Klara Rumyanova - Wikipedia
Klara Mixaylovna Rumyanova (8 dekabr 1929[1], Leninqrad[1] – 18 sentyabr 2004[1], Moskva[1]) — Sovet və rus radio və kino aktrisası, RSFSR-in əməkdar artisti.
Klara Rumyanova | |
---|---|
Doğum tarixi | 8 dekabr 1929[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 2004[1] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | süd vəzi xərçəngi |
Dəfn yeri |
|
Fəaliyyəti | aktrisa, kino aktrisası, müğənni |
Fəaliyyət illəri | 1951-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0750179 |
Həyatı
redaktəKlara Mixaylovna Rumyanova 1929-cu ildə Leninqradda anadan olub.1940-cı ildə Leninqraddan Moskvaya yola düşür. Paytaxta yenicə gələn gənc qız burada ilk çətinliklərlə qarşılaşır: onun pulunu oğurlayırlar və gələcək aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun rəhbərliyi ilə aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında acından ürəyi gedir. Məhz S. Gerasimovun göstərişi ilə K. Rumyanovaya yemək verilir və o, bu peşədə gələcək aktrisanın ilk müəllimi olur. K. Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini isə S. Gerasimovun "Kənd həkimi" filmində keçir. Çəkiliş zamanı belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı idi, lakin bütün heyət nə qədər çalışsa da, "balaca aktrisa" rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin yerinə Klara Rumyanova "ağlayır" və bununla da məşhur səs kəşf edilir. Klara karyerasına epizodik rollarda çəkilməklə başlayır: Leonid Qaydayın "O dünyadan adaxlı" komediyasında, Mixail Şveytserin "Dirilmə" filmində kiçik rolda oynayır. Bundan başqa, "Onlar birinci idi", "Dörd nəfər", "Əvvəlcə həyat", "Vaxt, irəli!", "12 stul" filmlərində də müxtəlif obrazlar yaradır. Klara Rumyanova hər nə qədər epizodik rollarda oynasa da, bir qədər sonra onu şöhrətə aparacaq təklifdən könüllü şəkildə imtina edir. Belə ki, aktrisa "Mosfilm"in direktoru İvan Pıryevin 1953-cü ildə "Sədaqətin sınağı" filminə çəkilmək təklifini rədd edir. Ən "dəhşətlisi" isə Klaranın direktora verdiyi cavab olur: "Nə təklif etdiyiniz rol, nə də ssenariniz xoşuma gəlir. Bu film uğursuz olacaq". Təbii ki, bir "azyaşlı"nın İ. Pıryevə dediyi bu sözlər tanınmış rejissorun xoşuna gəlmir və onu otağından qovur: "Sən heç bilirsən, nə danışırsan?! Otağımdan rədd ol! Sənin ayağın bir daha "Mosfilm"ə dəyməyəcək. Mən sənə kinoda çəkilməyi qadağan edirəm!". Bununla da aktrisanın "Mosfilm"ə gedən yolu bağlanır. Klara Rumyanova 30 ildən çox yaradıcılıq fəaliyyətində 300-dən artıq Sovet cizgi filmini səsləndirib. O, "Soyuzmultfilm"də 1963–2003-cü illərdə çalışıb. Bundan başqa Klara dünya müsabiqəsində "Yer üzündə animasiya üzrə tanınmış ən yaxşı səsin sahibi" adına layiq görülüb.
K. Rumyanovanın ifasında səslənən bütün mahnıları o dövrün uşaqları əzbər bilirdilər: "Buludlar- ağyallı atlar", "De, Qar qız haradadır", "Təbəssüm", "Yat, əzizim, yat", "Əsl dost" və s. 1983-cü ildə Klaranın ifa etdiyi müxtəlif mahnılardan ibarət "Dünyada çox nağıl var" adlı plastinka buraxılır. Aktrisa bir çox radiotamaşada, poeziya gecəsində, teatr oyununda da çıxış edib. Artıq 1990-cı illərdə "Soyuzmultfilm"də yeni cizgi filmlərinin çəkilməməsi səbəbindən Klara işsiz qalır. Hər zaman dramatik rollarda çəkilmək istəyən aktrisa özü bu barədə deyirdi: "Cizgi filmləri artıq yoxdur, mənimlə birlikdə onları səsləndirən həmkarlarım – Papanov, Ranevskoy, Vitsina da yoxdur. Onlarsız mən tək qalmışam və yalnız ümidlərlə yaşayıram".
