Konveyer - Wikipedia
Konveyer — toz, bütöv hissə halında olan yüklərin və məmulların fasiləsiz hərəkəti üçün tətbiq olunan nəqledicidir. Konveyerlər yükdaşıyıcı üzv və dartıcının növünə görə fərqlənirlər. Onlar lentli, zəncirli, kanatlı və dartıcı elementsiz (qravitasiya, ətalət, vintli) olaraq qruplaşırlar. Dartıcı üzv yükaparıcının növündən asılı olaraq lentli, lövhəli, çalovlu və s. olur. Belə konveyerlər yükün hərəkəti üçün lazım olan üzvə malik olması səciyyəvidir. Dartıcı qüvvə ya yükdaşıyıcı elementlə, ya da yükü boru, lövhə və s. üzrə dartan (və ya itələyən) elementlə ötürülür. Dartıcı elementsiz konveyerlərdə fırlanan (diyircıkli, vintli) və ya irəli-geri hərəkət edən (məsələn: ətalətlə işləyən konveyerlər) işçi orqanların və yükün nəqlinin fərqləndirilməsi lazımdır. Konveyerlər elektrik və ya pnevmatik ötürmə ilə işləyirlər. Bəzi konveyerlərdə yük öz ağırlığının təsiri altında hərəkət edir. İş şəraitindən asılı olaraq döşəmə və ya asılqan tipli konveyerlər tətbiq olunurlar. Döşəmə üzərində işləyənlər stasionar, hərəkətli və ya yerdəyişən kimi sinifləşdirilir. Konveyerlərdə yüklər üfüqi, şaquli vəziyyətdə və ya maili müstəvilərdə nəql oluna bilirlər. İstənilən müstəvidə hərəkətedən konveyer müxtəlif hissələrdən təşkil olunur: üfüqi, şaquli və maili. Konveyerlər həmçinin nəql olunan yükün xassəsindən asılı olaraq (toz və ya bütöv) iki qrupa bölünürlər. Bəzi konveyerlərin konstruksiyaları bu hər iki növ yükü nəql etməyə imkan verir. Lentli konveyerlər toz, səpələnmiş, bütöv şəklində olan yüklərin bəzi hallarda 10÷12 km olan məsafəyə nəqlinə imkan verir.
Belə konveyerlər adətən müxtəlif seksiyalardan təşkil olunur. Üfüqi müstəvidə yol düzxətli, maili hissədə isə mürəkkəb konfiqurasiyaya malik ola bilir. Dartıcı və yüknəqledici lent stasionar bərkidilmiş diyircəklərə söykənərək hərəkət edir. Yük lentlə birlikdə irəliləyir. Tətbiq olunan diyircəklərin formasından asılı olaraq lent ya müstəvi, ya da nov formalı olur. Müstəvi lentlərdə bütöv bərk materialdan olan yüklər nəql edilir. Lentə lazım olan gərginlik dartıcı məntəqənin köməyi ilə yaradılır. Konveyerin ötürmə sistemi elektrik mühərriki, reduktor, baraban və birləşdirici muftalardan ibarətdir. Səpələnmiş yüklər lentin üzərinə ağızlığın köməyilə yönəlidilir, boşaltma isə ucluq baraban vasitəsilə yerinə yetirilir. Bu konveyerlərdə tətbiq olunan lentlərin eni 300÷ 2000 mm həddində olur. Lent 1,5 −4 m/san sürətlə hərəkət edə bilir. Lövhəli konveyerlər əsasən üfüqi vəziyyətdə bötöv yüklərin, iri qabaritli hissələrin (500 kq-a qədər), həmçinin yüksək temperatura qədər qızdırılmış yüklərin nəqlində istifadə olunur. Lövhəli, stasionar və hərəkətli konveyerlər eynilə lentli konveyerdə olan təşkiledicilərə malikdir. Bir və ya iki dartıcı zəncirələrə qoşulan yükdaşıyıcı üzv metaldan, bəzi hallarda plastik materialdan hazırlanır. Bu lövhələr yan tərəfli və ya onsuz olur. Lövhəli konveyerlər ümumi və xüsusi olaraq iki qrupa bölünürlər. Sonuncuya metalların tökülməsi, insan nəqli üçün tətbiq olunanlar daxildir. Bu tip konveyerlərdə yükün hərəkət sürəti böyük olmayıb 0,3÷1 m/san arasında yerləşir.
Vintli konveyerlər tozlu və kiçik dənəvərlikli yüklərin üfüqi və ya maili (20°-yə qədər) müstəvi üzrə, nadir hallarda şaquli müstəvi üzrə daşınmasında tətbiq tapır. Vintli konveyer tənəkədən hazırlanmış metal borudan ibarətdir. Onun daxilində, üzərində vint xətti üzrə kürəklər bərkidilmiş val fırlanır. Kürəklər bütöv (asan ovxalanan materiallar üçün), lentli (nəm materiallar üçün) və ayrı-ayrı hissə şəklində bərkidilmiş olurlar. Aparıcı vint fırlandıqda kürəklər yükü borunun daxili boyu qabağa itələyirlər. Belə konveyerlərin ümumi uzunluğu maks. 60 m, onun seksiyalarının uzunluğu isə 2÷4 m arasında yerləşir. Borunun diametri 100÷600 mm həddində yerləşir. Bu konveyerlərin çatışmayan cəhəti kürəklərin və borunun tez yeyilməsidir. Diyircəkli konveyerlər müstəvi, qabırğalı və ya silindrik səthə malik bütöv hissələrin nəqli üçün əlverişlidir.
Mənbə
redaktə- Kərimov, Z. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.Bakı: Maarif, 2002