Macar Klementina - Wikipedia
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293[1], Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası.[2]
Macar Klementina | |
---|---|
fr. Clémence de Hongrie | |
19 avqust 1315 – 5 iyun 1316 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1293[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1328 (35 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | X Lüdovik |
Uşağı | I Con |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü.
19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi.
Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi. O əsnada hamilə olan Klementinanın oğul övladı dünyaya gətirməsi ümid edildi. Bu müddət ərzində isə mərhum kralın qardaşı Uzun Filipp kral naibi təyin edildi və övladın dünyaya gəlişi gözlənildi. Naiblik məsələsi səbəbi ilə qaynı Uzun Filipplə münasibətləri pisləşən Klementina bu barədə Roma papası XXII Conla və Neapoldakı ailəsiylə tez-tez məktublaşırdı. 5 ay sonra dünyaya gələn I Con Fransa kralı ünvanıyla doğulan yeganə şəxs olması və cəmi 5 gün davam edən səltənətiylə Fransa tarixində iz qoymuşdur.
Övladının ölümünün ardından qaynı V Filipp adıyla Fransa taxtına yiyələndi. Klementina isə yeni kral tərəfindən paytaxtdan uzaqlaşdırıldı və Fransanın cənub sahillərinə sürgün edildi. Burada 1321-ci ilədək qalan Klementina daha sonra Parisə qayıtdı. 13 oktyabr 1328-ci ildə burada vəfat etdi və cənazəsi, hal-hazırda mövcud olmayan Yakobinçilər kilsəsinə dəfn edildi. Məzar abidəsi və tabutu isə hal-hazırda Sen-Deni bazilikasında sərgilənir. Ölümünün ardından bütün sərvəti satışa çıxarıldı.
Mənbə
redaktə- Mariah Proctor-Tiffany. Portrait of a Medieval Patron: The Inventory and Gift Giving of Clémence of Hungary. Ph.D. Dissertation, Brown University, 2007
- Gaude-Ferragu, Murielle (2016). Queenship in Medieval France, 1300-1500. Translated by Krieger, Angela. Palgrave Macmillan
- L. Douët-d'Arcq, ed. "Inventaire et vente après décès des biens de la reine Clémence de Hongrie, veuve de Louis le Hutin, 1328" in Nouveau recueil de comptes de l'argenterie des rois de France (Paris, Librairie Renouard, 1874): 37-112
İstinadlar
redaktə- ↑ 1 2 Clemencia de Hungría // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ Echols, Anne; Williams, Marty (1992). An Annotated Index of Medieval Women. Markus Weiner Publishing Inc.