I Pyotrun Vesiyyetnamesi - Wikipedia
I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də "vəsiyyətnamə"nin mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktlaşdırma Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət, böyük fatehlik iddiaları və s. onun həqiqətən mövcud olduğunu sübut edir.
"Vəsiyyətnamə"də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dinə münasibətidir.
Ümumilikdə 12 bənddən ibarət olan bu sənədin IX bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi "məxfi qalsın" başlığı ilə verilib. Məhz bu bənddə I Pyotrun dinə mənfi münasibəti açıqlanaraq dinin dövlət işlərinə qarışması qadağan edilib. Sənəddə deyilir: "Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətlərimdən istifadə edərək onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir dərəcədə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim. Ruhanilərin dövlət və millət işlərindən əllərini qısaldıb, onları kilsələrdə məhdudlaşdırdım".
"Vəsiyyətnamə"də diqqəti çəkən məqamlardan biri də islam dininə, onun sünni və şiə təriqətlərinə məkrli münasibətidir. I Pyotr islam təriqətlərinə millətlərarası münaqişələr törətmənin ən kəsərli vasitəsi, hərbi silah və sürsatın alternativi kimi önəm verir. Rusiyanı ən böyük dünya dövləti kimi görmək istəyən I Pyotr onun sərhədlərini Hindistandan Avropaya qədər genişləndirməyi, İstanbulun da Rusiyanın paytaxtı olmasını arzulayaraq məramını belə açıqlayır:
"Bu məqsədi (Rusiyanın dünya ağalığını həyata keçirməklə İstanbulun da paytaxt olmasını) həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir."
İran və Osmanlı arasında çaxnaşma salmağı planlaşdıran I Pyotr bu ölkələri Avropa ilə təmasdan məhrum etməyi vəsiyyət edərək xəbərdarlıq edirdi ki...
"Əgər bu ölkələrin (İran və Osmanlının) müsəlmanları göz açıb hüquqlarını qansalar o, bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsi ilə sünni və şiə ixtilaflarını qızışdırmaq lazımdır."
Göründüyü kimi, I Pyotr dindən siyasi məqsədlərlə bəhrələnməyə çağırır, bir dinin iki təriqəti arasındakı ziddiyyətdən məharətlə istifadə edərək islamı sıxışdırıb xristianlığı genişləndirməyi vəsiyyət edir. I Pyotr bu yöndə məramını belə açıqlayır:
"İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir"[1].
1725-ci ildə yazılmış bu sənəd, yalnız 13 il sonra 1738-ci ildə elan edilmişdir[2]. Maraqlıdır ki, "Vəsiyyətnamə" də "Qafqaz xətti" anlamında yalnız Gürcüstan ölkəsi və İranın adı çəkilir. Burada "Azərbaycan" adına rast gəlmirik. "Vəsiyyətnamə"də oxuyuruq:
"Gürcüstan ölkəsi "Qafqaz xətti"nin yəni İranın şah damarıdır."
Fikrimizcə, İran dedikdə burada Azərbaycan da nəzərdə tutulur. O vaxtkı Rusiya üçün "Azərbaycan" adlı coğrafi məkan mövcud olsa da "Azərbaycan" adlı dövlət mövcud deyildi. Azərbaycan İranın tərkib hissəsi kimi qəbul edilirdi. Ona görə də I Pyotr "məxfi qalsın" başlığı altında vəsiyyət edirdi ki,
"...siz vaxtı itirmədən Gürcüstanı və Qafqazı zəbt və işğal edib İranın daxili hakimlərini özünüzə qul və xədim ediniz".
