Muqeddes Pyotr Baldaxini - Wikipedia
Müqəddəs Pyotr baldaxini (it. Baldacchino di San Pietro) - Vatikandakı Müqəddəs Pyotr bazilikasının yüksək altarı üzərində yerləşən, baldaxin və ya kivori adlandırılan barokko stilində hazırlanmış böyük bürünc talvardır. Baldaxin, kafedralın keçid mərkəzi və qübbəsinin altında yerləşir. İtalyan sənətkarı Covanni Lorenso Bernini tərəfindən hazırlanmış baldaxin, kafedralın altında Müqəddəs Pyotrun məzarının yerini göstərmək məqsədi ilə sifariş edilmişdir. Talvarın altında bazilikanın yüksək altarı yerləşir. Papa VIII Urbanın sifarişi ilə[1] hazırlanmış baldaxin üzərində işə 1623-cü ildə başlanılmış və 1634-cü ildə tamamlanmışdır. Baldaxin bazilikada vizual fokus funksiyasını yerinə yetirir; özlüyündə çox böyük bir struktur olan baldaxin bazilikanın nəhəng ölçüləri ilə insan ölçüsü arasında keçid təşkil edir.
Müqəddəs Pyotr baldaxini | |
---|---|
it. Baldacchino di San Pietro | |
Ölkə | Vatikan |
Memarlıq üslubu | barokko |
Heykəltaraş | Covanni Lorenso Bernini |
Sifarişçi | VIII Urban |
Tikilib | təq. 1620 |
Hündürlüyü | 20 m |
Material | bürünc |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |
Kontekst
redaktəBaldaxin, ənənəvi olaraq mühüm kilsələrdə olan kivori və ya memarlıq pavilyonu funksiyasını yerinə yetirməklə barokko stilində hazırlanmışdır. Romadakı əksər böyük bazilikalar kimi, Köhnə Müqəddəs Pyotr bazilikası da kivoriyə malik idi və Berninin sələfi kimi Yeni Müqəddəs Pyotr bazilikasında çalşmış Karlo Maderno Berninidən on il əvvəl qıvrılan Süleyman sütunlarına malik baldaxin dizaynı hazırlamışdı..[2] Baldaxin dəfn katafalkının dizaynına istinad etməklə Müqəddəs Pyotra aidliyi göstərir, Müqəddəs günlərdə papaların başı üzərində ucaldılan və baldaxin adlandırılan ənənəvi parça kivori isə Roma papalarının Müqəddəs Pyotrun xələfi olmasına işarə edir. Müqəddəs Pyotrun məzarının yerinin baldaxinlə vurğulanması ideyası Berniniyə aid olmamış və onun yaratdığı əsərdən daha əvvəl həmin yerdə bir neçə sütunlu struktur olmuşdur.[3]
Köhnə bazilikanın yüksək altarı qarşısında I Konstantin tərəfindən Yunanıstandan gətirilmiş (və əsl yunan mərmərindən hazırlanmış) II əsrə aid Süleyman sütunları tərəfindən dəstəklənən ekran olmuşdur. Orta əsrlərdə sütunların Yerusəlim məbədindən gətirilməsinə inanılmış, ən müqəddəs yerlərin qeyd edilməsi üçün Süleyman sütunları məhz həmin sütunların formasına uyğun olaraq hazırlanmışdır. Orijinal on iki sütundan səkkizi baldaxinin hər iki tərəfində dayaq kimi istifadə olunmuşdur.[4]
Təsvir və tarixi
redaktəBürüncdən hazırlanmış və qızıl suyuna çəkilmiş baldaxin, Bernininin heykəltaraşlıq və memarlığı birləşdirməyə çalışdığı ilk əsər olmaqla, barokko kilsə interyeri dizaynında ciddi inkişaf hesab edilir. Kivori mərmərdən hazırlanmış dörd iri sütun üzərində dayanır. Sütunlar hər biri ortadan içəri qatlanmış karnizləri dəstəkləyir. Bunun üzərində künclərdə ikiqat həyati ölçüdə mələk heykəlləri dayanır. Heykəllərin arxasında böyük volyutalar, onların üstündə isə ikinci daha kiçik karniz ucalır. Karniz də öz növbəsində xristianlıq tərəfindən xilas edilən dünya simvolu olan sfera üzərində qızıl suyuna çəkilmiş xaç ucalır.
