Kohne Probst Evi - Wikipedia
Köhnə probst evi (çex. Staré proboštství) – Praqa yepiskoplarının köhnə iqamətgahıdır. Qəsrin cənub yamacında yeni iqamətgahın tikintisinə qədər (1874-cü ilə kimi) bu bina yepiskoplara "sədaqət və həqiqət" ilə xidmət göstərmişdi. Probstluq Praqa qəsrinin mərkəzində, Müqəddəs Vit kafedralının yaxınlığında yerləşir.
Köhnə probst evi | |
---|---|
Staré proboštství | |
50°05′25″ şm. e. 14°24′00″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Pavel Yanak |
Üslubu | Barokko |
Vəziyyəti | Çexiya Prezidentinin Dəftərxanası |
Rəsmi sayt | kralovskacesta.cz/cs/pro… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəKöhnə probst evinin binası çox güman ki, Jiji tanrısına həsr olunan qədim bütpərəst məbədin yerində inşa edilmişdi. 1060-cı ildə daha əvvəl tikilmiş ev Çexiyada daşdan inşa edilmiş ən qədim yaşayış binası idi. Günümüzdə bu evi inşa etdirən yepiskopun adı məlum deyil. Lakin iddia olunur ki, bu ilk Çexiya yepiskopu Detmar idi; 976-cı ildə o Müqəddəs-Adalbertin davamçısı olmuşdu. Arxeoloji qazıntılar təsdiqləyir ki, Roman üslubunda daş bina Müqəddəs Vit kapitulunun başçılarının iqamətgahı olaraq xidmət göstərmişdi; onun qarşısında isə bir zamanlar kafedral xidmətçiləri üçün iki taxta ev inşa edilmişdi. Bu "yepiskop həyətinin" daxilində Müqəddəs Moritz kapellası yerləşirdi[1].
XII əsrin ortalarında baş vermiş böyük yanğın Köhnə probst evini ağır zədələmişdi, buna görə də, binanın əhəmiyyətli dərəcədə tikinti sahəsini artırmaq üçün ərazidə yenidənqurma işlərinə start verilmişdi. Daha sonralar Probst evində qotika və renessans memarlıq üslublarının meyl və tendensiyalarına uyğun şəkildə bir sıra düzəlişlər edilmişdi. Bununla belə bina öz müasir görünüşünü yalnız 1662-ci ildə, Avropada artıq barokko üslubu dəbdə olarkən əldə etmişdi. Yenidənqurma işləri çox güman ki, memar Françesco Karattinin rəhbərliyi altında həyata keçirilmişdir. XVIII əsrin birinci yarısında evin interyeri fəzilətlərindən alleqorik görünüşlərini təsvir edən yapma elementlərlə bəzədilmişdi[2].
1486-cı ildə Müqəddəs Vatslav adına yepiskop heyəti yaxınlıqdakı Yirji (Georgi) meydanında yerləşən yeni binaya köçür, onların yaşadığı evi isə Rektor Slovniçek satın alır və o vaxtdan bəri bura "Köhnə probst evi" adlanır. 1880-ci ildə Moritz kapellası sökülür; onun təməlini Kafedral və probstluğun arasında yerləşən bazilikanın aşağı hissəsində görmək olar. XX əsrin 80-ci illərdə binada geniş arxeoloji və tarixi araşdırma işləri həyata keçirilmişdir. 2005-ci ildə isə, binanın fasadında bərpa işləri həyata keçirilir.
Müharibədən sonrakı illərdə binada Praqa qəsrinin əməkdaşları üçün Mədəniyyət evi yerləşirdi. Hal-hazırda, ev Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur. 2010-cu ildə bağlanmış sazişə əsasən, ev həmçinin Kafedral kilsənin mitropolit kapitulunun azad istifadəsinə verilmişdir.
