütəxəssislər heyəti hazırlamaq üçün hərbi akademiyalar təsis olunmuş və dənizçilik məktəbi yaradılmışdı. Yeni tələblərə uyğun olaraq hərbi nazirlik yenidən təşkil edildi. 1874-cü ildə Rusiyada hərbi mükəlləfiyyət haqqında nizamnamə təsdiq edildi.[30] Hərbi islahat ordunun komplektləşdirilməsi prinsiplərinin dəyişdirilməsindən, əsgər toplamaq sistemindən, bütün silklər üzrə hərbi mükəlləfiyyətə keçilməsindən ibarət idi. Hərbi islahatlar nəticəsində aşağıdakılar baş verdi:[30]
- Ordunun ümumi heyəti 40% azaldıldı
- Qanuna əsasən, mənsub olduğu silkdən asılı olmayaraq 20 yaşına çatmış bütün kişi əhalisi hərbi mükəlləfiyyətə cəlb olundu
- Quru qoşunlarda hərbi xidmət müddəti 6 il həqiqi qulluq və 9 il ehtiyat qulluq, donanmada 7 il həqiqi qulluq və 3 il ehtiyat qulluq müəyyən edildi
- Təhsil almış şəxslər üçün həqiqi hərbi xidmət müddəti xeyli azaldıldı
- Bədən xəsarətləri cəzası ləğv edildi (xüsusi olaraq cərimələnmişlər istisna olnmaqla)
- Ordunun və donanmanın yenidən silahlanması (polad silahlar, yeni tüfəng və s.), dövlətə məxsus hərbi zavodların yenidən qurulması
- Orduya aid yeni hərbi qanunların hazırlanması və tətbiqi
Lakin onu da qeyd edək ki, orduda xidmət etməyi bütün silklərə şamil etməsinə baxmayaraq, nizamnamə əhalinin müəyyən bir hissəsini, əsasən müsəlmanları müxtəlif səbəblərə görə hərbi xidmətdən azad edirdi.
Təhsil islahatı
redaktəKapitalizmin inkişafı xalq maarifi sahəsində də islahat keçirilməsini zəruri etdi. 1864-cü ildə təsdiq edilmiş "Əsasnamə"yə görə ibtidai xalq məktəbləri artıq ictimai müəssisələr və xüsusi şəxslər tərəfindən hökumət orqanlarının icazəsi ilə açıla bilərdi. Bu, məktəb şəbəkəsinin genişlənməsinə səbəb oldu. Lakin tədris işinə rəhbərlik hökumət orqanlarının əlində qalırdı. Gimnaziyalarda təhsil haqqının çox yüksək olması və gimnaziyaların sayının isə az olması aşağı təbəqələrin uşaqlarının təhsil almaq imkanını məhdudlaşdırırdı.
XIX əsrin 60-70-ci illərində xüsusi ali təhsil məktəbləri açıldı. 1863-cü il ali təhsil müəssisələri üçün universitet nizamnaməsində universitetlərin qismən muxtariyyəti tətbiq olundu.[31] Bundan sonra xüsusi və ictimai təşəbbüs nəticəsində Moskvada, Peterburqda, Kazanda ali qadın kursları açıldı.[32] 1860-cı illərin islahatları zamanı dövlət məktəblərinin şəbəkəsi genişləndirildi.[33] Klassik gimnaziyalarla yanaşı realnı gimnaziyalar (məktəblər) yaradıldı ki, burada da əsas diqqət riyaziyyat və təbiət elmlərinin tədrisinə yönəldildi.[34] 1864-cü ildə yeni Məktəb nizamnaməsi təsdiq edildi, ona görə ölkədə gimnaziyalar və realnı peşə məktəbləri açıldı. İbtidai məktəblər barəsində hökumət, inzibati nəzarəti hər vasitə ilə gücləndirmək vəzifəsini qarşıya qoyurdu. Bu məqsədlə 1869-cu ildə hər bir quberniyada xalq məktəbləri müfəttişi vəzifəsi müəyyən edildi.
Ziyalıların bir çoxu təhsil islahatının bəzi elementlərini aşağı təbəqəyə qarşı ayrı-seçkilik kimi qiymətləndirirdilər. Tarixçi N.A.Rojkovun qeyd etdiyi kimi, cəmiyyətin aşağı və orta təbəqələrindən olan şəxslər üçün olun realnı gimnaziyalarda yalnız yuxarı siniflər üçün mövcud olan adi gimnaziyalardan fərqli olaraq qədim dilləri (Latın və Yunan) öyrətmirdilər. Qeyd edək ki, universitetlərə daxil olarkən qədim dilləri bilmək məcburi şərtlərdən biri idi. Tarixçinin fikrincə universitetlərə giriş demək olar ki, geniş kütlə üçün bağlanmışdı.[35].