Dörd sütun 20 metr (66 ft) hündürlüyə malikdir. Təməl və kapital ayrılıqda hazırlanmışdır və hər sütunun mili üç hissədən ibarətdir. Qıvrılmış sütunlar formalarına görə İmperoator Konstantinin Yerusəlimdəki Süleyman məbədindən Romaya gətirdiyi və Köhnə Müqəddəs Pyotr bazilikasında istifadə olunmuş sütunları xatırladır. Karnizdən molyusk formalı bəzəklər və qotazlar sallanır. Abidə Barberini ailəsinin (Papa VIII Urban Maffeo Barberini kimi doğulmuşdur) heraldik simvolları olan arılar və dəfnə yarpaqları ilə bəzədilmişdir.[Qeyd 1] Gümbəzin aşağı tərəfi Barberini ailəsinin başqa bir simvolu olan və Müqəddəs Ruha işarə edən şəfəq saçan günəş təsviri ilə bəzədilmişdir.
Baldaxinin hazırlanması üçün istifadə edilmiş bürüncün hardan əldə edilməsi məsələsi müasir elmdə mübahisə mövzusu olaraq qalmaqdadır. Baxmayaraq ki, VIII Urbanın hesabatlarından Roma Panteonunun bürünc damı və portikinin topların hazırlanması üçün idtifadə edilməsi, baldaxinin hazırlanması üçün lazım olan bürüncün isə Venesiyadan gətirilməsi haqqında məlumat var, bəzi tədqiqatçılar baldaxinin məhz Panteonun bürüncündən hazırlanmasını iddia edirlər. Navona meydanının küncündə yerləşən “Pasquino” adlı “danışan” heykələ bərkidilmiş məşhur satirik paskvildə deyilir: “Quod non fecerunt barbari, fecerunt Barberini” yəni “Barbarların etmədiyini Barberini etdi.” [5]
Yaradıcılığının erkən mərhələsində və aralarında acı rəqabətin başlamasından xeyli əvvəl Bernini Françesko Borromini ilə birlikdə çalışmış, Borromini ehtimal ki, baldaxinin sxemini hazırlamış və dizaynının hazırlanmasında iştirak etmişdir. Dizaynın hazırlanmasında həmçinin Bernininin atası Pyetro Bernini[5], qardaşı Luici Bernini, Stefano Maderno, Fransua Dükenua, Andrea Bolci və Culyano Finelli də iştirak etmişlər.
Bir məsələni Bernini karyerası başa çatmamış həll etməli idi. Latın xaçı formasında olan kilsələrdə əsas altar adətən mərkəzi hissənin sonunda yerləşməli olsa da, Müqəddəs Pyotr bazilikasının əsas altarı mərkəzdə yerləşir. Bernini Katolik kilsəsini razı salmaq üçün yeni bir variant fikirləşmişdir. Berninin dizaynı ilə hazırlanmış Müqəddəs Pyotr kafedrası altarın apsidal sonluğunda yerləşdirilmiş və beləliklə də dizayn ideyası tamamlanmışdır.[6]
Postamentlər və Barberini gerbləri
redaktəBaldaxin, sütun altlığı olan dörd mərmər postament üzərində dayanır. Hər postamentin iki xarici üzü Barberini ailəsinin gerbləri ilə bəzədilib. Demək olar ki, eyni olan səkkiz gerb sıralaması əsrlərdir ki, yazıçılar və sənət tarixçiləri tərəfindən müxtəlif cür təfsir edilir. Gerbin özündə Barberini ailəsinin üç arısı təsvir edilmişdir. Hər bir qalxan yuxarıdan qadın, aşağıdan isə satir başı ilə əhatə olunmuşdur. Çarpaz açarların təsvir edildiyi papa tiarası gerbin arxasında qalır. Demək olar ki, bütün gerblər oxşardır, lakin, sol tərəfdəki postamentdən başlayaraq sağa doğru baxdıqca, qadın üzlərinin mimikasında kəskin dəyişikliklərin baş verməsini müşahidə etmək olur. Gerb özü birinci postamentdə daha hamar olsa da tədricən digər postamentlərdə qabarıqlaşır və sonuncu ikinci postamentdə isə yenidən hamarlaşır. Səkkizinci gerbin üzərində qadın üzü qanadlı uşaq və ya putto təsviri ilə əvəzlənir. Gerbin arxasındakı alleqoriyalar birmənalı olaraq doğumun müxtəlif mərhələləri kimi təsvir edilir. Bu haqqda Vitkovski yazır:
