Mudafieci Huquq - Wikipedia
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur.
ABŞ
redaktəABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər.[1]
Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir.
Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Bu işin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, ABŞ-də müdafiəçilər ABŞ Konstitusiyasını çox aydın başa düşməlidirlər. Xüsusilə də, Konstitusiyaya Dördüncü düzəliş qanunsuz axtarış və götürmələrdən müdafiəni təmin edir. Beşinci və Altıncı düzəliş isə şəxsin səssiz qalmaq və bununla da özü əleyhinə şahidlik etməmək hüququnu təmin edir.[2][3] Təqsirləndirilən şəxslərin hüquqları ilə əlaqədar ABŞ Konstitusiyasına edilən bütün düzəlişlərin realizəsi On dördüncü düzəliş vasitəsilə təmin olunur. Buna görə də müdafiəçi bu hüquqların hər birini bilməlidir. İstənilən cinayət işi üzrə başlanğıc olaraq görülən işlərə ittihamların və iddia edilən faktların araşdırılması, konstitusiya pozuntularının təhlili, ittihamın prima facie məzmunu, müdafiə məsələləri, eləcə də potensial cəza kimi məsələlər daxildir. Cinayət işinin ilkin mərhələlərində işin davam etdirilməsinə zərurət olub-olmamasını aydınlaşdırmaq üçün böyük andlı iclasçılar (ing. grand jury) çağırıla və ya ilkin dinləmələr həyata keçirilə bilər. Konstitusiyaya Dördüncü və ya Beşinci düzəlişin pozulması, eləcə də sübutların qanunsuz olaraq əldə edilməsi həmin sübutların məhkəmə tərəfindən qəbuledilməz elan edilməsinə səbəb ola bilər. Müvafiq olaraq, müdafiəçi əksər hallarda hökumətin qanunsuz hərəkətlərinə görə konstitusional əsaslarla işin qazanıla biləcəyini müəyyənləşdirmək üçün bütün sənədlərin nəzərdən keçirilməsinə xeyli vaxt sərf edir.
Əgər konstitusional pozuntular yoxdursa, müdafiəçinin əsas işi məhkəmə prosesinə hazırlaşmaqla əlaqədar olur. Müdafiəçi təqsirləndirilən şəxsin işə baxılması ilə əlaqədar olan, eləcə də digər hüquqlarının həyata keçirilməsinə alternativ olaraq, adətən dövlət ittihamçısı ilə təqsirin etirafı məsələsi ilə bağlı razılığa gəlmək üçün müzakirələr aparır. Barışıq sazişinin bağlanması ilə ittiham yüngülləşdirilir və ya şəxsə daha az cəza verilir, ya da hər ikisi həyata keçirilir.
Müdafiəçi olmaq üçün də eynilə digər hüquqi peşələr kimi hüquq fakültəsini bitirmək tələb olunur. Fakültəni bitirdikdən sonra vəkillik imtahanından keçmək lazımdır. Daha sonra vəkil adını qazanmış şəxs cinayət hüququ sahəsi üzrə ixtisaslaşır. Demək olar ki, bütün nüfuzlu müdafiəçilər vəkilliyə qəbul edildikdən sonra bir müddət prokurorluq orqanlarında işləyirlər.
Böyük Britaniya
redaktəBöyük Britaniyada müdafiəçi kimi barristerlər fəaliyyət göstərir. İngiltərə və Uelsdə müdafiəçi kimi işləmək üçün vəkillik kursundan hüquq dərəcəsi almaq tələb olunur.
Azərbaycan
redaktəAzərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin III bəndinə əsasən,
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.[4]
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.18-ci maddəsinə əsasən, müdafiəçi cinayət prosesinin iştirakçısıdır və müdafiə tərəfini təmsil edir. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə müdafiəçi tərəfindən hüquqi yardım almaq hüququ ona aydın olan dildə bildirilməlidir. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. Şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmir. Müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.
Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs, eləcə də təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, müdafiəçinin yardımından pulsuz istifadə etmək, müdafiəçinin verdiyi şikayətdən imtina etmək kimi hüquqlara malikdir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.1-ci maddəsinə görə,
Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.[5]
Müdafiəçiyə aşağıdakılar qadağan olunur:
- müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq;
- yeni cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat alınması, habelə müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət məsələsi həll edilərkən müdafiə olunan şəxsin dəlillərinin təkzib edilməsi halları istisna olmaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar ona məlum olan məlumatlardan müdafiə etdiyi şəxsin qanuni mənafeyi ziddinə istifadə oluna bilərsə, onları yaymaq;
- özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək;
- başqa müdafiəçinin cinayət prosesində iştirakına və ya dəvət edilməsinə mane olmaq;
- cinayət prosesində iştirak etmək üçün öz səlahiyyətlərini başqasına etibar etmək;
- müdafiə etdiyi şəxsin razılığı olmadan hər hansı şəxsi şahid və ya ekspert qismində çağırmaq, şübhəli və ya təqsirləndirilən şəxsin hadisə ilə əlaqəsi, cinayət törətməkdə təqsiri olduğunu, zərər çəkmiş şəxslə barışdığını elan etmək, mülki iddianı tanımaq, müdafiə etdiyi şəxsin şikayətindən və ya ittiham hökmündən verdiyi şikayətindən imtina etmək.
Xarici keçidlər
redaktə- Sida Liu, Terence C. Halliday, Criminal Defense in China: The Politics of Lawyers at Work (2016)
- Jill Paperno, Representing the Accused: A Practical Guide to Criminal Defense (2012)
- William L. Myers, A Criminal Defense (2017)
İstinadlar
redaktə- ↑ Lawrence Taylor, Steven Oberman, Drunk Driving Defense Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine
- ↑ Steven M. Salky, Paul B. Hynes (Jr.), The Privilege of Silence: Fifth Amendment Protections Against Self-incrimination Arxivləşdirilib 2022-04-29 at the Wayback Machine
- ↑ "Cultural Issues in Criminal Defense". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ Azərbaycan Respublikası Konstitusiyası Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine Referendum 12 noyabr 1995-ci il tarixli. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine Azərbaycan Respublikasının Milli Məclisi 14 iyul 2000-ci il tarixli. e-qanun.az (az.)