Mincin Goy Adamlari - Wikipedia
Minçin göy adamları (ing. Blue men of the Minch), həmçinin fırtına kelpiləri (ing. Storm kelpies, şot.kelt Na fir ghorma) — Xarici Hebrid adalarının şimalında və Şotlandiyanın əsas ərazisi arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın digər bölgələrinin sakinlərinə məlum olmayan ərazilərində yaşayırdılar.
Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar. Göy adamlar bədənlərini dənizdən yuxarı qaldıraraq üzür, dəniz donuzu kimi qıvrılır və suya dalırlar. Onlar danışa bilirlər və kollektiv şəkildə bir gəmiyə yaxınlaşdıqda, onların lideri gəminin kapitanına iki sətir misra qışqırıb onu misranı tamamlamağa dəvət edə bilər. Kapitan bunda uğursuz olarsa, göy adamlar onun gəmisini batırmağa çalışırlar.
Mifik göy adamlara izah vermək üçün müxtəlif təkliflər var. Bir versiyaya görə, onlar dənizin təcəssümü idi, ya da kayaklara bənzəyən qayıqları ilə dənizi keçərkən boyalı bədənləri sudan qalxan insanlar təəssüratını yaradan piktlərə bənzədilmişdilər. Alternativ olaraq, göy adamların mənşəyi vikinqlərin özləri ilə Şotlandiyaya apardıqları şimali afrikalı kölələrə dayana bilər.
Etimologiyası
redaktəGöy adamlar Şotlandiyanın şimal-qərb dağlıq ərazilərini və Daxili Hebrid adalarının şimalını Xarici Hebrid adalarının şimalından ayıran Nort-Minç boğazında yaşayırlar.[1] Şotland kelt dilində göy adamlar üçün olan termin "na fir ghorma"dır (genitiv üslubda "fear gorm"dur, məsələn, "göy adamların axını" mənasını verən "sruth nam fear gorm").[2]
Göy adamlara fırtına kelpiləri də deyilir.[3][4] Şotlandiya folklorunda ən çox yayılmış su ruhları olan[5] kelpilər adətən güclü atlar kimi təsvir edilir,[6] lakin bu ad ölkə daxilində bir neçə fərqli forma və nağıllara aid edilir.[5] Kelpi adı şotland kelt dilində "düyə" və ya "qoduq" mənasını verən "calpa" və ya "cailpeach" sözlərindən götürülmüş ola bilər.[7]
Xalq inancları
redaktəMifik göy adamların üç hissəyə bölünmüş "düşmüş mələklər" tayfasının bir hissəsi ola biləcəyinə inanılır. Onlardan birincisi Yer üzündə pərilər arasında məskunlaşmış, ikincisi dənizdə yaşayan göy adamlara, sonuncusu isə səmada Qütb parıltısı şəklində görünən "şən rəqqaslara" çevrilmişdir.[8] Əfsanəvi canlılar insanlarla eyni ölçüdədir, lakin adlarından da göründüyü kimi onların dərisi göy rəngdədir.[9] Yazıçı və jurnalist Lyuis Spens onların "dənizin təcəssümü" olduğunu və dərilərinin göy rəngdə olmasının dənizin rəngindən qaynaqlandığını irəli sürmüşdür.[10] Onların üzləri boz rəngdə və uzundur.[9] Onlardan bəzilərinin boz rəngdə olan uzun qolları, bəzilərinin də göy rəngdə baş geyimləri var.[3] Ən azı bir mənbədə onların qanadlarının olduğunu iddia edilir.[11] Skay adasından 19 kilometr (12 mil) şimalda yerləşən, bütün fəsillərdə sürətli axınları olan Şent adaları ətrafındakı tufanlı sular,[12] iddialara görə, göy adamların yaşadığı mağaraların yaxınlığından axır. Burada çox sayda gəmi qəzaya uğradığından bu su hövzəsi "Dağıntı axını" (ing. Current of Destruction) kimi tanınır.[13]