II Aleksandrın hakimiyyətinin son illərində ali məktəb haqda bəzi (universitetlərdə polis nəzarətinin tətbiqi, ruhanilərin dövlət məktəblərinin idarə olunmasında üstünlük təşkil etməsi, "maddi cəhətdən təhlükəsiz olmayan şəxslərin" universitetlərə qəbulunun məhdudlaşdırılması və s.) qərarlar qəbul edildi. A.Zayonçkovskiyə görə bu qərarlar "təhkimçilik ləğv edildiyi gündən bəri xalq təhsili sahəsində görülən hər şeyi kənara qoymuşdur".[36].
Milli islahatlar
redaktə1859-cu və 1880-ci illər arasında çar tərəfindən verilən bir sıra fərmanlarda yəhudilərin əhəmiyyətli bir hissəsi Rusiya daxilində sərbəst məskunlaşma hüququnu aldılar. A.İ.Soljenitsınin yazdığına görə, pulsuz yerləşmə hüququ tacirlərə, sənətkarlara, həkimlərə, hüquqşünaslara, universitet məzunlarına, onların ailələrinə və işçilərinə, həmçinin, "azad peşə sahiblərinə" verildi. 1880-ci ildə Daxili İşlər Nazirinin əmri ilə qeyri-qanuni olaraq imperiya daxilində yalnız 4 vilayətdə yaşamaq hüququ olan yəhudilərə, həmin əraziləri[37] tərk etmək icazəsi verildi.
1808-1809-cu illər Rusiya-İsveç müharibəsi nəticəsində Rusiya imperiyasına daxil edilən Finlandiya knyazlığına da islahatlar təklif edildi. 1860-cı il aprelin 4-də imperatorun fərmanı ilə Finlandiya Böyük knyazlığının ərazisində öz pul vahidi - marka tətbiq olundu. 1863-cü ildə yarım əsrdən çox fasilədən sonra Helsinqforsda Fin seymi toplaşdı. Onların qərarlarına görə dörd hissəli (dörd sinifli) Seym sistemi quruldu.
Təhsil, bədii və dini ədəbiyyatın fin dilində nəşrinə icazə verildi. Sonralar qanunvericilik səviyyəsində məhkəmədə və dövlət idarələrində isveç və fin dillərinin bərabərliyi tanındı və rəsmi olaraq fin dilinin dövlət dili olaraq təsbit edilməsi ilə bağlı qərar qəbul edildi.[38]
II Aleksandr tərəfindən milli dillərdə qəzet nəşr edilməsinə icazə verildi. 1861-ci il sentyabrın 6-da Rusiya imperiyasında isveç dilində "Barometern" qəzetinin ilk sayı dərc olundu.[39] Bu Rusiyada müntəzəm olaraq nəşr olunan ilk isveç dilli qəzet idi. "Barometern" nəşri ilk illərindən isveç dilində danışan finlər üçün "liberal ideal" halına gəlir.[40] Qəzet indi də İsveçin Kalmar şəhərində nəşr olunur (1841-ci ildən).
İstinadlar
redaktə- ↑ После реформ: Правительственная реакция Arxivləşdirilib 2011-12-26 at the Wayback Machine // Троицкий Н. А. Россия в XIX веке: Курс лекций. — М.: Высшая школа, 1997.
- ↑ Контрреформы 1889—1892 гг.: Содержание контрреформ Arxivləşdirilib 2012-01-28 at the Wayback Machine // Троицкий Н. А. Россия в XIX веке: Курс лекций. — М.: Высшая школа, 1997.
- ↑ Константин Николаевич // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918.
- ↑ БРЭ|Либеральные бюрократы|id=2649314
- ↑ Крестьянское движение в России в 1850—1856 гг. Сборник документов / Под редакцией д. и. н., проф. С. Б. Окуня. — М.: Соцэкгиз, 1961. С. 385.
- ↑ После реформы 1861 года. Сайт «История Волгограда». Дата обращения 28 мая 2012. Архивировано 29 июня 2012 года.
- ↑ Томсинов В. А. Подготовка крестьянской реформы 1861 года в России // Крестьянская реформа 1861 года в России / Сост., автор предисл. и вступ. ст. В. А. Томсинов. — М.: Зерцало, 2012. — С. XV-XCVIII.
