Mehemmedseid Xan - Wikipedia
Məhəmmədsəid xan Xançobanlı — Sərkərlər ailəsindən Şirvan xanı. Hakimiyyəti qardaşı Ağası xan ilə birgə idarə edirdi.[1]
Məhəmmədsəid xan Xançobanlı | |
---|---|
1748 – 1768 | |
Əvvəlki | Hacı Məhəmmədəli xan (Yeni Şamaxıda) |
Sonrakı | Manaf Zərnəvai - Yeni Şamaxıda Abdulla bəy Qubalı - Köhnə Şamaxıda |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Salyan |
Fəaliyyəti | rəhbər |
Atası | Allahverdi bəy Sərkər |
Anası | Ümmügülsüm xanım |
Həyat yoldaşları |
Firəngiz xanım Mahpəri xanım |
Uşağı |
Həyatı
redaktə1729-cu ildə Xançobanlı tayfasından Sərkərlər ailəsinin başçısı, mülkədar Allahverdi bəy və Ümmügülsüm xanımın ailəsində doğulmuşdu. Pyotr Butkovun yazdıqlarına atası Allahverdi bəy hələ 1734-cü ildə Şamaxı ətrafı kəndlərin sahibi idi.[2] Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına əsasən Allahverdi bəy 1767-ci ildə vəfat etmişdir. Nailə Bayramlı isə bu mülahizə ilə razılaşmır.[3]
Hakimiyyəti
redaktəMənbələrdə Məhəmmədsəid və qardaşı Ağasının Şirvan xanları kimi 1748-ci ildən adları çəkilir. 1758-ci ildə qardaşı Ağarəzi bəyi Quba xanlığına qarət üçün göndərmişdi. Qarət vaxtı Bərmək mahalından 200 ailə ələ keçirilib Şamaxıya köçürülmüşdü.[3]Fətəli xanın cavab hücumunda Ağarəzi bəy öldürüldü, 400 nəfər şirvanlı əsir edildi və Qubaya aparıldı.
Köhnə Şamaxının ələ keçirilməsi
redaktəKərim xan Zəndlə mübarizədə məğlub olan urmiyalı Fətəli xanın sərkərdəsi Azad xan öz dəstələri ilə 1761-ci ildə Yeni Şamaxıya gəlmişdi. Azad xan çox keçmədi ki, yerli əhalini təhqir edərək incitməyə başladı. Yeni Şamaxının hakimi Hacı Məhəmmədəli xan isə xalqın narazılığına baxmayaraq, bütün bunlara göz yumurdu.[4] Həmin ildə Yeni Şamaxıdan olan yerli əyanların şikayətlərinə və tabeçiliyindəki elatlara arxalanan Məhəmmədsəid xan hücum edərək Hacı Məhəmmədli xanın əlindəki Yeni Şamaxını tutur və xanlığın qərbini öz torpaqlarına birləşdirdi.[3] Onun dövründə ipəkçilik inkişaf etmişdir. Hakimiyyəti dövründə şəhərdə 9 məhəllə və 1000 ev vardı.
Hakimiyyətin sonu
redaktəFətəli xanın Məhəmmədsəid xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xan 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür. Müttəfiqlər 1767-ci ildə Şamaxıya daxil oldular və Fətəli xan 12.000 nəfərlik ordu ilə xanlığı ələ keçirdi. Xan bir daha tabe oldu və danışıqlara getdi. Bu danışıqlarla bir sıra imtiyazlar əldə etdi - bunlardan biri də Bakıda ticarət hüququ idi.[5] Lakin Qarabağ xanlığı və Avar xanlığı Şirvanın müstəqilliyi tərəfdarına çevriləndən sonra Quba-Şəki orduları bir daha Şamaxıya daxil oldu və 1768-ci ildə Şirvan xanlığı ləğv edildi. Ağası xanın gözləri çıxarıldı, Məhəmmədsəid xan hakimiyyətdən kənarlaşdırıldı.