Digər fırtına kelpilərinin Korrivrekan körfəzində yaşadığı söylənsə də, şair, yazıçı və folklorşünas Alasder Alpin MakQreqor tərəfindən "dağlıq fırtına kelpilərinin ən vəhşisi" kimi qələmə verilən göy adamların yaşadığı yer çox kiçik bir əraziyə məhdudlaşdırılır.[14] Donald Aleksandr Makkenziyə görə, onların təsviri dünyanın digər bölgələrinin, hətta Şotlandiyanın digər hissələrinin folklorunda misilsizdir. Belə məhdud yaşayış yeri ruhlar və cinlərlə bağlı olan inanclar arasında çox nadirdir.[15] Folklorşünas və Tayridən olan xristian ruhanisi Con Qreqorson Kempbell onların materik Şotlandiyanın Arqayl sahilində tanınmadığını iddia edir,[9] lakin 1700-cü ilin ortalarında Şetland adalarında Kvarff kəndini ziyarət edən Şotlandiya kilsəsinin ruhanisi Con Brend müasir alimlər tərəfindən göy insan olduğu güman edilən bir hekayə danışır.[16] Bu hekayəyə görə, saqqallı qoca cildində sudan qalxan varlıq izlədiyi qayığın sərnişinlərini və heyətini dəhşətə gətirmişdir.[17]
Ənənəvi nağıllarda göy adamların şiddətli fırtınalar yaratmağa qadir olduqları bildirilir, lakin onlar normal hava şəraitində yatırlar və ya birbaşa suyun səthinin azca altında üzürlər.[3] Onlar üzərkən bədənlərinin beldən yuxarı hissəsini suyun altından çıxarır, dəniz donuzu ilə səthə çıxır və eyni şəkildə suya dalırlar.[18] Bu məxluqlar özlərini əyləndirmək üçün gecələr səma aydın və işıqlı olduqda şinti oynayırlar.[19] Onlar dənizçilərlə danışa və ünsiyyət qura bilirlər, hətta gəmilərə su axını ilə hücum edərkən mahnı oxuyurlar, gəmilər batan zaman gülürlər.[20]
Göy adamlar önlərindən keçən gəmilərə hücum etmək üçün toplaşarkən onların bəzi rəvayətlərdə Şoni adlanan başçısı[11] sudan çıxır və kapitana iki misralıq şeir söyləyir. Əgər kapitanın şeirin qalan iki misrasını tamamlaya bilmirsə, göy adamlar gəmiyə hücum edirlər.[21] Makkenzi gəmi kapitanı ilə göy adamların başçısı arasında belə dialoqdan nümunələr verir:[22]
Orijinal | Tərcümə |
---|---|
Blue Chief: Man of the black cap what do you say |
Göy başçı: Qarapapaqlı, nə deyirsən |
Kapitanın cəld cavabları göy adamların başçısını təəccübləndirir. Məğlub olan və gəmiyə hücum edə bilməyən göy adamlar sualtı mağaralarına qayıdırlar və gəminin boğazdan rahatlıqla keçməsinə icazə verirlər.[23] Alternativ olaraq, göy adamlar önlərindən keçən bir gəmiyə minə və onun ekipajından xərac tələb edə bilər, əgər bu tələb qəbul edilməsə, fırtına qoparacaqlarını bildirirlər.[11]
Tutulması və öldürülməsi
redaktəBu cinləri öldürmək cəhdlərindən bəhs edən heç bir nağıl günümüzdə qorunub-saxlanılmamışdır, lakin Qreqorson Kempbell bir göy insanın tutulması haqqında bir hekayə qeyd etmişdir. Hekayəyə görə, dənizçilər suyun üzərində yatan bir göy insanı tutur və gəmilərinə gətirib qollarını bağlayırlar.[9] İki göy insan gəminin arxasına düşür və üzərək bir-birlərinə səslənirlər:[24]
Orijinal | Tərcümə |
---|---|
Duncan will be one, Donald will be two |
Biri Dunkan, digəri Donald olacaq |
Yoldaşlarının səslərini eşidən cin qollarını açaraq əsarətdən qurtulur və göyərtəyə qalxaracaq cavab verir:
Orijinal | Tərcümə |
---|---|
Duncan's voice I hear, Donald too is near |
Səs Dunkanındır, Donald da yaxındır |
