Miletli Hekatey - Wikipedia
Miletli Hekatey (q.yun. Ἑκαταῖος, lat. Hecataeus Hecataeus, təxm. e.ə. 550—490) — qədim yunan tarixçisi və coğrafiyaşünası, Herodotun ən yaxın sələflərindən və istinad etdiyi ədəbi qaynaqlardan biri[2].
Miletli Hekatey | |
---|---|
q.yun. Ἑκαταῖος ὁ Μιλήσιος | |
Doğum tarixi | e. ə. VI əsr[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 475[1] |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBizans lüğəti - Sudada Hekatey haqda deyilir:
"Hekatey, Miletli Gegesandrın oğlu. Kambisdən sonra hakimiyyətdə olan Daranın dövründə, Miletli Dionisi ilə eyni vaxtda, 65-ci olimpiadada [qeyd: e.ə. 520-516-cı illər] yaşamışdır. Tarixçidir. Ondan sonra yaşamış Halikarnaslı Herodot ona istinad edir. Məhz o, ilk dəfə tarixi nəzmlə yazmışdır."
Hekateyin həyat dövrü onun müəyyən tarixi hadisələrdə iştirakına dair sübutlar əsasında müəyyənləşdirilmişdir: e.ə. 499-cu ildə ioniyalıların İran hakimiyyətinə qarşı üsyanı zamanı onun təxminən 50 yaşı olmalı idi ki, şəhər şurasında nüfuza sahib olmuş olsun. Həmçinin, iddia edilir ki, Hekatey yunan-İran müharibəsini də görüb və bunun əsasında bəzən onun ölüm tarixinin e.ə. 476-cı il olduğunu güman edirlər. Lakin Sudada bu barədə məlumat verilmir. Dəqiq olan odur ki, Hekatey e.ə. 494-cü ildə başa çatan İon üsyanının şahidi olub. Üsyanın yatırılmasından sonra, Hekatey məqbul sülh şərtlərini razılaşdırmaq üçün Əhəmənilərin satrapı Artafernin yanına səfir göndərildi. Diodor iddia edir ki, o öz missiyasını müvəffəqiyyətlə tamamladı.
Lakin Herodot iddia edir ki, üsyanın yatırılmasından sonra farslar şəhəri məhv etdilər və miletliləri qula çevirdilər. Hekateyin sonrakı taleyi barədə dəqiq məlumat olmasa da, e.ə. 490-cı il onun təxmini ölüm tarixi kimi qəbul edilir. Danışıqlardakı uğurdan sonra Hekateyin adı, bizə başqa müəlliflərin əsərlərindəki sitatlar şəklində gəlib çıxan, yalnız iki elmi işin müəllifi kimi xatırlanır: coğrafiya sahəsində yazılmış "Yer üzündə səyahət" (və ya "Yerin təsviri") və tarix sahəsindəki "Genealogiyalar".
Böyük var-dövlət sahibi olması Hekateyin İon üsyanına qədər uzaq səyahətlər etməsinə imkan verib. Misirdə kahinlərlə söhbətində o öz soy kökünün 16-cı nəsildə allahlara gedib-çıxdığını bildirir, kahinlər insanların allahlardan yaranmasına inanmasalar da, bu əfsanə Hekateyin əsil-nəcabətli olduğuna işarə edir.
İşləri
redaktəHekateyin coğrafiyaya dair işlərində coğrafi materialların yazılışı topoqrafikdir, yəni Avropa, Asiya və Afrikadakı ölkə və şəhər adları ardarda sıralanır və hər birinin əhalisi, çayları və digər görməli yerləri barədə məlumatlar qeyd olunur.[3]
Yerlərin təsviri Anaksimandrın tərtib etdiyi dünya xəritəsinin təkmilləşdirilmiş və dəqiqləşdirilmiş şəkli ilə müşayiət olunurdu. Coğrafiyaya dair işin 300-dən artıq fraqmenti bugünədək gəlib çıxmışdır ki, onun da çox hissəsi Bizanslı Stefanın "Etnika" məcmuəsində yer alıb. Herodotun Misiri təsvir edərkən Hekateyin yazılarından istifadə etdiyi də məlumdur.
Hekateyin məşhur nəsillərin genealogiyasına həsr edilmiş tarixi əsərində bu nəsillərə aid olan hadisələrin qısa təsviri verilib. Bu işin çox kiçik fraqmentləri bugünədək gəlib çıxmışdır və onların əsasında "Genealogiyalar"ın mövzusunu anlamaq mümkün olmuşdur. Pelasqların Attikadan qovulması haqda fraqmentlərdən birini Herodot özünün "Tarix" əsərində istifadə edib.[4]
Müasir dövrdə Hekateyə bir tarixçi kimi verilən qiymət ziddiyyətlidir.[5]
Xatirəsi
redaktə1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterlərdən birinə Hekateyin adını verdi.
İstinadlar
redaktə- ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ Шефферъ В. А., Очерки греческой историографіи, Вып. I, Киевъ, 1884
- ↑ "Геродот, История, 6.137". 2007-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- ↑ http://rggu-bulletin.rggu.ru/binary/object_55.1281964207.59559.pdf Arxivləşdirilib 2015-09-28 at the Wayback Machine с. 97
Xarici keçidlər
redaktə- Гекатей Милетский
- Hecataeus livius.org saytında