Köhnə probst evinin ümumi görünüşü
redaktəAparılan genişmiqyaslı yenidənqurma işlərinə baxmayaraq, binanın ilkin roman görünüşü qismən qorunub saxlanılmışdı. Onun qalıqları şərq fasadında yerləşir. Suvaqla örtülmüş ikiqat tağlı və sadə düzbucaqlı pəncərə qədim daş hörgünün bir hissəsidir. Üç mərtəbəli bina piramida şəklində hündür kirəmitli dam ilə örtülmüşdür. Damda bir neçə baca və mansardlı pəncərə var[3]. Birinci mərtəbə boz qumdaşından hazırlanıb, burada cəmi bir neçə kiçik kvadrat pəncərələr vardır. İkinci və üçüncü mərtəbələrin divarları ağ rəngə, onun üzərindəki panellər isə çəhrayı rəngə boyanıb. Bu cür rəng seçimi Köhnə probst evini böyük və tutqun kafedralın fonunda parlaq ləkəyə çevirir.
Əsas fasad özünün erkən barokko üslublu giriş qapısı ilə diqqəti cəlb edir: yarımdairəvi pilləkən oyma ağac panelləri ilə bəzədilmiş böyük qoşa qapılara gətirib çıxarır. Giriş qapısının üzərində Müqəddəs Vatslav kapitulunun və yepiskopluğun gerbini saxlayan iki kupidonun və yepiskop tiarasının daş barelyefləri yerləşir. Ondan yuxarıda isə rektor Yan Frants fon Aşenfeldin simvolu yerləşir - məhz onun əmri ilə bina erkən barokko üslubunda yenidən qurulmuşdu.
Binanın cənub-qərb küncündə, 1662-ci ildə qumdaşından oyulmuş zirehli cəngavər Müqəddəs Vatslavın heykəli yerləşir. Binanın cənub fasadında isə, tünd mavi rəngdə bir lövhə quraşdırılıb. Lövhədə Praqa üsyanı zamanı həyatını itirən nasist qurbanlarının adları həkk olunub. O, 5 may 1946-cı ildə memar Pavel Yanakın layihəsi əsasında hazırlanmışdır[4].
Ədəbiyyat
redaktə- Pražský hrad, Podrobný průvodce, Správa Pražského hradu, Praha 2005.
- Pražský hrad ve fotografii (1856-1900), Správa Pražského hradu, Praha 2005.
- Bečková Kateřina, Zmizelá Praha, Hradčany a Malá Strana, Nakladatelství Schola ludus – Pragensia, Praha 2000.
- Frolík Jan, Dům pražského biskupa na Pražském hradě do konce 13. století na základě archeologického výzkumu v roce 1984, Castrum Pragense 2, Praha 1999, str. 169-22.
- Boháčová Ivana, Frolík Jan, Petříčková J., Žegklitz Jaromír, Příspěvek k poznání života a životního prostředí na Pražském hradě a Hradčanech, Archeologia historica 15, 1990, str. 177-189.
- Boháčová Ivana, Frolík Jan, Chtěbor Petr, Žegklitz Jaromír, Bývalý biskupův dům na Pražském hradě, Archeologia historica 11, 1986, str. 124-140.
- Vančura Jiří, Hradčany, Pražský hrad, Nakladatelství technické literatury, Praha 1976.
- Borkovský Ivan: Poloha kopce Žiži na Pražském hradě, Časopis Společnosti přátel starožitností, 62, 1954, str. 15-21.
- Blažíček Oldřich Jakub, Jan Jiří Bendl, pražský sochař vrcholného baroku, Památky archeologické XL, Praha 1937, str. 55-91.
- Fiala Karel, Bývalý dům biskupův na Hradě pražském, Památky archeologické XXXIV, Praha 1925, str. 418-433.
İstinadlar
redaktə- ↑ "Dejiny stareho proboststvi". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
- ↑ "Первая резиденция епископов Праги - Staré proboštství". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
- ↑ "Staré probošství ostatní zachovalý nepřístupno - Česká republika Kraj: Hl.m.Praha Okres: Hl.m.Praha (AB) Obec: Praha 1-Hradčany (část)". 2015-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.
- ↑ "Hradní domy a paláce - Staré proboštství". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.