Səhnə sol tərəfdəki postamentdən başlayr; qadının üzü sıxılmağa balayır, ikinci və üçüncü postamentlərdən sonra ağrı daha güclü hiss olunamğa başlayır. Saçlar getdikcə daha da pırpılaşır, birinci təsvirdə daha sakit olan gözlərdə getdikcə çılğınlıq hiss olunur; əvvəl bağlı olan dodaqlar isə getdikcə qışqırıq ifadə edən realizmlə aralanır. ...Nəhayət gözlənilən nəticə hasil olur, ana başı təsviri yerini dəyişilməz papa simvolları daşıyan qıvrım saçlı uşaq təsvirlərinə verir. [7] |
Roma-Katolik kilsəsinin ən müqəddəs yerində (Müqəddəs Pyotrun məzarının üstündə) yer almış bu alleqorik təsvirin izahı üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür. Bəzi tədqiqatçılar bu alleqoriyanı izah edərkən bildirirlər ki, Bernini papalığın və dünyəvi kilsənin zəhmətini qadının hamiləliyi ilə göstərməyə çalışmşdır.[7] Daha məşhur ənənə isə VIII Urbanın qohumunun çətin hamiləliyi və hamiləliyin uğurla tamamlanacağı halda papanın Müqəddəs Pyotr altarını bu hadisəyə həsr edəcəyi ilə bağlı andla əlaqəlidir.[8] Üçüncü ənənə isə alleqoriyanı Papanın Taddeo Barberini və Bernininin tələbələrindən birinin bacısından doğulmuş qanunsuz uşaqdan xilas olmasına qisası kimi qiymətləndirir.[9]
Postamentlər üzərindəki doğum səhnəsini rejissor Sergey Eynşteyn də tərifləyərək, 1930-cu illərin sonlarından yazdığı “Montaj və memarlıq” adlı məqaləsində “böyük ustad Bernininin ən möhtəşəm əsərlərindən biri” kimi təsvir edir. Gerbləri “səkkiz çəkiliş, ümumi montaj ssenarisinin səkkiz ardıcıl hissəsi” adlandırır.[9]
Mənbələr
redaktəQeydlər
redaktə- ↑ Köhnə Müqəddəs Pyotr bazilikasında istifadə edilmiş qədim Süleyman məbədinin orijinal sütunları əslində üzüm yarpaqları ilə bəzədilsə də, Bernini onları dəfnə yarpaqları ilə əvəz etmişdir. Ola bilsin ki, bu Papa VIII Urbanın ədəbiyyatla bağlılığına işarə idi. Belə ki, Papa latın dilində şeirlər yazırdı.
İstinadlar
redaktə- ↑ Preimesberger, Rudolf. "Gianlorenzo Bernini". Oxford Art Online. 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2017. (#apostrophe_markup)
- ↑ Gredmann, Stefan. The Architecture Of Rome: An Architectural History in 402 Individual Presentations. Axel Menges. 2008. ISBN 978-3-936681-16-1.
- ↑ Magnuson, Torgil. Rome in the Age of Bernini, Volume 1. Almqvist & Wiksell International. 1982. 254–266. ISBN 978-91-7402-112-7.
- ↑ Ward-Perkins, J. "The shrine of St. Peter's and its twelve spiral columns" in Journal of Roman Studies, 42 (1952) p. 21ff.
- ↑ 1 2 Hibbard, Howard. Bernini. New York: Penguin. 1991. səh. 78. ISBN 978-0-14-013598-5.
- ↑ Hibbard, 1986, pp. 160–162.
- ↑ 1 2 Witkowski, G. J. L'Art profane de I'Eglise, ses licenses symboliques, satiriques et fantaisistes. Paris. 1908. 255–256.
- ↑ Philipp Fehl. "The 'Stemme' on Bernini's Baldacchino in St Peter's: A Forgotten Compliment". The Burlington Magazine. 118 (880). July 1976: 484–491. doi:10.2307/878458.
- ↑ 1 2 Eisenstein, Sergei; Yve-Alain Bois; Michael Glenny. "Montage and Architecture". Assemblage. 10. December 1989. doi:10.2307/3171145.
Ədəbiyyat
redaktə- Lavin, Irving. Bernini and the Crossing of Saint Peter's. New York: New York University Press. 1968.