Klara Rumyanova bu durğunluq zamanı bir müddət arxivlərdə çalışır. O, Rusiya tarixində tanınmış qadınlardan bəhs edən, "Mənim adım Qadındır" adı altında çap olunmuş 11 tarixi pyes hazırlasa da, həmin əsərləri işıq üzü görmür. Bu isə aktrisanı ruhdan salır.
Klara Sovet kinosunun süqutu dövrünü çox çətinliklə yaşadı. O hətta ömrünün son illərində küçəyə belə çıxmırdı. Klara Rumyanova 2004-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişir…
Şəxsi həyatı
redaktəŞəxsi həyat Klara üçün hər zaman ikinci planda olub. K. Rumyanovanın qrup yoldaşları Nikolay Rıbnıkov, Alla Larionova, Nina Menşikova və Vadim Zaxarçenko xatirələrində yazırlar ki, Klara tələbəlik illərində çox oğlanın xoşuna gəlirmiş. O, iri gözləri ilə bütün oğlanların diqqətini cəlb edibmiş. Hətta N. Rıbnıkov aktrisadan ötrü dəli-divanə olur. Bir dəfə Nikolay bütün pulunu xərcləyərək Klara üçün qızıl saat alır, lakin Nikolayın sevgi təkidlərindən təngə gələn aktisa ona şillə vurur və bir daha onu narahat etməməyi söyləyir. Bərk əsəbləşən N. Rıbnıkov qızıl saatı pəncərəyə çırparaq sındırır. Daha sonra rejissor Yuri Çulyukin məhz bu epizoddan "Qızlar" filmində istifadə edir.
N. Rıbnıkov daha sonra Klaranın evinə gedərək ondan üzr istəyir və 1957-ci ildə digər qrup yoldaşı Alla Larionova ilə ailə qurur.
Klaranın ilk evliliyi 16 yaşında gənc pianoçu ilə olur, lakin bu nikah cəmi 3 ay davam edir. Buna səbəb isə aktrisanın həyat yoldaşının onun qarşısında "ya mən, ya kino" şərtini qoyması olur. Aktrisa ərindən ayrılmaq qərarı verdikdən sonra iki aylıq hamiləliyini də sonlandırır və bundan sonra bir daha ana ola bilmir.
K. Rumyanova 1975-ci ildə "Çar Pyotrun ərəblə evlənməsi nağılı"nın çəkilişləri zamanı Vladimir Vısoçko ilə tanış olur, lakin cütlüyün sevgi hekayəsi axıradək baş tutmur.
K. Rumyanovanın ikinci həyat yoldaşı aktyor Anatoli Çemodurov olur, lakin aktrisa bu ərindən də ayrılır. Səbəb isə A. Çemodurovun içki içməsi olur. Yavaş-yavaş kinodan uzaqlaşan Anatoli evə gəlmir və gününün çoxu polis idarələrində keçir. Aktyor hətta içki almaq üçün evinin əşyalarını da satmaqdan belə çəkinmir. Klara və Anatoli 1973-cü ildə rəsmi şəkildə boşanırlar.
K. Rumyanovanın üçüncü nikahı 5 il davam edir, lakin aktrisanın budəfəki əri onu öz qısqanclığı ilə bezdirir. Klara özü bu barədə deyir: "Mən çox tanınmış kişinin xoşuna gəlirdim – Çkalovun, Sliçenkonun, Maqomayevin, Vısotçkonun – amma indi təkəm. Uşaqlarım yoxdur, hamilə qala bilmərəm, amma bütün bu olanlara görə təəssüf etmirəm".
Filmoqrafiya
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Deutsche Nationalbibliothek Record #132626071 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.