Luksemburqlu Jaketta - Wikipedia
Lüksemburqlu Jaketta (ing. Jacquetta of Luxembourg; 1415, Vestminster sarayı, Böyük London regionu[d] – 30 may 1472) — Al və ağ qızılgül müharibələrində iştirak edən mühüm şəxslərdən biri. İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutan qısa evliliyi səbəbilə, müharibədə Lankaster ailəsinin tərəfini tutdu. Buna baxmayaraq, Lankasterlərin Touton döyüşündə məğlub olmasının ardından, Jaketta və ikinci əri Sör Riçard Vudvil York ailəsini dəstəkləməyə başladılar. Belə ki, bu dəstək York ailəsindən taxta çıxan IV Eduardla böyük qızı Elizabetin evlənməsi və qızının İngiltərə kraliçası olması ilə nəticələndi. İkinci evlliliyindən 14 övladı dünyaya gələn Jaketta, bir ara cadugərliklə təqsirləndirildi və çox keçmədən günahsızlığı sübut olundu.
Lüksemburqlu Jaketta | |
---|---|
fr. Jacquette de Luxembourg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1415 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 may 1472 |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJaketta Sent-Pol, Konversano və Briyen qrafı olan Lüksemburqlu I Pyotrun böyük qızı idi. Uşaqlıq illəri barədə yetərli məlumat yoxdur. 22 aprel 1433-cü ildə hələ 17 yaşında ikən şimali Fransanın Teruan kommunasında baş tutan mərasimdə Bedford hersoqu Lankasterli Conla evləndirildi. O əsnada 44 yaşında olan Lankasterli Con İngiltərə kralı IV Henrinin oğlu, o əsnada taxtda oturan VI Henrinin isə əmisi idi. Ancaq baş tutan bu siyasi evlilik cəmi 2 il davam etdi. Hersoqun 15 sentyabr 1435-ci ildə Ruanda vəfatıyla Jaketta övlad sahibi olmadan hələ 19 yaşında ikən dul qaldı. O dövrün ənənəsinə əsasən, ikinci dəfə evlənməsinə baxmayaraq ərinin ünvanlarını daşımağa davam etdi və ölümünədək dul Bedford hersoqinası olaraq anıldı. Ərinin ölümündən sonra yalnız kralın icazəsiylə evlənməsi şərtilə, mərhum hersoqun əsas mülklərinin üçdə bir hissəsi ona verildi.
Ərinin ölümünün ardından İngiltərəyə yola düşən Jakettanı, VI Henri tərəfindən vəzifələndirilən Sör Riçard Vudvil müşayiət etdi. Səyahət əsnasında bir-birinə aşiq olan cütlük kralın icazəsi olmadan 23 mart 1437-ci ildən öncə gizlicə evləndilər. Bir müddət sonra VI Henri bu evlilikdən xəbər tutdu və cütlüyün saraya gəlməsini qadağan etdi. Ancaq çox keçmədən cütlük bağışlandı və 1000 funtluq bir vergi ödəməklə xilas oldular. Cütlüyün bu nigahı olduqca səmərəli keçdi və bu nigahdan 14 uşaq dünyaya gəldi.
1440-cı illərin ortalarında Vudvil ailəsi olduqca mühüm gücə sahib idi. Jaketta evlilik yoluyla həm İngiltərə kralı VI Henriylə, həm də xanımı Anjulu Marqarita ilə qohum idi. Belə ki, Jakettanın ilk evliliyi kralın mərhum əmisi Lankasterli Conla baş tutmuşdu. Üstəlik, Jakettanın bacısı İzabella da kraliçanın dayısı Men qrafı IV Karlla evli idi. Bütün bu siyasi nüfuzundan istifadə edən Jakettanın səyləriylə, 1448-ci ildə əri Sör Riçard Vudvil Rivers baronu ünvanı aldı və Vudvil ailəsi Al və ağ qızılgül müharibələrinin astanasında ikən ən güclü Lankaster tərəfdarı oldu.
Ancaq müharibənin gedişatında ailə tərəf dəyişdirdi. Özünü İngiltərə kralı elan edən York ailəsinə mənsub IV Eduard Touton döyüşündə qəti qələbə qazandı və Lankasterlər ya ələ keçirilərək öldürüldü, ya da ölkədən sürgün olundu. Vudvil ailəsi isə böyük qızları Elizabeti yeni kralla evləndirərək tərəf dəyişdilər. Qızının İngiltərə kraliçası olmasından istifadə edən Jaketta bütün digər övladlarını mühüm saray əyanları və zadəganlarıyla evləndirdi. Beləliklə, özündən sonra gələn ailə mənsublarının mühüm ünvan və vəzifələrə təyin olunmasına nail oldu. Ailənin sürətli şəkildə güclənməsi isə başda kralın qardaşları Corc və Riçard olmaqla, digər York ailəsi mənsublarını narahat edirdi. Bu narahatçılıq IV Eduard və Vorvik lordu Riçard Nevil arasında açıq mübarizəyə çevrildi. 1469-cu ildə Vorvik lordu qısa müddətliyinə də olsa, hakimiyyəti ələ aldı. Jakettanın əri və böyük oğlu Con ələ keçirilərək 12 avqust 1469-cu ildə edam olundular. Jaketta isə cadugərlikdə ittiham olunaraq həbs edildi. Ancaq IV Eduardın tezliklə hakimiyyətini bərpa etməsi nəticəsində Jaketta azadlığa buraxıldı və 21 yanvar 1470-ci ildə toplanan məclisdə haqqındakı bütün ittihamlardan bəraət qazandı.
Ərinin və oğlunun ölümündən sonra çox yaşamayan Jaketta 1472-ci ildə vəfat etdi.
Övladları
redaktə- Elizabet Vudvil (1437 - 8 iyun 1492), İngiltərə kraliçası
- Levis Vudvil (təxminən 1438) – körpə yaşlarında vəfat etdi.
- Anna Vudvil (1439 - 30 iyul 1489), vikontes
- Antoni Vudvil (1440 - 25 iyun 1483), Rivers qrafı
- Con Vudvil (1444 - 12 avqust 1469)
- Jaketta Vudvil (1445 - 1509)
- Lionel Vudvil (1446 - iyun 1484), Solsberi keşişi
- Elyanora Vudvil (? - 1512)
- Marqarita Vudvil (1450 - 1491)
- Marta Vudvil (? - 1500)
- Riçard Vudvil (1453 - mart 1491), Rivers qrafı
- Eduard Vudvil (1454 - 28 iyul 1488), Skeylz lordu
- Mariya Vudvil (1456 - 1481), Pembrok qrafinyası
- Ketrin Vudvil (1458 - 18 may 1497), Bukingem hersoqinası
Mənbə
redaktə- Gregory, Philippa; Baldwin, David; Jones, Michael (2011). The Women of the Cousins' War. London: Simon & Schuster
- Griffiths, Ralph A. (1991). "The Court during the Wars of the Roses". In Asch, Ronald G.; Birke, Adolf M. (eds.). Princes Patronage and the Nobility: The Court at the Beginning of the Modern Age, cc. 1450–1650. Oxford University Press. pp. 59–61. ISBN 0-19-920502-7
- Wagner, John A., ed. (2001). "Jacquetta of Luxembourg, Duchess of Bedford (c.1416-1472)". Encyclopedia of the Wars of the Roses