I Pyotrun hələ sağlığında müxtəlif dövlət adamlarına tapşırıqları da "Vəsiyyətnamə"nin ruhu ilə yaxından səsləşir. 1723-cü il iyul ayının 21-də rus general-mayoru Matyuşkin Bakı xanına təslim olmaq barədə ultimatum verdi. Rədd cavabı alan general Bakını 5 gün gecə-gündüz atəşə tutduqdan sonra iyulun 26-da şəhərə girdi. I Pyotr general-mayor Matyuşkinə tapşırıq vermişdi ki, "müsəlmanları ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarından köçürüb əvəzində orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olan adamları yerləşdirsin". I Pyotr özünün İstanbuldakı səfiri Rumyantsevə isə tapşırmışdı ki, "əgər Osmanlı Türkiyəsi də etiraz etməzsə, ruslar tərəfindən zəbt edilmiş ərazilərdə yaşayan müsəlmanlar Osmanlı Türklərinin ölkəsinə köçə bilərlər. Bu məqsədlə türklərə hər vasitə ilə yol tapmaq lazımdır".
Əgər I Pyotr tezliklə vəfat etməsəydi, çox ehtimal ki, onun bu mənfur planları da baş tutacaqdı.
Tarixin gedişini diqqətlə izlədikdə məlum olur ki, I Pyotr ölsə də onun gələcək nəsillərə təlimatı olan "Vəsiyyətnamə"si Rus dövlətinin sonrakı rəhbərləri üçün də istiqamətverici sənəd olmuşdur.
1775-ci ildə Quba xanı Fətəli xan II Yekaterinanın Dərbəndə göndərdiyi rus çinovnikləri Qaraqozov və Batıryevə bildirmişdi ki, Rusiya dövləti Azərbaycanın daxili işlərinə qarışmamalıdır. 1775-ci ilin əvvəlində II Yekaterina bir dəstə rus generalını öz sarayına dəvət edərək, Gürcüstanı və o vaxtlar mövcud olmayan Ermənistanı (Tarixi Azərbaycan torpaqlarını) müsəlman hökmdarlarının əlindən qoparmaq üçün xüsusi plan hazırlatdırmışdı. 1796-cı ildə Azərbaycana yürüş edərək 30 min nəfərlik ordu ilə Dərbənddən keçib Qubanı, Bakını, Salyan və Şamaxını tutan rus generalı qraf B.Zubov öz hökmdarlarından belə bir tapşırıq almışdı ki, "Muğanı ələ keçirdikdən sonra orada bir qala tikdirsin, adını "Yekaterina sert" ("Yekaterinanın ürəyi") qoysun və orada iki min cavan rus əsgəri məskunlaşdırsın, həmin gənc əsgərləri erməni və gürcü qızları ilə evləndirib onları xüsusi torpaq sahələri və silahla təmin etsin."
Tarixi araşdırmalar sübut edir ki, tarixin sonrakı dönəmlərində də Rus dövləti işğalçılıq yolu ilə ərazilərinin genişləndirilməsi siyasətini davam etdirmiş, bu zaman milli və dini amilləri önə çəkmiş, Qafqazda əsas hədəf kimi müsəlman-türk Azərbaycanını nişana almışlar.
XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını zorla Rusiya ərazisinə qatan rus qoşunları müqavimət göstərənləri dərhal aradan qaldırır, onların ərazisində "Hərbi dairə" adlanan və çar zabitləri tərəfindən idarə olunan vahidlər yaradırdı. Qafqazın baş komandanı P.D.Sisianovun təklifi ilə Gəncə xanlığının ərazisi I Aleksandrın arvadının şərəfinə "Yelizavetpol dairəsi" adlandırılmışdı. P.D.Sisianov çarın bu barədəki fərmanını 1804-cü il martın 2-də Gəncənin Cümə məscidində oxumuşdu.
Çar hökuməti də 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsini pozaraq 1822-ci ildə Qarabağ xanlığını bir siyasi amil kimi ləğv edib onu imperiyanın sıravi əyalətinə çevirmişdi...
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Sultan Laçın. ""I Pyotrun vəsiyyətnaməsi olmayıb" - ARAŞDIRMA" ( (az.)). hafta.az. 2015-04-06. 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.