Buna görə də dənizçilər bütün göy adamların bir-birlərinə xitab etmək üçün istifadə etdikləri şəxsi adlara sahib olduğuna inanırdılar.[24]
Mənşə
redaktəMakkenzinin göy adamlar əfsanəsi ilə bağlı verdiyi izahat qismən onun "İrlandiya annalları" üzərində apardığı araşdırmalarına əsaslanır, Skandinaviyanın birinci kralı Harald Gözəlsaç və onun vikinqlərlə döyüşləri dövrünə təsadüf edirdi. Edvard Dvelliyə görə, şotland kelt dilində "göy adamlar" mənasını verən[25][26] "fir ghorma" termini qaradərililərin təsviri üçün istifadə edilirdi.[27] Beləliklə, göy adamların şotland kelt dilindəki adlarından biri olan "sruth nam fear gorm" hərfi mənada "göy adamların axını"[28] və ya "qara adamların çayı və ya axını" kimi tərcümə olunur.[29] Təxminən IX əsrdə vikinqlər əsir götürdükləri mavrları İrlandiyaya aparmışlar. Vikinqlər qış aylarını Şiant adalarından kənarda keçirmişdilər və Makkenzi göy adamların hekayəsini "tərk edilmiş yadelli kölələr"lə əlaqələndirir.[30] O, tarixçi Alan Orr Andersonun "Early sources of Scottish history, A. D. 500 to 1286" kitabından sitat gətirir:[31][32]
Onlar göy adamlar idi, çünki mavrlar zəncilərdir; Mavritaniya da zənci ölkəsidir. |
Daha müasir mənbələrdə Makkendizinin fərziyyəsini təkrarlayır.[33] Tarixçi Malkolm Arçibald əfsanənin skandinavların Şimali Afrikadan gətirdikləri kölələrin dövrünə təsadüf etməsi fikri ilə razılaşır, həmçinin bu mifin Böyük Səhrada yaşayan, "səhranın göy adamları" kimi tanınan tuareqlərdən törəmiş ola biləcəyini ehtimal edir.[10]
Minçin göy insanlarının mənşəyi alternativ olaraq tatu mədəniyyəti olan xalqlarla,[34] xüsusilə də "rənglənmiş insanlar" mənasını verən latın dilindəki adları olan "picti" sözünə əsas gətirilərək piktlərlə əlaqələndirilir. Alimlərə görə, piktlərin kayaklara bənzəyən qayıqları ilə dənizi keçərkən boyalı bədənləri ada sakinlərində sudan qalxan insanlar təəssüratını yaratmış ola bilərdi.[35]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Minch", Oxford Dictionaries, 3 March 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 4 June 2014
- ↑ Dwelly, (1902). səh. 422–423
- ↑ 1 2 3 Bane, (2013). səh. 62
- ↑ MacGregor, (1937). səh. 119
- ↑ 1 2 Westwood, Kingshill, (2012). səh. 364
- ↑ Varner, (2007). səh. 24
- ↑ kelpie, n.1. // Oxford English Dictionary (online), Oxford University Press, 2014, 2 October 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: 4 May 2014
- ↑ Mackenzie, (2013), loc. 1345
- ↑ 1 2 3 4 Gregorson Campbell, (1900). səh. 200
- ↑ 1 2 Westwood, Kingshill, (2012). səh. 485
- ↑ 1 2 3 Kynes, (2008). səh. 130
- ↑ Sullivan, Pickering və Emmot, (2010). səh. 63–64
- ↑ Mackenzie, (1917). səh. 80
- ↑ MacGregor, (1937). səh. 117
- ↑ Mackenzie, (2013), loc. 1348
- ↑ Westwood, Kingshill, (2012). səh. 400
- ↑ Brand, (1883). səh. 171
- ↑ Mackenzie, (1917). səh. 79
- ↑ MacLennan, Hugh Dan, "Shinty: Some Fact and Fiction in the Nineteenth Century", Transactions of the Gaelic Society of Inverness, 59, 1997: 243, 2016-06-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-03-15
- ↑ Mackenzie, (2013), loc. 1332
- ↑ Mackenzie, (1917). səh. 81
