Konullu Fealiyyet - Wikipedia
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.[1]
Könüllü
redaktəÖz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.[1]
İstiqamətləri
redaktə- əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
- insanpərvərliyin və dözümlülüyün təbliği;
- istehlakçıların hüquqlarının qorunması;
- hüquqi və mədəni maarifləndirmə;
- uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
- idmanın inkişafı;
- xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
- sağlam həyat tərzinin təbliği;
- ətraf mühitin mühafizəsi;
- tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
- silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
- cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
- qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.[1]
İştirakçıları
redaktəKönüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.[1]
Vəzifələri
redaktə- işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq;
- qanunvericiliyə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
- fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək;
- könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək;
- könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək;
- vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
- qanunvericiliklə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq.[1]
Könüllülər ili
redaktəPrezident İlham Əliyev "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.[2]
Könüllülər günü
redaktə1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Qara Məhəmmədoğlu. "Könüllülük nədir və necə təşkil olunur" (az.). benefisiar.org. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
- ↑ "2020-ci il "Könüllülər ili" elan edildi - SƏRƏNCAM" (az.). trend.az. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
- ↑ "5 DEKABR" (az.). azertag.az. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.