Melik Rehim Bey - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Məlik Rəhim bəy Fətəli bəy oğlu (Zərdablı) (XVIII əsr — XIX əsr) — Şirvan əyalətinin Qarasubasar mahalının naibi, eyni zamanda Zərdab kəndinin sahibi, Həsən bəy Zərdabinin babası.
Məlik Rəhim bəy | |
---|---|
Məlik Rəhim bəy Fətəli bəy oğlu | |
Uşaqları | Mirzalı bəy, Məhərrəm bəy, Hidayət bəy, Əsəd bəy, Qasım bəy, Səlim bəy, Əhməd bəy, Tubu və Ayna |
Atası | Məlik Fətəli |
Atası
redaktəFətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18–19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə "Məlik" müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona "Məlik" titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar.
Həm Şamaxı xanı Ağası xan, həm də övladlarının Əlvənd (müasir Zərdab rayonunun kəndidir) bəyləri ilə qohumluq əlaqələri olmuşdur. Əlvənd bəylərinin inzibati ərazilərə naib təyin edilmələri dövrün siyasi mənzərəsinə daha çox uyğun gəlirdi. Fətəli bəyin Qarasubasar mahalının naibi olması barədə rəsmən məlumat olmasa da, sənədlərdə oğlu Rəhim bəyin Qarasubasar mahalının naibi olması barədə məlumatlar verilir. Odur ki, Fətəli bəyin əslən Əlvənd kəndindən olmasını və ya ən azından Əlvənd bəyləri ilə yaxın qohumluq əlaqələrinin olmasını da təxmin etmək olar. Fətəli bəyin Əlvənd icmasında da kifayət qədər yaxın qohumları yaşayıb. Zərdab kəndinin bu ailəyə mülk kimi verildiyini də ehtimal etmək olar.
Haqqında
redaktəRəhim bəy 18-ci əsrdə anadan olub, Qarasubasar mahalının naibi və eyni zamanda Zərdab kəndinin sahibi idi. Yaşadığı dövrdə Məlik Rəhim bəy, Rəhim bəy Məlik Fətəli oğlu və Rəhim bəy Zərdablı kimi tanınıb. Daşıdığı "Məlik" tituluna görə Rəhim bəyin soyundan gələnlər Məlikov soyadını daşıyıblar.
1816-cı il dekabrın 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov Şamaxı xanı Mustafa xanla Zərdab kəndində görüşüblər. Məhz bu görüşdən sonra Mustafa xan bir daha əmin olur ki, xanlığın müstəqilliyi uzun sürməyəcək. Çox güman ki, bu görüşdə Qarasubasar mahalının, eyni zamanda Zərdabın naibi Rəhim bəy də iştirak edib və o, ruslarla savaşın sonunun yurdu üçün, mahalın, kəndin sakinləri üçün faciəli nəticələnəcəyini anlayıb. Bu səbəbdən Zərdab naibi Rəhim bəy və Əlvənd naibi Novruzəli bəy ruslar ilə məcburi ittifaq bağlayıblar.
İran-Rus müharibəsi zamanı Zərdab naibi Rəhim bəyin və Əlvənd naibi Novruzəli bəyin atlı dəstələri Kür sahilində mövqe tutaraq, kəndlərini İran sərbazlarından və gürcü çarlarının dəstələrindən müdafiə etmişdilər. Onların kəndlərini müdafiə etməsi rus qoşunlarının da işinə yaramışdır.
Rəhim bəyin naibliyi dövründə Zərdab kəndi inkişaf edərək, bölgənin iri yaşayış məntəqələrindən birinə çevrilmişdir. Bölgənin yeganə mağazası da Zərdabda yerləşirdi. Zərdabda ipəkçilik də sürətlə inkişaf edirdi. Zərdabda bitən tut ağacının yarpağı baramaqurdunu yetişdirmək üçün ən keyfiyyətli yarpaq hesab olunurdu. Əsasən heyvandarlıqla məşğul olan sakinlər, getdikcə taxılçılığa da üstünlük veriblər.
Rəhim bəy məclislər qurmağı xoşlayırdı. Bu məclislərdə tanınmış aşıqlar, müğənnilər, şairlər iştirak edərdi. Təhsilə də önəm verərmiş. Övladları üçün xüsusi müəllimlər tutmuş, onlara yüksək təhsil və tərbiyə vermişdir. Verilən təhsilin və tərbiyənin nəticəsi olaraq, Rəhim bəyin soyundan gələn onlarla şəxs həm ölkəmizdə, həm də xaricdə tanınmış, nüfuz qazanmışdır.
Oğulları
redaktə1. Mirzalı bəy Rəhim bəy oğlu
2. Məhərrəm bəy Rəhim bəy oğlu
3. Səlim bəy Rəhim bəy oğlu
4. Qasım bəy Rəhim bəy oğlu
5. Əhməd bəy Rəhim bəy oğlu
Məhərrəm bəyin Kür sahilinin müdafiəsi zamanı öldürülməsi haqqında məlumat var.
İstinadlar
redaktəHəsən bəy Zardabinin yaxın ətrafı haqqında bir neçə fakt, https://zardob.blogspot.com/2020/05/hasan-bay-zardabi-ailasi.html#ixzz6Yo8MYjWH
Xarici keçidlər
redaktə- [Həsən bəy Zardabinin yaxın ətrafı haqqında bir neçə fakt, https://zardob.blogspot.com/2020/05/hasan-bay-zardabi-ailasi.html#ixzz6Yo8MYjWH]
- [Həsən bəy Zərdabinin yaxınları haqqında, https://www.youtube.com/watch?v=uFr0dCVG_XE]