Keyfiyyet Tedqiqati Metodlari - Wikipedia
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır.
Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar.
Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır.
Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir:
- Təbii şəraitdə müşahidə
- Etnoqrafik tədqiqat
- Hadisənin öyrənilməsi
Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar:
- Iştirakçı kimi müşahidə aparılması
- Məzmun analizi
- Fokus qrupu
- Qeyri struktur intervyu
Metodların qısa təsviri
redaktəTəbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Etnoqrafik tədqiqat (ethnography) cəmiyyətdə gedən ayrıca bir prosesin bir qrupun misalında öyrənilməsindən, bundan başqa müəyyən qrupa aid mədəniyyətin, orada gedən proseslərin müşahidə yolu ilə öyrənilməsindən ibarət ola bilər. Bu üsuldan təbii şəraitdə və laboratoriya şəraitində istifadə etmək mümkündür. Adətən bu metoda qeyri struktur intervyu da əlavə olunur.
İştirakçı kimi müşahidə aparılması (participant observation). Bu metod tədqiqatçının, müşahidə obyekti olan qrupa üzv kimi daxil olaraq həmin qrupun mədəniyyətini, oraya aid olan insanların davranış mexanizmlərini öyrənməsindən ibarətdir. Misal olaraq Polşa tədqiqatçısı M. Kaminskinin 1985-ci ildə Polşada siyasi dustaq kimi həbsxanada müşahidələr aparmasını göstərmək olar.
Məzmun analizi (content analysis) müxtəlif sənədlərin, olmuş hadisələri təsvir edən kitabların, lent yazılarının, qəzet və jurnalların, internet saytlarının, qanunların və başqa sənədli çap məhsullarının öyrənilməsindən ibarətdir. Bu metoddan müxtəlif sosial elm sahələrində istifadə olunur. Məs., Britaniya tədqiqatçısı D. Robertson 1970-ci illərdə bu üsulla Britaniyada və Amerikada aparılan partiyalar arası yarışmaları öyrənmişdir. Məzmun analizi son illərdə ictimai münasibətlərdə, xüsusilə media münasibətlərində müvəffəqiyyətin ölçülməsi üçün mühüm vasitələrdən birinə çevrilmişdir.
Fokus qrupu (focus group) metodu bir qrup şəxsin müəyyən məhsula, hadisəyə, ideyaya münasibətinin müəyyənləşdirilməsindən ibarətdir. Bu münasibəti aydınlaşdırmaq üçün bir yerə cəmlənmiş qrupa obyekt haqqında suallar verilir. Bu zaman qrup üzvləri müzakirə edilən obyekt barədə sərbəst danışa bilərlər. Bu üsul müxtəlif mədəniyyətə malik qrupların fikirlərini öyrənməyə, müzakirə zamanı gözlənilmədən ortaya çıxan məsələlərin tədqiqinə imkan verir. Bu metod asanlıqla başa düşüldüyü və inandırıcı olduğu üçün yüksək validliyə malik hesab olunur.
Qeyri struktur intervyu (unstructured interview) metodu adından göründüyü kimi iştirakçılarla tək tək söhbət aparılması və alınmış cavabların analiz edilməsindən ibarətdir. Kəmiyyət tədqiqatı metodlarına daxil olan struktur intervyulardan fərqli olaraq bu intervyu söhbət xarakteri daşıyır. Suallara əvvəlcədən qəbul edilmiş şkala üzrə cavab verilmir. Sualların sayı, onların məzmunu, cavabların ölçüsü iştirakçıya görə dəyişə bilər. Belə intevyu neçə nəfərin bir istiqamətdə düşündüyünü yox, bir nəfərin niyə "məhz belə" düşündüyünü aydınlaşdırmağa çalışır. Bu üsul adətən başqa metodların tərkib hissəsi olur. Bu metoda Amerika tədqiqatçısı S. Milqramın "Avtoritetə tabe olma" təcrübəsindən sonra eksperiment iştirakçıları ilə söhbətlərini misal gətirmək olar. Qeyd etmək lazımdır ki bu üsul lonqityudal ola bilər. Bir neçə müddətdən sonra iştirakçının müəyyən məsələyə aid fikirlərində nə dəyişiklik olduğunu öyrənmək məqsədilə yenidən aparıla bilər.
Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir.Bu üsuldan təhsil, sosial psixologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə etmək olar. Ümumiyyətlə, məqsədi sosial və davranış elmi tədqiqat metodlarını sinifləşdirmək və ayrı ayrı təsvir etmək olmayan ədəbiyyatlarda case study, field work, qualitative research ifadələri eyni mənalı anlayışlar kimi işlənir. Məsələn, etnoqrafik vəziyyəti öyrənmək üçün əyalətlərə gedərək yerli əhali ilə sərbəst söhbət aparan sosial tədqiqatçının işi bu ifadələrdən hər üçü ilə işarə oluna bilər.
Mənbə
redaktə- Ə. S. Bayramov, Ə. Ə. Əlizadə. Psixologiya. Çinar-Çap. 2006
- Д. Мартин. Психологические эксперименты, секреты механизмов психики. "Прайм-Еврознак" 2002 (D. Martin. Doing Psychology Experiments)
- A. Colman. Oxford Dictionary of Psychology. Oxford University Press. 2001