Üsyanı
redaktəXanlığın ərazisi Quba və Şəki xanlıqları arasında bölüşdürülmüşdü. Köhnə Şamaxının idarəsi Fətəli xanın qardaşı Abdulla bəyə tapşırılsa da o, bu işin öhdəsindən gələ bilmir, vergiləri artırmaqla əhalini incidir. Tezliklə o, Qazıqumuq xanlığından Eldar bəy (Mürtəzəli xanın oğlu, ö.1774) ilə əvəz olunur.[4] Şəki torpağı olan Yeni Şamaxı isə keçmiş xan Hacı Məhəmmədli xanın oğlu Manaf Zərnəvai tərəfindən idarə edilirdi. Daxili narazılıq Quba xanlığının düşmənləri olan xarici qüvvələr tərəfindən daha da qızışdırılır. Nəticədə 1768-ci ildə üsyan qalxır. Üsyana Məhəmmədsəid xan başçılıq edir. Üsyançıların əsas məqsədi də Sərkərlər ailəsinin hakimiyyətini bərpa etmək olur. Bu işdə onlara Şəki xanı da kömək edir. Lakin Fətəli xan qiyamı yatırır, Şəki xanı təslim olur və yeni müqavilə bağlanmasına razılıq verir. Məhəmmədsəid xan həbs edilərək 1769-cu ildə Dərbəndə göndərildi.
Sonrakı həyatı və ölümü
redaktəFətəli xan Ağası xanın Şirvanda hakimiyyətə gəldiyini görəndən sonra onu zəiflətmək üçün 1774-cü ildə Məhəmmədsəid xanı həbsdən azad etdi və 2 il sonra oğlu Məmmədrza bəylə öz bacısı Fatma xanımı evləndirdi. Məmmədrza bəy həm də Quba xanlığı naibi kimi Şamaxıya təyin olundu. Lakin tezliklə Fətəli xan Avar xanlığından Ümmə xana dəstək olduğu üçün bir daha Məhəmmədsəidlə düşmən oldu. Nəhayət 1788-ci ildə Məmmədrza bəy, 1789-cu ildə Məhəmmədsəid xan özü iki oğlu Mahmud bəy və İsgəndər bəy ilə birlikdə Salyanda Fətəli xan tərəfindən edam edildi. Abbasqulu ağa Bakıxanov onu "saf qəlbli, dəyişkən məcazlı" biri kimi səciyyəndirir.[6]
Ailəsi
redaktə1751-ci ildə Firəngiz xanımla (ö. 1776), 1756-cı ildə isə Mahpəri xanımla (ö.1790) evlənmişdir.[7]
Firəngiz xanımdan olan övladları:
- Mahmud bəy (ö. 1789)
- Məmmədrza bəy (1753-1788)
- Əsgər xan - Şirvan xanı
- Həfsə xanım (1764-1815)
Mahpəri xanımdan olan övladları:
- İsgəndər bəy (ö. 1789)
- Qasım xan - Şirvan xanı
- Həlimə xanım (d. 1765)
- Anaxanım xanım (d. 1774)
İstinadlar
redaktə- ↑ "Şamaxı xanlığı". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ Butkov P.Q., Qafqazın yeni tarixi üçün material 1722-ci ildən 1803-cü ilədək. 1869, I cild, səh. 247 Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine
- ↑ 1 2 3 Nailə Bayramlı, Şamaxı xanlığı, səh.21-22 Arxivləşdirilib 2021-01-16 at the Wayback Machine
- ↑ 1 2 H.Abdullayev, Azərbaycan XVIII əsrdə və onun Rusiya ilə əlaqələri. Bakı, Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı. 1965, səh. 102 və 217
- ↑ H.Abdullayev, XVIII əsrin 60-80-ci illərin şimal-şərq Azərbaycan tarixi. Bakı, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, 1958, səh. 47
- ↑ Abbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 197 Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine
- ↑ Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 5, səhifə 1109 Arxivləşdirilib 2021-12-01 at the Wayback Machine