- ↑ Mackenzie, (1917). səh. 82
- ↑ Mackenzie, (1917), loc. 1315
- ↑ 1 2 Mackenzie, (1917). səh. 83
- ↑ Edwards, Paul, "African Presence in Early Europe", Research in African Literatures, Indiana University Press, 18 (3), Autumn 1987: 402–405, JSTOR 4618218
- ↑ MacKillop, James, Fear Gorm // A Dictionary of Celtic Mythology (online), Oxford University Press, 2004, ISBN 978-0198609674, 24 October 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: 25 July 2014
- ↑ Dwelly, (1902). səh. 517
- ↑ MacKillop, James, Blue men of the Minch // A Dictionary of Celtic Mythology (online), Oxford University Press, 2004, ISBN 978-0198609674, 5 February 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: 4 June 2014
- ↑ Dwelly, (1902a). səh. 895
- ↑ Mackenzie, (2013), loc. 1391
- ↑ Mackenzie, (2013), loc. 1379
- ↑ Anderson, (1922). səh. 294
- ↑ Emerson, Stephen, "Fact of the week: Blue men of the Minch", The Scotsman, 12 February 2014, 5 June 2014 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 5 June 2014
- ↑ "Anthropological Note", Journal of the Royal Anthropological Institute, 22: 192, 1922, JSTOR 2839435
- ↑ Kingshill, Westwood, (2012), loc. 7068
Ədəbiyyat
redaktə- Anderson, Alan Orr, Early sources of Scottish history, A.D. 500 to 1286, Oliver and Boyd, 1922
- Bane, Theresa, Encyclopedia of Fairies in World Folklore and Mythology, McFarland, 2013, ISBN 978-1-4766-1242-3, 2020-10-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-03-15
- Brand, John, A new description of Orkney, Zetland, Pightland-Firth and Caithness, Brown, 1883 [1701]
- Dwelly, Edward, Faclair Gàidhlìg air son nan sgoiltean, 2, E. MacDonald, 1902
- Dwelly, Edward, Faclair Gàidhlìg air son nan sgoiltean, 3, E. MacDonald, 1902a
- Gregorson Campbell, John, Superstitions of the Highlands and Islands of Scotland, James MacLehose, 1900
- Kingshill, Sophia; Westwood, Jennifer, The Fabled Coast: Legends & traditions from around the shores of Britain & Ireland (ebook), Random House, 2012, ISBN 978-1-4090-3845-0, 2022-03-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-03-15
- Kynes, Sandra, Sea Magic: Connecting with the Ocean's Energy, LLewellyn Worldwide, 2008, ISBN 978-0-7387-1353-3
- MacGregor, Alasdair Alpin, The Peat-fire Flame, Moray Press, 1937
- Mackenzie, Donald A., Wonder tales from Scottish myth and legend, Blaickie, 1917
- Mackenzie, Donald A., Scottish folk-lore and folk life: studies in race, culture and tradition (Kindle), Blackie, 2013 [1935], ASIN B00B0XJ60Q
- Sullivan, Mike; Pickering, Tim; Emmot, Robert, The Outer Hebrides: Sea Kayaking Around the Isles & St Kilda, Pesda Press, 2010, ISBN 978-1-906095-09-3, 2020-10-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-03-15
- Varner, Gary R., Creatures in the Mist: Little People, Wild Men and Spirit Beings around the World: A Study in Comparative Mythology, Algora, 2007, ISBN 978-0-87586-545-4
- Westwood, Jennifer; Kingshill, Sophia, The Lore of Scotland: A Guide to Scottish Legends, Random House, 2012, ISBN 978-1-4090-6171-7, 2016-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-03-15