- ↑ Покровский М., 1911
- ↑ Захарова Л. Г., 2011
- ↑ Зайончковский П. А., 1954
- ↑ Рескрипт от 20 ноября 1857 г. Александра II Виленскому, гродненскому и Ковенскому военному генерал-губернатору В. И. Назимову//Конец крепостничества в России. Документы, письма, мемуары, статьи. М.: Изд-во МГУ, 1994. С. 86.
- ↑ Троицкий Н. А. Россия в XIX веке. Курс лекций. М.: 1997.
- ↑ «Северная пчела». 7 марта 1861, № 52. С. 1.
- ↑ Семенов-Тян-Шанский Н. П. Начало эпохи освобождения крестьян от крепостной зависимости. Из воспоминаний последнего оставшегося в живых участника законодательных работ этой эпохи//Конец крепостничества в России. Документы, письма, мемуары, статьи. — М.: Изд-во МГУ, 1994. С. 149.
- ↑ Рожков Н. А. Русская история в сравнительно-историческом освещении : (Основы социальной динамики). — 2-е изд. — Л.; М.: Книга, 1928. — Т. 11: Производственный капитализм и революционное движение в России второй половины XIX и начала XX века. — 406 с.
- ↑ Васильчиков А. И., кн. Землевладение и земледелие в России и других европейских государствах / В 2-х тт. — СПб., 1876. — 564+444 с.
- ↑ Как окончательно выкупать земли, получать данные и утверждаться в правах наследства в крестьянском быту / Сост. В. К. Масальский. — Минск, 1883. — 80 с. Книга содержит подробные правила, формулы и расчёты платежей по выкупной операции.
- ↑ Материалы съездов партии. 5 (Лондонский) съезд РСДРП. Протоколы. — ВКП(б), РКП(б), РСДРП, КПСС: Материалы съездов.
- ↑ Захарова Л. Г. Земская контрреформа 1890 г. — М., 1968. — с. 14-27.
- ↑ Захарова Л. Г. Земская контрреформа 1890 г. — М., 1968. — с. 31.
- ↑ Рожков Н. Русская история в сравнительно-историческом освещении (основы социальной динамики). — Л.-М., 1926—1928, т. 11, с. 224.
- ↑ Зайончковский П. А. Отмена крепостного права в России. — М., 1964. — с. 300.
- ↑ Покровский М. Русская история с древнейших времен. При участии Н. Никольского и В. Сторожева. — М., 1911, т. 5, с. 286.
- ↑ Зайончковский П. А. Отмена крепостного права в России. — М., 1964, с. 185—186.
- ↑ Зайончковский П. А. Отмена крепостного права в России. — М., 1964. — с. 202—205.
- ↑ Russie a la fin du 19e siecle, sous dir. de M.Kowalevsky. Paris, 1900, p. 111.
- ↑ Зайончковский П. А. Кризис самодержавия на рубеже 1870—1880-х годов. — М., 1964, с. 237.
- ↑ Зайончковский П. А. Кризис самодержавия на рубеже 1870—1880-х годов. — М., 1964. — с. 91-95.
- ↑ Корнилов А. А. Общественное движение при Александре II (1855—1881). — М., 1909, с. 252.
- ↑ 1 2 Авилов Р.С. Реализация военно-окружной реформы 1862–1865 годов в Восточной Сибири и на российском Дальнем Востоке: создание Восточного Сибирского военного округа // Вестник ЧелГУ. Вып. 51. – № 16. – 2012. – С. 18–25.[1]
- ↑ "История России XIX — начала XX в.: учеб. / В. А. Георгиев, Н. Д. Ерофеев [и др.] / отв. ред. В. А. Федоров. — 4-е издание — М.: Проспект, 2009
- ↑ Женские гимназии и прогимназии Министерства народного просвещения. 1858—1905.
- ↑ Реальные училища // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- ↑ Историко-статистический очерк общего и специального образования в России. — С. 93—94.
- ↑ Рожков Н. Русская история в сравнительно-историческом освещении (основы социальной динамики). — Л.-М., 1926—1928, т. 11, с. 84
- ↑ Зайончковский П. А. Кризис самодержавия на рубеже 1870—1880-х годов. — М., 1964. — с. 111—123.
- ↑ Солженицын А. Двести лет вместе (1795—1995). — М., 2001. — часть 1, с. 142—144.
- ↑ "«Всемирная история»: Великое Княжество Финляндское". 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-07.
- ↑ Первый номер газеты, изданный в Российской империи
- ↑ Suomen lehdistön historia 5: Hakuteos Aamulehti — Kotka Nyheter; Kuopio; Kustannuskiila // 1988, 28 ISBN 951-657-239-1
Ədəbiyyat
redaktə- Великая реформа. Русское общество и крестьянский вопрос в прошлом и настоящем. Юбилейное издание. — В 6-ти т. М., Издательство товарищества И. Д. Сытина, 1911 г.
