Kreyq Barret - Wikipedia
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939[1], San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005).
Kreyq Barret | |
---|---|
ing. Craig R. Barrett | |
| |
Doğum tarixi | 29 avqust 1939[1] (85 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Barbara Barret |
Təhsili | |
Fəaliyyəti | mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur.
O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür.
Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur.
1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur. Burada ona kompüter sənayesinin əfsanələri — Robert Noys, Qordon Mur və Endru Qrouv ilə birlikdə çalışmaq nəsib olur. Bu da Barretin gələcək uğurlu fəaliyyətinə təkan verir. Çalışqanlığı və səriştəsi Kreyqə on il sonra "Intel"in böyük vitse-prezidenti postunu tutmağa kömək edir, 1990-cı ildə isə icraçı vitse-prezident olur. 1992-ci ildə onu "Intel" Direktorlar Şurasına seçirlər, 1993-cü ildə Əməliyyatlar üzrə əsas direktor vəzifəsinə təyin olunur. 1997-ci ilin mayında Kreyq Barret "Intel"in prezidenti, 1998-ci ildən həmçinin şirkətin əsas icraçı direktoru olur.
Barretin korporasiyaya rəhbərlik etdiyi birinci il "Intel" korporasiyası 7,5 milyon tranzistora malik "Pentium II" mikroprosessorlu, MMX texnologiyasına əsaslanan ilk prosessoru təqdim etdi. Bundan sonra, hüceyrələrin çoxsəviyyəli strukturuna əsaslanan, "StrataFlash" adlandırılan, "Intel"in ilk fləş-yığıcısı hazırlandı. Barretin korporasiyanı idarə etdiyi illər ərzində "Celeron", "Xeon", "Pentium III" və "Pentium IV" kimi məşhur məhsullar istehsal olundu. Beləliklə, "Intel" şirkəti dünyada böyük həcmdə illik dövriyyəsi olan ən böyük mikroprosessor təchizatçısı oldu.
Kreyq özünü dəmir iradəli və təmkinli bir insan kimi tanıtdıra bilmişdi. O, sonuna kimi öz nöqteyi-nəzərini inadla sübut edirdi. Hər hansı problemi həll edərkən ətraflı plan hazırlayırdı, sonra konkret işə başlayırdı. Məsələlərin həllinə özünəməxsus yanaşmadan əlavə, Barret istehsalın çox gözəl optimizatoru kimi "Intel" və biznes prosesləri tarixinə düşə bilib. O, şirkətin bütün fəaliyyətinin ümumi unifikasiyası ilə nəticələnən "dəqiq kopyalama" adlandırılan metodikanın ixtiraçısı oldu. Belə ki, "Intel"in bütün müəssisələrində istehsala, marketinqə və idarəetməyə eyni yanaşma hökm sürürdü.
Bu metod eyni zamanda korporasiyanın bütün müəssisələrində hazırlama və istehsalın yeni texnologiyalarını tətbiq etməyə kömək etdi, məhsulun keyfiyyətini yüksəltdi və şirkətin İT-bazarın lideri kimi irəliləyişinə imkan yaratdı.
Barret 2009-cu ilin may ayında şirkəti tərk edir.
Şirkətdən getdikdən sonra Barret "World Ahead" proqramını həyata keçirir və BMT-də informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə fəaliyyətini davam etdirir.
Mükafatları
redaktəKreyq Barret aviasiya sənayesindən başlayaraq ətraf mühitin müdafiəsinə qədər elm, biznes və ictimai həyatın müxtəlif sahələrində mükafat və medallara layiq görülüb. Hələ 1969-cu ildə Amerika dağ və metallurgiya sənayesi mühəndisləri institutu tərəfindən Hardi adına qızıl medal ilə təltif edilib.
Bu gün
redaktəBarret ABŞ-nin Milli Mühəndislik Akademiyasının üzvüdür, həmçinin müxtəlif materialların xüsusiyyətlərinə mikrostrukturun təsiri üzrə 40-dan çox texniki məqalənin müəllifidir. Bundan başqa, o, materialşünaslığın əsasları üzrə dərslik yazıb. Sözügedən dərslik XX əsrin 70-ci illərində dərc edilib və indiyə qədər ABŞ-nin ali təhsil müəssisələrində geniş istifadə olunur. ABŞ təhsil nazirinin təqdimatı əsasında Kreyq Barret 1999-cu ildə XXI əsrin Təbiətşünaslıq və Riyazi Təhsil üzrə Milli Komissiyanın tərkibinə daxil edilib.
Barretin elm və təhsilə olan marağı indi də azalmayıb. Belə ki, o, qabaqcıl kompüter texnologiyalarını bütün dünyada təbliğ edərək bir çox maarifləndirici proqramlarda iştirak edir. Barretin maarifçilik fəaliyyəti yalnız öz vətənində — ABŞ-də deyil, həmçinin dünyanın bir çox ölkələrində layiqincə qiymətləndirilir. O, Amerikanın, Avropanın və Asiyanın ən böyük elmi mərkəzlərində arzulanan qonaqdır.
Onu da qeyd edək ki, Kreyq Montana ştatında ranço sahibidir. O, rançonu 1993-cü ildə əldə edib və onu turist biznesi üçün uyğunlaşdırıb. Barret vaxtaşırı orada öz asudə vaxtını keçirir.
Ailəsi
redaktəKrey 2008–2009-cu illərdə ABŞ-nin Finlandiyada səfiri olmuş Barbara Barret ilə evlidir.
İstinadlar
redaktə- ↑ 1 2 Craig R. Barrett // Munzinger Personen (alm.).
Mənbə
redaktə- Cahangir Atakişiyev. KREYQ BARRET — müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndəsi. ictnews.az, 18.05.2013 (az.)
Xarici keçidlər
redaktə- Intel website biography – background information
- 'On the Record: Craig Barrett' – Retirement interview, in SFGate.com
- 2006 Congressional testimony on U. S. International Business Tax policy Arxivləşdirilib 2006-10-05 at the Wayback Machine