Mina Xanim Mirzeyeva - Wikipedia
Mina xanım Mirzəyeva (Tbilisi – Bakı) — Azərbaycanın ilk ziyalı qadınlarından biri, 1923-cü ildə nəşr olunan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü, pedaqoq
Mina xanım Mirzəyeva | |
---|---|
Mina xanım Mirzəyeva | |
Doğum yeri | Tiflis |
Vəfat yeri | Bakı |
Təhsili | |
Fəaliyyəti | pedaqoq |
Həyatı
redaktəMina xanım Mirzəyeva Tiflis şəhərində anadan olmuşdur. Gimnaziyada təhsil almışdı. Sankt-Peterburq Universitetini tamamlamışdı.
Mina xanım 1923-cü ildə "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü idi. Mina xanım Mirzəyeva Sovet dönəmində qadın fəallarından idi və"Mina xala" kimi tanınırdı. "Şərq qadını” jurnalının ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli, qadın hərəkatının mübariz xadimləri Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olub.[1] Jurnalın ilk nömrəsi uzun illərdir ki, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Onu 1974-cü il sentyabrın 25-də Azərbaycan SSR əməkdar həkimi Yevsey Gindesin qızı Raisa Gindes ora təhvil verib. Qadın bu nömrədə atasının pediatriya ilə bağlı məqaləsi olduğu üçün onu özündə saxlayıb.[2]
Fəaliyyəti
redaktə"Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar həyat yoldaşları və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək, kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra, elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar.
İmtahanlarını üğürla başa vuran xanımlar, azərbaycanlı qadının cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandılar. Mina xala Şamaxı qəzasına, Məmmədova Məsmə Xızıya, Ələkbərova Tahirə Göyçay qəzasına, Ağayeva Xanım Lənkəran qəzasına, Əsgərli Bilqeyis Quba qəzasına, Əliyeva Xanım Naxçıvan diyarına, Məmmədova Hökumə Şuşa qəzasına yollanaraq fəaliyyətə başladılar. Əli Bayramov adına klubda ictimai-siyasi fəaliyyətə başlayan, istedadlı təşkilatçılara çevrilən qadınlar: Xavər Şabanova-Qarayeva, Məsmə Xala Ələkbərova, Mina Mirzəyeva, Hökumə Məmmədova, Q.Qədirbəyova, B.Qafarova, M.Mirqədirova, Fatma Hacıyeva, B.Məmmədova, S.Əyyubova, Susanna Mnatsakanova, Bilqeyis Həşimzadə, Sara Talıblı, Ruqiyyə Əzimova və digərləri idilər.
1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirildi"[3].
Ayna Sultanovanın yaxından iştirakı və təşəbbüsü ilə respublikada “uşaqların dostu” cəmiyyəti yaradılmışdı. Cəmiyyətin sədri Ceyran Bayramova idi. Bu cəmiyyət Əli Bayramov adına qadınlar klubunda yerləşirdi. Cəmiyyət ehtiyacı olan ailələrə maddi yardım göstərir, kiçik-kiçik karxanalar və artellər təşkil edir və onlardan gələn gəlirləri uşaqların vəziyyətinin yaxşılaşdırılmasına sərf edirdi. Cəmiyyətin fəal üzvlərindən Ayna Sultanova, Ceyran Bayramova, Mina Mirzəyeva və bir çox başqaları kimsəsiz və yetim uşaqları küçələrdən yığır, onları yeni açılmış uşaq evlərinə yerləşdirirdilər. Həmin illərdə Bakı, Lənkəran, Şamaxı, Gəncə, Nuxa və başqa qəzalarda uşaq evləri təşkil olunur, maarifpərvər qadınlar bu evləri himayəliyə alaraq, kimsəsiz uşaqlara xidmət edirdilər.
Mina xanım Mirzəyeva pedaqoq kimi Darülmüəlliamatda çalışıb. 1926-cı ilin sentyabrında Mədinə xanım Qiyasbəyli köhnə ziyalı nəslinə mənsub olduğuna görə vəzifəsindən azad edildikdən sonra, onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir.
Mənbə
redaktə- Mirzoyeva Minaxanım. Unudulmaz xatirələr (Minaxanım Mirzoyevanın söhbəti) Respublikamızı görkəmli qadınları. - Azərbaycan qadını, 1957, № 9, s .16.
- Xoş günlərin təməlini qoyanlar / Mina Mirzəyeva haqqında/. - Azərbaycan qadını, 1967, № 10, s.6-7.
İstinadlar
redaktə- ↑ Şəymən. "Azərbaycan qadın mətbuatının tarixi..." (az.). https://sherg.az. 17 fevral 2016. Archived from the original on 2024-02-16. İstifadə tarixi: 16 fev 2024.
- ↑ ""Şərq qadını" jurnalının 100 illiyinə: onun ilk nömrəsi necə bərpa olunur - Video" (az.). https://sputnik.az. 1 dekabr 2023. Archived from the original on 2024-02-16. İstifadə tarixi: 16 fev 2024.
- ↑ Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Bilqeyis Məmmədovanın xatirələri.
Xarici keçidlər
redaktə- Bayramova Zümrüd. "Cümhuriyyət dövrünün fədakar qadınları" (PDF) (az.). https://www.elibrary.az/. 24 may 2023. 16 fev 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 fev 2024.