Levengi - Wikipedia
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir[1][2][3][4]. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir.
Növləri
redaktəKütüm ləvəngisi
redaktəƏsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.
Masallının balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanmasında təzə balıqdan istifadə edilməsi çox önəmlidir. Əgər balığın kürüsü varsa, ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürü qoz və digər ərzaqlar əlavə edilərək qarışdırılır. Bununla qozun miqdarı bir az azaldılmış olur.
İnqridiyentlər
redaktə- 6-8 porsiya üçün nəzərdə tutulub
- 1 ədəd iri kütüm
- 1 ədəd iri baş soğan
- 1 ½ stəkan qoz ləpəsi
- 2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
- zövqə görə duz
- zövqə görə istiot
Hazırlanması
redaktəBalığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın. Sobanı 180˚C-dək qızdırın. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində) bişirin.
Toyuq ləvəngisi
redaktəİnqridiyentlər
redaktə- 1 ədəd orta ölçülü toyuq
- 200 qram qoz ləpəsi
- 2 ədəd baş soğan
- 1 xörək qaşığı yağ
- alça turşusu
- duz
- istiot
Hazırlanması
redaktəƏvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyib onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanı cunanın arasına qoyub suyunu sıxın. Suyu sıxılmış soğanı kərə yağında qovurun. Ocaqdan götürün. Kənarda soyudun. Daha sonra qoz və isladılmış turşu əlavə edib, duz və istiot vuraraq yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın. İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Qızdırılmış sobada yarım saat bişirin. Hər iki üzü qızaranda, sobadan çıxarıb servis edə bilərsiniz.
İstinadlar
redaktə- ↑ "https://www.youtube.com - Badımcan ləvəngisi hazırlanması. İstifadə tarixi:09.11.2023". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
- ↑ "https://www.youtube.com -Badımcan ləvəngisi Levengi badimcan nece hazirlanir Əsl Lənkəran üsulu. İstifadə tarixi:09.11.2023". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
- ↑ "https://dadli.az - Badımcan ləvəngisi resepti. İstifadə tarixi:09.11.2023". 2023-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
- ↑ "https://kayzen.az - Badımcan ləvəngisi. İstifadə tarixi:09.11.2023". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
- ↑ Talış mətbəxti. Sulu ləvəngi Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine. qadinlar.biz, 05.06.2013 (az.)
- ↑ Talış mətbəxti. Quru ləvəngi Arxivləşdirilib 2015-07-18 at the Wayback Machine. qadinlar.biz, 16.06.2013 (az.)
Xarici keçidlər
redaktə- Таир Амирасланов, Айнура Амирасланова. Карабах – благодатный край и его яства IRS Heritage. (rus.) № 6 (60), 2012