- "Первый номер газеты, изданный в Российской империи на шведском языке Barometern" (isveç). Национальная библиотека Финляндии. 1861-09-06. 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- Almendingen, E.M. The Emperor Alexander II (1962)
- Eklof, Ben; John Bushnell; L. Larisa Georgievna Zakharova. Russia's Great Reforms, 1855–1881. 1994. ISBN 978-0-253-20861-3.
- Emmons, Terence, and Wayne S. Vucinich, eds. The Zemstvo in Russia: An Experiment in Local Self-Government (Cambridge UP, 1982).
- Lincoln, W. Bruce. The Great Reforms: Autocracy, Bureaucracy, and the Politics of Change in Imperial Russia (1990)
- Lincoln, W. Bruce. Nikolai Miliutin, an enlightened Russian bureaucrat (1977)
- Miller, Forrest A. Dmitrii Miliutin and the Reform Era in Russia (1968)
- Moss, Walter G. A history of Russia: volume I to 1917 ( 1997), pp 413–35.
- Mosse, W. E. Alexander II and the Modernization of Russia (1958) online Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine
- Orlovsky, Daniel T. The Limits of Reform: The Ministry of Internal Affairs in Imperial Russia, 1802-1881 (Harvard UP, 1981).
- Pereira, N.G.O.,Tsar Emancipator: Alexander II of Russia, 1818–1881, Newtonville, Mass: Oriental Research Partners, 1983.
- Polunow, Alexander. Russia in the Nineteenth Century: Autocracy, Reform, And Social Change, 1814–1914. M E Sharpe Incorporated. 2005.
- Radzinsky, Edvard, Alexander II: The Last Great Tsar. (2005).
- Rieber, Alfred J. "Alexander II: A Revisionist View." Journal of Modern History 43.1 (1971): 42-58. Online Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- Saunders, David. Russia in the Age of Reaction and Reform: 1801 – 1881 (1992).
- Seton-Watson, Hugh. The Russian Empire 1801-1917 (Oxford UP, 1967) pp 332–429.
- Watts, Carl Peter. "Alexander II's Reforms: Causes and Consequences" History Review (1998): 6-15. Online Arxivləşdirilib 2022-04-18 at the Wayback Machine
- Wcislo, Francis William. Reforming rural Russia: State, local society, and national politics, 1855-1914 (Princeton, 2014).
- Zakharova, Larisa. "The reign of Alexander II: a watershed?" in Dominic Lieven, ed., The Cambridge History of Russia Volume 2: Imperial Russia, 1689-1917 (2006) pp. 593–616
- Domar, Evsey. “Were Russian Serfs Overcharged for Their Land by the 1861 Emancipation? The History of One Historical Table.” Research in Economic History Supplement 5b (1989): 429-439.
- Easley, Roxanne. The emancipation of the serfs in Russia: Peace arbitrators and the development of civil society (Routledge, 2008).
- Emmons, Terence, ed. Emancipation of the Russian serfs (1970), 119pp. Short excerpts from primary and secondary sources.
- Emmons, Terence. The Russian Landed Gentry and the Peasant Emancipation of 1861 (1968) review Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine
- Field, Daniel. The End of Serfdom: Nobility and Bureaucracy in Russia, 1855-1861 (1976)
- McCaffray, Susan P. "Confronting Serfdom in the Age of Revolution: Projects for Serf Reform in the Time of Alexander I", Russian Review (2005) 64#1 pp 1–21 online Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine
- Moon, David. The Abolition of Serfdom in Russia: 1762-1907 (2001). links Arxivləşdirilib 2018-06-02 at the Wayback Machine
- Pereira, N. G. O. "Alexander II and the Decision to Emancipate the Russian Serfs, 1855-61." Canadian Slavonic Papers 22.1 (1980): 99-115. online Arxivləşdirilib 2019-08-13 at the Wayback Machine
- Pushkarev, Sergei G. "The Russian Peasants' Reaction to the Emancipation of 1861." Russian Review 27.2 (1968): 199-214. online Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- Robinson, Geroid. Rural Russia under the Old Regime (3rd ed. U of California Press, 1972).
- Vucinich, Wayne, ed. The Peasant in Nineteenth-Century Russia (1968)
- Freeze, Gregory L. ed. From Supplication to Revolution: A Documentary Social History of Imperial Russia (1989), pp 197–247. Includes 28 statements by the nobility, bureaucracy, Army, clergy, professionals, merchants, peasants, industrial workers, religious minorities and women.